Döyüş meydanında Azərbaycanın etibarlı silahdaşları yetərincədir- MÜSAHİBƏ-ÖZƏL

Vüqar Əhmədov: “Minsk Qrupu formatı artıq işə yaramır”

Vüqar Əhmədov: "Minsk Qrupu formatı artıq işə yaramır"

Son dövrlərdə Azərbaycanın xarici siyasət, diplomatiya sahəsində nəzərəçarpacaq dərəcədə aktivliyi müşahidə edilməkdədir. Əgər bir qədər əvvəl bu fəallıq, aktivlik yalnız dövlət başçısı səviyyəsində müşahidə edilirdisə, indi Azərbaycanın xarici siyasət idarəsi də özünün fəallığı ilə seçilir. Həm beynəlxalq təşkilatlar, ayrı-ayrı dövlətlərlə iş, həm də Ermənistanın təcavüzkar siyasətinin ifşa edilməsi istiqamətində Azərbaycan XİN son təyinatlardan sonra daha sistemli və məhsuldar işləyir. Biz də diplomatiya, beynəlxalq təşkilatlarla həyata keçirilən səmərəli fəaliyyət, bu istiqamətdə görülən işlərə nəzər yetirmək üçün Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin sədri Vüqar Əhmədovla söhbətləşdik. "OLAYLAR"-a verdiyi müsahibədə Vüqar Əhmədov son vaxtlar işğalçı Ermənistanda artan müharibəsi ritorikası və bu mənfi tendensiyanı doğuran səbəblər barədə də danışıb.

-Vüqar bəy, hazırkı situasiyada Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki yeri və rolunu necə dəyərləndirirsiniz?

-Azərbaycan beynəlxalq münasibətlər sistemində hər zaman aktivliyi ilə seçilən bir ölkə olub. Sözsüz ki, bunun da əsas səbəbi Prezident İlham Əliyevin apardığı aktiv xarici siyasətlə bağlıdır.  Bu əsasən ondan qaynaqlanır ki, ölkə rəhbəri özü diplomatik sahə üzrə təhsil alıb və xarici diplomatiyamızı çox məharətlə həyata keçirən bir şəxsdir. Mən deyərdim ki, hətta bu faktor bizim xarici siyasətimiz üçün bir avantajdır. Çünki cənab Prezident İlham Əliyevin hakimiyyət sükanına əyləşdiyi zamandan həyata keçirdiyi hazırki çoxvektorlu siyasət ölkəmizin beynəlxalq münasibətlər sistemindəki rolunu daha da artırıb. İstər fərqli maraqlardan çıxış edən regional güclərin maraqlarının bölgədə ölkəmizin çıxarlarına uyğunlaşdırılması, istərsə də türkdilli dövlətlərin xeyli dərəcədə yaxınlaşmasında ölkəmizin liderliyi aparılan praqmatik siyasətin nəticəsi sayıla bilər. Azərbaycanın qərb ölkələri ilə mövcud olan açıq və səmimi tərəfdaşlıq perspektivləri onu deməyə əsas verir ki, ölkəmiz beynəlxalq münasibətlər sistemində hər hansı üçüncü qüvvənin diktəsi olmadan tam müstəqil siyasət aparır və əsas hədəf olaraq ölkənin milli maraqlarından çıxış edir. Məhz karbohidrogen yataqlarından və enerji resurslarından səmərəli istifadə, Azərbaycanın regionun əlverişli nəqliyyat və kommunikasiya qovşağına çevrilməsi beynəlxalq münasibətlərdəki mövqeyimizi daha gücləndirmiş oldu. Və müəyyən olunan düzgün strategiya, beynəlxalq münasibətlər sistemindəki yerimiz və rolumuz məhz düşünülmüş və ardıcıl siyasət nəticəsində müsbət dinamika ilə inkişaf edib. Müstəqilliyimizin ilk illərində bizə xəyal kimi gələn Qoşulmama Hərəkatına Azərbaycanın liderlik etməsi, BMT Təhlükəsizlik Şurasına üzv olması, pandemiya dövründə Azərbaycanın BMT-nin Baş Assambleyasının xüsusi sessiyasının çağırılmasına təşəbbüs göstərməsi artıq günümüzün reallıqlarıdır. Azərbaycan dünyanın əksər dövlətləri və beynəlxalq təşkilatları ilə qarşılıqlı hörmətə əsaslanan, nümunəvi mehriban dostluq münasibətləri qurub və ölkəmizin imicinin dünyada yaxşılaşmasını hər birimiz öz real həyatımızda hiss edirik. Əlbəttə istər bölgədə, istərsə də dünyada Azərbaycanın belə fəallığından, uğurlu xarici siyasətindən narahat olan qüvvələr var və onlar ölkəmizi qarşıdurmalara çəkməklə gözdən salmağa çalışırlar, Ermənistanın Azərbaycana təcavüzü və son Tovuz döyüşləri buna real misaldır. Lakin ölkə rəhbərliyinin müdrikliyi məhz belə təxribatlara getmədən ölkəmizi təhlükələrdən xilas etməyə yönəlib.  

