Virusa yoluxma sayı kəskin artarsa, sərt karantin qaydaları yenidən tətbiq oluna bilər- MÜSAHİBƏ-ÖZƏL

Nəsib Məhəməliyev: "Üç qızıl qaydaya əməl etməsək, o zaman düşünürəm ki, bizdə də dünyanın bir sıra ölkələrində müşahidə edilən virusa yoluxma sayında artım tendensiyası təkrarlana bilər"

Cənubi Qafqaz regionundan barıt qoxusu gəlir desək yanılmarıq. İşğalçı Ermənistanın son aylarda ciddi şəkildə silahlanması, işğal etdiyi Azərbaycan ərazilərinə əlavə hərbi texnika, silah-sursat cəmləşdirməsi regionda müharibə ehtimalını hər ötən gün bir qədər də artırır. Bəs görəsən indiki halda regionda hərbi qarşıdurma nə dərəcədə mümkün görünür? Bu və ya digər suallarla Milli Məclisin deputatı Nəsib Məhəməliyevə müraciət etdik. "OLAYLAR"-a verdiyi müsahibədə Nəsib Məhəməliyev karantin qaydalarının yumşaldılmasında sonra virusa yoluxma sayının artması təhlükəsi və artım tendensiyası davam edəcəyi təqdirdə yenidən karantin qaydalarının sərtləşdiriləcəyi mümkünlüyündən də danışıb.

-Nəsib müəllim, son aylar regionda, xüsusilə də Qarabağ cəbhəsində müşahidə etdiyimiz mənfi tendensiya ondan ibarətdir ki, Ermənistan sürətlə silahlanır. Paralel olaraq cəbhə bölgəsində hərbi texnika, silah-sursatı bir qədər də artırır. Bu tendensiya Qarabağ cəbhəsində yeni bir gərginliyin baş verəcəyi və aktiv hərbi əməliyyatların başlayacağından xəbər vermirmi?

-Bu ilin iyul ayında Tovuz istiqamətində baş verən təxribatlardan sonra, Ermənistanın atdığı addımlar regionda sülhə yox, əlavə gərginliyin yaradılmasına xidmət edir. Konkret olaraq, "Müdafiə haqqında" qanuna edilən dəyişikliklər, 70 yaşa qədər kişilərin "könüllü ordu"ya cəlb olunması, Rusiyadan müntəzəm olaraq yeni silahların daşınması düşmənin müharibəyə hazırlaşdığının göstəricisidir. Danışıqların formatının dəyişdirilməsinə cəhd edilməsi isə, Ermənistanın sülhə hazır olmadığını bir daha təsdiq edir. Bütün bunları nəzərə alaraq hesab edirəm ki, istənilən anda hərbi əməliyyatlar bərpa oluna bilər.

-Görünən odur ki, Ermənistanın hərbi ritorikanı artırmasına beynəlxalq aləm, hətta ATƏT-in Minsk Qrupu da maraqlıdır. Əks təqdirdə Ermənistanın silahlanmasına səssizlik nümayiş etdirilməzdi. Bütün bunlardan belə qənaətə gəlmək mümkündürmü ki, regionda savaşın yenidən alovlanmasında elə beynəlxalq aləm, ATƏT-in Minsk Qrupu özü maraqlıdır?

-Təəssüf doğuran məsələ ondan ibarətdir ki, münaqişənin həlli ilə məşğul olmalı olan ATƏT-n Minsk Qrupunun həmsədrləri Ermənistanın silahlanmasına susqunluq nümayiş etdirirlər. Bu da təbii olaraq işğalçıya haqq qazandırmaq anlamına gəlir. Ola bilər ki, həmsədr ölkələrin tərkibində münaqişənin alovlanmasında maraqlı qüvvələr olsun.

-Necə düşünürsünüz, Qarabağ cəbhəsində hərbi əməliyyatlar başlayacağı təqdirdə qardaş Türkiyənin Azərbaycana hərbi dəstək verməsi nə dərəcədə mümkün ola bilər? Son həftələrdə Azərbaycanın müxtəlif ərazilərində keçirilən hərbi təlimlər də onu deməyə əsas verirmi ki, Türkiyə Qarabağda savaş başlayacağı təqdirdə Azərbaycanın yanında yeralacaq?

