Tibbi-profilaktik qaydalara, şəxsi gigiyenaya əməl olunmazsa, virusa yoluxma labüddür - MÜSAHİBƏ-ÖZƏL

“Qarşımızda yeni üfüqlər açılır, bunu dəyərləndirməmək olmaz”

Təranə Paşayeva: "Xəstəlikdən kimsə  sığortalanmayıb"

"Qarşımızda yeni üfüqlər açılır, bunu dəyərləndirməmək olmaz"

Azərbaycan dövlətinin bütün dünyanı bürüyən koronavirus pandemiyasına qarşı apardığı səmərəli mübarizə tədricən öz müsbət nəticəsini verir. Məhz əldə edilən müsbət dinamika mart ayından tətbiq edilən bəzi sərt karantin qaydalarının yumşaldılmasına imkan verir. Artıq bir çox sahələrdə həyat öz axarına dönür. Lakin bu heç də vətəndaşlarımızda arxayınlıq yaratmamalı və insanlar, cəmiyyət koronavirus bəlası tam aradan qalxmadığı üçün vacib prosedurlara riayət etməklə həm özünü, həm tə ətrafını qorumalıdır. Elə "LOQOS" Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri, Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi İctimai Birliyinin sədri Təranə Paşayeva da bu qənaətdədir. "OLAYLAR"-a verdiyi müsahibədə Təranə Paşayeva ölkədə koronavirus pandemiyasına qarşı aparılan mübarizə və nəticələri, vətəndaşların bu mübarizəyə olan münasinətindən söz açıb.

-Təranə xanım, səhiyyə, insan sağlamlığı, əhaliyə psixoloji xidmət sahəsində fəaliyyət göstərən QHT rəhbəri olaraq, hazırda Azərbaycanda koronavirus pandemiyasına qarşı aparılan mübarizəni necə dəyərləndirərdiniz?

-Əvvəla sualınızın birinci hissəsindəki psixologiya və səhiyyə məzmununa bir qədər aydınlıq gətirimək istərdim. Psixoloji yardımı birmənalı olaraq  tibb sahəsinə aid etmək doğru olmazdı. Düzdür, hər iki  elm sahəsinin obyekti insandır, insan sağlamlığıdır. Elm təsdiqləyir ki, saysız-hesabsız xəstəliklərin kökündə həm də psixoloji amillər dayanır. Elə buna görə də bir çox hallarda həkimlə psixoloqun xəstəliyə müştərək müdaxiləsi müstəsna əhəmiyyət daşıyır. Mübaliğəli də olsa bəzən psixoloqu obrazlı şəkildə insan ruhunun cərrahı adlandırırlar. Bu müqayisədə da həqiqət payı var, amma bu, tamamilə başqa və daha geniş söhbətin mövzusudur. Konkret suala gəlincə, deməliyəm ki, hazırda dünyanın ən aktual mövzusu olan pandemiya ilə bağlı KİV-lərdən gələn müraciətlərə tez-tez cavab verməli oluram. "525-ci qəzet"in son saylarından birində dərc edilən məqaləmizdə də bu barədə ətraflı söhbət açılıb. Qeyd edim ki, Azərbaycan KİV-i dünyanı sikələyən COVİD-19 pandemiyası ilə bağlı dövlətin həyata keçirdiyi əksər qabaqlayıcı və qoruyucu tədbirləri demək olar ki, hər gün o qədər operativ və əhatəli şəkildə insanlara çatdırdırır ki, ölüm saçan qorxunc bəlanın müfəssəl mənzərəsi hər kəsin gözü önündədir. Pandemiya xəbəri çıxar-çıxmaz  xəstəliyin geniş yayılmaması üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qətiyyətli qərarları və həyata keçirilən operativ, düşünülmüş önləyici tədbirlər nəticəsində dünya ölkələri ilə müqayisədə bizim itkilərimiz demək olar ki, həddini aşmadı. Bu həm də xalqla dövlətin həmrəyliyinin nəticəsi idi. Detallara varıb bu istiqamətdə atılan addımları, səhiyyə təşkilatlarının göstərdiyi fədakarlığı, reallaşdırılan digər sosial layihələrin hesabatını təkrarlamaq fikrində deyiləm. Bunlar hər kəsə bəllidir və əslində biz hamımız bu proseslərin içində olmuşuq.

