“Rüşvətxorluğu uşaq beyninə əkən “Cırtdan” kimi nağıllardan onları xilas etməliyik” – Müsahibə

Eluca Atalı: "Adama xəbər verdim ki, qadın yaşayır. İnanmazsınız, o, uşaq kimi ağlayırdı" Tanınmış yazar, publisist, Eluca Atalı İsveçdə yaşayır. On iki yaşından şeir yazmağa başlayıb, ədəbiyyata fəlsəfi-bədii miniatür janrını gətirib və müxtəlif janrlarda yüzlərlə əsəri vətənində və xaricdə çap olunaraq başqa dillərə də çevirilib. O, Azərbaycan diasporunun fəallarından biridir. Olaylar.az xanım yazarla müsahibəni təqdim edir.

Eluca Atalı: "Adama xəbər verdim ki, qadın yaşayır. İnanmazsınız, o, uşaq kimi ağlayırdı"

Tanınmış yazar, publisist, Eluca Atalı İsveçdə yaşayır. On iki yaşından şeir yazmağa başlayıb, ədəbiyyata fəlsəfi-bədii miniatür janrını gətirib və müxtəlif janrlarda yüzlərlə əsəri vətənində və xaricdə çap olunaraq başqa dillərə də çevirilib. O, Azərbaycan diasporunun fəallarından biridir.

Olaylar.az xanım yazarla müsahibəni təqdim edir.

- Eluca xanım, sizi Asif Ata ocağının övladı kimi tanıdırlar. Ata fəlsəfəsini necə xarakterizə edərdiz?

- Asif Ata əqidəsini qəbul etmişəm, onun davamçısıyam. Məni Ocaqçı kimi tanıtmaqlarında heç bir yalnışlıq yoxdur, Eluca adını mənə Ata verib, Atalı soyadını isə Ata yolunun davamçısı olaraq üzərimdə daşıyıram. Bu təkcə fəxr deyil, həm də məsuliyyətdir, yükdür. Ocaqçı Ocaq yükünü daşıya bilməyəndə ad ondan alınır. Ata fəlsəfəsi Mütləqə İnamdır, mütləq olanı var saymaq, nisbini yox saymaq. Görünən və görünməz nə varsa, bizi əhatə edən yerə, göyə, dünyaya, həyata, insana Mütləq ölçü ilə yanaşmaq, mütləqilik nöqteyi-nəzərindən onları qiymətləndirmək əsasdır. Dünya və həyatdan fərqli olaraq insan özünü dəyişə bilər, çünki o ruhani varlıqdır, onda olan ruh insana bir vəziyyətdə qalmağa imkan vermir. O daim öz üzərində iş görüb dəyişə bilər. Bu dəyişmə hansı formada olmalıdır? İnsan deyəndə, mən ümumi anlamda götürürəm, əslində bizim fəlsəfəmizə görə, insan dünyaya məxluq kimi gəlir, adam kimi yaşayır, lakin onun insan olmaq imkanı var. Özünü dəyişmə insan olma imkanına əsaslanır.

- Hər zaman şikəyətlənirik ki, xarici ölkələrdə yetərincə təbliğ olunmuruq. Sizin İsveçdə və digər ölkələrdə kitablarınız dərc olunub. Xarici oxucular kitablarınız haqqında nə düşünürlər?

- İlk rəyləri duyğusal olmağımla bağlıdır və kədərdən çox yazdığımı vurğulayırlar. Keçən il Amerikada "Yad dildə azadlıq nəğməsi" və "Heykəllər niyə danışmır?" ingilis dilində iki kitabım yayımlandı, hər iki kitabın redaktoru və rəyçisi Kaliforniya universitetinin professoru Kambon Obayani mənimlə 90 dəqiqəlik müsahibə hazırladı. Onun kəşf etdiyi nə idi? İki Azərbaycanın olduğunu ilk dəfə mənim əsərlərimdən öyrənib. Baxın, 190 ildir Azərbaycan bölünüb, amma tarixi faktı da qədərincə dünyaya anlada bilməmişik. Ümumiyyətlə, biz tarixi əsərlərin yazılması və təbliği ilə bağlı ciddi işlər görməliyik. Həmçinin 20 yanvar olayını, 1990-cı ildə Sovet imperiyasının Bakıya dörd bir yandan tank sürüb dinc əhalini qırdığını "Heykəllər niyə danışmır?" hekayəmi oxuyandan sonra izinə düşüb öyrəndi.

- İsveçdən Azərbaycan ədəbiyyatı necə görünür?

