«Keçən il bu vaxtlar çox qürurverici və bir o qədər də kədərli günlər keçirirdik»- MÜSAHİBƏ-ÖZƏL
14 Oktyabr 2021 11:00 MüsahibəCeyran Səttarova: "Vətən savaşının başlandığı gündən Zəfərə qədər Türkiyə Azərbaycanla birlikdə həm həyəcanlandı, həm də sevindi"
Bir neçə ay əvvəl Türkiyənin bir sıra turizm bölgələri, o cümlədən Antalyada baş vermiş meşə yanğınlarına qarşı mübarizədə istər Türkiyənin müxtəlif şəhərlərində, istərsə də Antalyada yaşayan azərbaycanlılar da fəal oldu, həmin ağır günlərdə qardaşlarına dəstək nümayiş etdirdilər. Həmçinin yanğından zərər çəkən insanların zəruri ehtiyaclarının qarşılanmasında da Türkiyədə yaşayan soydaşlarımız, eləcə də diaspor təşkilatlarımız aktiv rol oynadılar. Belə təşkilatlardan biri də Antalya Azərbaycan Kültür və Dayanışma Dərnəyidir. Dərnəyin İdarə Heyətinin sədri Ceyran Səttarova "OLAYLAR"-a verdiyi müsahibədə həm meşə yanğınları zamanı fəaliyyətlərindən, həm də rəhbərlik etdiyi qurumun qarşısına qoyduğu məqsəd və vəzifələrdən danışıb.
--Ceyran xanım, Antalya Azərbaycan Kültür və Dayanışma Dərnəyi nə zamandan fəaliyyət göstərir və təşkilatınızın əsas fəaliyyət istiqamətlərinə nələr daxildir?
-Antalya Azərbaycan Kültür və Dayanışma Dərnəyi 2012-ci ilin oktyabr ayında, mərkəzi Antalya şəhəri, Muratpaşa rayonu olmaqla Antalyada yaşayan və işləyən azərbaycanlı ziyalılar və iş adamları tərəfindən qurulmuşdur. Dərnəyimizin əsas fəaliyyəti adından da göründüyü kimi Azərbaycan mədəniyyətini, tarixini, ədəbiyyatını, mətbəxini tanıtmaq və burada yaşayan azərbaycanlılar arasında həmrəyliyi təşkil etməkdir.
-Qardaş Türkiyədə çoxsaylı diaspor təşkilatlarımız fəaliyyət göstərir. Təşkilat olaraq onlarla əməkdaşlığınız, koordinasiyanız hansı şəkildədir, qarşılıqlı olaraq əməkdaşlıq edirsinizmi?
-Doğrudur, Türkiyənin demək olar ki, hər bölgəsində Azərbaycanı təmsil edən bir və ya bir neçə diaspora təşkilatları fəaliyyət göstərir. Bizim təşkilat da, onlarla mütamadi əlaqə saxlayır və layihələr ətrafında fikir mübadiləsi aparır. Koordinasiyaya gəldikdə isə, Türkiyə Azərbaycan Dərnəkləri Federasyonunun tərkibində olan təşkilatlar vaxtaşırı toplantılarda, tədbirlərdə bir araya gəlib fikirlərini bölüşürlər.
-Bu günlər Azərbaycanın tarixi zəfərini, 44 günlük müharibənin ildönümünü yaşayırıq. Maraqlıdır, keçən ilin bu günlərini Siz qardaş ölkədə hansı hiss, həyəcanla izləyirdiniz?
-Bəli, bir neçə gün sonra biz tarixi qələbəmizin ildönümünü qeyd edəcəyik. Keçən ilin bu günləri bizlər də çox həyəcanlı, qürurverici və bir o qədər də kədərli günlər keçirirdik. Bir gözümüz gülsə də, bir gözümüz ağladı. Amma, heç bir qələbə, nailiyyət qurbansız olmur. Allah Şəhidlərimizə rəhmət, Qazilərimizə sağlıq versin. Tovuz hadisələrindən başlayaraq Azərbaycanda gedən prosesləri diqqətlə izləyirdik. Tovuz hadisələrindən sonra Antalyada Azərbaycan Kültür Parkında etiraz mitinqi təşkil etdik. Bu mitinqə azərbaycanlılarla bərabər türkiyəli qardaşlarımız da qatılmışdı. Vətən savaşının başlandığı gündən Zəfərə qədər Türkiyə Azərbaycanla birlikdə həm həyəcanlandı, həm də sevindi. Gəncə terroru zamanı da etiraz aksiyası təşkil etdik. Savaş bitəndən sonra Şəhidlərin üzüntüsü ilə doğru-düzgün sevinə bilmədik. Şəhidlərimiz üçün yas mərasimi təşkil etdik, ehsan payladıq. 27 Sentyabr Anım Günündə də yenə Şəhidlərimizin ruhuna Qurani Kərimdən surələr oxutdurub dualar etdik, ehsan yeməyi təşkil etdik.
