“Ermənistan Azərbaycanın işğal etdiyi əraziləri geri qaytarmadan....” - Ramiz Alıyev - MÜSAHİBƏ

"Türkiyə ilə Ermənistanın əməkdaşlığından söz gedə bilməz”

"Bu cür sövdələşməyə nə Azərbaycan razı ola bilər, nə də Türkiyə belə bir addım atar"

Vilnüs sammitindən sonra regionda və beynəlxalq aləmdə maraqlı hadisələr müşahidə edilir. Bir sıra postsovet ölkələrinin Rusiya ilə Qərb arasında hələ də seçim edə bilməməsi həmin ölkələrdəki vəziyyəti getdikcə gərginləşdirir. Bu ərəfədə Dağlıq Qarabağ problemi və onun həlli ilə bağlı da xəbərlər yayılmaqdadır. Bildirilir ki, Türkiyə tərəfi Azəbaycanın işğal altında olan ən azı iki rayonunun boşaldılmasının qarşılığında Ermənistanla sərhədləri açmağa razılıq verib. Bu və ya digər məsələlərə aydınlıq gətirmək üçün politoloq Ramiz Alıyevə müraciət etdik. Politoloq cari ildə xarici siyasət sahəsində əldə edilən uğurlar barədə də danışıb.

-Ramiz müəllim, cari ilin yekunlarını xarici siyasət baxımından necə xarakterizə edərdiniz. Bu il xarici siyasətdə nə ilə yadda qaldı?

-Azərbaycan hökuməti  hər zaman xarici siyasətə  xüsusi önəm  verib. Əsası ulu öndərimiz tərəfindən qoyulmuş bu strateji xətti  bu gün də cənab İlham Əliyev uğurla davam etdirir.  Balanslaşdırılmış və müstəqil siyasət yeritmək asan iş deyil. Bunun üçün əlində güclü riçaqlar olmalıdır. Özünə və ölkənin gücünə  inanmalısan.  İlk olaraq iqtisadi gücün olmalıdır və  əsasən də  asılı olmayan bir iqtisadiyyat, ölkə daxilində sabitlik  mütləqdir. Eyni zamanda hərbi güc  olmalıdır. Ən əsası  müstəqil, qətiyyətli rəhbər  olarsa  müstəqil siyasət aparmaq mümkün olar. Azərbaycanda hazırda bunların hamısı var   və  əsas da güclü lideri vardır. Buna görə də ölkəmizin mövqeyi istər beynəlxalq təşkilatlarda, istərsə də ölkələr arasında möhkəmlənməkdədir. İldən ilə  ölkəmizin  xarici  siyasət kursu genişlənir və  uğura doğru gedir. Aparılan uğurlu  siyasət nəticəsində ermənistanın mövqeləri sarsılmaqdadır. Regionda  Azərbaycanın iştirakı olmadan heç bir böyük layihənin baş tutması mümkün deyil. İstənilən böyük tədbirlərin, forumların ölkəmizdə keçirilməsinin özü də dünyanın ölkəmizə inamından, etibarından  irəli gəlir. Bir çox beynəlxalq təşkilatlarda təmsil olunuruq və artıq haqq səsimizi  istədiyimiz kimi səsləndirə  bilirik. Heç bir nə təşkilat, nə də dövlət Azərbaycanla əmrlə danışa, öz  siyasətlərin ölkəmizdə icra edə bilmirlər. Ölkəmiz xarici siysətini elə formada qurub ki, onun stünları sarsılmaz və  əyilməzdir. Cari il də ölkəmizin xarici siyasətində uğurlu bir il kimi qeyd olunmalıdır. Xocalı Soyqırımı bir çox ölkələrin parlamentlərində müzakirə mövzusuna çevrildi, bəzi ölkələr və parlamentlər haqlı olaraq  Xocalı Soyqırımını tanıdı və bu soyqırımı pisləyən bəyanatlar səsləndirdilər.

-Növbəti il üçün xarici siyasət kursunda hansısa köklü dəyişikliklər gözlənilirmi? 