- Desəm, lilliput kimi görünür, bu yalan olar. Çünki burda Azərbaycan ədəbiyyatının varlığından xəbər yoxdur, ədəbiyyatımız isveç dilinə tərcümə olunmayıb, təbliğ edilmir. Stokholmda yerləşən Milli Kitabxanada Azərbaycan ədəbiyyat nümunələri də Azərbaycan dilindədir, sözsüz ki, bu da özümüzün oxumamız üçündür.

- İxtisasca kitabşünassınız. Yaradıcılığa şer yazmaqla başlamısız. Necə oldu ki 10 ildən sonra nəsrə keçid aldınız?

- Çox gözlənilməz oldu, hər şey nağıllardakı kimi birdən-birə baş verdi. Geniş süjetli bir ideya ətrafında düşünürdüm, ikinci dünya savaşı ilə bağlı idi. Uzun müddət bunu yaza bilmədim, nəzmə sığmırdı, hadisələr çox idi. Elə bu an nəsr dadıma çatdı və qələmi əlimə alıb gözlənilmədən uzun bir hekayə yazdım. Adı "Qışa düşdü ilk məhəbbətim idi", ikinci dünya müharibəsində biri-birini sevən iki hərbiçi öz eşqlərini bəyan edə bilmirlər, 40 ildən sonra bu hadisəni qələmə aldım, bu uzun illər ərzində qadının sağ olub-olmaması ilə bağlı içində sual gəzdirən adama xəbər verdim ki, qadın yaşayır. İnanmazsınız, o, uşaq kimi ağlayırdı. Elə bil onu başqa bir dünyaya qonaq aparmışdım. Mən o zaman dərk etdim ki, sevgi-kəşfdir, heç kimin görmədiyini görürsən, aşkarlayırsan, onun varlığı haqda ətrafdakılarına xəbər verirsən. Səni dəli də saya bilərlər, bundan qorxmaq lazım deyil. Əsas olan sənin inandığını dərk etməkdir. Ümumi halda, mən eşqdən çox az yazan qələm sahiblərindənəm, bunu mənə çox irad tuturlar, amma ilk nəsr əsərim bu mövzuda olub. Həm də məni dərddən, acıdan yazan biri kimi hallandırırlar, elə bu ilk nəsr işimdə də məhəbbətə mane olan, iki sevən insanın cəbhədə yerlərini dəyişməklə onları biri-birindən ayırmaları onların sonrakı yollarını da ayırıb. Siz təsəvvür edin, altmış yaşlarında bir adam o qadının yox xəbərini eşidəcəyinə hazır deyildi. Onda belə bir hal vardı ki, qadının yox xəbərindənsə, tapılmır xəbəri gəlsə daha yaxşıdır. Adamla uzun-uzadı danışırdım, suallar verirdim, halına bələd olurdum, onu hərtərəfli tanımaq istəyim var idi. İnsanın sevdiyini itirmək qorxusu onu param-parça edir.

- Hansı ölkədən kitablarınıza və yaradıcılığınıza qarşı daha böyük maraq hiss etmisiz?

- Quzeyli-Güneyli Azərbaycanda, Türkiyədə, Özbəkistanda, Əfqanıstanda, Hindistanda  daha çox maraq hiss edirəm. Bəlkə də, şərqli ruhuma görədir, şərq ölkələrindən olan oxucularım məni daha tez anlayırlar.

- Xarici ölkələrdə kitablarınızın təqdimatı zamanı erməni lobilləri sizə qarşı süni əngəllər törədiblərmi?

- Elə bir güclü təzyiq hiss etməmişəm, əslində ermənilər İsveçdə sayca çox deyillər, amma ətraflarına türkə qarşı dura biləcək qüvvələr toplaya bilirlər, təbliğat mexanizmləri güclü çalışır. Özləri də olmasa, qeyri-ermənilərin əliylə təzyiq göstərməyə çalışırlar. Bəzən mənə qarşı təzyiq olanda fikrin hardan gəldiyini, əsl ünvanını görürəm. Onlar başqalarından istifadə etməkdə ustadılar. "Tiqranizm Xocalıda" kitabım türkcə yayımlanandan sonra uzun-uzadı ermənilərdən və onların yandaşlarından məktublar aldım. Mənlə görüşüb üzbəsurət dialoqa girmək istədiklərini bildirirdilər. Görüşməməyi qorxaqlıq hesab edib, görüşdüm. İlk kəlmələri bu oldu: "Kitabı aşırı tükçü-millətçi mövqeyindən yazmısan". Mənsə cavabında "Xocalını erməni mövqeyindən yazmaq mümkündürmü?" -dedim, amma cavab verən tapılmadı. Qaldı, öldürəcəyik, asacağıq-kəsəcəyik kimi hədələrə, bu hürməkdən savayı, bir şey deyil. Vuran igid dayısına baxmaz!!!