-Sizcə ötən müddət ərzində açılan yeni səhiyyə ocaqları, modul tipli xəstəxanalar koronavirusa qarşı aparılan mübarizədə nə dərəcədə effektli rola malikdir?

- Təkcə paytaxt Bakıda deyil, bütün bölgələrdə ən yüksək şəraiti olan yeni  tipli xəstəxanaların fəaliyyət göstərdiyi hər kəsə bəllidir. Bu, ölkəmizdə insan sağlamlığına verilən dəyərin göstəricisidir.  Dünya pandemiya fəlakətilə üzləşəndə dövlətimiz çarəsi və dərmanı olmayan naməlum xəstəliyin kütləvi hal almaması üçün mümkün vasitələrin heç birindən yan keçmədi. İnkişaf etmiş ölkələrdən gələn xəbərlər ürək açan deyildi. ABŞ kimi hegemon bir dövlət COVİD-19-la müdarizədə aciz qalmışdı. İtaliya, Fransa, Almaniya və digər  "super tibb mərkəzləri" sayılan ölkələr də eləcə. Çin fəlakətin qucağında çabalayırdı. Bildiyiniz kimi pandemiyaya qarşı ciddi mübarizəyə başlayan ölkələr kütləvi tələfatlara uğramadılar. Məsələn Azərbaycanda olduğu kimi. Yəni ölkədə yetəri qədər sağlıq ocağı olmasına baxmayaraq, çox qısa zamanda ixtisaslaşmış yeni tipli xəstəxana komplekslərinin istifadəyə verilməsi, modul tipli xəstəxanaların yaradılması, tibbi maskaya, digər tibbi avadanlıqlara, dərman pereparatlarına olan ehtiyacın təminatı zəruri və vaxtında görülən işlər idi.

 -Dövlətin atdığı addımlar, vətəndaşını qorumaq üçün həyata keçirdiyi tədbirlərə Azərbaycan vətəndaşının mövqeyi, münasibəti adekvatdırmı? Yəni vətəndaş nə dərəcədə tətbiq edilən qaydalara, qadağalara riayət edir?

-Bəli, dövlət öz vətəndaşını qorumaq üçün lazım olan tədbirləri gördü. Təbii ki, fövqəladə vəziyyətdə alınan qərarlar, çağırışlar ilk günlər əhalidə çaşqınlıq, bəzi halda vahimə yaratdı. "Evdə qal", "maska tax", "sosial məsafə saxla" və digər bu kimi çağrışlar birmənalı qarşılanmadı. Hətta baş verənlərə şübhə ilə yanaşanlar, bunu hegemon ölkələrin oyunu kimi dəyərləndirənlər də tapıldı. Amma qısa zamanda pandemiya təhlükəsinin mahiyyətini anlayan xalq dövlət tərəfindən görülən önləyici tədbirlərə qarşı səbr və təmkin nümayiş etdirdi. Xalq öz dövləti ətrafında sıx birləşərək qaydalara əməl etdi. Doğrudur, qaydalara uymayıb həm özünü, həm də ətrafını təhlükəyə salanlar təəssüf ki, bu gün də var. Tətbiq edilən cəza və cərimələrə məhəl qoymadan öldürücü virusa "yaşıl işıq" yandıranlar nəhayət anlamalıdırlar ki, müvəqqəti qadağalar sadəcə insanların sağ qalması, sağlam olması üçündür.

-Sizcə tətbiq edilən yumşalmalar yenidən yoluxma hallarının artmasına səbəb ola bilərmi? Çünki qardaş Türkiyədə hazırda belə bir mənfi situasiyanı müşahidə edirik.

