“İnsanlar mövcud siyasi reallıqları və tələbləri nəzərdən keçirməlidirlər” - MÜSAHİBƏ

Taliyət Əliyev: “”Bu gün Azərbaycan şəraitində siyasi partiya yaratmaq, onu ölkənin siyasi həyatında söz sahibinə çevirmək olduqca çətin məsələdir”

Başa vurmaqda olduğumuz 2013-cü il də Azərbaycan müxalifəti üçün uğursuz oldu. Prezident seçkilərində bir daha məğlubiyyətə uğrayan müxalifət hazırda özünü toparlamağa çalışır. Bəs görəsən qarşıdan gələn 2014-cü il müxalifətə nə vəd edir? Azərbaycan Demokrat Partiyasının sədr müavini Taliyət Əliyev "OLAYLAR"-a verdiyi müsahibədə təmsil etdiyi düşərgə, eləcə də ADP-nin 2014-cü ildən gözləntiləri, müxalifətin mümkün əməkdaşlığı, həmçinin qarşıda duran vəzifələr barədə danışıb. Taliyət Əliyev eks-spiker Rəsul Quliyevin təşəbbüsü ilə yeni partiyanın yaradılması və ADP-dən mümkün qopmalar barədə yayılan xəbərlərə də aydınlıq gətirib.

-Taliyət bəy, Azərbaycan Demokrat Partiyası olaraq növbəti il üçün gözləntiləriniz nədir? 2014-cü il istər müxalifət, istərsə də ADP-yə nə vəd edir?

-Gələn ilin siyasi vədləri məsələsində ölkə müxalifətini, o cümlədən də Azərbaycan Demokrat Partiyasını cəmiyyətdən ayırmağın əleyhinəyəm. Çünki, müxalifət də Azərbaycan cəmiyyətinin bir hissəsidir. O ki qaldı 2014-cü ilin vədləri məsələsinə, onu deyə bilərəm ki, ölkənin siyasi həyatında canlama dinamik şəkildə inkişaf edəcək. Cəmiyyətin əksər təbəqələri Azərbaycanın artıq dəyişilmələr mərhələsinə qədəm qoyduğunu və bunun qarşısıalınmaz bir prosesə çevrildiyinin fərqində olacaq. Bu gün Ukraynada baş verən hadisələr xalqın istəkləri istiqamətində özünün pik nöqtəsinə yaxınlaşmaqdadır. Bu hadisələrin Azərbaycana çox ciddi təsiri olacaq.

-Partiyanın qurultayına hazırlıq istiqamətində hansı işlər görülür?

-Azərbaycan Demokrat Partiyasının qurultayının keçirilməsi ilə bağlı işlərin həyata keçirilməsinə gələn ildən başlanılacaq.

-Bu günlərdə eks-spiker Rəsul Quliyevin yeni siyasi partiya yaradacağı bildirilir. Sizcə, siyasi partiyaların çoxluq təşkil etdiyi bir vaxtda yeni bir partiyanın yaranmasına ehtiyac varmı?

-Partiya yaratmaq ölkə vətəndaşlarının Konstitusion hüququdur. Bu hüquqa qarşı çıxmağın tərəfdarı deyiləm. Amma sözsüz ki, belə bir təşəbbüsdə olmaq istəyən insanlar mövcud siyasi reallıqları və tələbləri nəzərdən keçirməlidirlər. Bu gün Azərbaycan şəraitində siyasi partiya yaratmaq, onun təşkilati strukturlarını qurmaq, inkişaf etdirmək və ölkənin siyasi həyatında söz sahibinə çevirmək olduqca çətin məsələdir. Yeni yaranacaq partiya mənsubları əgər bu yükü çəkə biləcəklərsə onlar ölkənin siyasi həyatında özlərinə yer tutacaqlar. Əks halda təbii şəkildə ortadan çıxacaqlar. Necə ki, Azərbaycanda təkcə 50-dən artıq siyasi partiya dövlət qeydiyyatından keçib, amma onlardan fəaliyyətdə olan 10-15-nin adını çəkmək mümkündür Qalanlarının varlığı ilə yoxluğu bilinmir. Bütün hallarda ölkənin maraqları naminə yaradılan təşkilat və qurumlara uğurlar diləyirəm.

-Yeni partiyanın yaranması ilə ADP-dən də müəyyən funksionerlərin demokratların sıralarını tərk etməsi gözləniləndirmi?

-Xeyr. Hesab etmirəm ki, Azərbaycan Demokrat Partiyasından yeni yaradılacaq partiyaya kimsə transfer etsin.

-ADP qarşıdakı müddətdə müxalifətin yeni konfiqurasiyalarının yaradılması təşəbbüsü ilə çıxış edə bilərmi?

-Bəli, bu istisna deyil. Azərbaycan Demokrat Partiyası zaman-zaman müxalif düşərgənin birliyi təşəbbüsləri ilə çıxış edib. Növbəti mərhələdə də bu istiqamətdəki səylərimizi davam etdirəcəyik.

-Qərargahı olmayan partiyaların fəaliyyətinin qadağan edilməsi ilə bağlı məsələnin reallaşması Azərbaycanda partiyaların ələnməsi ilə nəticələnməyəcək ki? Ümumiyyətlə, bu addım nə dərəcədə normaldır?

-"Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanuna edilən bu əlavə və dəyişiklikləri anormal hesab edirəm. Bu birbaşa siyasi partiyaların, o cümlədən QHT-lərin fəaliyyətlərinin məhdudlaşdırılmasına hesablanmış addımdır. Bu gün əksər müxalifət partiyalarının ofisi yoxdur, müvafiq qurumlar isə onları ofislə təmin etmək istəmir. Belə çıxır ki, buna görə siyasi partiyanın fəaliyyəti qadağan edilməlidir. Həmin qanunun 9.3 maddəsindəki dəyişikliyə fikir verin. Yazılır ki, hüquqi şəxslərin və xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərinə edilmiş dəyişikliklər, habelə hüquqi şəxslərin dövlət reyestrində onlar barədə qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi yalnız dövlət qeydiyyatına alındıqdan sonra qüvvəyə minir. Hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və ya nümayəndəlikləri tərəfindən qüvvəyə minməmiş dəyişikliklər əsasında hər hansı fəaliyyət həyata keçirilə bilməz. Belə çıxır ki, hər hansı partiya və QHT yerləşdiyi hüquqi ünvanı dəyişir və bu dəyişiklik qüvvəyə minmədən fəaliyyət göstərmək olmaz. Sabah  istənilən siyasi partiya və ya QHT-nin bu maddəyə görə fəaliyyəti iflic ola bilər. Bu gün əksər QHT-lər tez-tez obyektiv və subyektiv səbəblərdən yerləşdikləri ofisləri və ünvanları dəyişmək zorunda qalırlar. Tutaq ki, bir QHT həyata keçirdiyi layihə ərəfəsində yerini dəyişmək zorunda qalır. Yeni ünvanları qeydiyyatdan keçənədək də fəaliyyət göstərə bilməz.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31