- Əsərlərinizdə qadınlara və uşaqlara qarşı həssaslığınız hiss olunur. Bugünkü dünyada və ölkəmizdə qadına qarşı şiddətin bitməsi və uşaqların gözəl gələcəyi  üçün nələr etməliyik?

- Əvvəla deyim ki, cəmiyyətdə və dünyada qadınlığın mahiyyəti aşkarlanmalıdır, qadına ana, bacı, qız, sevgili kimi baxmağı bacarmaq lazımdır. Nə qədər ki, bu yaranmayıb, qadına ikinci dərəcəli məxluq kimi baxılacaq. Deyə bilərsiniz, şeir, musiqi qadını vəsf edir, din deyir, cənnət anaların ayağının altındadır, amma cənnəti ananın ayağının altına sözdə salan kişilər, əməldə qadını daşın altına salıb daşqalaq edirlər. Bəs niyə dindarlar birləşib kütləvi şəkildə buna qarşı durmurlar? Niyə qadın qara çadraya, rübəndə, şala bürünməlidir ki, kişi ona baxanda şəhvət hissi oyanmasın? Qadın zərif varlıqdır, amma bu zərifliyi zəiflik kimi anlamaq, dərk etmək qadını tam öyrənməməkdən irəli gəlir. Mənə deyəndə ki sən kişi kimi qadınsan, fikrini açıq deyirsən, bunun özündə də hardasa qadına şübhə ilə yanaşma amili var. Adam cinsiyyətindən əvvəl insan kimi doğulur, insan gördüyünü həqiqət meyarı ilə ölçüb, bu ölçüyə uyğun olmayanı dilinə gətirməyə borcludur. Mən yalnız insanlıq qarşısındakı borcumu yerinə yetirirəm. Qaldı uşaqlar məsələsinə, uşaqlara qarşı zor işlətməyin əleyhinəyəm, uşaqları məhəbbətlə yetişdirmək lazımdır. İlk əvvəl rüşvətxorluğu uşaq beyninə əkən "Cırtdan" kimi nağıllardan onları xilas etməliyik. Uşaqlara nəsihəti sözlə yox, əməllə çatdırmağın tərəfdarıyam. Uşaq vətənin gözəlliyini kitabdan oxumamalıdır, yaşadığı vətəndə, cəmiyyətdə ədalətin qalib gəldiyini görməlidir. Uşaq gördüklərindən daha çox öyrənir, onlarda göz yaddaşı güclü olur.

- Eluca xanım, "Gecikmiş oyuncaq" kitabı 6 yaşında yaşadıqlarınızdır. Daha hansı kitablarınız sizdən bəhs edir?

- Birbaşa həyatımdan bəhs edən kitab adını hallandırdığınız "Gecikmiş oyuncaq"dır. Birbaşa ona görə deyirəm ki, orada bütün adlar kimi öz adımı da dəyişmədən, birinci şəxs olaraq həm müəllifin adından, həm də həyatından bəhs edir. Bildiyiniz kimi, bu əsərdə 6 yaşından 46 yaşına qədər, yəni, 40 il bir duyğunun, oyuncaq eşqinin məni izləməsi ilə bağlıdır. Yaş artır, amma oyuncağa olan həsrət ölmür. Burda müəllifin vermək istədiyi mesaj nədir? Yaşanmamış duyğu ölmür, daim o səni izləyir, çünki sən onu ardıcıl düşünürsən, əldə edə bilmədiyin üçün. Bu tək oyuncağa aid deyil, bu hər şeydə var. Böyük mənada... Əvəz olunmayan şeyin dalınca adamın gözü qalır, hər yerdə onu axtarırsan. Çünki yeri dolmur, boşluq həsrət yaradır. "Gecikmiş oyuncaq" kitabı yeri dolmayan, ömrümdə boşluq yaratmış oyuncağın yerini doldurmaq istəyi ilə qələmə alınıb. Qəribədir ki, 46 yaşım olanda Asina adlı 3 yaşlı bir qız uşağı mənə ilk dəfə olaraq oyuncaq bağışladı. Uşaqlarda hiss etmə güclü olur, görünür onunla birgə əylənəndə oyuncaqlara hərisliyimi duymuşdu. Qaldı, digər əsərlərimdə özüm haqda nə dərəcədə vermişəm, əslində yazar nə yazırsa, birbaşa olmasa da, dolayı şəkildə öz ömründən o əsərə bir şeylər qatır. Elə götürək Güney Azərbaycanlıların mühacirət həyatından bəhs edən "Ay ana, yel vurdu sındırdı sünbülümüzü" hekayəsini. Bu əsəri oxuyan hər kəs "mənim həyatımı görüb yazmısan" -deyir, istər mühacirətdə olan, istərsə də olmayan. Bunun iki halı var: birincisi, hər kəs həyatında azdan-çoxdan ayrılığı dadmış olur, ikincisi, orada olan bir səhnə mənim öz həyatımda baş verib. Ana ilə oğulun ayrıldığı sonuncu görüş səhnəsində sübh tezdən torağaylar oxuyub, Aranın bir aprel səhəri, günəşin hələ yatağından qalxmadığı bir səhnənin təsviridir. Bu hissəni yazanda Bakıda olduğum zamanları xatırladım, torağayların nəğmə oxuduğu ilk baharı. Yazarlığı hardasa dəvənin kövşək çalmasına bənzətmək olar, o yem yeyib sonra onu mədəsindən ağzına qaytarıb çeynəyir. Yazar da olmuş hadisəni beyin arxivinə yığır, sonra zaman-zaman yeri gəldikcə onu arxivdən çıxarıb əsərdə  yerinə görə işlədir.

