İqtisadi basqılara kişilər daha çox məruz qalırlar- MÜSAHİBƏ

Olaylar.az "Təmiz dünya" İctimai Birliyində fəaliyyət göstərən psixoloq Sona Davudova ilə müsahibəni təqdim edir. - Sona xanım, bu gün ölkədə qadın hüquqlarını qoruyan, sığınacaq kimi fəaliyyət göstərən bir neçə ictimai birlik var. Harasa və kiməsə sığınmaq məcburiyyətində olan qadının psixoloji durumu hər kəsə inanmağa məcbur edir. Amma cəmiyyətin inandığı, güvəndiyi daha çox "Təmiz dünya"dır. Bu inamı necə əldə etmisiniz?

Olaylar.az "Təmiz dünya" İctimai Birliyində fəaliyyət göstərən psixoloq Sona Davudova ilə müsahibəni təqdim edir.

- Sona xanım, bu gün ölkədə qadın hüquqlarını qoruyan, sığınacaq kimi fəaliyyət göstərən bir neçə ictimai birlik var. Harasa və kiməsə sığınmaq məcburiyyətində olan qadının psixoloji durumu hər kəsə inanmağa məcbur edir. Amma cəmiyyətin inandığı, güvəndiyi daha çox "Təmiz dünya"dır. Bu inamı necə əldə etmisiniz?

- "Təmiz dünya" Qadınlara Yardım İctiami Birliyinin nəzdində fəaliyyət göstərən Qadın və Uşaq sığınacağı xidmət keyfiyyəti və insan haqları prinsiplərinə sadiqliyinə görə bu inamı qazanıb. Bu məsələ birtərəfli deyil. Bu işin həm sosial, həm də mənəvi tərəfləri var. Bizim sığınacağın hər hansısa xüsusi bir tələbi, giriş-çıxış qadağalarımız yoxdur. Ailələri ilə görüşmək, barışmaq istəyən şəxsləri sığınacağa dəvət edirik, onlarla uzunmüddətli danışıqlar , psixoloji məsləhət, korreksiya işləri aparırıq. Ən əsas xüsusiyyətimiz və üstünlüyümüz isə odur ki, bizdə göstərilən bütün xidmətlər- hüquqi, psixoloji yardım, sosial dəstək ödənişsiz olaraq həyata keçirilir. Çox zaman  sığınacağa müraciət edən insanın sənədlərinin qaydaya salınması, arxiv araşdırmaları, aliment üçün məhkəməyə müraciət, həmin şəxs üçün şəxsiyyət vəsiqəsinin əldə olunması, qadın və uşaqlar üçün psixoloji yardım, psixoterapeya və.s bütün bunları həyat keçiririk. Sığınacağa müraciət edən qadınlarla ilkin qiymətləndirmə üçün görüş keçirib, problemləri ilə maraqlanıb, hansı ailə modelində böyüdüklərini, uşaqlıqlarının, gəncliklərinin, ailə həyatının necə keçməsi ilə bağlı qeydlər aparıram. İnam bir gün ərzində qazanılmır. Bizə olan inam zaman və dəstək hesabına olub. Adında da olduğu kimi "Təmiz Dünya" təmiz və şəffaf şəkildə fəaliyyət göstərir.

- Müraciət edənlər arasında şəhərdə yaşayan ailələr üstünlük təşkil edir, yoxsa regionlarda yaşayanlar?

- Müraciət edən qadınlar arasından bölgələrdən, ucqar kəndlərdən müraciət edənlər daha çoxdur. Bunun da özünə görə səbəbləri var. Səbəblərdən bir neçəsi bölgələrdə təhsil səviyyəsinin aşağı olması, qız uşaqlarının ibtidai sinifdən sonra məktəbə göndərilməməsi, ailədə fiziki, psixoloji zorakılığa məruz qalmasıdır. Təəssüf ki, paytaxtdan da sığınacaq müraciət edən qadınlar az deyil.

- Qadınlarla söhbətdən sonra nəticə necə olur? Öz ayaqları üzərində durmaq istəyirlər, yoxsa iqtisadi asılılığı əsas gətirərək yenidən onlara əzab verən ailələrinə qayıdırlar?

