Ermənistan qeyd-şərtsiz minalanmış ərazilərin xəritələrini Azərbaycan tərəfinə verməlidir- MÜSAHİBƏ-ÖZƏL
25 Fevral 2021 11:48 MüsahibəHafiz Səfixanov: "Rusiya özünün təsir vasitəsindən istifadə etməlidir ki, Ermənistan müvafiq mina xəritələrini Azərbaycana versin"
"BMT-nin müvafiq strukturları və Beynəlxalq Qırmızı Xaç Komitəsi xəritələrin alınıb Azərbaycana verilməsində maraqlı olmalıdırlar"
44 günlük Vətən müharibəsi Azərbaycan Odusunun qələbəsi ilə başa çatsa da, lakin təəssüf hissi ilə qeyd etmək lazımdır ki, hələ də əsgər və zabitlərimiz arasında itkilərimiz olur. Bunun isə başlıca səbəbi düşmənin işğal etdiyi ərazilərimizdə çoxlu sayda mina və partlamamış hərbi sursat basdırmasıdır. Məlumat üçün qeyd edək ki, 10 noyabr bəyanatından sonra keçən dövr ərzində onlarla belə hal aşkar edilib və nəticədə həm hərbiçilərimiz, həm də mülki şəxslər həlak olub. Müharibə qanunlarına görə isə əldə edilən razılaşmaya əsasən tərəflər minalanmış ərazilərin xəritəsini bir-birinə təqdim etməldir. Lakin ötən müddət ərzində Ermənistan tərəfi minalanmış ərazilərin xəritəsini Azərbaycan tərəfinə verməyib. Bəs görəsən Ermənistanın bu cür qeyri-konstruktiv mövqeyinə qarşı rəsmi Bakı hansı addımı ata bilər? Yaxud beynəlxalq təşkilatlar, eləcə də tərəflər arasında 10 noyabr bəyanatının imzalanmasına vasitəçilik edən Rusiya Federasiya İrəvanın xəritə oyununa qarşı hər hansı təzyiq mexanizmindən istifadə edə bilərmi? Bu və ya digər suallarla Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanova müraciət etdik.
-Hafiz bəy, 44 günlük Vətən müharibəsi başa çatsa da, onun təhlükəli qalıqları, mina və partlamamış hərbi sursatlar can almaqda davam edir. Baxmayaraq ki, vətəndaşlara işğaldan azad edilmiş ərazilərə getməmək barədə müraciətlər olunur, lakin vəziyyət heç də ürəkaçan deyil. Siz bu sahədə bir mütəxəssis olaraq nə düşünürsünüz, necə etmək olar ki, mina və partlamamış hərbi sursat problemini qismən də olsa aradan qaldıraq.
-Həqiqətən də müharibə başa catsa da təəssüf hissi ilə bildiririk ki, minalar və partlamamış hərbi sursatlar insanlarımızın həlak olmasına və yaralanmasına səbəb olmaqdadır. Bu barədə bir neçə gün əvvəl Respublika Baş Prokurorluğunun yaydığı məlumat son üç ay ərzində olan hadisələri əhatə edirdi. Təəssüf ki, bu məlumat yayıldıqdan sonra da yeni mina qurbanları barədə məlumatlar almaqdayıq.
Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində bir neçə struktur minaların və partlamamış hərbi sursatların təmizlənməsi prosesinə cəlb olunub. Bunlar ilk növbədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mühəndis istehkam qoşunlarının bölmələri, Müdafiə Nazirliyi ilə Türkiyə mina təmizləyən qrupunun birgə dəstələri, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə Rusiya pirotexnik qrupu, eləcə də Rusiya sülhməramlılarıdır. Bundan başqa mexaniki mina təmizləməni həyata keçirmək üçün çoxlu sayda mina təmizləyən maşınlar ölkəmizə gətirilib və hazırda istismar olunmaqdadır. İşğaldan azad olunmuş ərazilərdə konkret təhqiqat aparılmasa da demək olar ki, bu problemin miqyası çox böyükdür. Ümumiyyətlə humanitar mina təmizlənməsi çox maliyyə tələb edən və vaxt aparan bir prosedir. Ona görə də düşünürük ki, prosesi sürətləndirmək üçün dünyada tanınmış olan mina təmizləmə təşkilatları dəvət oluna bilər. Kifayət qədər belə təşkilat var.
