“Onunla gecə barlarında, fahişəxanalarda və ucuz kafelərdə rastlaşa bilərsiniz” - MÜSAHİBƏ
Cəlil Cavanşir: “Heç kəsə dərs keçmir, “ütülü” cümlələr qurmur, çox içir, narkotikaya və yüngül həyat tərzinə meyl edir, həyatla savaşmaqdansa həyatla oynamağı, məzələnməyi sevirlər”
5 İyun 2013 15:53 MüsahibəMüsahibimiz yazıçı, tərcüməçi Cəlil Cavanşirdir.
- Cəlil bəy, beyninizdə yaratdığınız obraz xarakterilə əsərlərinizdə canlandırdığınız tip arasında hansı fərqlər var?
- Adətən, yaratdığım obrazlarla bağlı aylarla düşünürəm. Bəzən hiss edirəm ki, artıq beynimdəki obraz kimi yaşamağa, onun əzablarını hiss etməyə başlamışam. Bu artıq obrazın "doğulma" prosesidir. Bəzən obrazlarım mənə o qədər doğmalaşır ki, onların əsərdəki iztirablarını canımda hiss edirəm. Yalnız "İtirilmiş əlyazma" romanımda müdrik, ağıllı və milli obrazlar yaratmışam. Bu mənim yaradıcılığımda müstəsna haldır. Hal-hazırda üzərində işlədiyim romanımdakı qəhrəmanlarım müdrik deyil. Heç kəsə dərs keçmir, "ütülü" cümlələr qurmur, çox içir, narkotikaya və yüngül həyat tərzinə meyl edir, həyatla savaşmaqdansa həyatla oynamağı, məzələnməyi sevirlər. Beynimdə yaratdığım obrazlar həyatın hər üzünü görmüş, yoxluğa, ehtiyaca alışmış insanlardır. Əhlikefdirlər. Məsələn, həyatda mənim yaratdığım obrazlarla rastlaşsanız, ondan ağıllı bir söz gözləməyin. O sizin adət-ənənələrinizi, düşüncənizi, milli dəyərlərinizi ələ salacaq, güləcək. Siz ona dindən, əxlaqdan danışsanız, o sizə içməyi təklif edəcək. Mənim qəhrəmanlarım Qarabağı azad etmək haqqında düşünmür, amma sən onun Xocalı faciəsini xatırlayıb ağladığını görə bilərsən. Mənim qəhrəmanlarım yüksək mənəvi dəyərlərin təbliğatçısı deyil, amma əxlaqsızlığı da təbliğ etmirlər. Onlar ancaq özləri ilə savaşır və yeganə məqsədləri bu savaşdan qalib çıxmaqdır. Mənim yaratdığım obraz düşünmədən kral sarayına "Molotov kokteyli" ata bilər. Lakin o cinayətkar olmaq üçün doğulmayıb. Siz onunla küçə yürüşlərində, gecə barlarında, fahişəxanalarda, ucuz kafelərdə, kitabxanalarda rastlaşa bilərsiniz. O itirməyə də, uduzmağa da, hətta ölümə də hazırdır. Mənim yaratdığım obraz mübariz deyil, o damarlarını doğraya, özünü asa, tapancay ilə vura bilər. İntihar mənim obrazlarım üçün sadə bir şeydir. Beynimdə yaratdığım obrazlara yazı ömrü verməyə və bacardıqca onların oxşar olmasına çalışıram.
- Bədbəxtlikdir yazdıran?