- Türkiyədə konfranslar keçirir, tez-tez dəvətlər alırsınız. Orada bir sıra xəbər saytlarında, tv, radiolarda, qəzetlərdə müsahibələriniz yayımlanır. Türkiyə toplumu Azərbaycanda baş verən hadisələrə qarşı nə dərəcədə duyarlılıq göstərirlər?

- Türkiyənin yarısını gəzdim deyə bilərəm, sizin qeyd etdiyiniz kimi aldığım dəvətlər, konfranslarla bağlı olub hamısı və olduğum bütün şəhərlərdə Azərbaycana qarşı içdən gələn isti sevgini hiss edirəm. Adam sevgi bəslədiyinin kədərinə də biganə qala bilmir. Eyni zamanda da Xocalını anladanda Sarkisyanın "Xocalıda biz 1915-ci il Anadolunun heyifin çıxdıq" deməsini əsasən də Türkiyədə gənclik auditoriyasına çatdırmağa cəhd edirəm. Bizim təbliğatımızın gücündən və istiqamətindən asılı olaraq təsirlənir və gerçəkdən anlayırlar ki, erməniyə qarşı birgə mübarizə xəttimiz olmalıdır.

- Qaraqalpaq Respublikasında olan universitetdə kitabınızın qaraqalpaq türkcəsinə çevirilib çapa hazırlanmasının təşəbbüskarı kim olub?

- Təşəbbüs qarşı tərəfdən gəldi. Özbək və rus dilində olan kitablarımı oxumuşdular. Açığını deyim, özbəkcə çap olunmuş "Özünü gətir" kitabıma özbək dilli oxucular arasında böyük maraq oldu. Kitab tək Özbəkistanda yox, Əfqanıstandakı özbəklər arasında da yayıldı. Bu kitab vasitəsi ilə özümə həmfikirlər qazandım. Mənim üçün ən gözlənilməz hal Özbəkistandakı Əlişir Nəvai adına Milli Ədəbiyyat Universitetində olan görüşdə baş verdi. Tələbələrdən gələn suallar bitib-tükənmirdi, əsasən də kitabdakı "1+1=" silsiləsindən olan riyazi misalın həyata və təbiətə tətbiqi ilə bağlı idi. Bunun ətrafında çox suallar oldu, görünür bu gənclik auditoriyası üçün yeni fikir idi. Həm də "Özünü gətir" fəlsəfi-bədii miniatüründəki özünü dəyişmənin yolunun imtinadan keçdiyini dərk etmişdilər. Görüşün sonunda təqribən 19 yaşlı bir gənc ayağa durub: "Sizin kitabınız mənim ömrümü dəyişdi..." dedi. "Gecikmiş oyuncaq" kitabım da Özbəkistandakı Termiz universitetində tərcümə edilib Daşkənddə çap olundu. Üçüncü bir kitabım da özbək dilinə çevirilir.

- "Turan mənim üçün fiziki anlam daşımır, o ruhumun uçduğu səddsiz-sərhədsiz, əngin asimandir." - demisiniz. İçinizdəki Türküstan sevgisini yaradıcılığınızın əsas xətti hesab edə bilərik?