-Şübhəsiz bu belədir. Çünki Türkiyənin Prezidenti Cənab Rəcəb Tayyib Ərdoğan, ümumiyyətlə qardaş ölkənin bütün hərbi-siyasi rəhbərliyi ən yüksək səviyyədə Azərbaycanı dəstəkləyəcəkləri barədə zaman-zaman bəyanatlar səsləndiriblər. Hesab edirəm ki, başqa söhbət ola bilməz.

-Bu arada Azərbaycanda Türkiyənin hərbi bazalarının yaradılması mümkünlüyü barədə fikirlər səslənir. Sizcə belə bir prosesin baş verməsi nə dərəcədə mümkün variantlardan sayılır?

-Hesab edirəm ki, Türkiyənin Azərbaycanda hərbi bazasının yaradılması mümkündür. Ancaq bu bazanın yaradılmasının hüquqi aspekti ondan ibarət olmalıdır ki, Avropanın enerji təchizatında əhəmiyyətli rolu olan neft-qaz kəmərlərinin, nəqliyyat infrastrukturunun təhlükısizliyinə konkret təhdidlər mövcuddur. Eyni zamanda Türkiyənin strateji maraqlarının qorunması zəruridir. Bu baxımdan düşünürəm ki, Azərbaycanda Türkiyə hərbi bazasının yaradılması beynəlxalq birlik tərəfindən normal qarşılanar.

-Nəsib müəllim, müşahidə etdiyimiz bir mənfi tendensiya da var ki, ermənilər işğal etdikləri Azərbaycan ərazilərində qeyri-qanuni məskunlaşmanı davam etdirirlər. Hətta Livan və Suriyadan Qarabağa gətirilərək burada məskunlaşdırılanlar var. Nəzərə alsaq ki, beynəlxalq birlik bu qeyri-qanuni məskunlaşmaya da səssizdir, o zaman Azərbaycan hansı addımı atmalıdır?

-Ermənilərin işğal altında olan ərazilərimizdə həyata keçirdiyi qanunsuz məskunlaşdırma siyasəti  cinayətdir və beynəlxalq konvensiyalarda təsbit olunmuşdur. Təəssüflər olsun ki, ermənilərin bu qeyri-qanuni hərəkətlərinə beynəlxalq təşkilatlar tərəfindən susqunluq müşahidə olunur. Ancaq hesab edirəm ki, biz bütün təşkilatları məlumatlandırmalı, faktları toplayaraq beynəlxalq məhkəməyə müraciət etməliyik.  İnanmıram ki, ermənilər bu yolla ciddi nəticə əldə etsinlər. Çünki, onlar millət olaraq Ermənistandan başqa bütün ölkələrdə yaşamağa üstünlük verirlər.

-Maraqlıdır ki, dünənə qədər sülh çağırışı edən, hətta azərbaycanlı əsgər analarına çağırış edən baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Hakopyan bu gün işğal altında olan Azərbaycan ərazilərində təlimlər keçir və bunu nümayişkəranə şəkildə paylaşır. Bütün bunlar onu deməyə əsas verirmi ki, Ermənistan artıq sülh danışıqlarından tamamilə imtina edib?

-Ermənistanın baş naziri Nikol Paşinyanın arvadının keçirdiyi aksiya riyakarlıqdan başqa bir şey deyil. Bayaq qeyd etdiyim kimi bu həm də könüllü ordunun yaradılması ilə bağlı piar məqsədi daşıyırdı. Ermənistanın daxilində ictimai-siyasi vəziyyət elədir ki, ordunun özündə baş nazir Nikol Paşinyana tabe olmayan qüvvələr var. Ona görə də Nikol Paşinyan vəzifəsini qorumaq üçün əlavə könüllü dəstələr yaratmağa çalışır. Onların müxtəlif bəhanələrlə sülh danışıqlarından imtina etməsi, düşünürəm ki, regional geosiyasi məsələlərlə bağlıdır.

-Tovuz hadisələrindən sonra Rusiyadan xeyli miqdarda hərbi texnikanın Ermənistana daşınması Qarabağda yenidən hərbi əməliyyatlar başlayacağı təqdirdə düşmən ölkənin hərbi üstünlüyünün əldə olunmasına nə dərəcədə imkan yarada bilər?

-Tovuz hadisələrində Ermənistan və Rusiya Azərbaycan Silahlı Qüvvələrinin gücünü gördülər. İlk gündən qardaş Türkiyənin dəstəyini ifadə etməsi, düşməndə xeyli xof yaratdı. Mənə elə  gəlir ki,  Rusiya bu sahədə balans yaratmaqla, ənənəvi siyasətini davam etdirmək istəyir. İstənilən halda, erməni ordusu Azərbaycan ordusundan üstün ola bilməz. Türkiyə faktoru bizə üçüncü qüvvənin neytrallaşması, daha doğrusu qarışmaması üçün lazımdır. Təklikdə isə, ermənilər ordumuzun qarşısında duruş gətirə bilməzlər.