- Xoşbəxtlik də, bədbəxtlik də yazdırır. Amma nədənsə bədbəxtlik daha çox yazdırır. Xoşbəxt olanda yazar çox rahat olur və bu onu arxayınlaşdırır. Bədbəxtlik isə qəza vəziyyətidir. Hər şeyi tez yekunlaşdırmağa, içindəki yükdən azad olmağa çalışırsan. Bəlkə də bədbəxtlik ona görə çox yazdırır. Nəzərə almaq lazımdır ki, bütün yazı adamları bədbəxt deyil, onda qəti şəkildə demək olar ki, sadəcə bədbəxtlik yazdırmır. Özümü tənha və bədbəxt hiss etdiyim anlarda yazı məni xilas edib. Nə yazmağımdan asılı olmayaraq yazdığım vaxtlar mənim xilas olduğum anlardır. Yazarkən özümü təcrid etməyi, ətraf mühitdən qopmağı sevirəm və həmin məqamda nə xoşbəxtlik, nə də bədbəxtlik haqqında düşünmürəm. Depressiv anlarımda yaza bilmirəm. Depressiya anımda hiss etdiklərimi, ağrılarımı, sarsıntılarımı yaza bilsəm ortaya tamam fərqli bir əsər çıxa bilər. Heyf ki, bu halda yaza bilmirəm. Bədbəxtlik, faciə, uğursuzluq əslində ədəbi materialdır. Bu materialdan istifadə etmək isə peşəkarlıq tələb edir. Bədbəxt, talesiz, hər şeyini itirmiş onlarla yazıçı var ki, işıqlı, pozitiv mətnlər yazmağı bacarıblar. Düşünürəm ki, bədbəxtlik, şansızlıq, uğursuzluq yazıçının daha da inadkar olmasına şərait yaradır.
- Məncə, yazıçının pulu az olsa yaxşıdır
- Qətiyyən bu fikirlə razı deyiləm. Bu bizim cəmiyyətin yanlış düşüncəsidir. Zatən yazıçıların böyük əksəriyyəti həyatla savaşan, aza qane olan insanlardır. Amma məncə hər insan kimi, yazıçının normal yaşayışı, yaxşı maddi imkanları olmalıdır. Yazıçı məişət qayğıları ilə yaşadıqca, yaradıcı potensialı zəifləyir. Axı yazıçının da hamı kimi insani tələbatları, gündəlik qayğıları var. Niyə hansısa düşük müğənni bahalı maşınlarda gəzməli, ən yaxşı gecə klublarında viski udumlamalı, yazıçılar və ya şairlər metroda basabasda əzilə-əzilə mənzil başına getməli, ucuz araq içməlidir? Üstəlik yazıçı normal insandan daha çox gəzməli, istirahət etməli, kiçik qayğılardan uzaq olmalıdır. Yazıçı ac, müflis, əyyaş, "bomj" olmamalıdır. Məsələn, mən əyləncəni və qonaqlıqları sevirəm. Çünki əylənərkən beynim çox gözəl işləyir və özümü formada hiss edirəm. Təəssüf ki, doyunca əylənməyə, gəzməyə maddi imkanım yoxdur. Şəxsən mən yazıçını kasıb, səfil görmək istəyən insanları başa düşmürəm. Yazıçı yaxşı yaşamalı, məişət qayğılarından azad olmalıdır. Maddi imkanı olmayan yazıçı, nadir hallarda böyük əsərlər yaza bilər.
- Siqaret bir yazıçı üçün nədir?
- Bir çoban üçün, fəhlə üçün, sürücü üçün siqaret nəyi ehtiva edirsə, yazıçı üçün də odur. Yəni, siqaret yazıçının həyatında önəmli rol oynamır. Siqaret yazıçının pis və ziyanlı vərdişlərindən biri ola bilər. Siqaret yazıçı atributu deyil. Eyni zamanda yazıçıya maddi ziyan vuran lazımsız alışqanlıqdır. Yazıçı olmaq üçün heç də günə 3-4 qutu siqaret çəkmək vacib deyil. Ola bilsin ki, yazıçıların böyük əksəriyyəti "tüstülətməyi" sevir, amma bu o demək deyil ki, yazıçı və siqaret ayrılmaz dostdur. Yazıçı üçün mütaliə, müşahidə və ən önəmlisi istedad lazımdır. Siqaret və içki, narkotika və qadınlar tamam başqa məsələdir. Bu yazıçının həyat tərzi və dünyagörüşü ilə bağlıdır. Əksər yazıçıları intihardan xilas edən məhz sadaladıqlarımdır. Amma nə yazıq ki, sadaladıqlarım bəzən yazıçını intihara sürükləyir.
- Bir hekayə, bir povest, ya da ki, bir roman yazmağı bacarmaq nə deməkdir?
