Nəriman Həsənzadə: “Mənim məhəbbətim sadiqdir. Necə sevmişəmsə, elə  o cür də sevirəm”

Ona  sevgi  şairi  də  deyirlər. Sevənlərin  şairi...Fevralın  18-də  bu şairin- Nəriman Həsənzadənin doğum günüdür. Nəriman Həsənzadə  ömrünün 90-cı pilləsinə qədəm qoyur. Şeirlərinə  bir insan  ömrünü sığdıran şairimizlə müsahibəmiz pandemiya səbəbindən telefon vasitəsilə oldu. Suallarımı qarşıma qoydum və zəngi başlatdım.

-Nəriman bəy, sizi "Olaylar" qəzetindən Gülər Seymurqızı narahat edir. Sizə bir neçə  sualım vardı, olar?

Nəriman Həsənzadə səmimi və  ürəkdən gələn  razılığı ilə :

-Əlbəttə, olar. Buyur, qızım...

-Şeirlərinizin birində "dünya bir nərdivandır" deyirsiniz. Bu nərdivanın 90-cı pilləsinə qədəm qoyursunuz.  Nələr demək istərdiniz?

- Bu məndən asılı deyil. Məni 90-a gətiriblər.  İnsan istədiyinə bəzən elə bir vaxtda nail olur ki, onda heç lazım deyil ona. Nəyin arzusundadırsa, ona vaxtında çatmalıdır insan. 90-a gəlib çatmışam, gətiriblər məni. Nə deyim, qızım ( gülür).

-Nəriman Həsənzadənin adı çəkilən kimi sevgi,  saf məhəbbət yada düşür. Əvvəlki sevgilər və bu zamanın sevgisini şeirlərinizdə necə fərqləndirərdiniz?

  • Əvvəlki dövrün sevgisi ilə indiki dövrün sevgisi  başqadır. Mənim şeirlərimdə mən necə sevmişəmsə  elə gedib. İndi  sevgilər müxtəlifdir.  Əldə telefonlar var, elə şeylər var ki, baxmaq mümkün deyil . Bizim adət-ənənə var, milli ənənələrimiz var. Lakin bizimki Avropanı  keçib. Nəsillər dəyişir.  Mənim anam kəlağayı  bağlayırdı, yoldaşım başqa bir şey bağladı  başına. Sonrakı  nəsil başı açıq gəzdi, sonrakı nəsil  saçlarını vurdurub oğlanlara oxşadılar. Bunu pisləmirəm,  zəmanə dəyişdikcə adət-ənənə də dəyişir.  Hər dövrün öz tələbi var.  Bunu o birinə qarşı  qoymaq düzgün deyil. Ancaq mən sevgiyə xüsusi baxıram. Qadınlara münasibətim xüsusidir, qadın,  ailə, bunlar əvəzsizdir. Qadın ilahi bir varlıqdır mənim nəzərimdə. Onun məhəbbəti də, sevgisi də... Ötəri baxmaq olmur sevgiyə. Olmaz da.  Burda bunu, orda onu sevirlər. Çox mürəkkəbdir. Mənim məhəbbətim sadiqdir. Necə sevmişəmsə  elə  o cür də  sevirəm insanları- qadını, həyatı. İlahi  bir eşqlə  sevirəm.

-Bəs Nəriman bəy, insanlar sevməyi  bacarmır,  yoxsa başqa səbəblər var?

  • Səbəblər çoxdur, zəmanə  dəyişir. Markesin bir fikri var : "Mühit şüuru dəyişir". Elə  bir şəraitə  düşürsən ki,  dəyişirsən. Hər yerdə  bir cürdür. Sevgi də,  məhəbbət də, geyim də.  Ancaq yüksək mədəniyyət var ki,  gərək  onu  götürməyəsən. Zaman dəyişdikcə insanlar ona uyğunlaşır.

-Siz öz şeirlərinizdə  qadına bu qədər dəyər verərkən real dünyada qadınların şiddətə məruz qalması, onların dırnaqarası mentalitet  qaydaları içərisində boğulması  sizə necə təsir edir?

  • Mən bunları gördüyüm üçün qadına bu qədər dəyər  verirəm.  Mən 1986-cı ildə yoldaşımı itirdim. O vaxtdan ailə qurmamışam,  qura bilərdim, amma mən ailə qura bilmədim. Yenə də deyirəm, qadın ilahi bir varlıqdır, qadın evin yiyəsidir. Evdə  qadın yoxdursa, o ev sahibsizdir. Qadın evin, ailənin, ölkənin yaraşığıdır. İnanın, qızım. Səmimi deyirəm.