-Bildiyimiz qədər Türkiyədə baş verən yanğınlarda da təşkilat olaraq yardım aksiyalarında iştirak etmisiniz. Bilmək istərdik, təşkilat olaraq yanğından zərər çəkmiş qardaşlarımııza dəstəyiniz nədən ibarət idi və sizin bu təşəbbüsünüz necə qarşılandı?
-Türkiyədə bu yay baş verən yanğın fəlakətləri zamanı Antalyada yaşayan həmyerlilərimizin çoxsaylı müraciətləri əsasında bizim təşkilat da yardım kampaniyasına qoşuldu. Yanğından zərərçəkənlər üçün giyəcək, yatacaq, tibbi, gigiyenik və s. önəmli olan vəsaitlər alaraq yanğın bölgələrinə göndərdik. Bu aksiyamız iki dəfə oldu. Bələdiyyələrin yardım toplama mərkəzlərində Azərbaycan Dərnəyi kimi təqdim olunanda çox sevindilər və onların tək olmadıqlarını, bizim də hər zaman onlarla bərabər olduğumuzu hiss etdirdik.
-Antalyaya üz tutan azərbaycanlılar, əsasən də ora təhsil almağa gələn gənclərimizin əsas üzləşdikləri problemlər nədən ibarətdir və təşkilat olaraq onlara hansı dəstəyi göstərirsiniz?
-Orta təhsil almaq üçün gələn tələbələrin sayları o qədər də çox deyil. Əsasən ailəsi ilə gələnlərdir. Müraciət etdiklərində onlara sənədləşmə ilə bağlı yardım edir və lazım olan idarələrə yönləndiririk. Antalya Akdeniz unversitetində təhsil alan tələbələrimizlə isə, sıx əlaqələrimiz var. Onlara maddi və mənəvi yardımlar edir, bayram və rəsmi günlərdə onların da iştirakı ilə tədbirlər təşkil edirik.
-Təşkilat olaraq qarşıdakı planlarınız, həyata keçirməyi nəzərdə tutduğunuz layihələr, tədbirlər nədən ibarətdir? Bu barədə məlumat verə bilərsinizmi?
-Noyabr ayında Antalyada Nizami Gəncəvinin 880 illiyinə həsr edilmiş böyük bir sərgi və tədbirlər layihəmiz var. Bundan əlavə 8-9 Noyabr Zəfər və Bayraq günü tədbirimiz olacaq. Azərbaycanın rəsmi və milli günlərini və bayramlarını, anım günlərini təqvimə uyğun olaraq tədbirlər planı üzrə təşkil edəcəyik.
-Siz qardaş ölkənin turizm zonasında fəaliyyət göstərirsiniz. Bəs, orada Azərbaycan turizmini təbliğ etmək istiqamətində hansısa fəaliyyətləriniz olubmu və ümumiyyətlə bu sahəyə, qarşılıqlı şəkildə turizmin daha da inkişaf etdirilməsinə töhfə verə bilərsinizmi?
-Doğru söyləyirsiniz. Antalya turizm bölgəsi olduğundan bizim təşkilatın da üzərinə əlavə işlər düşür. Azərbaycanı buraya gələn turistlərə tanıtmaq, onlarda Azərbaycana maraq oyatmaq üçün Antalyada təşkil olunan festivallara, konsertlərə və yarmarkalara qatılaraq Vətənimizi təmsil edirik. Amma bundan əlavə müraciətlərə əsaslanaraq, Azərbaycanda turizmin inkişafına dəstək üçün buradakı yerli və xarici ölkələri təmsil edən təşkilatlarla da, Azərbaycana səyahətlər təşkil etməyi düşünürük. Bu cür səyahətlər vasitəsi ilə Azərbaycana olan marağı daha da artırıb, turizmin inkişafına dəstək ola biləcəyimizi düşünürük.
Süleyman İsmayılbəyli