“Bir çox türk restoranlarında istehlakçılara at əti təqdim edilir” - MÜSAHİBƏ
Əhməd Qəşəmoğlu: “Yararsız malın ora-burasını düzəltdikdən sonra onu doğranmış, bəzədilmiş, fərqli görkəmdə istehlakçıya təqdim edirlər”
13 İyun 2013 13:47 MüsahibəBu günümüzün ən böyük bəlalarından biri də insanların səhhətlərinə laqeyd münasibət bəsləmələridir. Kimisi ucuz olsun deyə 4 manatlıq geyimə, kimisi isə xaricdən gətirilən, tərkibi sual altında olan keyfiyyətsiz meyvə-tərəvəzlərə üstünlük verir. Hər yerdə sağlamlığımıza zidd olan bu cür xoşagəlməz hadisələrlə qarşılaşırıq. İstər bazarlarımızda, istər mağaza və dükanlarda təmizlik çox bərbad səviyyədədir. Özümüz öhdəmizə düşən işi də layiqincə yerinə yetirmirik. Dənizlə səyahətə çıxdıqda, çimərlikdə ləpələrin qoynunda dincəldikdə kəsdiyimiz qarpızın qabığını suya tullamaqla ətraf aləmi çirkləndiririk. Mədəniyyətimizin ən böyük problemlərindən biri sağlığımıza biganə yanaşmağımızdır. Mövzu ilə bağlı sosioloq Əhməd Qəşəmoğlunun münasibətini öyrəndik.
-Ölkəmizdə sağlam həyat mədəniyyəti ilə bağlı başlıca problemlər hansılardır?
-"Tərəqqiyə Elmi Dəstək" İB-nin xəttilə apardığımız araşdırmalar və müşahidələr zamanı ölkəmizdə sağlam həyat mədəniyyəti ilə bağlı xeyli problemlərin olduğunu görmüşük. İstər geyim, istərsə də qida seçimində əhalinin böyük əksəriyyətində öz sağlamlığına biganə, etinasız münasibət göstərdiyinin şahidiyik. Bir qismi içki, digər qismi siqaret aludəçisi olur, bir başqası gigiyenik qaydalara əməl etməməklə səhhəti üçün təhlükə yaradır. Səhhətimizə qarşı bu cür biganə münasibət bəsləməyimizin nəticəsində Allah-təlanın bizə verdiyi potensial dağılır. Bununla da xəstəxanalara müraciət edənlərin sayı çoxalır.
-Ticarət mərkəzləri də insan səhhəti üçün zərərli olan ucuz, keyfiyyətsiz mallarla doludur...
-Ticarət mərkəzlərinin böyük əksəriyyətində keyfiyyətsiz çin mallarının, alt paltarları, ayaqqabıların, corabların satışda olmasını görə bilərik. Əhali ucuz mal görüb bir neçə manat qabağa düşər deyə onu alır. Bu zaman isə sözsüz ki, sağlamlıq məsələsi arxa planda qalır. Keyfiyyətsiz çin malı alan şəxs geyimin onun səhhəti üçün yarada biləcəyi təhlükə haqda düşünmür. Bazarımız bu cür ucuz və təhlükəli mallarla doludur. Əhalinin öz sağlamlığına biganə yanaşmasında məlumatlılıq dərəcəsinin də az olması mühüm rol oynayır.
-Bazarlarda da təmizliyə riayət olunmur. Tüpürcəkli, murdar yerdə qəzet sərib göyərti, meyvə-tərəvəz satırlar...
-Bazarlarda da natəmizlik baş alıb gedir. Satıcılar ayaqlarının altında, tüpürcəkli bir yerdə qəzetin üstünə göyərti, mer-meyvə qoyub satırlar. Ölkəmizin daha da müasirləşməsi üçün sağlamlıq amillərinə də diqqət yetirməliyik. Təkcə parklar salmaq, gözəl göydələnlər ucaltmaqla iş bitirmək olmaz. Hər birimiz bir fərd kimi öz sağlamlığımızın qayğısına qalmalıyıq. Bu sahədə əsas məsuliyyət öz üzərimizə düşür. Qapı-qapı düşüb bizə diş yumaq öyrətməyəcəklər ki. 21-ci əsrdə sağlamlığına qarşı bu cür biganə yanaşmaq eyibdir.
