Nazir Əhmədli: “1990-cı ildə Gəncədə Cavad xana düzəldilən qəbir saxtadır”
Həmin məzar Təbrizdə də ola bilər, Məşhəddə də, Qacarlar sülaləsindən məşhur adamların dəfn edildiyi Tehranda da Olaylar.az jurnalist, tənqidçi-yazıçı; kimya üzrə fəlsəfə doktoru Nazir Əhmədli ilə müsahibənin davamını təqdim edir. III yazı
30 Yanvar 2019 15:42 MüsahibəHəmin məzar Təbrizdə də ola bilər, Məşhəddə də, Qacarlar sülaləsindən məşhur adamların dəfn edildiyi Tehranda da
Olaylar.az jurnalist, tənqidçi-yazıçı; kimya üzrə fəlsəfə doktoru Nazir Əhmədli ilə müsahibənin sonunu təqdim edir.
III yazı
- Nazir müəllim, Aşıq Cəlil haqqında daha əvvəl yazılmış məqalələr, araşdırmalar olub. Nə üçün bu mövzuya yenidən müraciət etdiniz və hansı yenilikləri ortaya çıxardınız?
-Aşıq Cəlilin ilk tədqiqatçısı Folklor İnstitutunun əməkdaşı Əli Şamildir. Onun 1985-ci ildə Aşıq Cəlil haqqında "Sovet Naxçıvanı" qəzetində həm rus, həm də Azərbaycan dilində məqaləsi çıxıb. "El sənətkarlarımız" rubrikasında çap etdirdiyi "Aşıq Cəlil" adlı məqaləsində ilk dəfə onun həyat və yaradıcılığından məlumat verib, 12 saz havasının müəllifi olduğunu bildirib. Bu havalardan təkcə "Cəlili" saz havası da onun adını yaşatmağa kifayət edərdi.
Aşığın həmkəndlisi jurnalist Qulu Kəngərli 1989-cu ildə "Qobustan" jurnalında çap etdirdiyi "Aşıq Cəlilin sorağı ilə" adlı geniş və əhatəli məqaləsində Aşıq Cəlilin doğum tarixi haqqında təxmini rəqəm verib. O, aşığın 1850-ci ildə doğulduğunu təxmin edib. Sonrakı tədqiqatçıların hamısı da Q.Kəngərlinin irəli sürdüyü təxmini doğum tarixini qəbul etmişdilər.
Tədqiqatçı K.Dərələyəzli "Dərələyəz od içində" kitabında ilk dəfə olaraq Aşıq Cəlilin 5 şeirini vermişdir. Q.Kəngərlinin verdiyi doğum tarixinə istinad edən K.Dərələyəzli onun qaçqın kimi pənah gətirdiyi yer haqqında fərqli fikir söyləmişdir. Əli Şamil onun Babək rayonunun Dizə kəndində qaçqınlıq həyatı yaşadığını yazsa da, K.Dərələyəzli Aşıq Cəlilin Şərur rayonunun Dizə kəndinə gəldiyini bildirir. Onun bu mövqeyini professor H.Mirzəyev də müdafiə etmişdi. K.Dərələyəzli bu mövzuya yenidən qayıdaraq yazmışdı ki, tələbə olduğu 1964-cü ildə Aşıq Cəlildən topladığı 35 şeiri şap olunmaq üçün müəllimi Əkbər İrəvanlıya versə də onun səhlənkarlığı üzündən həmin şeirlər itib-batmışdır.
