SOS! “Plastik qablarda olan içkilər insan səhhəti üçün təhlükəlidir” - AKTUAL
“5-10 qəpik pul qazanacaqlar deyə qanımızı mikrobla doldurmasınlar”
10 İyun 2013 14:41 MüsahibəHavaların istiləşməsi ilə əlaqədar sərinləşdirici içkilərə tələbat da artıb. Bir çoxlarımız sərinləşdirici içki alarkən onun tərkibi, saxlanılma şəraiti və müddəti ilə maraqlanmadığımız üçün sonradan arzuolunmaz hallarla qarşılaşmalı oluruq. Sərinləşdirici içki alarkən nəyə diqqət yetirməliyik? Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynova bu sualla müraciət etdik.
Eyyub Hüseynov istehlakçılara sərinləşdirici içki alarkən diqqətli olmağı tövsiyə edir: "İstehlakçılar isti yay günlərində günün altında saxlanılan, plastik qablarda olan, üzərində istehlak tarixi olmayan, müxtəlif rəngli maddələr vasitəsilə hazırlanan sərinləşdirici içkiləri almaqdan imtina etməlidir. Bundan başqa məhsul alarkən üzərindəki tarixə və digər zəruri informasiyalara nəzər yetirmək lazımdır". Plastik qabların insan səhhəti üçün təhlükəli olduğunu deyən E.Hüseynov bunun fəasdlarından da danışır: "Plastik qablarda olan içkilər insan səhhəti üçün təhlükəlidir. İsti havalarda onların əriməsi nəticəsində insan orqanizmində mədə-bağırsaq, xərçəng kimi müxtəlif xəstəliklər yarana bilər".
-Günün altında olan içkilərin isti havalarda əks təsir verə biləcəyini dediniz. Bəs, açıq havada soyuducuda saxlanılan məhsullar necə, təhlükə törətməzki?
-Yararlılıq müddəti bitməyibsə, soyuducuda saxlanılan içkiləri almaq olar.
-Ümumiyyətlə mağazalarda satılan içməli suların keyfiyyəti necə, qənaətbəxşdirmi?
- Azərbaycanda içməli suların saflığı yaxşı vəziyyətdə deyil. Hər şey qiymətdən açıq-aydın görünür. Litri 40 qəpiyə və 10 manata olan sular var. Hər ikisi H2 0-dur. Sözsüz ki, bunlar bir-birindən fərqlidir. Biz demirik ki, bahalı su yaxşı sudur.
-Qurumunuz tərəfindən aparılan monitorinqlər zamanı sərinləşdirici içkilərin tərkibində insan səhhəti üçün zərərli olan hər hansı maddə aşkarlamısınızmı?
- Konkret olaraq virus daşıyıcısı olan sərinləşdirici içkiləri aşkarlamamışıq. Lakin qiymətlərin aşağı olması bizə belə düşünməyə imkan verir.
İqtisadi İnkişaf Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Vüsalə Quliyeva da alıcılara sərinləşdirici sular alarkən diqqətli olmağı tövsiyə edib: "Susuzluğun yatırılmasında və orqanizmdə su balansının tənzimlənməsində böyük fizioloji əhəmiyyətə malik olan spirtsiz içkilər təbiətindən, xammalından və istehsal xüsusiyyətindən asılı olaraq təsnifləşdirilir. Meyvə-giləmeyvə şirələri başqa spirtsiz içkilərdən fərqli olaraq mineral maddələr və vitaminlərlə zəngindir. Onların tərkibində 88-92%-ə qədər su var. Buna görə də belə içkiləri enerjivermə qabiliyyətinə malik hesab etmək olmaz. Təbii meyvə-giləmeyvə ekstraktları ilə hazırlanmış spirtsiz içkilərdə az da olsa minerallı maddələr, rəngləyici maddələr və digər bioloji fəal maddələr olur. Belə məhsulların qidalılıq dəyəri hesablanarkən, onların tərkibində karbohidratlar suda həll olan bəzi vitaminlər və s. müəyyən edilir. Bu maddələrin miqdarı qüvvədə olan normativ-texniki sənədlərlə (NTS) normallaşdırılır və məhsulun enerji dəyəri (mineral sulardan başqa) ilə yanaşı etiket üzərində göstərilir".
-İçkilərin saxlanma şəraiti necə olmalıdır?