-Düşünmürəm ki, xarici siyasətdə köklü dəyişiklik edilməlidir. Ancaq ola bilsin ki, daha da hücum xaraketli siyasət yürüdülərək  Azərbaycan öz ərazi bütövlüyünü bərpa  edəcək və bununla da ölkəmizin ən böyük  problem öz həllini tapacaq. Xocalı Soyqırımı öz hüququ  qiymətini alacaq, günahkarlar cəzalandırılacaq.  Təbii ki, bütün bunlar  bizim hər birimizin istək və arzularımızdır. Dövlətimiz  də öz uğurlu xarici siyasəti ilə bütün bunları həyata keçirməyə qadirdir. Hesab edirəm ki, dövlətin apardığı uğurlu xarici siyasətə diasporalar da öz töhfəsini verməlidir. Eyni zamanda  ölkəmizdə fəaliyyət göstərən yerli  Qeyri Hökumət Təşkilatları,  siyasi partiyalar  və Kütləvi İnformasiya Vasitələri  də  istər ölkəmizdə, istərsə də xarici dövlətlər və beynəlxalq təşkilatlarda əməkdaşlıqları zamanı  dövlətin apardığı xarici siyasətə sədaqət nümayiş etdirməlidir. Milli Təhlükəsizlik Konsepsiyamıza uyğun olaraq informasiya təhlükəsizliyinin qorunub saxlanmasına önəm verilməlidir. Bütün bunlar mütləqdir.

-Bu günlərdə baş tutan Vilnüs sammitinin nəticələrini necə xarakterizə edərdiniz? 

-Vilnüs sammitinin nəticələrini müsbət dəyərləndirməmək mümkün deyil. Bu addım bir daha göstərdi ki, Azərbaycan Avropa İttifaqı ilə hər zaman əməkdaşlığa hazırdır. Ancaq yetər ki,  bu əməkdaşlıq ölkəmizin müstəqilliyinə heç bir əngəl törətməsin. Azərbaycan hər zaman  Avropaya İnteqrasiya etməyə üstünlük verib. Ancaq  siyasətini düzgün quran hər  bir ölkə kimi Azərbaycan da öz müstəqil siyasətinə uyğun əməkdaşlığa üstünlük verir. Həyata keçirilən  bütün bu uğurlu  siyasətin nəticəsi idi ki, Azərbaycan  bir çox  ölkələrdən  fərqli olaraq  Vilnüs sammitinə ürəklə getdi və qətiyyətli addımlar atmağa qadir olduğunu bir daha nümayiş etdirdi. Həmin ərəfədə Ukraynada başlanan  hadisələr, Moldovada olan etiraz aksiyaları əhalinin həmin ölkələrin rəhbərliyinə olan inamsızlığının nəticəsi idi. Əslində  Rusiya üçün Azərbaycan  bir çox ölkələrdən daha çox strateji önəm kesb edir. Ancaq aparılan müstəqil siyasətin nəticəsi olaraq  ölkəmiz  lazımi addımı atmağa qadir olduğunu bir daha sübut etdi. Bunların hamısı onu göstərir ki, ölkə rəhbəri dövlətimiz, strateji  maraqlarımız, milli  təhlükəsizliyimizin təminatı, strateji xəttə fayda verən  istiqamətdə müvafiq, ağıllı, düşünlümüş siyasət yürüdür. Vilnüs sammitində  üç istiqamət diqqət mərkəzində idi. Birincisi, Avropa İttifaqı ilə assosiativ üzvlük sazişi imzalamaq, iqtisadi əməkdaşlıq və sadələşdirilmiş viza rejiminin tətbiqi məsələsi gündəmdə idi. Azərbaycan üçüncü bənd üzrə danışıqlara əvvəlcədən hazırlaşdığına görə problemsiz olaraq həmin saziş imzalandı. Hesab edirəm  ki, viza rejiminin sadələşdirilməsi ilə bağlı həmin saziş həm Avropa Parlamentində, həm də Milli Məclisdə ratifikasiya olunaraq maneə aradan qaldırılacaq və bu addım dövlətimiz üçün əlavə imkanlar qazandıracaq. Digər iki məsələ də növbəti mərhələlərdə  öz həllini tapacaq.