2007-ci ildə Əli Şamil Aşıq Cəlil mövzusuna bir daha qayıtmış, mülahizə irəli sürmüşdü ki, Qulu Kəngərlinin təxmin etdiyi doğum tarixi şübhə doğurur. Əli Şamil Aşıq Cəlilin 1850-ci ildə yox, təxminən 1870-ci ildə doğulduğunu ehtimal etmişdi. Mənim yeniliklərim ondan ibarətdir ki, yeni arxiv sənədlərinin əsasında Aşıq Cəlilin dəqiq doğum tarixini müəyyənləşdirdim. Dərələyəz mahalının 1873-cü ilə aid Kameral təsvirində Mehralı Mahmud oğlunun ailəsindəki 3 oğlan uşağından sonuncusu 5 yaşlı Cəlil idi. Buradan da onun 1868-ci ildə doğulduğu məlum oldu. Bu sənəddə Q.Kəngərlinin göstərdiyi digər şəxslər-Cəlilin böyük qardaşları 15 yaşlı Məhəmmədin və 7 yaşlı Cabbarın da adları var idi. Sonra bu ailəni digər tarixlərə aid Kameral təsvirlərdə də axtardım və xeyli maraqlı məlumatlar əldə etdim. Məlum oldu ki, Mehralı kişinin Cəlildən sonra 1878-ci ildə daha bir oğlu dünyaya gəlib və ona atası Mahmudun adını qoyub. Q.Kəngərli öz yazılarında Mahmudun haqqında məlumat verməmişdi.
Dərələyəz mahalının 1831-ci və 1842-ci illərə aid Kameral təsvirlərində də bu ailə haqqında olduqca mühüm məlumatlar üzə çıxartdım. 1831-ci ilin Kameral təsvirində Cəlilin babası Mahmud Alı oğlunun ailəsi 7 nömrəli ailə kimi qeyd edilmişdir. Bu çox qiymətli sənəddə kişilərlə yanaşı qadınların da adları yazıldığına görə, orada Cəlilin nənəsi Reyhanın və bibiləri Mələklə Hürünün də adlarını üzə çıxardıb ictimaiyyətə təqdim etdim. Bu sənəddən məlum oldu ki, Aşıq Cəlilin yaşadığı Sallı kəndinin əhalisi kəngərlilərin bərgüşadlı tayfasına mənsub imiş.
Q.Kəngərli öz yazılarında Sallıdan olan başqa bir söz sahibinin-Şair Təhməzin də haqqında məlumat vermişdi. Mən onu da bu sənədlərdə tapdım və məlum oldu ki, o Qulu müəllimin qohumu imiş, yəni Şair Təhməzin qardaşı Qulaməli onun babasıdır.
Aşıq Cəlilin hansı kənddə qaçqınlıq həyatı yaşadığını dəqiqləşdirmək üçün ağlıma bir məntiqi fikir gəlmişdi. Ə.Şamil də, Q.Kəngərli də onun oğlu Aşıq Bəhmənin II Dünya müharibəsinə getdiyini və geri qayıtmadığını yazmışdılar. Onun cəbhəyə hansı hərbi komissarlıqdan göndərilməsini müəyyənləşdirmək Aşıq Cəlilin hansı Dizədə yaşadığını məlum edəcəkdi. Bu sahədəki axtarışlarım da uğurla nəticələndi. Məlum oldu ki, Kültəpə kəndinin sakini kimi göstərilən Aşıq Bəhmən (Mehrəliyev Bəhmən Cəlil oğlu) 1942-ci ildə İndiki Babək rayonunun hərbi komissarlığı tərəfindən cəbhəyə göndərilib və 1944-cü ildə itkin düşməsi haqqında "qara kağızı" gəlib. Buradan həm də onun 1900-cü ildə doğulduğunu müəyyənləşdirdim.
-Aşıq Cəlilin ailəsi, övladları haqqında hansı məlumatlarınız var?
-Aşıq Cəlilin həyatı çox faciəli olub. Quldur Andranikin törətdiyi dağıntılar, qırğınlar onun ailəsindən də yan keçməyib. Böyük oğlu Xəlili 17 yaşında öldürüblər. qızı Miyanənin uşaqlarını öldürüb, özünü də əsir aparıblar. Bütün cidd-cəhdlərə, hətta məşhur el qəhrəmanı Abbasqulu bəy Şadlinskinin işə qarışmasına baxmayaraq onu tapmaq mümkün olmayıb. Oğlu Aşıq Bəhmən də müharibədən qayıtmayıb. Kültəpədə yaşadığı vaxtlarda evlənsə də uşağı olmayıb.
