Bu ifadə xəyanət edən kişilər tərəfindən geniş yayılıb- Taryel Faziloğlu
Tariyel Faziloğlu: "Karantin dönəmində boşanmalarda 2 -2,5 faiz artım müşahidə edirik" Olaylar.az "Humel" Psixologiya Mərkəzinin rəhbəri, psixoloq, ailə terapesti Tariyel Faziloğlu ilə müsahibəni təqdim edir. - Tariyel bəy, ailə terapesti olaraq bu gün Azərbaycan ailələrini necə dəyərləndirərdiniz?
12 İyun 2020 13:23 MüsahibəTaryel Faziloğlu: "Karantin dönəmində boşanmalarda 2 -2,5 faiz artım müşahidə edirik"
Olaylar.az "Humel" Psixologiya Mərkəzinin rəhbəri, psixoloq, ailə terapesti Taryel Faziloğlu ilə müsahibəni təqdim edir.
- Taryel bəy, ailə terapesti olaraq bu gün Azərbaycan ailələrini necə dəyərləndirərdiniz?
- Bu gün Azərbaycan ailələrini dəyərləndirmək qarışıq məsələdi. Çünki Azərbaycanda bu gün bir neçə ailə modeli iç-içədir. Rayonlara baxdıqda, geniş ailə modeli müəyyən qədər özünü qoruyur. Bu modeli klassik ailə modeli də adlandırırıq. Burada ana, ata, nənə, baba, uşaqlar, hamısı birgə yaşayır. Ailədə qohumluq münasibətləri, gedib-gəlmələr çoxdu, münasibətlər daha istidir. Şəhərlərdə isə modern ailə modeli üstünlük təşkil edir. Yəni, bu ailə ata, ana və uşaqlardan ibarətdir. Bu tip ailədə qohumluq münasibətləri çox zəifdi və münasibətlər daha məsafəlidir. Son on ildə isə ölkəmizdə yarımçıq ailələr, yəni, boşanmış ailələr çoxluq təşkil edir. Hazırda bu cür ailələrin artımı surətlə davam edir. Boşanmaların niyə bu dərəcədə artmalarına nəzər salsaq görərik ki, Azərbaycanda mental dəyərlərə əsasən geniş ailə modelinə bağlı bir cəmiyyət var olub. Amma son illər informasiyanın təzyiqi qarşısında azadlıq, müstəqillik əsas gətirilərək daha çox modern ailəyə üstünlük verildi. Nəticədə isə qadın-kişi münasibətlərində böyük sıxıntılar, travmalar müşahidə olunur ki, bu da boşanmalarının sayının artmasının ilkin səbəblərindən biridir. Karantindən öncə Azərbaycanda boşanmalar 25 faiz idi. Yəni, hər qurulan 4 ailədən biri bir il tamam olmadan boşanırdı. Karantin dönəmində isə boşanmalarda 2 -2,5 faiz artım müşahidə edirik. Bu isə karantinin yaratdığı psixoloji gərginliklə bərabər, eyni zamanda genetik yaddaşdakı modellə, real yaşadığımız həyat arasındakı fərqdən qaynaqlanır.
- Son illər valideynlərin gənc ailələrə müdaxiləsində azalma müşahidə edirsinizmi?
- Valideynlərin gənclərin ailə həyatlarına müdaxilələrində azalma var. Artıq modern ailədə evlilikdən öncə gənclər öz aralarında şərt kəsirlər və tək yaşamağa üstünlük verirlər. Nəticə etibarı ilə bu zaman müdaxilələrin faizi azalır. Amma burada bir nüansa diqqət eləmək lazımdı: birinci, oğlan və ya qızın ailə modelləri hansı modellərdi. Bu əsas rol oynayır. Bu modeldəki xarakterik standartlara bağlı olaraq oğlan və ya qız hər ikisi, yaşadıqları ailə modelini o evə daşıdığı üçün və hər ikisinin arasındakı fərqliliklər zamanı istər -istəməz öz modelini tətbiq etməyə çalışacaq. Çox zaman isə söz sahibi olmaq üçün ailələrindən dəstək almağa çalışırlar ki, bu da valdeynlərin müdaxiləsini qaçınılmaz edir. Daha sonra isə gənclər bu müdaxilədən şikayətlənirlər. Hər iki tərəf öz ailəsinin müdaxiləsini deyil, digər tərəfin ailəsinin müdaxiləsini müdaxilə kimi qəbul edir. Burada da ciddi ikitirəlik yaranır. Çox vaxt modern ailə ilə bizim mental təfəkkürümüzün müəyyən fərqlilikləri sayəsində yaranan ciddi boşluqlar müəyyən sıxıntılara gətirib çıxarır.