-İndi bir çoxları hesab edir ki, Azərbaycanın xarici siyasətində yeni konturlar cızılır, yeni yanaşmalar ortaya qoyulur, əvvəlki səhvlər tədricən aradan qaldırılır. Siz bu mövqe ilə razısınızmı?

-Düşünürəm ki, Prezident İlham Əliyev yeni xarici işlər naziri Ceyhun Bayramovu qəbul edərkən etdiyi çıxış xarici siyasətimizin yeni konturlarının sezilməsi üçün əsas ola bilər. Burada prezident xarici siyasətimizin bir çox mühüm aspektlərinə toxundu. Hesab edirəm ki, xarici siyasətlə məşğul olan diplomatlarımız üçün bu çıxış bir konseptual yanaşma və strateji hədəf kimi müəyyən edilməlidir. Cənab Prezident çox aydın şəkildə ifadə etdi ki, Azərbaycan sülhpərvər siyasət yürüdür, regionda və dünyada heç bir dövlətə qarşı siyasət aparmır, lakin torpaqlarının işğalı ilə barışmaq niyyətində deyil. Eyni zamanda cənab Prezident beynəlxalq təşkilatlarla, ATƏT, Avropa Şurası, Avropa İttifaqı ilə əməkdaşlıqda əsas meyarın məhz Azərbaycan maraqlarından çıxış etməli olduğunu bildirdi.

Mənim bu xüsusda diqqətimi çəkən Azərbaycanın Amerika Birləşmiş Ştatları, Böyük Britaniya və Avropa İttifaqı ilə olan əməkdaşlığa dair Cənab Prezidentin geniş yer ayırması oldu. Ölkə başçısı Azərbaycanın xarici siyasətində qərblə əməkdaşlığa xüsusi önəm verməsi xarici siyasətimizin yeni konturları hesab oluna bilər. Məhz yeni xarici işlər naziri Ceyhun Bayramovun vəzifəsinin icrasına başlayan andan Avropa ölkələri ilə sıx təmasları, eyni zamanda Rusiyanın paytaxtı Moskvaya səfərində Dağlıq Qarabağ münqişəsi ilə bağlı sərgilədyi birmənalı mövqe xarici siyasətimizdə yeni üfüqlərin görünməsindən xəbər verə bilər.