-Bağışlayın, sözünüzü kəsirəm. Yadıma iki misranız düşdü:

Yalnız bir qadının təbəssümüylə,

Yüz ağlayan olsa, kiritmək olur.

-Bəli,  qızım. Qız ayrıdır, oğlanın da yeri ayrıdır. Amma mən qadına üstünlük verirəm. Kişi gərək qadına qiymət versin.

-Nəriman Həsənzadə qadına verdiyi dəyəri də səsləndirdiyi bu şeir ilə  daha da gözəlləşdirdi:

Qadında  sədaqət, kişidə mərdlik

Birində zəriflik, birində  sərtlik

Qadınlar əvvəlcə dözən olurlar

Sonra payız buran xəzəl olurlar

Qadına məhəbbət, anaya hörmət

                                      Qədimdən indiyə belədir əlbət.

Və ya

Qadının sərvəti-- öz bədənidir,

Onu da kişiyə mükafat verir.

-Verilişlərin birində deyirsiniz ki, " Şair olmaq bədbəxtlikdir". Axı hisslərini,  fikirlərini misralara çevirə bilməyənlər şair olmağı xoşbəxtlik adlandırır. Amma siz bir şair olaraq deyirsiniz ki, şairlik bədbəxtlikdir.

-Onlar da düz deyir,  mən də. Mən düz deyirəm, çünki  şairliyin  nə demək olduğunu bilirəm. Onlar da düz deyirlər, çünki  şairliyin nə demək olduğunu bilmirlər.  Şair bütün gün düşünür, daim fikirləşir.  Mən yoldaşımı itirəndən sonra çox çətinlik çəkirəm. Qadınla adam fikirlərini bölür, anaya deyə bilmədiklərini yoldaşına deyirsən. Qadın hər şeydir. Qadınım yanımdadırsa,  Vətənim var, qadınım  yoxdursa, hayana atsaz məni yaşayaram. Qadın deyəndə gündə birini tapmaq demirəm haa. Bağlandığın qadını  deyirəm.

-Və şair bu şeirini səslənirdi:

Qadın məhəbbəti yoxsa, kişinin həyatda bir yükdür yaşaması.

Qadınsız  çətindir həyatı sevmək,  sevgisiz həyat da bir həyat deyil.

Kişinin ən böyük mədəniyyəti bəlkə də, qadına münasibətdir.

Sevməyi kişidən öyrənmək  gərək

Əsl sədaqət ancaq qadındır.

Qadın sədaqətlidir kişidən

Qadın öz evindən əbədi  köçmür.

Onun nəfəsi var,  ruhu var evdə.

-Vətəndən söz düşmüşkən, bilirsiniz ki,  biz 44 gün ərzində  torpaqlarımızı işğaldan azad  etdik.

  • Bizim Ali Baş Komandan çox böyük sərkədədir. Müsahibələrində  Ermənistanın bütün hiyləgərliyini, yalanlarını, Rusiyanın idarə etməsini hamısını dahiyanə şəkildə açıq göstərdi. İlham Əliyev XXI əsrin ən böyük sərkərdəsi və  siyasi xadimidir. Bizim müharibə taktikamızdan dünya hərbi məktəblərində keçəcəklər. Necə oldu ki,  44  günə qələbə çaldıq. Bu  böyük qələbədir.  Biz bir yumruq kimi birləşdik və qalib gəldik. Türkiyənin  qardaşlığı bizə çox böyük dəstək oldu.

 Gördünüz, ermənilər xaraba qoyublar torpaqlarımızı. Məscidlərimizdə  donuz saxlayıblar. Biz etsək dünya üstümüzə gələrdi. Bu münasibətlə də şeirlər yazmışam. Hətta cəbhədən mənə teleqram vururdular.  Heydər Quliyev adlı əsgər isə səngərdən zəng vurub dedi ki, sizin adınızı 6 raketin üstünə yazmışıq, artıq üçünü düşmən tərəfə atmışıq.  

Son olaraq 18 fevral tarixində doxsan yaşına qədəm qoyan şairimizə can sağlığı arzu etdim. Cavabında Nəriman bəyin səmimi və içdən minnətdarlığını və xoş sözlərini aldım və  telefonun dəstəyini asdım.

Bəli, Nəriman Həsənzadənin yaradıcılığı  Azərbaycan ədəbiyyatında ayrı bir zirvədir.  Nəzərinizə çatdıraq ki, Nəriman Həsənzadə 44 günlük savaşımızda bir neçə şeir, "Qarabağ Azərbaycandır, Qarabağnaməm İlhamdır" adlı poema da qələmə alıb. Hazırda bu poema Gənc Tamaşaçılar Teatrı və Azərbaycan Dövlət Televiziyası tərəfindən tamaşaya hazırlanır.

 

Gülər Seymurqızı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31