“Jurnalist vətənini, vətəndaşını gözdən salacaq işlər görməməlidir”
4 Mart 2019 14:02 MüsahibəMədət Məmmədov: "Bütün faktları araşdırdıq və əmin olduq ki, bu televiziya müstəqilliyimiz üçün təhlükə mənbəyidir."
Olaylar.az tanınmış jurnalist, Bakı Biznes Universitetinin mətbuat katibi, şair-publisist Mədət Məmmədovla müsahibəni təqdim edir.
- Mədət müəllim, bu yaxınlarda 60 illik yubileyinizi qeyd etdiz. Ötən illər ərzindəki jurnalistika fəaliyyətinizi necə dəyərləndirirsiz?
- Mənim üçün jurnalistika hava və su kimidir. Çünki ömrümün 40 ilindən çoxunu bu sənətə sərf etmişəm. Müstəqil mətbuat yarananda 10 il kütləvi iformasiya vasitələri baş idarəsinin rəhbəri olmuşam. Bütün çətinliklərə rəğmən çağdaş müstəqil mətbuatımızı yaratmağı bacarmışıq. Fəxr edirəm ki, rəhbər olduğum illər müstəqil Azərbaycanın banisi Heydər Əliyevin hakimiyyəti dövrünə təsadüf edir. Həmin illərdə dövlətimizin müstəqilliyini qəbul etmək istəməyən qüvvələr var idi. O zaman mən ümummilli liderin sadiq bir əsgəri kimi müstəqil mətbuatın yaradılmasında müstəsna rol oynadım. 60 illik yubileyimlə bağlı keçirilən toplantıda da dostlarım bu nüansları qeyd etdilər. Həmkarlarımın dediyi kimi mən o illərdə necə öz müstəqilliyimiz uğrunda mübarizə aparmışdımsa, bu gün də həmin əzmlə mübarizəmi davam etdirirəm. Mənim üçün jurnalistika elə bir sahədir ki, orada yalnız dürüst, qərəzsiz, vicdanlı və vətənpərvər insanlar yer almalıdır. Mətbuat ölkənin ideologiyasının toplandığı onurğa sütunudur. Və həmin dövrdə bu onurğa sütununu bizə əmanət etmişdilər. Özümlə fəxr edirəm ki, heç bir tərs ünsürlər məni öz ideologiyam, öz əqidəmdən döndərə bilməyib.
Zaman gəldi, uzun bir müddət keçdikdən sonra dostlarım, bütün jurnalistika mənə layiq olduğum dəyəri verdi. İnsan özünə qarşı dəyəri hiss etdikcə, məsuliyyəti daha da artır. 60 illiyimi tamamlayandan sonra isə özümə qarşı tələblərimi daha da artırdım.
Mətbuat Şurasının sədri Əflatun Amaşov 60 illiyimdə qeyd etdi ki, "Mədət müəllim mətbu sözün ictimai mahiyyətinə daim sadiq qalıb, müstəqilliyin ilk illərində azad media quruculuğunda fəal iştirak edib".
21 il əvvəl jurnalistikamızın çətin vaxtlarında ən böyük qələbəmiz 1998-ci ilin 6 avqustunda oldu. Heydər Əliyev "Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" Fərman imzaladı. Azərbaycan mətbuatı üzərindən senzuranın götürülməsi bir inqilab idi. Ondan sonra mətbuatımız daha sürətli və effektiv inkişaf etməyə başladı. İnkişafın bu günündə Azərbaycan jurnalistikası qlobal məsələlərə münasibət bildirən aktiv sahəyə çevirilib. Ancaq dövrdən asılı olmayaraq jurnalist, yaxud hansısa bir peşənin sahibi olmaq, hər şeydən əvvəl vətənpərvər olmaqdır. Öz vətənpərvərliyimlə qürur duyuram. Çünki məhz bu səbəbdən heç kim məni əqidəmdən döndərə bilməyib.
