"Azərbaycan Prezidenti vəziyyəti gərginləşdirməyə cəhd edən ermənipərəst dairələrə konkret mesajlar verdi” Nurlan Qələndərli

“Öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa edən, postkonflikt mərhələsində diplomatik mövqeyini daha da gücləndirən Azərbaycan, strateji hədəflərini addım-addım reallaşdırır..."

"Öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa edən, postkonflikt mərhələsində diplomatik mövqeyini daha da gücləndirən Azərbaycan, strateji hədəflərini addım-addım reallaşdırır. Xüsusilə də, ölkəmiz yeni reallıqlar şəraitində regional təhlükəsizliyə və əməkdaşlığa, bölgədə çoxtərəfli əməkdaşlığın dərinləşdirilməsinə xidmət edən mühüm geostrateji təşəbbüslərlə çıxış edir, milli maraqlara əsaslanan konkret yanaşma ortaya qoyur - qətiyyətli mövqe  sərgiləyir. Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandan kimi Kəlbəcər və Laçın rayonlarına səfəri zamanı səsləndirdiyi fikirlər də bu reallığı təsdiqləyir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında politoloq Nurlan Qələndərli deyib. Politoloqun sözlərinə görə, Azərbaycan Prezidenti regional miqyasda hərbi-siyasi vəziyyəti dəqiq qiymətləndirdi, Ermənistana, onun havadarlarına və bütövlükdə, bölgədə təhlükəsizliyə təhdid yaradan, vəziyyəti gərginləşdirməyə cəhd edən ertmənipərəst dairələrə konkret mesajlar verdi:

"Bir daha bəyan edildi ki, yeni gerçəkliklər kontekstində regionda təhlükəsizlik və əməkdaşlıq məsələləri ilə əlaqədar şərtləri Azərbaycan diktə edir. Həm Ermənistan, həm də bəzi regional güc mərkəzləri isə vəziyyəti gərginləşdirməyə və reallıqları təhrif etməyə yönəlmiş addımlardan çəkinməlidir. Azərbaycanla sərhədlərin müəyyən edilməsi istiqamətində iş aparmaq, delimitasiya üzrə işçi qrup yaratmaq və sülh müqaviləsinə hazırlıq işlərinə başlamaq məğlub Ermənistanın yeni gerçəkliklər və situasiya fonunda yeganə seçimi olmalıdır. Ona görə də bu ölkənin hərbi-siyasi rəhbərliyi reallıqları düzgün qiymətləndirməli, təxribatlar vasitəsilə nəyəsə nail olmaq şanslarının olmadığını anlamalı, həmçinin yeni reallıqlara adekvat davranış sərgiləməlidir".

N.Qələndərli Prezident İlham Əliyevin bəhs olunan səfər zamanı səsləndirdiyi fikirlərin informasiya diplomatiyası kontekstində olduqca önəmli olduğunu deyib:

"Yəni bu, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması, anti-Azərbaycan dairələrin qara piar kampaniyasının darmadağın edilməsi və bütövlükdə, qlobal informasiya-təbliğat müstəvisində ölkəmizin strateji dayaqlarının gücləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir".

Röyalə Xəyal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31