Ya ümid sizsiniz, ya da ümidsizsiniz

 Suda yaşayan balıq suyun qiymətini bilməz, sudan çıxarılanda suya qovuşmaq üçün çırpınar. İnsanlar da belədir.Sahib  olduqları nemətlərin  şükrünü layiqincə  bilməz,  betərin betərini yaşayanda isə....

Bu mövzu ilə bağlı psixoloq Leyla Əli "Olaylar"-a açıqlama verib.

-Leyla xanım,  insanlar hər hansı bir nemətə   sahib olduqdan sonra onun dəyərini niyə bilmir? 

-Dəyər bilməmək anlayışı uşaqlıq dövründən qaynaqlanır. Valideynlərin daim öz övladlarını başqaları ilə müqayisə etməsi azyaşlılarda  həmyaşıdlarının onlardan üstün olması təəssüratı yaradır. Bu o deməkdir ki, valideyn övladına kömək etmək istədiyi halda fəsadlı yanaşma nümayiş etdirir. Məsələn, "qonşunun uşagı dərslərini yaxşı oxuyur, amma sən yox", "qohumun övladı musiqi ilə məşğuldur, sən də musiqiçi olmalısan". Daim müqayisə ilə üzləşən uşaqlarda, böyüdükdən sonra natamamlıq hissi, əldə etdiyi uğurla qane olmamaq düşüncəsi yaranır. Çünki, valideynlər uşağın şəxsi keyfiyyətlərini araşdırmaq əvəzinə daha çox əldə etmək keyfiyyətini təlqin edir. Adətən bəzi valideynlər övladının mövcud keyfiyyətlərini dəyərləndirmək əvəzinə  həmyaşıdlarının bacarığını ondan tələb edir. Bu isə uşaqda əldə etdiyi uğuru dəyərləndirməkdən daha çox əldə etmədiyinin əsirinə çevrilmə təəssüratı formalaşdırır. Biz düşüncələrimizin məhsuluyuq. Başqa  sözlə, bizi düşüncə və hisslərimiz formalaşdırır. Və ailə tərəfindən göstərilən psixoloji təsir zaman keçdikcə onun əldə etdiklərini dəyərsiz hiss etməsinə səbəb olur.

Bəzən insanlar başqalarının sahib olduqları mülklərə, vəzifəyə sahib olmaq istəyirlər. Bu hiss bəziləri üçün paxıllıq,  bəziləri üçün isə qibtə etməkdir. 

-Bu kimi paxıllıq hisslərini necə yox etmək olar?

-Həyatda daim bədbin və narazı insanlar əldə etdikləri ilə qane olmayanlardır. Bu hal insanın psixi durumunda bəzi fəsadlar yaradır. Bir qisim insanlar hər şeyi  birdən əldə etməyə can atır. Bu adətən sosial-məişət şəraitini yaxşılaşdırmaq uğrunda baş verir. Ev,maşın, bağ, vəzifə və s. Paxıllıq hissi də insanda bu amillə bağlı olaraq formalaşır.  İnsanın həyatda öz hədəfləri və məqsədləri dəqiq bəlli olmalıdır.

Həzrət Əlidən qalan  bir kəlam var. "Paxıl insanın rahatlığı olmaz".

Psixoloq Aynur Əliyeva bildirib ki, arzu etdiyimiz neməti əldə edincə zehnimizdəki yerini itirər.Buna görə asanlıqla hər şeyi əldə edən insanlarda daim narazılıq olur və daxili boşluq, bədbəxtlik, hüzursuzluq yasayırlar.Zənn edirik ki, o çox arzuladığımızı əldə edincə xoşbəxtliyin ən yüksək səviyyəsinə çatacağıq. Arzu etdiyimiz şeylərə həddindən çox anlam yükləyirik. Həyatdan davamlı həzz almaq ücün nəzarəti  və  balansı əldən buraxmamalıyıq. "Çox istəsək belə olarsa sevinərəm, olmazsa kədərlənmərəm" düşüncəsi ilə yaşamalıyıq.

Aynur xanım paxıllıq hissindən qurtulmağın üsullarından da bəhs etdi.

-İnsan bu hissin təsirindən tədricən sanki çürüməyə başlayır. İnsan paxıl olduğunu dilə gətirməyə bilər, lakin jestler bunu bildirir. İlk növbədə paxıllıq edən şəxs bunu özünə etiraf etməlidir.Daha sonra dərk etməlidir ki, paxıllıq edərək əvvəla öz özünə zərbə vurur. Nəticədə səhv etməyə başlayır və həyatını  çətinləşdirir. Ən əsası hər bir insan özünü kənardan görməyi bacarmalı və yalnış davranışlarını korreksiya etməlidir.Insan özünü dərk etməli və həyatını, dünya görünüşünü zənginləşdirməlidir.

Belə nəticəyə gəlirik ki, insanların bir çoxu əldə etdiklərinin qiymətini bilmir və naşükrlük edirlər.