- Ailələr daha çox hansı halda terapestə müraciət edirlər?
- Azərbaycan ailəsində ailə terapestinə müraciət etmək ənənəsi yeni -yeni formalaşır. Adətən, iş- işdən keçəndən sonra müraciətlər olur. Bu o deməkdir ki, artıq münasibətlər ciddi şəkildə zədələnib, tərəflər bir -birinə heç zaman unutmadıqları travma yaşadıb. Boşanma ərəfəsinə gəldiyi zaman, məsələnin geriyə dönüş olmadığı anda son ümid kimi ailə terapestinə müraciət edirlər. Bu zaman da bizdən möcüzə gözləyirlər ki, biz terapestə gedəcəyik və 1-2 görüşdən sonra bizi barışdıracaq, bundan sonra hər şey gözəl olacaq. Təəssüf ki, bu belə olmur. Terapestin problemin qaynağını müəyyən etmək üçün bəlli bir zamana ehtiyacı var və üstəlik tərəflərin bir -birlərinə vurduqları travmalar neytrallaşmalıdır. Ailələr bu zamana səbr etmək əvəzinə, boşanmaları daha qısa və rahat hesab edirlər. Əsil sıxıntı isə bundan sonra yaşanılır. Mənim təcrübələrimdə belə ailələr, terapesti son ümid kimi görən ailələr çox olur. Azərbaycan ailə sistemini bildiyim üçün birinci onları terapeyaya razı salmağa çalışıram, sonra aralarında aqressiyanı aşağı salıb, müalicəyə, problemin həllinə başlayıram. Birbaşa problemin həllinə getsək ailələr heç bir fayda əldə etmədən, konsultasiyaları tamamilə dayandırarlar.

- Taryel bəy, ailədə qadınlar sevgisizlikdən, kişilər isə zamandan şikayət edir. Terapest olaraq sizcə, kim haqlıdı?
- Ailələrdə qadınların sevgizlikdən, kişilərin zamandan şikayət etmələrinə səbəb onların xarakterik xüsusiyyətlərindən xəbər verir. Burada haqlı və ya haqsız tərəf yoxdu. Qadınlar emosional təfəkkürlü olduqları üçün emosional diqqətə, duyğusal göstərişə, duyğusal münasibətə üstünlük verirlər və o olmadığı zaman sevgisizlikdən şikayət edirlər. Kişilər isə rassional təfəkkürlü olduqları üçün onlar konkret duyğusallıqdan çox reallığa, materialist düşünməyə meyillidilər. Məsələn, qadın deyir ki, sən mənə diqqət göstərmirsən, mənim varlığımı hiss eləmirsən. Kişi isə buna belə cavab verir ki, nəyin əksikdi, evin -eşiyin, heç bir şeydən əziyyət çəkmirsən, daha nə etməliyəm? Hər iki tərəf özü-özlüyündə haqlıdı. Biri məsələyə emosional, digəri rasional baxır. Əsas problem o zaman yaranır ki, hər iki tərəf bir-birinin duyğusal dünyası, xarakterik yaradılışı haqqında məlumatsızdır. Qadın kişinin rasional olduğunu, kişi isə qadının emossional olduğunu, məsələlərə bu cür yanaşdığını bilərsə, problem artıq həll olmu. olar. Nəticə etibarı ilə o ailə uzunömürlü olacaq.
- Azərbaycan ailələrinin "ən məşhur" problemi nədir?