- Yaradıcılığımın əsas xətti Asif Ata fəlsəfəsinin canı olan "İnsanlaşın-İnsanlaşdırın!" ideyasından gəlir. Yəni, "İnsan dəyişməsə, dünya dəyişməz!" Ata fikri mərkəzdə durur. Biz insan kimi dəyişəndə öz kimliyimizə əsaslanmalıyıq, bizim kimliyimiz türklüyümüzə söykənir, türkün ərəbləşməsinə, yad inanclara tapınmasının əleyhinəyik. Çünki yad inanclar altında bizim ruhumuz əriyir, özümüzü təsdiq edə bilmirik. Biz kimliyimizi təsdiq etdikcə də Türküstan yaranacaq. Bəli, o mənim üçün sədsiz, sərhədsizdir, harda türk varsa, orda Türküstan ab-havası hiss olunmalıdır. Miskin, özündən ayrılmış, yadın qabağına qaçan, özgənin dalıyca ağlayan türkün olduğu məkandan Türküstan qoxusu gəlməz. Bacardıqca türk yurdlarına səfər edirəm, müxtəlif ləhcələrlə danışan türkləri dinləyəndə musiqiyə qulaq asanda dincəldiyim halı yaşayıram. Yəqin ki oxumusunuz Qırğızıstan səfərindən dönərkən yazdığım "Qolundakı zənciri öpən qulun qiyməti nə qədərdir?" Təsadüfən 9 may ərəfəsində Bişkeşdə idim, rus dilində "Böyük vətən müharibəsi" adı altında şüarları oxumaq mənə əzab verirdi. İşğalçı kommunistlərin ölkəsini biz özümüzə vətən saya bilmərik. Biz deyəndə tək qırğızı nəzərdə tutmuram, qırğızı özümüzünkü hesab etdiyim üçün "biz" deyirəm. Bu səbəblə də Türküstan ilk əvvəl bizim beynimizin məhsulu olmalıdır, beynimiz işğalçı ideyalardan, düşüncələrdən təmizlənməlidir. 2018-ci ildə Macarıstanın Buğac şəhərində Hun-Turan qurultayında oldum, 3 gün ərzində 250 mindən artıq türk dünyanın dörd bir tərəfindən ora toplaşmışdı. Yenə təəssüf hissim vardı ki, ortaq türk dilinə gələ bilməmişik, türk türkünü anlamaqdan ötrü rus və ingilis dillərində bir-biri ilə dil tapırdı. Ədəbiyyat, musiqi, sənət insanlar və millətlər arasında sağlam körpüdür. Biz bu körpüdən qədərincə bəhrələnməyi bacarmalıyıq.

- Elektron medianın dünyada və Azərbaycanda sürətli artımı kitaboxucularının səviyyəsinə təsir edirmi?

- Edir, özü də lap çox. Görüntülü informasiya kitab oxunmasını çox aşağı səviyyəyə salıb. Bu da səbəbsiz deyil, görüntülü informasiya çox şeyi insana hazır verir, həll edib verir, istər oradakı rəngarəngliklə, istərsə də izah edən səlist, məlahətli səslə. Bunlar hamısı insana psixoloji təsir edir. İnsanın da canında hər şeyi hazır və rahat əldə etmək istəyi var. Kitab oxumaq bundan çox fərqlidir, kitabdakı aləmi özün təsəvvür edirsən, həlli sənin öhdənə düşür.

- Eluca xanım, bu gün Güney dərdindən bəhs edən nəsr əsərləri demək olar ki, yoxdur. Buna münasibətiniz və Azərbaycanın Güneyində fəallara qarşı göstərilən təyziq, baş verən həbslər, gənclərin ana dilində təhsil ala bilməməsi probleminə necə yanaşırsız?

- Çəkinmədən deyərdim ki, Güney mövzusu ədəbiyyatımızda lazımı qədər yer almayıb. Sovet dövründə iczəli ədəbiyyat vardı, sifarişli yazılar yazılırdı, güney mövzusu da kommunist ideologiyasının izin verdiyi qədər işıqlandırılırdı. Tutaq ki, Mirzə İbrahimovun "Gələcək gün" romanı, Süleyman Rüstəmin "Təbrizim" şeri və s. bunun kimi iki-üç əsərdən o tərəfə güney dərdi işıqlandırılmadı. Bəs, bu gün necədir? İndiki müstəqillik kimdən izin alacağıq? Müstəqil bir ölkənin vətəndaşına kim deməlidir ki, öz vətənin dərdindən yaz? Yoxsa bizim yazarlar, sənətkarlar ruhən özlərini azad, müstəqil hiss etmirlər? Güneydəkilərin iri həcimli nəsr əsərini öz dilimizdə yaratmaq üçün imkanları azdır, söhbət nəsrdən gedir. Çünki anadilli nəsr əsəri yazmaq üçün tək şifahi danışıq dili bəs etmir, gərək əsəri yazdığın dilin incəliyini mükəmməl biləsən. Yazan zaman söz musiqi kimi axmalıdır. Adam yazan zaman sözün səsini eşidir, ətrini qoxlaya bilir, rəngini görə bilir. Əgər bu proses yazan zaman baş vermirsə, o zaman sən sözü çox çətinliklə tapırsan, doğru-dürüst yerinə qoymaq üçün. Bir də əsər yazarkən iki proses eyni halda baş verir, beyinlə dərk etdiyini ürəklə yazırsan. Məhz o zaman əsərdə istilik olur, doğmalıq olur ki, oxucu da əsəri oxuyan zaman hərarət onu hadisələrin içinə salır. Bu olmayanda oxucu və əsər birliyi yaranmır, ikilik olur. Bu baxımdan bu gün Güney Azərbaycan nəsri yaranmır, adda-budda yazılan əsərlərdən söhbət getmir, mövzu 40 milyonluq insanın acısını özündə canlandıran, bu gün Milli Azadlıq Hərəkatımızın gündəlik gedişatını ayna kimi göstərən ədəbiyyatdan gedir.