Bu gün əsası ümummilli lider tərəfindən qoyulan və İlham Əliyev tərəfindən davam etdirilən məqsədyönlü siyasət mətbuatımızı inkişaf etdirir. Cənab prezidentin mətbuatı 2-ci hakimiyyət adlandırması həqiqətən də jurnalistlərin üzərinə çox böyük məsuliyyət qoyur. Bu gün düşmənlərimizə qarşı informasiya mübarizəsində jurnalistlərin üzərinə böyük iş düşür. Jurnalistika çox strateji bir sahədir. Sapı özümüzdən olan baltalara qarşı bu strateji sahənin önəmi böyükdür. Ölkədə xaos yaratmaq istəyən daxili və xarici qüvvələrə qarşı dövlətçilik mövqeyində mübarizə aparmaq lazımdır. Hansısa istismarçı məmura görə vətən konteksindən dönmək olmaz. Bu günki jurnalistikayla fəxr edirəm. Reket jurnalistikaya qarşı isə hər zaman ön cəbhədə dayanmışam. Bu cür dırnaqarası jurnalistlərdən, müstəqil mətbuatımızı qorumaq bizim üçün prioritet məsələdir. Çünki onlar bizim vətəndaşımızı gözdən salmaq, düşmənin dəyirmanına su tökməklə məşğuldurlar. Biz belə insanların məşğuliyyətinə imkan verməyəcəyik.
Yubiley ərəfəsində bu şer misralarını oxumaq istərdim:
Tanrıya duam var, millətim üçün
Allaha əmanət, Allahdan Kərim
Vətəni, torpağı, Azərbaycanı
Məndən çox sevənlər, mənim and yerim.
Həqiqətən də Azərbaycanı məndən çox sevənlər mənim and yerimdir.
- Müstəqil mətbuat yarandığı ilk vaxtlarda hansı çətinliklərlə üzləşmisiz?
- Müstəqil mətbuat yarananda çətinliklər çox idi. Biz hər hansı mətbu orqanı yaranmamışdan qabaq onu yoxlayırdıq ki, dövlətə və dövlətçiliyə zərər vurmasın. Çünki ötən dövrdə də təsir altına düşən jurnalistlər mövcud idi. Ökəmizi məhv etmək istəyən daxili və xarici qüvvələr var gücü ilə çalışırdı. Lakin Heydər Əliyev sayəsində bu mübarizədən üzü ağ çıxdıq. Ümummili lider mətbuata böyük önəm verirdi. O mətbuata söykənən bir rəhbər idi. Təsadüfü deyil ki, Heydər Əliyev "Jurnalistlərin dostu" mükafatını almışdı. Bu gün də onun ideyaları davam edir. Amma ötən dövr jurnalistikası ilə bugünki jurnalistikanı müqayisə etmək mümkün deyil. Biz mətbuatı yeni-yeni yaradan fədailər idik. Bu gün isə jurnalistika daha da inkişaf edib. İlk olaraq onu deyə bilərik ki, sosial media öz inkişafının zirvəsinə çatıb. Lakin bugünki jurnalistikada mütaliə azlığını hiss edirəm. Arzu edərdim ki, jurnalistlər daha çox mütaliəli olsunlar. İstənilən sahəni düzgün mənimsəsinlər ki, bugün biz informasiya mübarizəsini uduzmayaq. Çünki düşmən ünsürlərin mediadan bizə qarşı istifadə etməsinə icazə verməməliyik. Qara yaxmalar ötən dövr mətbuatında da mövcud idi, bugünki mətbuatda da var. Bunlara qarşı mübarizə aparmaq üçün prezidentin ətrafında sıx birləşməliyik.
- Mədət müəllim, həmin dövrlə bağlı mətbuatda hansı hadisə hələ də yaddaşınızda canlı olaraq qalıb?
- Ötən dövr mətbuatında bizə ən böyük zərbə vura biləcək vasitələr yeni yaradılan televiziyalar idi. Biz bilmirdik ki, bu televiziyalar kimə və necə xidmət edirlər. Onu qeyd edim ki, həyatımda ən çətin məqamlardan biri "Sara" televiziyasının bağlanması idi. Biz bütün faktları araşdırdıq və əmin olduq ki, bu televiziya müstəqillimiz üçün təhlükə mənbəyidir. Və onun fəaliyyətinə son qoydurduq.