- Azərbaycan ailələrində "ən məşhur" problemi çoxlarının dediyi kimi kənar müdaxilə deyil. Ən məşhur problem dünyagörüşlərinin fərqliliyidir. Oğlanla qız bir-birini sevir, evlənirlər. Onlar anlamırlar ki, evlilik uzun müddətli bir yoldu, uzun zaman bir yerdə yaşamaq deməkdir. Çox ailələrdə ortaq mövzular yoxdur. Qadının maraqları, dünyagörüşü, zövq aldığı mövzular başqadı, kişinin dünyası isə tamam başqadır. Bir -birlərinə sevgi etirafları bitdikdən sonra intelektual fərqliliklər zamanla onları uzaqlaşdırır. Bir müddət sonra ancaq məişət məsələləri üzərində danışmağa başlayırlar. Məişət məsələləri isə adətən problematikdir. Bu cür məsələlər neqativ yüklüdür. İstər-istəməz mübahisələr başlayır. Bu mübahisələrin adını isə "yola getmirik" qoyurlar. Azərbaycanda bir çox ailələr bir -birini anlamasalar belə, uşağa görə birgə yaşamağa davam edirlər. Amma bu davamlı olmur. Çox vaxt kişi kənarda münasibət yaşayır. Etiraf edək ki, son illər qadınların da xəyanəti artıb. Artıq qadın da kənar münasibətə açıqdır. Bütün bunlar ailəyə travmatik zədələrin vurulmasına gətirib çıxarır. Əsas peoblem isə dediyim kimi intelektual fərqliliklərdir.

- Azərbaycan ailələrində xəyanət edən kişilər tərəfindən belə bir deyim geniş yayılıb: "Ailə həyatım yalnız sənəd üzərində davam edir." Ailə terapesti olaraq bu vəziyyəti necə izah edərdiniz?
- Bu ifadə xəyanət edən kişilər tərəfindən geniş yayılıb. Bu ifadədən istifadə etmənin yeganə səbəbi sadəcə qarşı tərəfi inandırmaq cəhdidir. Çünki xəyanət edən kişilər çox vaxt sabit ailə mühitinə sahib olan kişilərdir. Bu kişilər ona görə xəyanət edirlər ki, sabit ailə həyatı bir müddət sonra onlarda monotonluq duyğusu yaradır, onlar həyatlarına yeni maraq, yeni məcəra qatmaq üçün xəyanətə meyillənirlər. Həyatlarında ciddi sıxıntıları və ailəsi ilə ciddi problemlər yaşayan kişilər çox vaxt o problemin həllinə fokuslandıqları üçün kənar macəra axtarışına daha az meyilli olurlar. Problemli ailəyə sahib kişilər ailələri haqqında danışmağı sevmirlər. Maksimum dərəcədə o mövzunu bloklamağa çalışırlar. Bunun da səbəbi özlərini qarşı tərəfə zəif göstərməmək istəyidir.
Belə olduğu halda xanımlar da qarşı tərəfə bu sualı verə bilərlər ki, sən ailənlə bu münasibətin yalnız sənəd üzərində qalmasına razı olduğun halda mənimlə münasibətin hansı səviyyədə, şəkildə davam etdirməyi düşünürsən, bu məsələdə məndən nələr istəyəsən? Bu vəziyyətdə artıq kişilərin deyəcək sözü qalmayacaq. Xəyanət eləmək istəyən kişilər bu xəyanəti tək başına eləmir. Xəyanətin hər iki tərəfi olmalıdır. Ona görə də xəyanətlər heç vaxt birtətəfli olmur. Tərəflər deyilənlərə yox, özləri istədikləri üçün o xəyanəti edirlər. Kişilərin o ifadədən istifadə etmələri mənə görə artıq və lazımsızdır.
Ümumilikdə isə Azərbaycanda sənəd üzərində ailə demək olar ki, mümkün deyil. Biz də bu hal ya boşanmaya, ya da cinayətə gətirib çıxaracaq.

- Sizə daha çox gənc və ya uzun illər birgə yaşayan ailələr müraciət edir?