Səhvlərə gəlincə əvvəlki xarici siyasət idarəsinin rəhbərliyinin bir xeyli yanlışlıqlarından, danışmaq olar, mən o səhvlərə geniş toxunmaq istəmirəm, lakin fərqi hiss etmək üçün aparılan bu günkü işlərə baxmaq kifayət edir. Xarici İşlər Nazirliyinin yeni rəhbərliyi dövründə bizə qardaş olan Türkiyə ilə nə qədər müsbət yaxınlaşmanın şahidi oluruq. Hansı ki, elə lap əvvəldən bizim xarici siyasətimizin ana xəttini təşkil etməli idi, lakin biz bunun illərdir şahidi olmurduq. Digər tərəfdən Rusiyaya qarşı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prinsipial bir mövqeni gördük və əminəm ki, bunun ardı gələcək. Baxmayaraq ki, qərbə inteqrasiya bizim xarici siyasətdə strateji əhəmiyyət kəsb edir, Avropa təsisatlarında da biz dişsiz və loyal siyasətin şahidi olurduq. Avropa Şurası və Avropa İttifaqı yanında nümayəndəmiz Azərbaycanın haqlı mövqeyini müdafiə etmək əvəzinə istefa verib qərb ölkələrində siyasi sığınacaq alırdı, ATƏT-də, Avropa Şurasında, Avropa İttifaqında bizim diplomatların fəaliyyəti çox cüzi gözə dəyirdi. Əvəzində Cənab Prezidentin məlum çıxışında qeyd etdiyi kimi oradakı diplomatlarımız kimlərəsə xoş gəlmək üçün başqa ölkələrin maraqlarına xidmət edirdi, xarici xüsusi xidmət orqanlarının təsir dairəsinə düşürdü. Ümid edirəm qarşıdakı zaman kəsiyində bu yanlışlıqlar aradan qaldırılacaq.      

-Elə bu cür yeni yanaşma və konturların müəyyən edilməsinin cəbhədə yenidən hərbi əməliyyatlar başlayacağı təqdirdə Azərbaycana beynəlxalq dəstəyin daha da artması ilə nəticələnəcəyi barədə fikirlərlə razısınızmı?

-Əlbəttə, elə son hadisələr, Tovuzda olan hərbi əməliyyatlar Azərbaycana dünya birliyindən olan dəstəyi bir daha nümayiş etdirdi. Bu hər zaman belə olub, Dağlıq Qarabağda keçirilən bütün qondarma seçkilərdən sonra əksər aparıcı beynəlxalq təşkilatlar, Avropa İttifaqı, ATƏT Ermənistan hakimiyyətini şiddətlə qınayıblar. ABŞ konqresinin erməni işğalını qınayan son qətnaməsinin bütün dünya şahidi oldu. Ermənilər illərdir ABŞ-ın Ermənistana hərbi yardımlarının artırılmasına çalışsalar da, buna nail ola bilmirlər. Bu gün İslam Əməkdaşlıq Təşkilatına üzv olan bütün müsəlman dövlətləri, Türkdilli dövlətlər Azərbaycana hərbi əməliyyatlar olacağı təqdirdə əməli dəstək olacağını bəyan ediblər. Məhz Azərbaycan rəhbərliyinin sağlam yanaşma nümayiş etdirməsi nəticəsində hərbi və texnoloji cəhətdən inkişaf etmiş bir dövlət olan İsrail də Azərbaycanın haqlı mövqeyini dəstəkləyir və hər zaman dəstəyini ifadə edib. Və ən əsası və nəhayəti bizə qardaş olan Türkiyə Cümhuriyyəti rəhbərliyinin Dağlıq Qarabağ münaqişəsinin tənzimləməsi ilə bağlı sərgilədiyi qətiyyətli mövqe, Türk hərbiçilərinin bu günlərdə Azərbaycana gəlişi bir daha onu göstərir ki, döyüş meydanında Azərbaycanın etibarlı silahdaşları yetərincədir. Eyni zamanda bütün qeyd olunan beynəlxalq aktorların Azərbaycana dəstək göstərməsi üçün hüquqi zəmin mövcuddur. İşğal faktını təsdiqləyən BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsi, AŞPA və ATƏT qətnamələri dünya dövlətlərinin Azərbaycanın tərəfində olması üçün ciddi əsaslar yaradır.  