Bütün bunlara baxmayaraq vətəndaşlarımızın həlak olmasının və yaralanmasının qarşısını almaq üçün elə insanlarımız özləri bütün bu tədbirləri anlayışlı qarşılamalıdırlar, vətəndaşlara işğaldan azad edilmiş ərazilərə getməmək barədə olunan müraciətlərə əməl etməlidirlər. Bu sahədə maarifləndirməni də güçləndirsək düşünürəm ki, yaxşı olar.
-Görünən odur ki, düşmən hər bir yerə, hətta ən ağlagəlməz ərazilərə belə mina basdırıb. Maraqlıdır ki, bildiyim qədər müharibə başa çatarkən tərəflər minalanmış ərazilərin xəritələrini qarşı tərəfə verməlidir. Ümumiyyətlə, beynılxalq hüquqda bu necə təsbit olunub?
-Ümimiyyətlə minalar və partlamamış hərbi sursatlarla bağlı beynəlxalq hüquqda məsələlər aşağıdakı sənədlərlə tənzimlənir.
Minaların istifadəsi, ehtiyatının toplanması, istehsalı, ötürülməsinin qadağan olunması və ehtiyatının məhv edilməsi haqqında Konvensiya. Bu Konvensiya 1997-ci ildə imzalanıb.
Həmçinin artıq dərəcədə zərər yetirə bilən və seçimsiz təsirli sayıla bilən adi silahların müəyyən növlərinin istifadəsinin qadağan edilməsi və ya mədudlaşdırılması haqqında Konvensiya və "Mina, mina-tələ və digər qurğuların istifadəsinin qadağan edilməsi və məhdudlaşdırılması haqqında" 2 saylı Protokol.
Hər bir dövlətin müvafiq strukturu minalanmış ərazilərin xəritəsini və formulyarını tərtib etməlidir və bir neçə nüsxədə saxlamalıdır. (səhv etmirəmsə 3 nüsxədə) Hər iki sənəddə bildirilir ki, minalardan mülki şəxslərə qarşı istifadə olunması yolverilməzdir və dövlətlər ərazilərindəki minaların təmizlənməsini həyata keçirməlidirlər. Bu zaman dövlətlər beynəlxalq birlikdən istənilən yardımı ala bilərlər. Xəritələrin verilməsi ilə bağlı bu sənədlərdə hansısa müddəa olmasa da beynəlxalq hüququn digər sənədlərində mülki insanların həlak olmasının və yaralanmasının qarşısını almaq üçün müddəalar vardır. Bildiyim qədər keçən əsrin sonunda Balkanlarda baş vermiş müharibələrdən sonra tərəflər belə xəritələri bir-birinə vermişdir.
-Ermənistanın minalanmış əraziılərin xəritəsini Azərbaycan tərəfinə verməməsi 10 noyabr bəyanatına zidd deyilmi və tərəflər arasında vasitəçi olan Rusiya, eləcə də onun sülhməramlı missiyası nə üçün bu problemi həll etmək istəmir?
-Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri arasında imzalanmış 10 noyabr bəyanatında bu məsələ barəsində birbaşa müddəa yoxdur və bu başadüşüləndir. Ona görə ki, bu bəyanat siyasi bəyanatdır və müharibədə iştirak etmiş tərəflər arasında olan bütün məsələlər bu tip sənədlərə çox vaxt salınmır. Lakin bu bəyanata əsasən formalaşdırılmış və hər üç ölkənin Baş nazirlərinin müavinləri səviyyəsində yaradılmış İşçi qrup bu məsələni təcili müzakirəyə çıxarmalı və Ermənistan qeyd-şərtsiz minalanmış ərazilərin xəritələrini Azərbaycan tərəfinə verməlidir. Əgər bu məsələ İşçi qrupun müzakirəsinə çıxarılmazsa belə Rusiya Ermənistanla münasibətlərdə özünün təsir vasitəsindən istifadə etməlidir ki, Ermənistan müvafiq mina xəritələrini Azərbaycana versin. Bu özlüyündə Rusiya sülhməramlıları və orada fəaliyyət göstərən beynəlxalq təşkilatlar üçün də xeyirli olar. Bildiyim qədər artıq Rusiya sülhməramlıları tərəfdən də 2 nəfər minaya düşüb və onlardan biri həlak olub.