-Əlbəttə ki, tibbi-profilaktik qaydalara, şəxsi gigiyenaya əməl olunmazsa, virusa yoluxma labüddür. Xəstəlikdən kimsə  sığortalanmayıb. Tibb elmi hələ ki, COVİD-19-un kökünü kəsmək iqtidarında deyil, dünya alimləri xəstəliyə qarşı vaksin üzərində baş sındırır. Belə olan halda laqeyidlik nümayiş etdirərək virusa meydan oxumaq ölümlə cəngə girmək kimidir. Atalar yaxşı deyib ki, yaman günün ömrü az olar. Doğrudur, 8-9 ay az müddət deyil, amma sınaq qarşısında olduğumuzu, özümüzü, ailəmizi, cəmiyyətimizi qorumaq məsuliyyətini unutmayaq.  Əgər istəyiriksə ki, əvvəlki sakit, təhlükəsiz həyatımıza qayıdaq, o halda ciddi düşünməli və pandemiyanın diqtə etdiyi şərtlərlə yaşamağa alışmalıyıq.

-Bir vətəndaş cəmiyyəti nümayəndəsi, QHT olaraq sizin təşkilat koronavirusa qarşı mübarizə tədbirlərinə hansı töhfələri verdi, nə kimi addımlar atdı?

-Heç kimə sirr deyil ki, pandemiya özəl qurumların da normal iş həyatını pozdu.  Mənəvi-psixoloji aspektlər bir yana, demək olar ki, maddi çöküşlə üz-üzə qaldıq. Mən iki özəl quruma rəhbərlik edirəm. "Loqos" Psixoloji Nitq İnkişaf Mərkəzi artıq 6 ildən çoxdur ki, cəmiyyətin psixoloji sağlamlığı, bir neçə il əvvəl qeydiyyatdan keçən Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyimiz (QHT) təlim-tədris işləri ilə məşğul olur, psixoloq kadrlarının təkmilləşdirilməsi, psixoloji maarifləndirmə istiqamətində ardıcıl iş aparır. Bakı və bölgələr də daxil olmaqla 8 filialımızın yerləşdiyi binaları icarəyə götürmüşük. 300-ə yaxın işçinin əmək haqqı məsələsini də nəzərə alsaq vəziyyətin heç də yaxşı olmadığını görə bilərik. Məqsədim çətinlikləri qabartmaq deyil. Mən bu yola çıxanda qarşıma bir məqsəd qoymuşam, hər bir çətin məqamda psixoloji dəstəyə ehtiyacı olanların yanında olacağıma söz vermişəm. Lakin bununla belə, ədalət naminə bildirməliyəm ki, bütün özəl qurumlar kimi dövlət bizi də köməksiz qoymadı. Biz isə öz növbəmizdə İnsanların pandemiya təşvişi yaşadığı bir zamanda psixoloji yardıma daha çox ehtiyac olduğunun fərqindəydik və bu məsuliyyəti öz üzərimizdə hiss edirdik. Sağ olsun, "Loqos" kollektivi heç bir çətinliyə baxmadan həmrəylik nümayiş etdirdi, normal şərtlərdə olduğu vaxtlardan daha ciddi şəkildə pandemiya sarsıntısı yaşayan insanların yanında oldu, onlara psixoloji dəstək verildi. Arxada qalan 8 ay ərzində həmişəki templə çalışdıq, sosial şəbəkədə psixoloq, loqoped məsləhətləri geniş yer aldı, onlayn təlimlər verdik, övladları ilə bağlı narahatçılıqları olan valideynlərin sorğularını cavablandırdıq, məsləhətlər verdik.

Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi İctimai Birliyi olaraq Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət  Dəstəyi Şurasının, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin keçirdiyi qrant müsabiqəsinin qalibi olduq və  avqust ayının 1-dən "Regionlarda ailə dəyərlərinin təbliği və gənc ailələrə psixoloji dəstək" layihəsinin icrasına  başladıq.  Layihə çərçivəsində Bakıda və regionlarda müvəqqəti psixoloji mərkəzlər təşkil etdik. Həftəiçi hər gün 16 saat qaynar xətt vasitəsilə müraciət edənlərə ödənişsiz psixoloji dəstək göstərildi.  Layihədə tərəfdaş kimi çıxış edən "Loqos" Mərkəzinin Bakıda və regionlarda fəaliyyətdə olan səkkiz filialı da işə cəlb edildi. Respublikanın bir çox saytlarında peşəkar mütəxəssislərimizin layihə mövzusunda geniş məqalələri yayımlandı. Yeri gəlmişkən, fürsətdən istifadə edib QHT-yə Dövlət Dəstəyi Şurasına, eləcə də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə bizim layihəmizi dəyərləndirdiklərinə görə təşəkkür edirəm.