 -Hərbi əməliyyatlardan söz düşmüşkən, artıq bir xeyli müddətdir ki, Ermənistan tərəfində hərbi hərəkətlilik müşahidə edilir və Azərbaycan tərəfi də haqlı olaraq adekvat addımlarını atır. Sizcə mövcud durum hərbi əməliyyatlar riskini nə dərəcədə artırır?

-Ermənistanın hərbi qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərini tərk etməyənə qədər hərbi əməliyyatlar riski hər zaman olub. Lakin mən hesab edirəm ki, bu risk heç zaman indiki qədər olmayıb və əlbəttə ki, bunun hüquqi və mənəvi məsuliyyəti Ermənistan rəhbərliyinin  üzərinə düşür. Ermənistanın indiki rəhbərliyi öz məsuliyyətsiz və danışıqlara qeyri-adekvat yanaşması ilə bu anı daha da yaxınlaşdırır. Baxın, 30 ilə yaxındır Azərbaycan torpaqları işğal altındadır və Azərbaycan danışıqlardan bir dəfə də olsun geri çəkilmədi, əvəzində Ermənistan rəhbərliyi cəfəng bəyənatlar verərək gah danışıqların Azərbaycanla Dağlıq Qarabağ arasında aparılmalı olduğunu bildirdi, gah da Şuşaya gedərək Qarabağ Ermənistandır bəyənatı verdi. Hələ üstəlik Azərbaycana qarşı yeni hərbi əməliyyatları başlatmaq qərarına gəldi və ordumuzun əzmi nəticəsində geri otuzduruldu. Yəni Ermənistan artıq Azərbaycana öz torpaqlarını müharibə yolu ilə azad etməkdən başqa heç bir seçim imkanı qoymayıb və hesab edirəm ki, bu gün heç də uzaqda deyil.

 -Bu arada Rusiyadan ötən müddət ərzində hərbi texnikanın hava məkanı vasitəsilə Ermənistana daşınması şimal qonşumuzun Minsk Qrupunun həmsədri kimi  işğalçıya dəstək verməsi demək deyilmi?

-Mən belə hesab edirəm ki, Rusiya artıq ATƏT-in Minsk Qrupunda həmsədr kimi qalmaq üçün mənəvi haqqını itirib. Çünki bu ölkə illərdir Ermənistana təmənnasız olaraq hərbi sursat yardımı göstərir, dolayısı ilə işğal faktına dəstək olur. Açıq-aydın görünür ki, ermənilərin işğal edilmiş torpaqlardan çıxmamasına əsas səbəb Rusiyanın hərbi dəstəyidir. Əslində bu hərbi dəstək tək bu gün deyil, illərlə Ermənistana göstərilib, lakin hərbi əməliyyatlar dövründə bu yardımların daha da artırılması Azərbaycan tərəfinin haqlı narazılığına səbəb oldu. Rusiyanın bir tərəfdən danışıqlara vasitəçilik etməsi, digər tərəfdən işğalçı Ermənistana hərbi yardım göstərməsi təəssüf ki, onun münaqişənin həllində tutduğu qeyri-səmimi mövqeyini göstərir. Və Azərbaycan tərəfi bununla barışmaq niyyətində deyil. Rusiyanın bu addımları onun göstəricisidir ki, Rusiya bu münaqişənin həllində yox, uzanmasında daha maraqlı görünür və tanınmış beynəlxalq hüquq normalarını ciddi şəkildə pozmuş olur.

 -Ümumiyyətlə, ATƏT-in Minsk Qrupunun yenidən formalaşması və ya ondan imtina edilməsi təşəbbüsləri nə dərəcədə mümkün görünür?