-Azərbaycan hansı üsul və vasitələrdən istifadə edərək minalanmış ərazilər barədə xəritəni Ermənistandan ala bilər? Ümumiyyətlə, rəsmi Bakı hansı beynəlxalq qurum qsrşısında bu məsələni qaldıra bilər?
-Fikrimcə bu məsələdə Azərbaycanın "Minaların istifadəsi, ehtiyatının toplanması, istehsalı, ötürülməsinin qadağan olunması və ehtiyatının məhv edilməsi haqqında Konvensiya"ya qoşulması da öz rolunu oynaya bilər. Eyni vaxtda da Ermənistan bu Konvensiyaya qoşulmalıdır. Hazırda dünyanın 164 ölkəsi bu Konvensiyanın üzvüdür, 32 dövlət o cümlədən də Cənubi Qafqazdakı ölkələr bu Konvensiyaya hələlik qoşulmayıb. Bu Konvensiyaya qoşulmaqla Azərbaycan beynəlxalq birlikdən daha çox maliyyə vəsaiti cəlb edə bilər, digər ölkələrdəki mina təmizləmə təşkilatlarını dəvət edə bilər, beynəlxalq ictimaiyyətin Ermənistana təzyiqlərinə nail olaraq xəritələri ala bilər. İlk növbədə BMT-nin müvafiq strukturları və Beynəlxalq Qırmızı Xaç Komitəsi xəritələrin alınıb Azərbaycana verilməsində maraqlı olmalıdırlar. Çünki bu strukturların nümayəndələri hələ uzun müddət işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərəcəklər.
-Bəs siz bir İctimai Birlik olaraq bu istiqamətdə hansı addımlar atırsınız və təmsil olunduğunuz beynəlxalq təşkilatlara Ermənistanın bu qeyri-qanuni hərəkəti, xəritəni Azərbaycana verməməsi barədə məlumatları çatdırırsınızmı?
-Bizim təşkilat yarandığı gündən ölkədəki mina və partlamamış hərbi sursatlarla bağlı məsələni gündəlik nəzarətdə saxlayır. 27 Sentyabr 2020-ci il tarixdən isə diqqətimizi daha da artırmışıq. Ölkədə bu problemlə əlaqədar baş verən hadisələr və görülən işlər barəsində təmasda olduğumuz bütün beynəlxalq təşkilatlara məlumat veririk. Bu yaxınlarda bir təşkilatın nümayəndəsi bizim bu məlumatları mütəmadi göndərməyimizdən narahat olaraq xəritələr məsələsində Azərbaycana qarşı böhtan atmaq fikrinə düşdü və biz onu faktlarla susdurduq.
-Əgər Ermənistan israr edib xəritəni verməsə bu ölkənin hansısa formada beynəlxalq səviyyədə cəzalandırılması mümkündürmü?
-Azərbaycan tərəfi istər rəsmi, istərsə də qeyri-rəsmi olan bütün platformalarda bu məsələni mütamadi qaldırmalıdır. Mina qurbanı olmuş bütün şəxslərin həyatına görə Ermənistan məsuliyyət daşıyır. Çünki bütün minalar Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış sərhədləri daxilindədir. Azərbaycandakı mina qurbanlarının sayı Cənubi Qafqazın digər ərazilərindəki bütün mina qurbanlarının sayından iki dəfə çoxdur. Bura Vətən müharibəsi zamanı və ondan sonra mina qurbanı olanlar daxil deyil. Vətən müharibəsi zamanı mina qurbanı olmuş şəxslərin siyahısının bizə verilməsi üçün bütün müvafiq qurumlara müraciət etmişik.
Süleyman