- İstənilən janrda yazmaq istedad və təcrübə tələb edir. Yazmaq üçün dünyagörüşü, ciddi mütaliə, nəzəriyyələrə bələdlik, zəngin həyat təcrübəsi vacibdir. Bütün bunlar varsa, yazmaq sadəcə səni narahat edən düşüncülərdən xilas yoludur. Yəni yazmaq, xilas olmaqdır. Bəziləri hesab edir ki, yazmaq səliqəli masa arxasında əyləşib, gözlərini tavana zilləyib, asta-asta qələmi mürəkkəbə batırmaq və müdrikcəsinə ciddiyyətlə düşüncələri yazıya köçürməkdir. Şəxsən mən bu cür şəraitdə bir cümlə də yaza bilmərəm. Əvvəlcə yazacağım yazını beynimdə həll etməli, əvvəldən-axıra bütün obrazları yaxşı-yaxşı tanımalıyam. Bu mənim üçün ən ağır prosesdir. İçki və siqaretdən ən çox istifadə etdiyim dönəmdir. Sonra qeydlər aparmağa başlayıram. Bu ən nizam-intizamlı və düzənli prosesdir. Hansısa bir hekayənin və ya romanın qeydlərini apardığım prosesdə olduqca diqqətli olmağa çalışıram. Dostlarla görüşləri azaldıram, demək olar ki, heç nə oxumuram. Qeydlərim hazır olandan sonra ağır bir proses başlayır. Bu qeydləri və düşündüklərimi qəlibləşdirməkdir. Yəni yazacağım janrın tələbləri gərəyi, qurduğum plan üzrə yazmağa başlayıram. Bəzən 20-30 səhifəni yazıb bir kənara atıram və aylarla həmin yazının üzünə baxmıram. Hal-hazırda bilgisayarımda formal olaraq tamamlanmış 2 roman var. Biri artıq xoşuma gəlmədiyi üçün, yenidən işləmək istəmirəm. İkincisini isə demək olar hər gün işləyirəm. Üzə çıxardıqlarım yazdıqlarımın çox cüzi hissəsidir. Sistemli işləyə bilmədiyim üçün, istədiyim, düşündüyüm nəticəni əldə edə bilmirəm. Bu hərdən məni həvəsdən salır. Bezginləşirəm. Toparlanmaq üçün kiçicik bir stimul mənə bəs edir. Özümü yazıdan uzaq hiss edə bilmirəm. Demək olar ki, hər gün yazıram və yazı məni yüngülləşdirir, xilas edir. Bəlkə yazmaq bacarığım olmasaydı terrorist, ya da qatil olardım. Bu enerji ilə sakit yaşaya bilməzdim. Bədii yaradıcılıq, yazmaq mənim qoruyucumdur.
- Əsərlərinizdəki obrazlar kimlərdir, haradan gəliblər?
- Yaratdığım obrazlar, xarakterlər cəmiyyətin zəif iradəli və ya əxlaqsız hesab etdiyi, kəşf edə bilmədiyi tiplərdir. Əslində cəmiyyətin böyük əksəriyyəti mənim yaratdığım obrazlara çox oxşasa da, bunu etiraf etməyə kompleksləri imkan vermir. Mənim qəhrəmanlarım marjinaldır. Onları nə din, nə fəlsəfə, nə də yaxşı insan olmaq maraqlandırmır. Və bütün xüsusiyyətləri ilə onlar həyatdan gələn obrazlardır.
- Hansı kitabınız nəşrə gedəndən sonra nəyə heyfslənmisiniz?
- İlk kitabım tələbəlik illərində işıq üzü görüb. Çapına peşiman deyiləm, çünki hal-hazırda heç bir oxucu o kitabı əldə edə bilməz. 7 il əvvəl, 100 tirajla çap olunub və artıq nümunə üçün bir dənəsi də qalmayıb. İkinci kitabda rolum sadəcə tərtibçilik olub və həmin kitabda bir neçə essem və bir şeirim yer alıb. Çox vasvasılıqla işlənib və peşimançılıq üçün səbəb yoxdur. Üçüncü kitabım, "Underground sevgilər" şeirlər kitabıdır. Kitabın nəşrindən sonra məlum oldu ki, kitabın üz qapağında hərf səhvi var. Diqqətsizlik etdiyim üçün peşimançılıq hissi keçirdim. "İtirilmiş əlyazma" romanımı tələsik nəşr etdirdiyim üçün, lazımi diqqət göstərə bilmədim. Heyf ki, ürəyimcə işləyə bilmədim. Amma "kaş ki, yazmazdım" dediyim əsərim yoxdur.
Ömər Zamin