- İlk olaraq bunun psixoloji səbəblərini qeyd edim. Psixologiyada " öyrənilmiş çarəsizlik sindromu" deyilən bir fikir var. Bu düşüncə altında təkcə qadınlar yox, kişilər, uşaqlar da böyüdülür. Qız uşaqlarına erkən yaşlarında mental düşüncədən irəli gələn güclü psixoloji və fiziki təzyiq olunur. Onların çölə çıxmaq, təhsil almaq kimi hüquqları hələ onlar uşaqkən əllərindən alınır. Bu təzyiqlər və düşüncələr altında qadın həyatını kiməsə qurban, əsir edir. Sığınacağa müraciət edən bu cür qadınlara hüquqi və psixoloji dəstəkdən sonra reablitasiya dövrünə cəlb olunurlar. Bu dövrdə 3-6 ay, bəzən bir ildə ola bilər. Qadınlar iqtisadi asılılqdan azad olma düşüncəsinə bəzən uzun zamandan sonra gəlirlər. Onlar mikro mühitdən çıxıb, makro mühitə yerləşirlər. Artıq öz ayaqları üzərində dayanmaları üçün iş tapırlar, mühitə uyğunlaşdıqdan sonra doğrudan da ətrafın o düşüncədən ibarət olmadığını, onlara hörmət edən, diqqət göstərən insanlarla rastlaşanda, dəyərli olduqlarını hiss edəndə özlərinə qarşı düşüncələri dəyişir. İnsana kənardan nə qədər müsbət müdaxilələr olsa belə, bunu özündə hiss etmədiyi vaxta qədər bunların faydası olmur. Müəyyən reablitasiya dövrü keçdikdə insan yaşadıqlarını təhlil etdikdən sonra çox vaxt özünə hörməti artdıqca düşüncəsi dəyişir. Bunun ən gözəl tərəfi ondadır ki, bu dəyişiklik xanımların xarici görünüşündə də öz əksini tapır.

- Sona xanım, bir çox ailələrin problemlərini dinləyirsiniz. Bilmək istərdik ki, bu gün ailələrdə şiddətə səbəb tərəflərin bir-birlərini anlamamaları, yoxsa kənar müdaxilələrdir?

- Bu nisbi məsələdir. Tanışlıq vaistəsilə ailə qurub yetərincə problem yaşayan və ya xoşbəxt olan, sevərək ailə həyatı qurub bir-birlərini anlamayan və ya xoşbəxt olan ailələr var. Ümumi olaraq, sığınacağa müraciət edən ailələri götürdükdə deyə bilərəm ki, bizə müraciət edən qadınların çoxu erkən nigaha cəlb olunanlar, valideynlərinin razılığı olmadan ailə quran şəxslərdir. Erkən nigaha əsasən ucqar rayonlarda daha çox rast gəlirik. Burada qızlar 15-16 yaşlarında erkən nigaha cəlb olunurlar. Telefon zəngi ilə, rəfiqəsinin vasitəsilə və digər primitiv üsullarla ailə quran qızlarımız çoxdur. Bunlara ailə qurmaq da demək olmaz. Ailə qurmaq o deməkdir ki, insan mənəvi, hüquqi, psixoloji olaraq bir insanla birgə yaşamağa hazırdır, razıdır. Amma primitiv üsulla ailə quran şəxslər sadəcə birgə yaşamağa başlayırlar. Və zamanla da onlar arasında fikir ayrılığı yaranır ki, bu da ailədə şiddətə, problemlərin yaranmasına gətirib çıxarır. Bu cür ailələrin əksrəriyyətində rəsmi nigah olmur. Çox zaman qadınların toyları da olmur. Həmin qadınlara həmişə bir sualı verirəm: Heçmi ailənin razılığı ilə, bəyaz gəlinlikdə toyunun olmasını istəmədin? Çoxu sualıma maraq dolu baxışlarla baxırlar. Bu da ondan irəli gəlir ki, ailə qavramı həmin qızların yetişdiyi ailələrdə çox bəsit təqdim olunur. Bu cür ailələr artıq 15-16 yaşına çatmış qızlarını özlərinə yük görürlər və tezliklə onların kiminləsə ailə qurmaları "təbliğ" edirlər. Əgər, qızın hansısa peşəyə yiyələnmək, oxumaq arzusu varsa, valideyinlər onun bu arzunun reallaşmasına mane olurlar. Gənc ailələrdə olan problemin kökündə onların böyüyb, tərbiyə aldıqları ailələri dayanır. İnsan yetişdiyi ailənin modelinə uyğun olaraq beynində hər hansı ailə modeli canlandırır. Qadındırsa, öz anasını qadın modeli kimi, oğlandırsa öz atasını kişi modeli kimi görürür. Burada model olaraq ata, ananın olması vacib deyil. Gənclər yaxın çevrələrindəki hər hansı şəxsi, qohumu özlərinə ailə model kimi götürə bilərlər. Model kimi qəbul olunan insanların gənclərin taleyində psixoloji olaraq iz qoyur. Günümüzdə böyüyən oğlan uşaqları da gələcəyin çox zəif xarakterli kişiləri kimi yetişdirilir. Bunun səbəbi isə onları böyüdən ananın özünün , qadının hədsiz dərəcədə qoruyucu,mühafizəkar xarakterli , qadına qarşı önyarqılı,stereotipli cəmiyyətdə yetişdirilməsindən irəli gəlir. Öz ailəsində qadını daima əzilən, döyülən görən oğlan artıq özgüvənsiz, qadınlara qarşı laqeyd, hətta bəzən antisosial, paranoid şəxsiyyət olaraq yetişir. Ona görə ailə modellərinin, qadın-kişi münasibətlərinin uşağın gələcək taleyində mühüm əhəmiyyəti var.