-Bu cür pintiliyin səbəbi sizcə nədən qaynaqlanır? Niyə biz avropalılar kimi səliqə-səhmana, təmizliyə ciddi fikir vermirik?
-Qədim adət-ənənələrimizin də pintiliyin "təbliğ"ində mühüm rolu var. Azərbaycanın ailə-məişətlə bağlı çox gözəl adət-ənənələri var. Bununla yanaşı xoşagəlməz adətlərimiz də az deyil. Biz islam dininə mənsubuq. Heç bir dində təmizlik islamda olduğu kimi tələb edilmir. Amma nə olsun, kim buna əməl edir? Namaz qılmaq, oruc tutmaqla iş bitmir. Geyimimizin, qəbul etdiyimiz qidaların da sağlam tərkibə malik olması şərtdir. Əksər müsəlman ölkələri arasında natəmizlik hökm sürür. Bunun arxasında çox ciddi sosioloji və siyası həqiqətlər gizlənir. Bu cür natəmizliyin hökm sürməsinin əsas səbəbi islam liderlərinin dini lazımi şəkildə təbliğ etməməsindədir. İdeoloji, siyasi, həm də maddi maraq baxımından mollalar bu işi özlərinə sərf edən formada təşkil edirlər. İslamda həmişə siyasi, ideoloji maraqlar öndə olub. Yalandan baş-göz bağlayıb, saqqal buraxmaq, gündə namaz qılmaqla təmiz olduğumuzu deyə bilmərik. Aparılan araşdırmalar, gündəlik qarşılaşdığımız hadisələr bizə bu cür fikir yürütməyə əsas verir. Həqiqi müsəlman olan şəxs hökmən təmiz olmalıdır. Allah qarşısında ən böyük borc təkcə namaz qılmaq deyil. Təmiz olmaq, sağlamlığa diqqət yetirmək, Allah-təalanın verdiyi gücü qiymətləndirmək də önəmlidir. Bu istiqamətdə müəyyən diçəliş əldə etmək üçün din xadimlərini də hərəkətə gətirməliyik. Bəzi rayonlarımızda uzun müddət susuzluğun hökm sürməsi də pintiliyi yaradan və davamlı şəkildə formalaşdıran amillərdən biri hesab edilir. Avropa şəhərlərinin, əhalisinin təmiz olmasında su faktorunun mühüm rolu var.
-Müxtəlif iaşə müəssələrində təqdim edilən qidaların da nə qədər təmiz və keyfiyyətli olması sual altındadır...
-Daxil olduğumuz iaşə müəssisələrinin hansında bizə təqdim edilən qidanın, çəngəl-qaşıq və boşqabın təmiz olduğuna əmin ola bilərik? Mətbəxlərimizdə nəyin baş verməsindən, ərzaq mallarının hardan, necə gətirilməsindən xəbərsizik. İaşə müəssələrində hərcmərclik baş alıb gedir. Çimərlikdə, meşədə, harda olmağından asılı olmayaraq insanların natəmizliyi özünə "fəxr" bildiyini görürük. Yeyir, içir, tullantısını da elə oradaca qoyub gedir. Bu insanlar ətraf aləmi qoruyub, təmizliyə riayət etməyin onlar üçün vacib olduğunu dərk etmir. Şəhərimizdə qonaq olan xaricilər çox vaxt bizimlə söhbət edərkən insanlardan tər iyinin gəlməsindən, tük-saqqal içində gəzməsindən, əyinlərinə nə gəldi geyinmələrindən şikayət edir.
-Hər zaman müsahibələrinizdə maddiyatın mənəviyyatı üstələməsi nəticəsində cəmiyyətdə arzuolunmaz hadisələrin baş verdiyini demisiniz. Deməli restoran sahiblərinin alıcılara bu cür keyfiyyətsiz məhsul təqdim etməsində də "beş-on manat qabağa düşmək" məsələsinin mühüm rolu var.