-Ticarət şəbəkəsində qazlı içki dolu butulkalar horizontal vəziyyətdə saxlanılmalıdır. Bu məhsulları günəş şüalarının altında saxlamaq qəti qadağandır. Meyvə şirəsi və ekstraktları 0-100C-də, şəkər əlavə edilmiş şirələri 200C-də, şərbət, mors və quru konsentratları isə 12-200C-də saxlamaq olar. Mineral sular isə butulkalara doldurularkən mütləq 0,4-0,5% miqdarında karbon qazı ilə doydurulmalı və 5-120C temperaturda saxlanılmalıdı.
-Sərinləşdirici qidaların saxlanılma müddəti necə olmalıdır?
-Optimal şəraitdə spirtsiz içkilərin saxlanılma müddəti qazlı içkilər üçün 30 gündən 6 aya qədərdir. Stabilləşdiricilərin tətbiqindən asılı olaraq bu müddət dəyişilə bilər. Diabetiklər üçün içkilər 15 gün, meyvə-giləmeyvə şirələri (ağzı bağlı butulkalarda), quru qazsız içki tabletkaları 1 ilə qədər, qazlı içki konsentratlarını 2 ilə qədər, şərbətləri germetik tarada pasterizə edilmişdirsə, uzun müddət, edilməmişsə 7 aya qədər, açıq şəkildə isə 20 gün saxlamaq olar. Təbii mineral suların təminatlı saxlanılma müddəti 1 il, süni mineral sularının ticarət şəbəkəsində saxlanılma müddəti isə 15 gündür. Tərkibində dəmir olan suların saxlanma müddəti isə 4 aydır.
-Spirtsiz içkilərin keyfiyyətini necə müəyyən etmək olar?
-Spirtsiz içkilərin keyfiyyəti həm orqanoleptiki, həm də fiziki-kimyəvi göstəricilərinə görə müəyyən edilir. Sensor üsulla spirtsiz içkilərin şəffaflığı, rəngi, dadı, iyi, çöküntünün və asılı hissəciklərin olması və s. müəyyən edilir. Keyfiyyətli spirtsiz içkilər şəffaf, çöküntüsüz olmalı, meyvəli spirtsiz içkilər isə rəngi, dadı və ətri ilə seçilməlidir. Spirtsiz içkilərin üzərindəki etiket kağızında istehsalçının adı, məhsulun çeşidi, tərkibi, standart nömrəsi, istehsal tarixi, saxlanılma şəraiti və müddəti göstərilməlidi. Alıcılar spirtsiz içki alarkən onun saxlanılma şəraitinə diqqət yetirməli, 00-120C temperaturda saxlanılan spirtsiz içkilərə üstünlük verməlidir.
-Alıcılara bu cür sərinləşdirici məhsulları alarkən başqa hansı amillərə diqqət etməyi tövsiyə edərdiniz?
-Ticarət şəbəkəsindən bu məhsulları alarkən butulkaların dibində çöküntünün olmasına, şəffaflığına diqqət edin. Çöküntünün olması və bulanıqlaşma suyun keyfiyyətsizlik əlamətidir. Mənşəyi məlum olmayan, üzərində istehsal, son istifadə tarixi və s. qeyd olunmayan içkiləri almayın.
Sərinləşdirici qidaların keyfiyyət tələbatına cavab verib-vermədiyini öyrənmək üçün İqtisadi İnkişaf Nazirliyinin internet səhifəsindən də bu istiqamətdə aparılan monitorinqlər, əldə edilən nəticələr haqda məlumat almaq istədik. Səhifədə konkret olaraq sərinləşdirici içkilərin monitorinqi ilə bağlı məlumat əldə edə bilmədiyimiz üçün qurumun mətbuat katibi Abbas Əliyevə müraciət etdik. Abbas Əliyev "monitorinqlərə başlamışıq. Nəticələr haqda mütəmadi olaraq məlumat veririk. Bu haqda bizim rəsmi səhifəmizdə də məlumatlar yerləşdirilir" deməklə bütün materialların səhifədə olduğunu vurğulayaraq qanun pozuntuları, məhsullar, zərərli maddələr haqda informasiya verməkdən imtina etdi. Mətbuat katibi qurumun bu istiqamətdəki işi haqda danışıb: "Alıcıları daha keyfiyyətli sərinləşdirici içkilər və dondurmalarla təmin etmək məqsədi ilə İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Komitəsi havaların istiləşməsi ilə əlaqədar bu sahədə monitorinqlərin təşkilini intensivləşdirib. Məqsədimiz alıcılara daha keyfiyyətli məhsul təqdim etməkdir. Yay fəslinin gəlişi ilə əlaqədar dondurma bazarına nəzarət xüsusilə gücləndirilib. Bu sərinləşdirici qida daha çox azyaşlılıar tərəfindən istehlak olunduğu üçün dondurma məhsullarına xüsusi diqqətlə yanaşırıq".
