“Hepatit B və C-nin müalicəsi var” - MUSAHİBƏ
Mircəlal Kazımi: “Hepatit B virusunun yoluxma ehtimalı daha yüksəkdir"
4 Dekabr 2013 16:30 MüsahibəMüsahibimiz tibb üzrə fəlsəfə doktoru, Mərkəzi Neftçilər Xəstəxanasının Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin müdiri Mircəlal Kazımdır.
-Bu gün dinamik həyat yaşadığımız üçün bəzən sağlamlığımız haqqında düşünməyə vaxt qalmır, Mircəlal həkim, necə düşünürsüz, hepatit B və C bir neçə il əvvəl olduğu kimi hələ də aktual bir mövzu olaraq qalıb?
-Bizim daha çox tanış olduğumuz, coğrafi ərazimizdə geniş yayılan viruslar hepatit A, B və C-dir. Bunun xaricində hepatit əmələ gətirən digər virus növləri də mövcuddur. Əhalinin böyük əksəriyyətində hepatit A virusu var. Sarılıq xəstəliyi elə hepatit A yaradır. Qısa müddət ərzində hepatit A-ya qarşı təbii immunitet yarandığı üçün xəstə tezliklə sağalır. Hepatit A-ya yoluxma ehtimalı uşaq ikən daha çox olur. Qeyd edim ki, çox az faizlə, bu virus kəskin hal alaraq qaraciyər çatışmazlığına da səbəb olur. Bu hal hətta orqan köçürülməsinə gətirib çıxara bilər. Qısa müddət ərzində yayıldığı üçün hepatit viruslar arasında ən təhlükəlisi və sıxlıq təşkil edəni B və C-dir. Əlimizdə konkret statistika mövcud olmasa da müşahidələrimiz, bizə müraciət edənlərin çoxluğuna diqqət yetirdikdə deyə bilərik ki, bu virus geniş yayılıb. Bu çox böyük rəqəmdir. Hepatit B və C viruslarının istər ilkin, istərsə də gecikmiş dönəmdə fəsadları böyük olur. Ümumi halsızlıq, zəifliklə yanaşı virus qaraciyər şişlərinə, qaraciyərin sirrozuna səbəb ola bilir. Hepatit B və C virusu qarşılaşdırıldıqda yayılma ehtimalına görə B virusu daha üstündü.
-Ümumiyyətlə bu virus necə yayılır? Xəstəliyin tam müalicəsi necə, mümkündürmü?
-Yanlış bir fikir formalaşıb - bu viruslar yalnız cinsi və qan yolu ilə yoluxur. Hepatit B virusunun ən təhlükəli cəhəti ailə üzvlərinə yoluxma ehtimalının yüksək olmasıdır. Bədən, tər, öpüş, qab-qacaq vasitəsilə xəstəliyin yayılması sürətlə artır. Bizə müraciət edənlər arasında belələri azlıq təşkil etmir. Hepatit B-ni C virusu ilə müqayisədə daha xoş virus hesab etmək olar. Bu virusdan qorunmaq üçün peyvənd var. 2000-ci ildən etibarən Ümumdünya Səhiyyə Təşkilatı bütün ölkələrə tövsiyəsində virusa qarşı peyvəndlərin aparılmasının vacib olduğunu vurğulayıb. Hər hansı şəxsə hepatit B-yə qarşı peyvənd vurulduqda onun virusa yoluxma ehtimalı tamamilə sıfra bərabər olur. Bu peyvəndin 95 faiz qoruma ehtimalı var. Belə halda virusa yoluxan şəxsin qanı belə digərinə təmas etdikdə peyvəndləndiyi üçün onun üçün heç bir həyati təhlükə yaranmır. Hepatit B ilə qarşılaşmış insanların 60-70 faizində virusa qarşı təbii qoruculuq yaranır. 25-30 faiz hallarda isə belə xəstələrdə virus xroniki hal alır. Bu virusa yoluxanlar mütləq nəzarət artında qalmalıdı. İldə iki dəfə, hər şey qaydasına düşdükdən sonra isə ildə bir dəfə müayinədən keçmək olar. Virus geri qayıdarsa zamanında müdaxilə edib müalicəsini təşkil etmək lazımdı.
Hepatit C isə nisbətən cavan virus olduğu üçün onun gedişatı daha çətin və aydın olmayandı. Bu virus 1989-cu ildə aşkarlanıb. Hepatit B-dən fərqli olaraq C qan və cinsi yolla keçə bilər.
Hazırda C əleyhinə yeni preparatlar var. Təəssüflər olsun ki, hazırki dönəmdə bu virusa qarşı vaksin mövcud deyil. Yəqin ki, yaxın gələcəkdə hepatit C əleyhinə peyvənd tapılar. Hepatit B kimi bu virus da qaraciyər sirrozu və şişi əmələ gətirir. Bu virusun özünəməxsus spesifikliyi ondadır ki, müalicə olunduqdan sonra belə xəstəlik 30-35 faiz ehtimalla geri dönə bilir. Hər iki virusun müalicəsi var. Bu viruslara yoluxan xəstələr müalicə alırlar. Yanlış bir fikir formalaşıb ki, virusa yoluxan şəxslərin müalicə almasına ehtiyac yoxdu, onsuz da xəstəlik yenidən geri qayıdacaq. Xeyr, bu belə deyil. Müalicədə məqsəd virusun yükünü sıfıra endirməkdi. Təsəvvür edin ki, bu virusun dozası yüksək olduqda qaraciyər virus tərəfindən işğal edilir. Buna görə virusun sıfır həddinə çatdırılması mütləqdi.
-Bir çox hallarda virusa yoluxanlar özlərini hepatit daşıyıcısı adlandırır. Sizcə bu doğrudur?
- Daşıyıcılıq əslində bizim sevmədiyimiz kəlmədi. Hepatit xəstəsi deyiləm, daşıyıcıyam deyib insanlar özlərini sanki bir növ sakitləşdirirlər. Virusun aktiv və inaktiv forması var. İnsanlar rahatlıqla deyirlər ki, mən daşıyıcıyam, xəstə deyiləm.
-Xəstələr özlərini necə nəzarətdə saxlamalıdır?
-Xəstəliyin müalicəsi insanlara görə fərdidir. Müalicənin təşkilinin də mühüm rolu var. Xəstələr var ki, altı aydan bir nəzarətdə olur, xəstə var ki, müalicəyə ehtiyacı var. Elələri var ki, heç müalicəyə də ehtiyacı olmur.
-Xoşbəxtlik sağlamlıq kimidir, nə vaxt onun haqqında düşünmürsən, deməli o var (c). Həkim, siz bu fikirlə razısız, sizcə, bizim əhali yalnız xəstələnəndə müraciət edir, yoxsa profilaktik olaraq mütəmadi şəkildə lazımi müayinələrdən keçir?
-Cəmiyyətin sağlamlıq mədəniyyətinin olması çox vacib amildir. İnkişaf etmiş ölkələrdə bu cür virusların aşkarlanması nəzarətdə saxlanıldığı üçün onlar vaxtında müdaxilə edə bilirlər. Mütəmadi həkim müayinəsində olaraq müalicələrdən keçdikdə heç bir problem yaranmaz. Yarandığı halda belə ilkin müdaxilə ilə xəstəliyi müalicə etmək daha asan olur.
-Virusdan qorunmaq üçün nə etmək lazımdı?
- Çalışmaq lazımdır ki, virusa yoluxmayasan. Virusa qarşı peyvənd vurdurmuruqsa, demək ki, bu bizim qəbahətimizdi.
Nigar Məhərrəm