- Sığınacaqda olan uşaqlarda daha çox hansı psixoloji travmalara rast gəlirsiniz?

- Psixoloji nəzəriyyələrə görə şəxsiyyət 18 yaşında tamamlanan bir prosesdir. Ailədaxili münaqişələrin, problemlərin yaratdığı fəsadları gələcəkdə uşaqların kompleksli, özgüvənsiz , natamam şəxsiyyət kimi formalaşmasına gətirib çıxarır. Tətqiqatlar göstərir ki, davranış həm də öyrənilən bir prosesdir. Və bu cür uşaqlar çox zaman gördükləri davranışı öz ailələrində həyat yoldaşlarına qarşı tətbiq etməyə başlayırlar. Psixologiyada "qar topu" effekti deyilən bir proses var. Yəni, hər hansı bir xoşagəlməyən hadisəni görən şəxs, onu böyüdükdən sonra qisas, intiqam, şübhəçilik hissini özünə tabe eləmək istədiyi zəif insana tətbiq etməyə başlayır və bu hallar gedərək artır. Ailədə anasına qarşı zorakılıq halını görən qız uşağı atası xasiyyətdə biri ilə ailə qurması gözlənilən, təbii bir haldır. Çünki ailə modeli olaraq onu qavrayıb. Sığınacağa müraciət edən qadınların çoxu atasının da anasına şiddət tətbiq etdiyini və anasının buna dözdüyünü, həyat yoldaşının da atası kimi içki düşkünü olduğunu, lakin onun qədər laqeyd olmadığını adi, normal hal kimi dəfələrlə qeyd edirlər. Qadınlar atasının, həyat yoldaşının içki və ya narkotik asılılığını zorakılıq, hər hansı xüsusi problem kimi görmədiyi sürəcə onu problem hesab etmirlər. Xanımlarımız dərk eləməlidirlər ki, içki aludəçiliyi özü ayrılıqda yetərincə güclü psixoloji və fizioloji problemdir, nəinki onun sonradan qadın üzərində hansısa fəsada çevrilməsi.

- Qadın haqlarının qorunması istiqamətində say olaraq yetərincə fəaliyyət göstərən qurumlar, QHT -lər var. Bilmək istərdik ki, aparılan maariflənmə işinin nəticəsi hiss olunurmu? Bu gün sığınacağa müraciət edənlər arasında azalma faktı varmı?