Bəs naşükrlük nədir?

Insanlar bu günün, sabahının qasididir. 

Niyə?

Çünki şükr etməyi bacarmır və keçmişdəki səhvlərini düşünüb özlərini bağışlaya bilmirlər. Beləliklə bir  addım yaxında  olan xoşbəxtliyi  kilometrlərlə uzaqda axtarırlar. Və sahib olduqlarını adiləşdirir, əllərində olmayanı  isə ən yüksək zirvəyə qaldırırlar. Və bu zirvəyə çatana qədər hiss etdikləri ancaq bədxahlıq olur. Halbuki, ən böyük sevincdən xəbərsizik. Həyatda sağlam şəkildə varoluşumuz ən böyük şükür mənbəyi və xoşbəxtlikdir.

COVİD-19 dünyanı bürüyən bir faciə, həmçinin dərs götürməli olduğumuz bir sınaqdır. Bu həyat bizə verilmiş hədiyyədir və onu dəyərləndirməliyik. Sağlamlığımızın qeydinə xəstələnəndən sonra deyil, hər zaman qalmalıyıq.  Çox insan ona verilən bu dəyərli və müvəqqəti zamanın qədrini bilmir.

Heyf...

Həyatınızı dəyərli etməyi sadəcə siz bacaracaqsınız. Etdiyiniz hər səhvdə, uğursuzluqda məyusluğa qapılmayaraq, heç kimə bel bağlamadan öz həyatınızın çərçivələrini özünüzü quraraq başlaya bilərsiniz.

Siz özünüzü sevməsəniz və özünüz üçün nəsə etməyə cəhd göstərməsəniz hər zaman kiminsə qulu olacaqsız. 

Yaşadığınız həyatı gözəlləşdirməyə bu andan başlayın. Ertələmək çox gec ola bilər. Biz sadəcə indiki anımıza bələdik. Keçmiş yaşayıb bitənlər, gələcək isə xəbərdar olmadığımız zaman dilimidir.

Unudun keçmişi! 

Keçmişdəki gözəl xatirələri xatırlamaq belə insanları məyus edir. "Nə günlərdi keçmişdə qaldı"

Ən əsası bugünümüzə şükr edək. Bəlkə bu gün sizin sahib olub adiləşdirdiyiniz həyat başqasının xəyalıdır.

Nümunə ilə izah edək:

-Maşını olan insan təyyarəsi olan insana

-Velosipedi olan maşını olana

-Piyada gəzən velosipedi olana 

-Ayaqları əlil olan insan isə piyada gəzənə həsəd  aparır.

Ona görə heç nəyi itirdikdən sonra dəyərləndirməyin. İtki zamanı şükr etməyi öyrənəcəksiniz. Amma sonrakı peşmanlıqdan kim fayda görüb?

Dərdin özündədir bilmirsən

                                Dərman yenə səndədir görmürsən

                                Böyük bir aləm içində yerləşdirilmiş 

                                   Sən özünü hələ kiçik bir şeymi zənn edirsən?

Həzrət Əlinin də bu misralarda qeyd etdiyi kimi dərdlərimizin dərmanı da özümüzük. Ona görə şükr etmək dərdlərinizdən qurtuluşun ilk açarıdır. 

İnsan düşünərkən diqqətli, həyata keçirərkən qərarlı olmaldır.

Xoşbəxt həyatın əsas sirrlərindən biri daima mübarizə aparmaqdır.Xəyallarımız, arzularımız uğrunda bezmədən mübarizə  aparmalı,  yıxılsaq da dura bilməyi bacarmalıyıq. Həyat zəiflər üçün heç vaxt ədalətli olmur.

Bu mövzu ilə bağlı daimi oxucumuz Fəridə Aslanova da danışıb. O deyir ki, mən yaşadığım hər anı ölümsüzləşdirməyi sevirəm. Analar üçün ən böyük nemət övladının istəklərini yerinə yetirməkdir. Lakin hər ana bunu bu cür qiymətləndirmir. Məsələn övladına bir boşqab yemək hazırlamaq bəzi analar üçün adi bir istək və adi haldı. Amma mənim üçün tam fərqlidir. Çünki bilirəm və dərk edirəm ki, mənim övladım daim mənlə yaşamayacaq və daima "ana,  mənə yemək hazırla" deməyəcək. Ona görə hal-hazırda sahib olduğum bu analıq borcuma şükr edirəm. Mən indiki özümə şükr edirəm. Və mənə psixoloji təsir göstərməyə çalışan insanlar çox olur. Özümü, saçımı, üzümü, sahib olduqlarımı dəyişim deyə. Amma mən hamılaşmağa çalışmıram. Ətraf mühit insana çox təsir edir ki, insan özünü, sahib olduqlarını dəyərsiz hiss etsin. Amma insanın iradəsi çox güclü olmalıdır ki, ətraf mühitdəki fikirlərin təsirinə düşməsin.

Ülkər Abdurahmanlı

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31