-Mən belə düşünürəm ki, bu format artıq işə yaramır. Əgər Minsk Qrupu işğalçıya təsir göstərə bilmirsə, burada hansısa irəliləyişdən danışmaq çətindir. Əlbəttə ki, mən ATƏT-in bir təşkilat olaraq münaqişənin həllində effektiv bir mexanizm kimi işləmədiyinin şahidi oluram. Bu təşkilat səhra köməkçiləri vasitəsi ilə cəbhə bölgəsində monitorinq aparıb hesabat hazırlamalqa işini bitmiş hesab edir. Ümumiyyətlə artıq bir neçə müddətdir öz daxilində konsensus qura bilməyən bu təşkilatın münaqişənin həlli ilə bağlı ciddi nəticələr edə biləcəyinə inanmaq sadəlövhlük olardı. ATƏT danışıqlar tarixində yalnız ABŞ-ın Ki-vest şəhərində baş tutmuş görüşdə münaqişənin həllinə ciddi yaxınlaşma baş vermişdir ki, onun da məlum Ermənistan parlamentindəki güllələnmə olayı ilə qarşısı alındı. O dövrlər ABŞ həqiqətən münaqişənin həllinə dair ciddi səy göstərirdi. İmtinaya gəlincə düşünürəm ki, Azərbaycan tərəfi ATƏT-in Minsk Qrupu qarşısında ciddi vaxt qoya bilər, misal üçün əgər yaxın üç ay ərzində Minsk Qrupu münaqişənin həlli ilə bağlı ölü nöqtədən bir tərpəniş edə bilməzsə o zaman bu formatdan imtina edilə bilər. Beynəlxalq təşkilatlar sistemində bu cür timeline və deadline prinsipləri işləyir və hesab edirəm ki, artıq onların öz dilində danışmağın zamanı çatıb. İkinci təklif Minsk Qrupuna Türkiyənin daxil edilməsini təklif etmək olar. Belə ki, Türkiyə bölgədə kifayət qədər aktiv xarici siyasət yürüdən bir ölkədir.

 -Bu arada Ermənistanın Dağlıq Qarabağda qeyri-qanuni məskunlaşdırma siyasəti həyata keçirdiyi müşahidə olunur. İşğalçı ölkənin bu addımının qarşısını hansı yollarla almaq mümkündür?

-Bu məsələ həqiqətən Ermənistanın ən yaralı yeridir desəm yəqin ki, yanılmaram. Çünki ermənilər özləri də bu regiona ötən əsrdən hansı formada məskunlaşdığını yaxşı bilirlər. Və hələ də bu köç onlarda davam edir, hər il on minlərlə erməni Ermənistanı bu və ya digər səbəbdən tərk edir. Ağır sosial-iqtisadi durumda və münaqişə vəziyyətində olan ölkə üçün bu heç də yaxşı hal deyil. Digər tərəfdən Ermənistanın hökuməti bu prosesin qarşısını ala bilmir. Çünki dünyada geniş məskunlaşan erməni diasporu sosial problemlər girdabında cabalayan erməniləri daha da inkişaf etmiş ölkələrə aparır. Daha da yaxşı həyat üçün üz tutan ermənilərin isə yenidən problemlərə qayıtması heç inandırıcı görsənmir. Bunu anlayan Ermənistanın bu günkü rəhbərliyi artıq Dağlıq Qarabağda məskunlaşma aparmaq üçün Yaxın Şərq ölkələrində yaşayan erməniləri hiyləsinə ov edərək şirnikləşdirici şərtlər altında işğal edilmiş ərazilərə cəlb etmək istəyir. Çünki bilirlər ki, ağlı başında olan və sabit yaşamaq istəyən Ermənistan vətəndaşları həyatını təhlükəyə ataraq hər an müharibənin yenidən alovlana biləcəyi bu bölgələrə köç etmək riskini qəbul etmək istəməzlər. Bu gün həm Ermənistanın kriminal rejimi, həm Dağlıq Qarabağdakı işğalçı rejim ciddi təşviş içindədirlər, beynəlxalq birliyin təzyiqlərindən yaxa qurtarmaq üçün bu cür tələlərə vaxtaşırı əl atırlar. Bilirlər ki, bir gün onlar dünya birliyi tərəfindən daha ciddi bir təpki ilə, ən əsası Azərbaycan dövlətinin öz torpaqlarını işğaldan azad etmək üçün hərbi əməliyyatları ilə üzləşəcəklər, o zaman özlərinə sual verməli olacaqlar, bütün bu işğalçılıq siyasəti, "böyük Ermənistan" xülyası üzərində qurulan siyasət nəyin naminə idi?-Boşalan və getdikcə sosial-iqtisadi vəziyyəti ağırlaşan Ermənistan üçünmü? Ermənistanın regionda apardığı süni köç siyasəti regional təhlükəsizliyə və bölgənin sabitliyinə ciddi təhdiddir və beynəlxalq təşkilatlar Ermənistanın bölgədə demoqrafik vəziyyəti süni şəkildə dəyişdirməsinin qarşısını ciddi şəkildə almalıdırlar. Əks halda sabah işğal olunmuş ərazilərdə yetişdirilən yeni terrorçular məhz qərb ölkələri üçün yeni və daha da ciddi təhdid mənbəyinə çevriləcək.