Aşığın haqqında daha ətraflı məlumat toplamaq üçün 2018-ci ilin iyun ayında Naxçıvana getdim, onun ömrünün son illərini yaşadığı Kültəpə kəndində, Məmmədrza Dizəsi kəndində, Sallı kəndindən olan ağsaqqallarla görüşmək üçün Şərur rayonunun Şəhidməmməd və Sərxanlı kəndlərində oldum, xeyli məlumatlar əldə etdim. Həmin adamlardan aldığım məlumatlar əsasında burada, Bakıda da müəyyən adamlar tapdım, onlarla söhbət etdim. Naxçıvanda olanda Universitetə getdim və Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, professor Ə.Qədimovla da görüşdüm, Aşıq Cəlillə bağlı hansı bilgilərə malik olması ilə maraqlandım. Aşığın 2 şeirini, onun haqqında bəzi rəvayətləri üzə çıxardıb qələmə aldım. Naxçıvanda olanda Aşıq Cəlilin dəfn edildiyi yeri də mənə göstərdilər. Məlum oldu ki, onun qəbri Əzim adında bir nəfərin həyətində qalıb, itib-batmaq üzrədir.
Aşıq Cəlilin üzə çıxartdığım doğum tarixini qəbul edən AMEA Folklor İnstitutu, Azərbaycan Aşıqlar Birliyi və "Dərələyəz" cəmiyyəti ötən ilin son ayında, dekabrın 26-da Aşıq Cəlilin anadan olmasının 150 illiyinə həsr edilmiş elmi-praktik konfrans keçirdilər, maraqlı çıxışlar oldu. Konfransın təşkilatçıları adından Naxçıvan Muxtar Respublikasının rəhbərliyinə müraciət olundu ki, Aşıq Cəlilin itməkdə olan qəbrini bərpa etsinlər. Müraciətin cavabsız qalmayacağına və müsbət nəticəyə ümid edirik.
Hazırda konfransın materialları çapa hazırlanır. 2018-ci ildə Aşıq Cəlil haqqında indiyə qədər yazan müəlliflərin məqalələrindən ibarət olan "Dərələyəzli ustad Aşıq Cəlil" adında kitab da nəşr etdirdim. AMEA Folklor İnstitutu Elmi Şurasının qərarı ilə nəşr edilən həmin kitabın elmi redaktoru akademik Muxtar İmanov, rəyçisi isə Aşıqlar Birliyinin sədri professor Məhərrəm Qasımlıdır.
Aşıq Cəlilin nəslini hazırda onun sonuncu qızı Şəkərdən doğulanlar davam etdirirlər, hamısı da Türkiyə və Rusiyada yaşayırlar. Onu da müəyyən etdim ki, Cəlilin nakam qızı Miyanənin adını Şəkər öz qızına qoyub, ondan sonra təzə doğulan daha iki nəfərə Miyanə adı qoyublar.
Beləliklə, istedadlı bəstəkar-aşıq, faciəli həyat yaşamış ustad Aşıq Cəlil haqqında mənəvi borcumu qismən ödəmiş hesab oluna bilərəm, amma bu istiqamətdə tədqiqatlarım, axtarışlarım davam edir. Onu da deyim ki, hazırda üzərində işlədiyim "XIX əsrin ədəbi simaları Kameral təsvirlərdə" kitabıma da Aşıq Cəlilin haqqında yazdıqlarımı daxil etmişəm. Həmin kitabı bu il nəşr etdirməyi planlaşdırıram.
- Nazir müəllim, "Cavad xanı məzarı haradadır?" adlı məqalənizdə Cavad xan haqqında bilməli olduğumuz hansı faktları üzə çıxarmısız?
- Kameral təsvirlərlə işləyəndə Qafqazdakı rus qoşunlarını Ali baş komandanı Markiz Pauliççinin 1812-ci ildə yazılmış məktubunu gördüm. Məktub İran şahının oğlu və Qafqazdakı İran qoşunlarının baş komandanı Abbas Mirzəyə yazılmışdı. Məktubda deyilirdi ki, "Mən Yelizavetpolu gəzərkən Cavad xanın ailəsini tapdım. Onlara icazə verdim ki, İrana getsinlər və Cavad xanın məzarını da özləri ilə aparsınlar".
Cavad xanın üç oğlu var idi. Uğurlu xan, Hüseyqulu xan və Əliqulu xan. Hüseynqulu xan Gəncənin işğalı zamanı 1804-cü ilin 3 yanvarında atası Cavdad xanla bərabər öldürülmüşdü. Digər iki oğlu isə həmin vaxt İranda idilər. Cavad xanın ailəsi Gəncədə hərbi əsir kimi saxlanılırdı.