-Maddiyyatın hər zaman öndə olması bu cür arzuolunmaz hadisələrə ortaya çıxması ilə nəticələnir. Bəzən yoxsul adamların toyuna getdikdə dəhşətli mənzərə ilə qarşılaşırıq. Hansısa qiymətli əşyasını satıb övladına toy etmək istəyən yoxsul şəxslər restoran sahibləri tərəfindən hər cür fırıldaqla aldadılır. Mənəviyyatsız restoran sahibləri bu cür şəxslərin avamlığından, qorxaqlığından sui-istifadə edərək süfrəyə bir neçə gün öncə təşkil edilən toy məclisindən qalan boyat yeməkləri gətirir. Dəfələrlə bu cür halların şahidi olmuşuq. Toyun ortasında dava salmamaq üçün dillənməmişik. Bəlkə də dillənməyə dəyər, bəlkə də sabahısı gün gedib şikayət etməklə nəsə əldə etmək olar. Bu cür arzuolunmaz halların baş verməməsi üçün üsyan etməli, etiraz səsimizi ucaltmalıyıq. Dəfələrlə bazara gedərkən qida üçün yararlı olmayan, çürüyüb, tullantı hesab edilən meyvə-tərəvəzlərin sahibkarlar tərəfindən alındığını görmüşük. Yararsız malın ora-burasını düzəltdikdən sonra onu doğranmış, bəzədilmiş fərqli görkəmdə istehlakçıya təqdim edirlər. Maddiyat mənəviyyatı üstələdiyindən hər sahədə maddi amil önə çəkilib. Buna görə də sağlamlıq kimi digər zəruri amillər arxa planda qalmalı olur. Xarici ölkələrdən keyfiyyətsiz qidaları, ət məhsullarını beş-on manat qabağa düşmək üçün satışa buraxırlar. Araşdırmalar zamanı bir çox türk restoranlarında inək əti adı ilə istehlakçılara at ətinin təqdim olunduğu məlum olub.
-Restoranlardan söz düşmüşkən. Hər zaman toylarda mahnıların yüksək tonda səsləndiyinin şahidi olmuşuq. Bu da səhhətimiz üçün zərərli hesab edilə bilər?
-Musiqi mədəniyyətimiz də aşağı səviyyədədir. Bu gün Azərbaycanda restoranların birinə daxil olan şəxs ölkəmizdə sağlamlıq mədəniyyətinin hansı durumda olduğunu ilk addımından anlayar.. Tanıdığım ziyalılardan biri yaxın qohumunun toyuna getmək üçün pul tapa bilmədiyindən qızıl dişini çıxardaraq satmışdı. Hər bir toy dünyaya yeni körpənin gəlməsi üçün bir başlanğıcdır. Lakin belə toyda gəlin-bəyin övlad dünyaya gətirə biləcəkləri də sual altına düşür.
-Dostlarımız, tanışlarımızla restoranların birinə daxil olub bir tikə xörək yemək istəyirik. Qarşımıza isə sizin də qeyd etdiyiniz kimi at ətindən hazırlanan xörəklər gətirilə bilər. Bu zaman xörəyin at ətindən hazırlanmasını necə müəyyən edə bilərik?
-Xörəklərə müəyyən ədviyyatlar daxil edildiyindən alıcı üçün bunu müəyyənləşdirmək çətin olur. Bunun üçün xüsusi araşdırmalar aparmaq lazımdır. Yalnız bu zaman biz hansı ətin at əti olduğunu müəyyənləşdirə bilirik.
-Sağlığımızın keşikçisi adlandırdığımız həkimlər necə, səhhətimizn qayğısına qalmaq üçün üzərlərinə düşən öhdəliyi yerinə yetirə bilirlərmi?
-Həkimlər üçün də insan sağlamlığı arxa planda qalıb. Bir neçə firma ilə işbirliyi quran həkim həmin şirkətdən müəyyən miqdarda faiz götürdüyü üçün xəstəyə ona aidiyyatı oldu-olmadı dərmanlar yazır. Sağlamlığımıza ciddi zərər vuranlardan biri də mənəvi aşınma yaşayan həkimlərdir. Həkimlər səhhətimizin qayğısına qalmaq əvəzinə yeni xəstəliklərin yaranmasında səbəbkar olurlar.