-Ümumiyyətlə, münaqişənin tənzimlənməsi ilə məşğul olan bir ölkənin münaqişə tərəflərindən birinə, həm də işğalçıya hərbi yardım etməsi Rusiyanın işğala dəstək verməsi sayıla bilərmi?

-İndi nəyisə gizlətmək mümkün deyil. Təəssüf ki, uzun illər Azərbaycanın şimal qonşumuzla apardığı dostluq, müttəfiqlik münasibətləri, qarşı tərəfdən lazımi qiymətini almadı. Azərbaycan xalqı Rus xalqına qarşı həmişə səmimi davranmış, ermənilərdən fərqli olaraq ən yüksək səviyyədə insani, mədəni, sosial ənənələrini qoruyub saxlamışdır. Ancaq hər şey qarşılıqlı olmalıdır. Bu günki Ermənistan, Sovet dövründən başlamış Rusiyanın hesabına, rus vergiödəyicilərinin hesabına yaşayır. Bununla da, hər addımda Rusiyaya xəyanət etməkdən çəkinmirlər. Bu günki Rusiyaya baxanda tam aydınlaşır ki, dövlət idarəetmə sistemindən tutmuş, cəmiyyətin elə bir sahəsi yoxdur ki, ermənilər ora sirayət etməsinlər. Tam məsuliyyətlə deyirəm ki, çox yaxın zamanlarda erməni-daşnaklar ruslar üçün ciddi baş ağrısına çevriləcəklər.

-Mümkünsə, bir neçə sual da dünyanı bürüyən koronavirus təhlükəsi ilə bağlı verim. Belə ki, dünyanın əksər ölkələrində karantin qaydalarının yumşalmasından sonra virusa yoluxma sayının artması müşahidə edilir.  Bu acı təcrübənin Azərbaycanda təkrar olmaması üçün vətəndaş olaraq nə kimi addımlar atmalıyıq?

-Əgər özünü doğrultmuş üç qızıl qaydaya əməl etməsək, o zaman düşünürəm ki, bizdə də dünyanın bir sıra ölkələrində müşahidə edilən virusa yoluxma sayında artım tendensiyası təkrarlana bilər.  Əməl etməli olduğumuz 3 qızıl qayda isə bunlardır. Tibbi maskadan istifadə etmək,  şəxsi gigiyena qaydalarına əməl etmək və sosial məsafə saxlamaq.

-Dünya ölkələri, elə qardaş Türkiyədə virusa yoluxma sayının artması Azərbaycanda da təkrar olunarsa, yenidən sərt karantin tədbirləri görülə bilərmi?

-Əlbəttə ki, zənnimcə virusa yoluxma sayı kəskin artarsa, o halda sərt karantin qaydaları yenidən tətbiq oluna bilər.

-Nəzərə alsaq ki, bir sıra obyekt və müəssisələrin fəaliyyətinə yeni icazə verilib. Yenidən sərt karantin tədbirləri həmin obyekt sahibləri, ümumiyyətlə cəmiyyətlə nə kimi etiraz yarada bilər?

-Hesab edirəm ki, obyekt sahibləri ilk növbədə özləri maraqlı olmalıdırlar ki, vətəndaşlar qaydaları pozmasın. Digər tərəfdən mən qəti olaraq, iqtisadi fəallığın saxlanılmasının tərəfdarıyam.

-Ümumiyyətlə, vətəndaşın tətbiq edilən mühüm qaydalara riayət etməsi müşahidə edilirmi, yoxsa məsuliyyətsizlik hələ də qalmaqdadır?

-Təəssüf hissi ilə qeyd edirəm ki, hələ də səhlənkarlıq edən vətəndaşlarımız kifayət qədərdir. Düşünürəm ki, bu mənfi tendensiyanı aradan qaldırmaq üçün maarifləndirmə tədbirləri davam etdirilməlidir.

-Belə olan halda qaydalara əməl etməyənlərə qarşı cərimələrin yenidən artırılması zəruri olmazmı?

-Hesab edirəm ki, vətəndaşlarımızın məsuliyyətli davranışı cərimələrin yenidən artırılmasına ehtiyac yaratmaz.

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31