Eyyub Hüseynovdan fərqli olaraq sərinləşdirici içkilər bazarında kifayət qədər keyfiyyətli məhsulların olduğunu deyən A.Əliyev monitorinqlər çərçivəsində insan səhhəti üçün zərərli olan qidaları satışdan uzaqlaşdırdıqlarını deyir: "Bazarda kifayət qədər keyfiyyətli məhsullar var. Apardığımız monitorinqlər çərçivəsində insan sağlamlığına təhlükə törədəcək, keyfiyyətə və bazar tələblərinə cavab verə bilməyəcək məhsulların satışını dayandırmışıq".
A.Əliyev bu kimi qanun pozuntuları, insan səhhətinə zərər verən məhsulların satışı ilə əlaqədar cərimələr ödəndiyini, bəzilərinin isə satışdan yığışdırıldığını deyir: "İstehlak bazarında qanunsuzluq aşkarlanarsa faktla bağlı inzibati Xətalar Məcəlləsi üzrə müəyyən edilmiş cərimələr tətbiq edilir. İnsan sağlamlığı üçün təhlükəli hesab edilən məhsullar dərhal bütün satış məntəqələrindən yığılaraq məhv edilir".
Bəs, görəsən şəhər ahalisi necə, aldıqları sərinləşdirici içkilərin tərkibindən, keyfiyyətindən razıdırmı? Şəhər əhalisi arasında da mövzu ilə əlaqədar kiçik bir sorğu keçirdik. Firuz Quliyev ucuz qiymətə satılan məhsulun keyfiyyətsiz olduğunu deyir: "Havalar isti olduğu üçün cibimizə uyğun sərinləşdirici içki alırıq. 20, 30, ya 40 qəpiyə satılan suda hansı keyfiyyətdən söhbət gedə bilər ki? Belə suların keyfiyyətinə inanmıram. Sadəcə məcburiyyət qarşısında qaldığım üçün alıram". Digər həmsöhbətimiz Mətanət Əliverdiyeva isə aldığı məhsulun istehsalçısı, tərkibi və saxlanılma şəraiti ilə maraqlanmadığını deyir: "Aldığım suyun nə tərkibi, nə də ki istehsalçısı, saxlanılma müddəti haqda üzərində yazılan informasiyanı oxuyuram. Hər kəs belə suların onsuz da keyfiyyətsiz olduğunu bilir". 65 yaşlı Firudin müəllim isə plastik qablarda satılan sərinləşdirici içkilərdən gileylənib: "Dəfələrlə telekanallarda suların işlənmiş plastik qablara yenidən doldurulduğunu görmüşük. Bu sanitariya tələblərinə cavab vermir. 5-10 qəpik pul qazanacaqlar deyə canımızı mikrobla doldurmasınlar". Tələbə Akif Süleymanlı isə suyun keyfiyyətinin onun üçün önəmli olmadığını deyir: "Neyləyim, tələbəyəm. Belə durumda nə edə bilərəm ki? Bütün mağazalar eyni məhsulları satır. Keyfiyyətli sərinləşdirici içkilər çox azdır". Gülnarə Əliyeva isə daha çox meyvə şirələrinə üstünlük verdiyini, onların bir çoxunun tərkibindən razı qaldığını deyib: "Daha çox meyvə şirələrinə üstünlük verirəm. Sözsüz ki, hər meyvə şirəsinin keyfiyyətli olduğunu demək olmaz. 60-80 qəpikdən yuxarı olan meyvə şirələrini daha keyfiyyətli hesab edirəm". Gülnarə xanım meyvə şirələri istisna olmaqla rəngli maddələrdən hazırlanan digər içkilərin səhhət üçün zərərli olduğunu deyir: "Meyvə şirələri istisna olmaqla rəngli maddələrdən hazırlanan digər sərinləşdirici qidalar səhhət üçün zərərli olduğundan övladlarıma da belə qidalardan yararlanmamağı tövsiyə edirəm". Şəhər sakinləri arasında apardığımız sorğu zamanı onların bir çoxunun aldığı qidanın tərkibindən xəbərdar olmadığını, məhsulun üzərində yazılan keyfiyyət göstəricilərinə nəzər yetirmədiklərini gördük.
Nigar Məhərrəm