- Hər iki tip ailələrdən müraciətlər olur. Amma adətən yaşı 35-in altında olan insanların ailə problemləri daha çoxdur və daha travmatikdir. Səbəb isə yaşı 35 aralığında olan insanlar daha çox informasiya yüklüdürlər və ya xaotik düşüncəyə sahibdirlər. Dəyərləri sabit deyil, oynaq dəyərlərə malikdirlər. Bu dəyişgənlik birlikdə yaşayışı müəyyən mənada ifllic edir. Çünki dəyişgən dəyərlərə malik insanla birgə yaşayışa davam gətirmək çətindir. Birgə yaşayışın məsuliyyəti var, müəyyən şeylərdən imtina etmək, kompromislərə getmək öhdəliyi var. Ona görə də dəyərlər sabit olmalıdır. Bu tip insanların arasında boşanmalara müraciət edənlər daha çoxdur. Bu gün Azərbaycanda yaşı 30-un altında olan insanların böyük əksəriyyəti ya evlənmək istəmir, ya da evlənənlərin ən azı yarıdan çoxu boşanır. Bu dəyişkən dəyərlərə bağlı vəziyyətdi. Yəni, bir başqasının məsuliyyətini daşımaq, ona qulluq etmək, ona görə nələrdənsə vaz keçmək istəmirlər. Nəticədə ailə dəyərləri aşınır.
- Boşanma da bir mədəniyyət göstəricisidir. Bu gün ailələrdə boşanma mədəniyyəti hansı səviyyədədir?
- Boşanma qanuniləşmiş bir seçimdir. Ailə həyatı alınmırsa, problemlər böyüyürsə, boşanma bir seçimdir. Amma bu gün müşahidələrimə əsasən deyirəm ki, boşanan ailərin 95 faizi heç bir ciddi səbəb olmadan boşanır. İnsanlarda psixoloji narahatlıq, psixoloji qeyri-müəyyənliklər yaranır və bunun cavabını tapmaq, həll etmək əvəzinə ən asan yolu -boşanmanı seçirlər. Boşanma qanuniləşmiş seçim olsa da, məncə, birinci seçim deyil. Ailələr problem yaşayırlarsa, birinci ailə terapestinə müraciət etməli, problemi həll etməyə çalışmalıdırlar. Mövcud problemi həll edə bilməyəndə artıq boşanmaya müraciət edə bilərlər. Azərbaycanda boşanmalar daha çox travmatik olur. Çünki, hər iki tərəf boşanma üçün ciddi səbəb olmadığını bilir. Amma psixoloji narahatlıqdan qaçmaq üçün bu yola əl atırlar. Bunu bildikləri üçün də qarşı tərəfin onu durdurmasını gözləyirlər. Qarşı tərəf heç bir addım atmadığı halda bir-birlərinə düşmən şəkildə ayrılırlar. Boşanan cütlüklərin çoxu bu gün bir-birlərinə düşməndirlər. Normalda isə boşanan insanlar çox yaxşı dost ola bilərlər. Çünki onların ortaq uşaqları, unuda bilmədikləri xatirələri, qohumları, tanışları var. Təəssüf ki, bu hal hələ Azərbaycanda mümkün deyil.

- Boşanmalarda ən çox uşaqlar əziyyət çəkir. Uşaqların bu hadisədən az travma almasının qarşısını necə almaq olar?
- Təbii ki, bu durumda ən böyük travmanı uşaqlar alır. Uşaqlar ən sevdiyi iki insandan birini görmək məcburiyyətində qalır. Boşanmaların ölkəmizdəki xarakterik xüsusiyyəti aqressiv şəkildə olduğu üçün uşaqlar ciddi tarvmalar yaşayır. Burada qadın ilk olaraq atanı cəzalandırmağa, uşağı ona göstərməməyə üstünlük verir. Hətta ailəsi də qadının bu qərarını dəstəkləyir. Ata boşandıqdan sonra sırf ananı görməmək üçün uşaqlarına qarşı soyuq davranır, qadını cəzalandırmağa çalışır. Uşaqlar üçün bu artıq ikinci bir travma olur. Bu travmanı aradan qaldırmaq üçün boşanma ərəfəsində məhkəmələrdə qanunlarımızda olan boşluğu tənzimləmək lazımdır. Boşanmaya ərizə verən ailələr birinci ailə terapestinə getməlidirlər. Burada boşanma səbəbi aşkarlanmalı, müzakirə olunmalıdır. Əgər, boşanma labüddürsə, onların arasındakı aqressiyanı minimuma endirməli, tərəflərin dost şəkildə boşanmalarını təmin etmək lazımdır. Bu zaman uşaqlar daha az travma alacaqlar.
Nigar Adil
Olaylar.az