Qeyd olunmağa layiq işlərimiz çoxdur, mən bunları dilə gətirmək istəmirəm. Çünki biz dövlət qarşısında vətəndaşlıq, insanlar qarşısında insanlıq borcumuzu yerinə yetirmişik.

-Təranə xanım, bu arada bir müsbət tendensiya da müşahidə edilir. Belə ki, dövlətlə QHT arasında yeni əməkdaşlıq dövrü başlayır, müntəzəm olaraq QHT rəhbərləri ilə görüşlər keçirilir. Siz bu görüşləri necə dəyərləndirərdiniz?

-Təbii ki, bu olduqca müsbət haldır və işin xeyrinədir. Biz QHT olaraq dövlətimizin qərar və göstərişlərini əldə rəhbər tutaraq öz fəaliyyətimizlə vətəndaş cəmiyyətinin inkişafına dəstək veririk. Dövlətin qayğısını hiss etmək bizi daha çox faydalı işlər görməyə ruhlandırır. Pandemiya başlamazdan əvvəl QHT-lərə Dövlət Dəstəyi Şurasının QHT rəhbərləri ilə təşkil etdiyi görüşün olduqca böyük əhəmiyyəti var. Qarşımızda yeni üfüqlər açılır, bunu dəyərləndirməmək olmaz.

-Konkret olaraq Azərbaycan vətəndaşına nə tövsiyə edərdiniz? Sizcə virusdan qorunmaq üçün hansı zəruri addımlar atılmalıdır?

-Bir qədər əvvəl bu sorğuya qismən cavab verdim. Virusdan necə qorunmaqla bağlı dövlətin qəbul etdiyi qaydalara əməl etmək, peşəkarların tövsiyələrini dinləmək, zənnimcə ən doğru seçimdir. Amma psixoloji durumu nəzərə alaraq onu söyləmək istərdim ki, çətin situasiyada panikaya qapılmamaq, olayların mahiyyətinə səbr və təmkinlə yanaşmaq ən sınanmış yoldur.

Bəli, COVİD-19 təkcə yaşam tərzimizi yox, düşüncələrimizi də köklü şəkildə dəyişdi. Bu şəraitdə neçə müddət yaşayacağımız bəlli deyil. Bunu kimsə bilmir. Odur ki, vəziyyətin diqtə etdiyi şəkildə yaşamağı qəbullanmaq çox vacibdir. Nəyi isə dəyişmək əlimizdə deyilsə, reallıqla barışaraq  yaşayıb həyatımızı nizama sala bilərik.

Maraqlıdır ki, pandemiyanın yaratdığı təcridolunmanın müsbət tərəflərini də gördük. Ailəmiz, övladlarımızla daha çox zaman keçirdik. Çoxdan unudulan bir sıra ənənələr yenidən üzə çıxdı, ev içində, məhdud sayda doğmalarla bir süfrə başına toplaşmağın, söhbətləşməyin ləzzətini yaşadıq. Zaman bolluğu fonunda ünsiyyətin bərpası, münasibətlərin tənzimlənməsi bunlar həyatımıza daxil olan müsbət yeniliklərdir.

"Evdə qal" çağırışı ilk günlər insanlarda vahimə yaratsa da sonradan xüsusən qadınlarda yeni bacarıqları meydana çıxardı. Bağçadan, məktəbdən müvəqqəti təcrid olunma uşaqları mənən ata-analarına qovuşdurdu, valideylər övladlarına daha çox zaman ayırdılar, onları tanıdılar, kəşf etdilər.

COVİD-19 tarixin nə ilk, nə də son pandemiyasıdır. Həyat həmişə güllük-gülüstanlıq deyil, enişi, yoxuşu var. Gözəl günlər yenə gələcək və o günlərin daha tez gəlməsi üçün səbrlə özümüzü, ailəmizi qoruyaq. Məhz belə davranışla biz həm də dünyamızı qorumuş oluruq.

Süleyman İsmayılbəyli

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31