-Bizə məhsul təqdim edənlərin səhhətində hansı probelmlərin olmasından xəbərsizik. Bu sahədə hansısa ciddi nəzarətdən danışmaq olarmı?
-Lavaş, çörək bişirən sexlərdə çalışanların səhhəti də sağlamlıq tələbatına cavab vermir. Heç kəs bu işçilərin sağlıq durumunu araşdırmır. Səhhəti sual altında olan şəxslərin hazırladığı çörəklər bu gün marketlərdə satılır. Vərəmli bir ailənin "piryanik" adı ilə tanıdğımız şirniyyat məhsulunu bişirərək mağazalara verdiyinin şahidi olmuşam. Səhərdən-axşamadək küçələrdə, bazarda qoğaldan tutmuş digər un məmulatlarınadək məhsulların satışını görürük.
-Bəlalarımız azalmadan daha yeni problemlər ortaya çıxır. Artıq həyatımızın bir hissəsi hesab edilən internet və komputerlər də azyaşlılar üçün əyləncə obyektinə çevrilib. Valideynlər bir çox hallarda uşağı özündən uzaqlaşdırmaq üçün ona belə şərait yaradır. Amma saatlarla komputer önündə əyləşməyin fəsadları...
-Sağlamlıq mədəniyyətimizə ən ağır zərbə vuran amillərdən biri komputer və internetdir. Mövcud bəlalarımız düzəlməmiş yeniləri ilə üzləşirik. Komputer və internetdən istifadə mədəniyyətimiz də bərbad səviyyədədir. Bu gün uşaqdan-böyüyə hər kəs saatlarla monitor önündə əyləşərək müxtəlif saytlara daxil olur. Azyaşlılar da yaşlarına uyğun olmayan saytlara daxil olaraq erotik, pornoqrafik şəkil və yazılarla tanış olurlar. Azyaşlıların saatlarla komputer önündə oturması onların səhhəti üçün də zərərlidir. 2-3 saatdan artıq monitor önündə əyləşmək azyaşlıların səhhəti üçün çox təhlükəlidir. İnternet klublarının əksəriyyəti də bildiyiniz kimi kiçik, qaranlıq, havasız zirzəmilərdədir. İnternet klublara gedən azyaşlıların böyük əksəriyyəti orada yaşlarına uyğun olan məlumatla deyil, mənəvi aşınma yarada biləcək informasiyalarla tanış olur, dostluğunda olan şəxslərlə əxlaqa zidd söhbətlər edir, onlarla yazışır. Bu gün uşaqların böyük əksəriyyətinin gecə saat 3-4-ə kimi komputer önündə vaxt keçirdiyini görürük.
-Mövzunu ümumiləşdirsək baş verən yol qəzalarıından tutmuş yediyimiz-içdiyimiz məhsullaradək hər şeyin səhhətimiz üçün ciddi fəsadlar yarada biləcəyini deyə bilərik. Bu cür halların aradan qalxması üçün nə etmək, əhaliyə sağlam həyat mədəniyyətini necə təbliğ eütmək lazımdır?
- Bizim mağazaları, bazarları görən əcnəbilər heyrətə gəlir. Sadəcə sovet dövründə olduğu kimi bu sahədə nəzarəti gücləndirmək, əhaliyə davranış normaları ilə yanaşı sağlamlıq, təmizlik mədəniyyətini təbliğ etmək lazımdır. İslam aləmində, Şərqdə sağlamlıq mədəniyyəti hərəkatına təkan versək tarixi işlərdən birini görmüş olarıq. Yaxın gələcəkdə sağlamlıq mədəniyyəti ən aktual məsələyə çevirləcək. Hər gün yol qəzalarında nə qədər insanın dünyasını dəyişdiyini eşidirik. Sürücülük mədəniyyəti olsa, 20-40 qəpikdən ötrü bir-birlərini ötməsələr bu cür hallar da baş verməz. Müəyyən dirçəliş əldə etdikdən sonra bu istiqamətdə beynəlxalq səviyyədə böyük elmi-praktik konfrans da təşkil edə bilərik.
Nigar Məhərrəm