- Qeyd etdiz ki, sosial media öz inkişaf zirvəsinə çatıb. Sizcə bu media vasitəsilə ötürülən informasiyalar nə dərəcədə etibarlıdır?
- Sosial mediada məlumat yayanların senzurası onların öz vicdanı olmalıdır. Düşünürəm ki, bu camiədə dezinformasiya yayanlara qarşı qanunlar sərtləşdirilməli, onlara heç bir güzəşt olunmamalıdır.
- Dövr keçdikcə insanların mediadan tələbləri dəyişir. Ötən dövr oxucuları ilə bugünki oxucuları necə xarakterizə edərdiz?
- Ötən dövr mətbuatında insanlar mediaya daha çox güvənirdilər. Yazılanlara, araşdırmalara qeydsiz-şərtsiz inanırdılar. Bu gün isə dezinformasiya yayanlar heç də az deyil. Lakin jurnalist bilməlidir ki, onun ən böyük sensurazı öz vicdanıdır. Nəinki jurnalist, heç bir sahənin əməkdaşı vətənini, vətəndaşını gözdən salacaq işlər görməməlidir.
- Mədət müəllim, sizin fəaliyyətinizin böyük bir qismi çap mediası dövrünə düşür. Bu gün isə çap mediasının taleyi təhlükə altındadır. Sizcə bu medianı necə xilas edə bilərik?
- 40 illik jurnalistlik təcrübəmə dayanaraq deyirəm ki, çap mediasına üstünlük verirəm. Çap mediasının xilası oradakı kollektivdən asılıdır. Oxucuda marağı məhz peşəkar heyət yaratmalıdır. Bilirsiniz, insanların çap mediasına marağının azalmasının bir səbəbi də vaxt azlığıdır. Zaman sürətlə keçir və oxucu vaxt itirmədən hər şeyi tez əldə etmək istəyir. Amma bu o demək deyil ki, biz çap mediasından imtina etməli və informasiyanı yalnız online medianın ixtiyarına verməliyik. Xeyr, arzu edirəm ki, çap mediası və online media paralel olaraq inkişaf etsin.
- Mətbuatımızda hansı mövzulara daha çox yer ayrılmasına ehtiyac duyursuz?
-Bugünki mətbuatda tarixi və vətənpərvərlik mövzuların əksikliyini hiss edirəm. Bundan əlavə əhalinin sosial problemlərinin həll olunması istiqamətində analitik yazıların çox olmasının tərəfdarıyam. İnsanlar sosial mövzulara meyl edir, çünki problemlərinin həll yolunu axtarırlar. Yüngül mövzulara toxunmaqla çap mediasını ayaqüstə saxlamaq mümkün olmayacaq. Ən böyük təmənnam odur ki, istənilən media informasiya yayarkən yalnız faktlara söykənsin. Necə deyərlər "başımda olan şapkanı cənab faktın qarşısında çıxarıram".
- Siz medianın 40 il əvvəlini də görmüsüz, bu gününü də. Bəs 10 il sonra Azərbaycan mediasını necə görürsüz?
- Zaman keçdikcə medianın daha çox inkişaf edəcəyini gözləyirəm. Əminəm ki, bizim sivil gənc jurnalistika ordumuz ötən dövr mətbuat fədailərinin yolunu davam edəcəklər. Azərbaycan mətbuatının gələcəyini daha müasir, daha parlaq düşünürəm. Lakin nə qədər illər keçməsindən asılı olmayaraq vətənpərvərlik mövzuları hər zaman gündəmdə saxlanılmalıdır. Çünki vətənpərvərlik ideyaları bizim öncəliyimizdir:
Əsrlərin arxasından
Dalğalanır bayrağım.
O mənim öyrəndiyim
Mübarizlik dərsidir.
Tutalğacı -
Babəkimin kəsilən qolları,
Parçası da Nəsiminin soyulan dərisidir.
Nigar Orucova