- Qadınlara qarşı zorakılıq halları azalıb deməzdim, əksinə artmaqda davam edir. Pozitiv nəticə olaraq qadınların bu kimi hallara reaksiyaları güclənib deyə bilərik. Qadınların özlərinin müdafiə etmələri, öz hüquqlarını bilmələri, vəzifələrinin nədən ibarət olmasını bilmələrini aparılan maarifləndirmə işlərinin uğuru hesab etmək olar. Artıq hansısa qadın fiziki zorakılığa məruz qalmadan belə hansısa problemi ilə bağlı müraciət edə bilir, ən azından uşağını qorumaq üçün özünü müdafiəsiz hiss etmir. Sığınacağa müraciətlərin sayında azalma kimi hallar müşahidə etmirik. Bəzən müraciət edənlər daha çoxdur.

- Cəmiyyət hər zaman qadın zorakılığından bəhs edir, bu yöndə sosial layihələr həyata keçirir. Çox zaman bu kişilərin qısqanclığına səbəb olur və qadın zorakılığını bir qədər şişirdildiyini qeyd edirlər. Sığınacağa zorakılığa məruz qalan və müraciət edən kişi olub?

- Mənim təcrübəmdə və müşahidələrimdə zorakılığa məruz qalan kişinin müraciət etməsi olmayıb. Amma bir dəfə mən də bu haqda Mehriban xanıma sual vermişdim. Mehriban xanım sığınacağın tarixində bir dəfə belə bir halın olduğunu qeyd etmişdir. Amma bir kişi bir qadın tərəfindən fiziki zorakılığa məruz qalırsa, burada da ailədaxili münasibətlərin qaydasında olmadığı aydın görünür. Düşünmürəm ki, psixoloji zorakılığa kişilər qadınlardan daha az  məruz qalırlar. Hətta günümüzdəki problemlərdən dolayı kişilər daha çox bu problemlə qarşılaşırlar. Məsələn, sən kişisən, bunları etməlisən, işləməlisən, bunları mütləq almalısan və.s kimi iqtisadi basqılara kişilər daha çox məruz qalırlar. Düzdür, kişi çalışmalıdır. Amma unutmamalıyıq ki, ailə bir qarşılıqlı razılaşma əsasında yaradılan kiçik bir qurumdur. Burada kişiyə maddi qazanc gözü ilə baxmaq düzgün deyil. Qadınlarda bu kimi psixoloji basqılara tez-tez rast gəlirəm. Bunlar mental düşüncədən irəli gəlir. Amma söhbət ailədən, birgə addımlamaqdan gedirsə, mütləq orada qarşılıqlı hörmət, sevgi, çalışma olmalıdır.

- Sığınacaqda olduğunuz bu vaxtda qədər sizə müraciət edən hansı qadının həyat hekayəsini hələ də unuda bilmirsiniz?

- Biz sığınacağa müraciət edən qadınların həyatını ümumi halda zorakılıq adlandırırq. Amma onların hər birinin həyatı yazılsa ayrıca bir film ssenarisi, bir romandır. Xüsusi olaraq həyatlarını, problemlərini ayırd elədiyim qadın yoxdur. Amma daha çox məni mənəvi cəhətdən sarsıdan hadisədən biri 17 yaşında bizə müraciət edən bir qızın həyat oldu. Öz anası tərəfindən o cinsi istismara məruz qalmışdı. Dəfələrlə özündən böyük qonşusuna, başqa şəxslərə pul qarşılığında satılmışdı. Dəhşətlisi isə bunda idi ki, atası bu vəziyyətə susqun qalmışdır və heç bir reaksiya verməmişdir. Bu proses illərlə davam eləımişdi. Sığınacağa gələndə məlum olmuşdur ki, o qız vərəm xəstəliyindən əziyyət çəkir. Biz onu dispanserə yönəltdik. Orada müalicəsi davam edir. Bu qız hər dəfə onunla söhbətə mənə bir sual verirdi ki, mənim günahım nə idi ki, anam məni sevmədi deyib ağlayırdı.

- Çox zaman qadınların həyat yoldaşından seriallarda, efirlərdə gördükləri həyatı tələb etdiklərinə görə problem yaşadıqları iddiaları irəli sürülür. Sizcə fikridə həqiqət nə dərəcədədir?