 -Belə bir vəziyyətdə Azərbaycan tərəfi hansı addımı atmalıdır?

-Mən belə hesab edirəm ki, başlanan işlər, yeni təşəbbüslər doğru hədəflənmişdir və davam etdirilməlidir. Yəni qardaş ölkə Türkiyə ilə hərbi-siyasi, strateji yaxınlaşma, Azərbaycanın daha da silahlanması, eyni zamanda işğalçı ölkəyə hərbi-siyasi sahədə dəstək olan qüvvələrə bu gün olduğu kimi sərt mövqe sərgilənməlidir, haqlı məsələlər sorğulanmalıdır. Bu qüvvələr bilməlidirlər ki, əgər belə davam edərsə beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycanın dəstəyini əhəmiyyətli şəkildə itirə bilərlər. Bu gün Azərbaycanda onlarla rusdilli məktəblər, mədəniyyət və elm ocaqları mövcuddur, hansını ki, biz bu gün heç bir post-sovet respublikalarında görə bilmərik.

Digər görüləsi vacib addım beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyətimizi gücləndirməliyik. Bu istiqamətdə cənab Prezidentin qeyd etdiyi hücum diplomatiyası davam etdirilməlidir. Xüsusən Avro-Atlantik strukturlara inteqrasiya, ABŞ-la strateji tərəfdaşlığımızı genişləndirməliyik. ABŞ Konqresində və digər strukturlarda Azərbaycanın dostlarının sayını artırmalıyıq. Avropa İttifaqı ilə yaxınlaşma bizim üçün faydalıdır. Çünki Azərbaycan hər zaman Avropanın bir parçası olmuşdur. Ümumilikdə qərb təsisatları ilə yaxınlaşmanı ölkəmizin haqlı mövqeyini çatdırmaq baxımından vacib hesab edirəm. Xarici siyasətimizdə BMT, NATO, Avropa İttifaqı, Avropa Şurası və ATƏT-lə əməkdaşlığa dair müəyyən məsələlərə yenidən baxılmasını, xüsusən oradakı nümayəndəliklərimizin fəaliyyətinin gücləndirilməsini zərur hesab edirəm. Hesab edirəm ki, xarici siyasət idarəsinin yeni rəhbərliyi bu məqamları nəzərdən keçirəcək. Diaspora sahəsində bu il qazanılan ciddi həmrəyliyimizi və uğurlarımızı mütləq davam etdirməliyik və ən əsası düşünürəm ki, ölkəmizdə başlanılan islahatlar uğurla davam etdirilməlidir və hər bir Azərbaycan vətəndaşı bu prosesdə ölkə rəhbərliyinə, cənab Prezidentə dəstəyini ifadə etməlidir. Düşünürəm ki, Azərbaycan hərtərəfli olaraq yeni mərhələyə qədəm qoymuşdur və aparılan islahatlar xarici siyasətdə də özünü müsbət biruzə verəcək.

Süleyman

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31