Qaldı, sualınızın ikinci hissəsinə Güneydəki asmalar, kəsmələr, qorxu ilə idarə etmələr, qadın azadlığı, ana dilində məktəb, quruyan Urmu gölünün 14 milyardlıq zəhərinin vurub məhv edəcəyi qədim yurdumuz, ədalətsizliyə düçar qalmış Güney Azərbaycan vilayətlərinin büdcəsi, gənclərimizin öz bədən hissələrini satmaqla beş günlük güzaran qazanmaları və s. saymaqla bitməyən dərdlərimiz... Sözsüz, mən də bunu ən azından iki halda qəbul edə bilmirəm: Birinci, insan  olduğum üçün bu qeyri-insani hala göz yuma bilmirəm, ikincisi, yurddaşlıq mövqeyindən ləyaqətimə toxunur. Sadaladığım saysız-hesabsız problemlər mənim yurdumda baş verir, həm də sayı nə az-nə çox, 40 milyon olan bir millətin arasında cərayan edir, ikinci bir tərəfdən tarixən quldarlıq quruluşu görməyən bir türk millətinin, digər halda bir əsrdə dörd inqilab vermiş, lakin həmişə də farsların bəhrələndiyi bizlərdən bəhs edirik.

Güney Azərbaycan məsələsi bizim üçün xüsusi məsələdir, köklü məsələdir, bu mövzunun üstündən beş kəlmə ilə aşa bilmərik. Paralanmış Vətəndir, həm də Vətənin böyük bir hissəsidir, istər əhali baxımından, istərsə də ərazi baxımından. Əgər Quzey Azərbaycan problemindən bir dəfə yazırıqsa, Güney Azərbaycandan dörd dəfə yazmalıyıq, çünki oradakı yurddaşımızın sayı Quzeydəkindən dörd dəfə çoxdur, problemi də saya gəlməz. Nə zaman başladı Qarabağ problemi? 1828-ci il Türkmənçay müqaviləsi ilə, o zaman ki Azərbaycan ikiyə parçalandı, şaqqalandı. Asif Ata deyir: "Qarabağın bir dəfənlik həlli Güney Azərbaycandan keçir. Erməniyə 50 milyonluq Azərbaycan türkünün təpiyi lazımdır, erməni ruhani gücdən qorxan deyil, o, fiziki gücdən qorxur." Bu gün biz bunu dərk etməliyik və dərk etdirməliyik. Əgər dərk etməriksə və etmək istəməriksə, Vətənlə, yurdla bağlı problemimiz hələ çox uzanar. Mən istəyirəm, mənim oxucularım beyin işağalından qurtarsınlar!

Asif Ata: "Azərbaycan birdir! Əgər, o, ikidirsə, demək, o, heç yoxdur!" Ən yanlış mövqe quzeylinin yalnız Quzeyi, güneylinin də yalnız Güneyi düşünməsidir. Azərbaycana Azərbaycanımız-Azərbaycançılığımız mövqeyindən yanaşmalıyıq, yəni, bütöv görməyi bacarmalıyıq.

- Güney dərdi ilə bağlı əsərlərinizdə sosial şəbəkələrdə, həmçinin şəxsi internet ünvanınıza gələn mesajlarda bəzən kobud təhqirlərə də rast gəldiyinizi bildirmisiz. Sizi kimlər, nə üçün təhqir edirdi?