-Son günlər Türkiyə mətbuatı Azərbaycanın işğal altında olan iki rayonunun geri qaytarılacağı və bunun əvəzində Ermənistan-Türkiyə sərhədlərinin açılacağı bildirilir. Sizcə bu nə dərəcədə mümkündür və belə olacağı təqdirdə bundan qazanan tərəf Ermənistan olmayacaqmı? 

-Öncə onu deyim ki, Türkiyə rəsmiləri hər zaman  öz çıxışları və əməli işləri ilə Azərbaycanın haqlı işində onun yanında olduğunu və birlikdə hərəkət etdiklərini bəyan ediblər. Yəni Türkiyə hökumətində hansı siyasi partiyanın təmsilçiliyindən asılı olmayaraq hər zaman Azərbaycanın haqlı işındə Türkiyə dövləti ölkəmizi dəstəkləyib. Buna görə də Türkiyə rəsmiləri öz çıxışlarında hər zaman bəyan edirlər ki, Azərbaycanın ərazi bütövlüyü təmin olunmadan, Ermənistan Azərbaycanın işğal etdiyi əraziləri geri qaytarmadan Türkiyə ilə Ermənistanın əməkdaşlığından söz gedə bilməz. O ki, qaldı işğal olunmuş rayonlarımızdan ikisinin azad olunmasına və əvəzində Emənistan-Türkiyə sərhəddinin açılmasına, mən hesab edirəm ki, bu cür sövdələşməyə nə Azərbaycan razı ola bilər, nə də Türkiyə belə bir addım atar. Çünki söhbət Azərbaycanın tarixi torpaqlarının hamısının işğaldan azad olmasından gedir. Regionda Türkiyə-Azərbaycan-Gürcüstan böyük iqtisadi layihələri reallaşmaqdadır və bundan da hər üç ölkə öz dövlət büdcələrinə böyük maliyyə qazandırır. Ermənistanın Rusiya ilə əlaqələrini nəzərə almasaq deyə bilərik bu ölkə regionda yalnız və kasıb bir ölkə olaraq qalıb. Ancaq təbii ki, Azərbaycanın tarixi torpaqları işğaldan azad olacağı təqdirdə Ermənistan da böyük mənfəətlər qacanacaq. Hansı ki, bu gün də Ermənistan xalqına bu çox lazımdır. Əgər Ermənistan dövləti xalqı düşünsə və onların gələcəyini təmin etmək istəsə öz işğalçı siyasətindən əl çəkməlidir.

-Bu  günlərdə Rusiya prezidenti Vladimir Putin Ermənistana səfər etdi və səfər zamanı bir çox bəyanatlar  səsləndi. Sizcə, bu səfər və səslənən bəyanatlar  Azərbaycana qarşı bir mesaj kimi sayıla bilərmi?

-Vladimir Putinin Ermənistana səfərinin bu ölkə  üçün böyük bir uğur sayılması düzgün olmazdı. Ona görə ki, Putinin hazırki dövrdə Ermənistana səfər etməsi gözlənilən bir addım idi.Vilnüs samitindən dərhal sonra və ABŞ-İran yaxınlaşması dönəmində  bu cür səfər  Vladimir Putin üçün lazımlı bir səfər idi. Orada da səsləndirilən bəyanatlar Azərbaycana deyil məhs Ukrayna, İran və Qərb üçün düşünülmüş bir bəyanatlar idi. Qazın Ermənistan üçün 279 dollardan 189 dollara endirilməsini Ermənistanın qələbəsi kimi düşünənlər yanılırlar. Ona görə ki, Ermənistan  bu "güzəştə" qarşılıq olaraq hətta İrandan gələn qaz boruları üzərində də olan hüququnu itirdi. Bu səbəbdən İran hər vəchlə çalışır ki, bu problemi çözsün. Hətta İran rəsmilərinin  bildirdiyinə görə  Ermənistana hansı qiymət sərf  edirsə  qazı o qiymətə  də satmağa hazırdılar. Çünki İranla ABŞ-ın münasibətləri normallaşandan sonra Tehran öz qazını ən rahat formada Ermənistan üzərindən Avropaya satmaq niyətindədir. Bu isə Rusiya üçün arzuolunmaz bir hall hesab edilir.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31