Cavad xanın məzarını köçürməmişdən qabaq Markiz Pauliççi onun qatili, 1806-cı ildə Bakıda öldürülən gürcü əsilli general P.Sisianovun da məzarını Bakıdan Tiflisə köçürtmüşdü. Sisianovun nəşinin qalıqlarını 1811-ci ilin 27 noyabrında Tiflisdəki Sion Soborunda dəfn etdirmişdi. Cavad xanın məzarının köçürülməsi ondan 3 ay sonra, 1812-ci ilin fevralında baş vermişdir.
Cavad xanın qatili P.Sisianovun başına gələnlər ibrətamizdir. 1806-cı ildə Bakı xanı Hüseynqulu xan onu öldürmüş, başını və bir qolunu İran Qacarlar şahı Fətəli şaha göndərmişdi. 1811-ci ildə Tiflisdə dəfn olunan başsız və qolsuz cəsədidir.
Bu məlumatları diqqətlə öyrənəndən sonra aydın oldu ki. 1990-cı ildə Gəncədə ona düzəldilmiş qəbir, qəbir daşına yazılmış yazılar tamamilə saxtadır.
Cavad xana saxta məzar düzəldənlərin versiyası belədir. Cavad xanın dəfn olunduğu Şah Abbas məscidinin yerləşdiyi yerdə 1962-ci ildə rekonstruksiya işləri aparılarkən məzarı dağıdılıb, sümükləri qəbirdən çıxarılıb. Hansısa vətənpərvər (adını yazmırlar) onun sümüklərini yığıb saxlayıb. Sual olunur, bəyəm hakimiyyət-filan yox idi, kim sümükləri ona verərdi? Tutaq ki, həmin "vətənpərvər" sümükləri apardı, onu dəfn etməyib torbada saxlamaq günah deyildimi? Həmin şəxs nə bilirdi ki, vaxt gələcək, sovet hakimiyyəti yıxılacaq və Cavad xanın əvvəlki şöhrəti və ehtiramı özünə qayıdacaq? Nəhayət, 1990-cı ildə Cavad xana yeni məzar düzəldilərkən, həmin "vətənpərvər" yenidən peyda olur və nəşin qalıqlarını gətitrir ki, buyurun, yeni məzara qoyun. Hələ bu da hamısı deyil. Guya mərhum professor, epiqrafik yazıların oxunması üzrə mütəxəssis olan Məşədixanım Nemətova arxivdən köhnə, dağıdılmamış qəbrin fotoşəklini tapıb, qəbrin üzərindəki yazıları yeni sinədaşına da həkk ediblər. O şəkil hansı arxivdədir, fond, siyahı və saxlama nömrəsi neçədir? Şəxsən mən həmin "şəklə" baxmaq istərdim! Belə bir şəkil yoxdur! M.Nemətova o "şəklin" üzərində 10-15 cümləni necə oxuyub və yeni qəbir daşına həkk etdirib? Bütün bunlar zəif şəkildə uydurulmuş nağılı xatırladır.
İşin saxtakarlığı açıq-aydın ortadadır.
Cavad xanın qəbri haradadır, bunu araşdırmaq lazımdır. Həmin məzar Təbrizdə də ola bilər, Məşhəddə də, Qacarlar sülaləsindən məşhur adamların dəfn edildiyi Tehranda da. Onun məzarını tapmaq Azərbaycan tarixşünaslığı üçün şərəf məsələsidir. Əlimdəki təxirəsalınmaz işləri yekunlaşdırdıqdan sonra bu məqsədlə İrana getmək fikrindəyəm.
İrəlidə görüləcək işlər çoxdur...
Nigar Orucova
P.S. Bu da jurnalist, tənqidçi-yazıçı, kimya üzrə fəlsəfə doktoru Nazir Əhmədli ilə müsahibənin sonu. Onun Azərbaycan üçün görəcəyi işlər hələ qabaqdadır. Ümidvaram ki, oxucuları görülən işlərin bir qismi ilə tanış edə bildik.