- Əsas hücumlar "İran hizbullah zindanında" romanını yazandan sonra başladı, ölüm hökmü, ölümlə hədələmə, qurşaqdan aşağı söyüşlər. Təbiidir, olmalıdır, olacaq da. Biz bunu gözləməliyik, gözlənilməz hal kimi qarşılamaq bizim tərəfimizdən naşılıq olardı. Biz mübarizədə bərkimiş adamlarıq, bilirik nə iş görürük, bilirik aqibətimiz necə olacaq. Bu milli azadlıq məsələsidir, bütövlük məsələsidir, uşaq oyunu deyil, biz yalmanmırıq, İran mollası mənim dini qardaşımdır, baxmayaraq ki, erməni ilə qandaşlıq edir, demirik. Biz deyirik ki, molla kimi aldadırsan, kimə yalanını sırayırsan? Qarabağ savaşında mən dünya ilə döyüşdüm, dünya üzərimə gəldi, təkləndim, sən, mənə dini qardaş deyən, xristian erməninin cəbhəsinə yemək daşıyırdın, paltar verirdin, Cəbrayıl döyüşəndə Harami düzündə "çadır şəhərciyi" salırdın, xəyalında qurduğun "işğal olunmuş Cəbrayıl" üçün.

Nədən "İran hizbullah zindanında" romanından sonra təzyiqlərə məruz qaldım? Bu əsərdə İran İslam inqilabının faşizm və kommunizmdən sonra XX əsrdə bəşərə gəlmiş növbəti bəla olduğunu göstərdim. Xomeyni istəyirdi islam inqilabı birinci növbədə şəqrdə, sonra da bəşərdə qələbə çalsın. Amma xx əsrin insanı bunu qəbul edə bilməzdi, çünki faşizm II dünya savaşın törətdi, üst-üstə 52 milyon insanın məhvinə, bir o qədər də insanın şikəst olmasına, saysız-hesabsız ailələrin başsız qalmasına, torpaqların minalanmasına və s. Bəşərin faşizmdən çəkdiyi maddi ziyan ödənə bilər, amma mənəvi-psixoloji ziyan dünya durduqca onun zədəsi nəsildən-nəsilə keçəcək. Bu günkü Livana, Suriyaya, İraqa, Yəmənə baxın. Bu dəqiqə Yəməndə 30 milyon insan acından ölür, baisi İrandı.

Romanda İrandakı hizbullah zindanlarının faşistlərin yaratdığı auşivist ölüm düşərgəsindən fərqlənmədiyini canlandırmağa çalışmışam. Molla pərəstlər bunu həzm edə bilmirlər.

Xomeynizmin üç əsas sütunun romanda bədii şəkildə həll edib oxucuya çatdırmışam. Əqidəsinə gördə zindanda təcavüz olunub ardınca asılan qız uşağının valideyinin yerində bir an da olsun özümüzü təsəvvür etmək çox ağırdır, amma mənim yurddaşım bunu yaşamağa zorlanıb...

Kimlər tərəfindən təzyiqə məruz qaldım? Molla höküməti tərəfindən, hizbullahçılar, ETTELAAT və əsasan də Quzey Azərbaycandakı Qumdan bəhrələnənlər...

Molla rejiminin həqiqəti görəcək gözü kordur, qulağı kar.

- 1914-1918-ci illər erməni-daşnak qruplaşmaları tərəfindən ölkəmiz üzərinə olan hərtərəfli yürüş, Qarabağın işğal cəhdi və Sultan bəyin tarixi Zabux dərəsindəki qələbəsinə həsr olunmuş "Nalşəkilli mühasirə"  adlı kitabınızın Stokholmda təqdimatı oldu. İsveç oxucularının Azərbaycan həqiqətlərinə münasibəti necə oldu?

- Söhbət sadə oxucudan gedirsə, Azərbaycan ətrafında baş verən ədalətsiz hadisələrə, insan ölümünə təəssüflənirlər. Sözsüz ki, İsveç cəmiyyətində Azərbaycan həqiqətlərini anlatdığım adamlar içindən özümə həmfikir tapıb ətrafımı yarada bilirəm. Özünüz də müşahidə etdiyiniz kimi Stokholmdakı kitab təqdimatında bunu gördünüz. Ümumi halda, İsveçdə Azərbaycan türk ölkəsi olduğunu biləndə çoxlarının yadına "yalançı erməni soyqırımı" gəlir. Çünki ermənilər suriyan, assuri və kürdləri öz ətraflarında birləşdirərək bu yöndə güclü təbliğat aparıblar. Ermənilərin heç vaxt dövlətləri olmadığından dünyaya səpələniblər, olduqları dövlətin siyasi partiya, təşkilat və dövlət orqanlarına giriblər deyə, onların yalanları özünə yer tapır. Necə etməliyik ki hamının üzünü Qarabağ həqiqətlərinə, Xocalıya sarı döndərə bilək?-  kimi sualı daim düşünürəm.

Müsahibələrinizin birində "Bakı milyonçuları neftdən qazandıqları pulun cüzi bir hissəsini özlərini, Azərbaycanı qorumaq üçün silaha versəydilər, paytaxtda ləyaqətimiz bu qədər alçaq səviyyədə tapdalanmazdı" demisiz. 31 mart soyqrımı haqqında oxuculara nələri çatdırmaq istərdiz?

