“Azərbaycan müxalifət partiyalarının koalisiya imkanları Milli Şura ideyası ilə bitmir” - MÜSAHİBƏ
Həsrət Rüstəmov: “Seçkiyə dağınıq getmək və xalqın daha da ümidsizləşdirilməsinə gətirib çıxaran addımlar atmaq olmaz”
10 İyun 2013 14:58 Müsahibə"İstənilən halda prezident seçkilərində iştirakın və xalqla təmaslara getməyin tərəfdarıyıq"
Ölkədə fəaliyyət göstərən əksər siyasi qüvvələr prezident seçkiləri ilə bağlı öz mövqeyini müəyyənləşdirib namizədini cəmiyyətə açıqlasa da, partiya hələlik bu istiqamətdə tələsmək istəmir. Bir çoxları bunu Azərbaycan Demokrat Partiyası daxilində seçkilərlə bağlı vahid mövqeyin olmaması ilə əlaqələndirsə də, partiyanın sədr müavini Həsrət Rüstəmov bunu istisna edir. "OLAYLAR"-a verdiyi müsahibədə Həsrət Rüstəmov deyib ki, təmsil etdiyi partiya yaxın vaxtlarda president seçkiləri ilə bağlı rəsmi mövqeyini açıqlayacaq. Həsrət Rüstəmov ADP-nin Milli Şura ilə bağlı sərt mövqe ortaya qoymasının səbəbi və müxalifət düşərgəsində president seçkiləri ərəfəsində mövcud olan vəziyyətə də aydınlıq gətirib. Bildirib ki, müxalifət düşərgəsi bütün halda bu ilin oktyabrında Azərbaycanda keçiriləcək president seçkilərində vahid namizəd, vahid komanda və vahid platforma ilə iştirak etməyə nail olmalıdır.
-Həsrət bəy, president seçkiləri öncəsi ölkədəki ictimai-siyasi vəziyyəti necə dəyərləndirirsiniz?
-Ölkədə ictimai-siyasi vəziyyət fəal siyasi etirazların olmamasına baxmayaraq olduqca gərgindir. Bunun bir səbəbi də regionda baş verən son siyasi olaylar və dünyada bizimlə əlaqədar olan ənənəvi siyasətin dəyişməsi tendensiyasıdır.
.-Azərbaycan Demokrat Partiyasının prezident seçkiləri ilə mövqeyinin hələ də tam müəyyənləşməməsinə mane olan amil nədir? Demək olarmı ki, demokratlar bu dəfəki seçkilərdə iştiraka maraqlı görünmürlər?
-ADP-nin prezident seçkiləri ilə bağlı mövqeyinin qətiləşməməsinin əsas səbəbi müxalifətin böyük koalisiyasının və vahid namizədin müəyyənləşdirilməməsi məsələsidir. Biz qarşıdakı seçkilərdə yalnız müxalifətin möhkəm və ciddi birliyi sayəsində uğur qazanmağın mümkünlüyünə inanırıq. Məhz buna görə də partiya olaraq əsas diqqəti bu istiqamətə yönəltmişik. Amma istənilən halda prezident seçkilərində iştirakın və xalqla təmaslara getməyin tərəfdarıyıq. Yəqin ki, çox yaxın vaxtlarda Azərbaycan Demokrat Partiyasının bu məsələ ilə bağlı konkret qərarı qəbul olunacaq.
- Milli Şuraya qarşı sərt mövqe nümayiş etdirən siyasi dairələrdən biri də məhz sizin partiyadır. Bu Milli Şuranın Kremlə bağlılığı ilə əlaqədardır, yoxsa başqa nüasnlar var?
-Azərbaycan Demokrat Partiyasının Milli Şuraya qarşı sərt münasibəti olmayıb. Sadəcə sualları olub və bu suallardan birincisi də budur ki, əgər müxalifətin birliyindən, ölkədə demokratik keçidin təmin olunmasından söhbət gedirsə, bu məqsədlər üçün böyük mücadilə yolu keçmiş Azərbaycan Demokrat Partiyası ilə nə səbəbdən heç bir müzakirə aparılmır. Eyni zamanda digər mühüm suallar da var ki, onlardan biri də məhz yaranmaqda olan bu koalisiyanın Rusiyaya münasibəti məsələsidir.
-Sizcə Milli Şura ideyası müxalifətin digər əməkdaşlıq formatlarını kölgə altında qoya bilərmi?
-Xeyr. Mən elə fikirləşmirəm ki, Milli Şura ideyası digər koalisiya variantlarını heçə endirə bilər. Ancaq bu gün görünən odur ki, müxalifətin gündəmini daha çox bu ideya zəbt edib. Amma Azərbaycan müxalifət partiyalarının koalisiya imkanları Milli Şura ideyası ilə bitmir. Məsələn müxalifətin seçkiyə Milli Şura adı ilə yox başqa variantda olan koalisiyada getməsini istisna etməyin tərəfdarı deyiləm. Əsas məsələ yaranacaq birliyin möhkəmliyi, ideya və məqsədlərinin aydınlığı və konkretliyi, həmçinin vahid namizəd, komandanın müəyyənləşməsidir. Əgər bunu indiki qüvvələrlə etmək mümkün deyilsə, digər daha fərqli koalisiya variantlarına müraciət etmək vacibdir. Heç bir halda seçkiyə dağınıq getmək və xalqın daha da ümidsizləşdirilməsinə gətirib çıxaran addımlar atmaq olmaz.
-Ümumilikdə müxalifəti bu seçkilərdən nə gözləyir? Daha bir məğlubiyyət Azərbaycan müxalifətinin elektoratını bir qədər də parçalamayacaq ki?
-Normal demokratik seçkilər keçirən ölkələrdə hər bir seçki xalqı və dövləti bir qədər də irəli aparır, növbəti mərhələyə keçirir. Xalqın kütləvi şəkildə siyasi proseslərdə iştirakına şərait yaranır və ölkənin idarəetməsi inhisardan qurtulur. Müxalifət əlindəki resursların azlığı səbəbindən xalqı fəal şiyasi proseslərə kütləvi olaraq cəlb edə bilmir. Amma ictimai süstlüyün çox davam etməyəcəyinə qəti olaraq əminəm.
Süleyman İsmayılbəyli