- Bu düşüncə ilə bağlı məsələdir. Yetərincə sağlam düşünmə qabiliyyəti, təhlil bacarığı olan yetkin bir xanım öz həyatını serialla, hansısa bədii filmlə müqayisə eləməz. Hər hansı vəziyyətdə müqayisə aparsa belə qarşı tərəfə hər hansı təzyiq göstərmədən özü özlüyündə ona uyğun cavab tapa bilir. Deməzdim seraillar birbaşa ailə münaqişəsinə səbəb olur. serial yalnız təkan ola bilər.

Demək ki, onların həyatında əvvəldən də hansısa problemlər var. Burada doğru olmayan ailə modeli, ünsiyyət problemi və.s ola bilər. Serial, rəfiqələr və digər hallar burada təkan rolunu oynaya bilər.

- Aparılan söhbətlərdən, konsultasiyalardan sonra tərəflərdən hansı ailələri ilə barışmaq, onlara qayıtmaq istəyirlər?

Bəzən belə bir halla tez-tez üzləşirəm ki, müraciət edən qadınlar öz həyatlarını, həyat yoldaşlarını elə faciəvi təqdim edirlər. Mən düşünürəm ki, bu cür insanla illərlə necə yaşayıb. Daha sonra barışmaq istəyən, söhbət etmək istəyən kişini dinlədikdə görürük ki, problem heç də təktərəfli deyil. Qadınlar daha emosionaldırlar. Kişilər isə bəzi hallarda qarşı tərəfi manipulyasiya edərək, özlərini fərqli təqdim etməyə çalışırlar. Bütün hallarda seanslara cütlük halında davam edən ailələrdə uğurlu nəticə əldə edirik. Bəziləri uzun müddət sığınacağı tərk edib, ailəsi ilə barışdığı halda ehtiyac duyduqları an konsultasiyada iştirak edirlər. Hətta bir dəfə fiziki zorakılığa məruz qalmayan, həyat yoldaşı tərəfində tez-tez sözlü şiddətə məruz qalan bir xanım mənə müraciət etmişdi. Həyat yoldaşı ilə birgə seanslara qatılan kişi artıq xanımına qarşı heç bir kobud ifadə işlətmir. Xanım hələ də haradasa mənimlə rastlaşanda, sosial şəbəkə hesablarımda mənə təşəkkür edir. Demək istəyirəm, ailələr seanslarda birgə iştirak edəndə uğurlu nəticəni daha tez əldə edə bilirik.

- Sığınacaqda məşkulaşana uşaqların, qadınların maariflənməsi işləri necə aparılır?

- Sığınacağa uşaqları ilə birgə müraciət edən qadınların övladlarının təhsildən yayınmamalarına çalışırıq. Onlar uşaqlarını eyni qayda ilə məktəbə aparırlar. Amma regionlardan gələn və ya şəhərdə yaşayıb, məktəbi sığınacaqdan çox uzaqda yerləşən, hər hansı həyati təhlükəsi olarsa o zaman biz uşaqların məktəblərini dəyişirik. Heç bir halda uşaqlar təhsildən yayınmırlar. Qadınlarla bağlı isə təhsilin davam elətdirmək istəyən, yeni sənətə, peşəyə yiyələnmək istəyən qadınlara hər zaman dəstək oluruq. Onların öz ayaqları üzərində durmalaraına kömək edirik. Yetər ki, onları özləri bunu istəsin. Bu il bizim sığınacağın sakini olan Diana Rəssamlıq Akademiyasında təhsil alır. Bundan əlavə bizim təlimlər paketimiz var. Bunu universitet tələbələri və sığınacaqda qalan xanımlar üçün də təşkil edirəm. Təlim paketi gender əsaslı zorakılığa məruz qalan xanımların maariflənməsi üçün nəzərdə tutulub. Burada ünsiyyət bacarığı, uşaqla rəftar qaydaları, işləmək istəyən qadınların iş tapma üsulları (hansı insanlara aldanmaq olmaz), şəxsiyyətin tanıdılması və.s məsələlər haqqında qadınları maarifləndiririk. Bundan əlavə mütamadi olaraq qrup terapiyaları keçiririk. Ehtiyac olduğu halda kənardan medikamentoz müalicə üçün psixiatr da cəlb edirik. Uşaqlarda da ilkin qiymətləndirmə, diaqnostika, art-terapiya olur. Bütün bunlar onların təhsillərində də öz müsbət əksini tapır.

Nigar Adil

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31