- 31 mart qırğınını xarici oxucular üçün belə izah edərdim: ermənin Bakıya sahib olma yuxusu qırğın törətdi, amma türk oxucusu üçün törəmə səbəblərin aydınlaşdırmaq istərdim ki, tarixi fəalkətlərimizi dərindən, düzgün şərh etməyəndə tarixi faciə təkrarlanır, həm də əvvəlki ssenari ilə. Hacı Zeynalabdin Tağıyevin Kərbəlada ziyarətgaha büllur çıraq alıb bağışlamasını səxavətlilik hesab etmirəm, eləcə də Almaniyada hər hansı bir restoranın 100 illik hesabını ödəməsini qəhrəmanlıq saymıram. Lütfən, məni düz anlayın, Tağıyev bizim elm-maarifimiz üçün də pul xərcləyib, amma, o pullara silah alınıb bakılılara paylansaydı, Bakı qorunardı. 29 martdan 1 aprelə qədər paytaxtda 12 min insanı qırdılar, 36-cı silahlı Türküstan qoşunu Bakıya girən kimi ermənilər silahı yerə qoyub qırğını saxladılar.Türkün hədsiz mərhəmətçiliyini ona bağışlamıram, yəni, özümüzə bağışlamıram. Zaman-zaman ləyaqətimizə toxunan erməni ilə barışırıq və yenə həmin faicə baş verir. Albert Kamyunun "Sizif haqqındakı əfsanəsi" kimi ağır daşı qaldırırıq dağın başına, o da o yüksəklikdə durmayıb diyirlənib düşür təpəmizə. Nə vaxta qədər bu davam edəcək?

- Xocalı soyqrımından 27 il keçir. "Tiqranizm Xocalıda" adlı kitabınızda Xocalıda baş verən vəhşiliklər, insanlıq əleyhinə cinayətləri dünyaya duyura bildinizmi?

- Ümumiyyətlə, sizcə Xocalı soyqrımını dünyaya çatdırmaq üçün yetəricə işlər görülürmü?

Xocalı bəşərin faciəsidir, sözsüz, bizim də faciəmiz olmaqla yanaşı, amma türkün ləyaqət məsələsidir. Çünki burada həm yurdumuz talan oldu, torpağımız işğaldadır, həm də yurddaşımız qanına qəltan edildi, qanı torpaqdan yuyulmayıb.

Biz xislətən türkük, gedib BMT qabağında, Brüsselde durmaqla Xocalıya ədalət ala bilməyəcəyik. Təbiətən hümanist adamam, amma erməni erməniliyini dəyişə bilməyəcəyinə əmin olduğum üçün deyirəm ki, erməni ilə onun öz dilində danışmaq lazımdır. Necə ki, 1918-ci ildə Laçınlı Sultan bəy erməniyə cavab verdi və Qarabağın işğalını 70 il dala saldı.

- Eluca xanım, gələcək planlarınızla bağlı oxucuya nələri deyə bilərsiz?

- Plan çoxdu, zaman yoxdu! Bir az da şairənə səsləndi, yəqin bu da yaradıcılığa şeirlə başlamağımdandır, tarixi yaddaşım oyandı. Qızım, yazıçının planı olmaz ki, bu pambıq tarlası deyil ki, tarlanın üzərindən helikopterlə zəhər səpəsən qozalar vaxtından qabaq aça, sən də ağ pambığı yağış yağmamış yığasan ki, xarab olmasın. Yaradıcılıq gözlənilməzlikdir. Gözləmədiyin halda ideya gəlir, sənin bütün həyatına, yuxuna, məişətinə hakim olur. Sən də onu yazmamış rahat olmursan. Götürək, sonuncu kitabım "Nalşəkilli mühasirə" ni. Üç il idi Sultan bəy haqda oxuyurdum, amma nə vaxt yazacağımı, necə yazacağımı bilmirdim. Dekabrın 5-də başladım 25-də bitiridim. İyirmi günə yazdım, bir, iki, üçüncü pərdələri 36 saat durmadan, arada 25-30 dəqiqəlik fasilələrlə yazdım. Dörd roman və bir publisistik kitabımı bitirmişəm, lakin hərəsini bir dəfə oxuyub redaktəyə verməliyəm. Arzu edərdim onlarla məşğul olum, amma hiss edirəm ki, içimdə orjinal bir əsərin yazılması üçün hazırlıq gedir. Haqqında yalnız bunu deyə bilərəm, əsər bütövlüklə özünüyaratmaya həsr olunacaq.

Nigar Orucova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31