Nazir Əhmədli: “Haqqın divanı ədalətli oldu”

Olaylar.az jurnalist, tənqidçi-yazıçı, kimya üzrə fəlsəfə doktoru Nazir Əhmədli ilə müsahibənin davamını təqdim edir. II yazı

Olaylar.az jurnalist, tənqidçi-yazıçı, kimya üzrə fəlsəfə doktoru Nazir Əhmədli ilə müsahibənin davamını təqdim edir. 

II yazı

- Kameral təsvirləri çapa hazırlayarkən daha çox hansı çətinliklərlə qarşılaşırsız? Hansı mənbələrə müraciət edirsiz?

- Rusiya imperiyasının 2 nüsxədə tərtib etdirdiyi kameral təsvirlərin bir nüsxəsi Tbilisi şəhərində Qafqaz Canişinliyinin dəfətərxanasında, digəri isə Peterburqda imperiya arxivində saxlanılırdı. 1917-ci il inqilabından sonar Peterburqdakı nüsxələr itib. Sovet hakimiyyətinin vaxtında  arxiv sənədləri aid olduğu ərazilər üzrə bölüşdürüldükdə Tiflisdəki nüsxələrin bəziləri Ermənistana göndərilib bəziləri isə Tiflisdə Gürcüstan Dövlət Arxivindədir. Bir qismi də Azərbaycanın Mərkəzi Dövlət Tarix Arxivində saxlanılır. Kameral təsvirləri hazırlayarkən bu arxivlərdən istifadə edirəm.

Çətinliyə gəldikdə isə bu, daha çox fiziki faktorla  bağlıdır. 100 mindən çox şəxsin adını yazmaq fiziki cəhətdən ağır işdir. Kameral təsvirlərə ön söz yazanda yüzlərlə mənbəyə müraciət edirəm.

- İrəlidə hansı bölgələrin kameral təsvirini çap etməyi düşünürsüz?.

-Keçən il nəşr olunan "İrəvan şəhərinin Kameral təsviri" 5 cildlik "İrəvan əyalətinin Kameral təsviri"nin yalnız I cildidir, 15 mahalı əhatə edəcək 4 cild hələ qalır. Zəngəzur, Lori-Pəmbək, Şürəyel, Şəmşəddil, Borçalı ərazilərinin Kameral təsvirləri qalır. "İrəvan şəhərinin Kameral təsviri"nin  ikinci cild artıq hazırdır və yaxın müddətdə çap olunacaq. Əlavə olaraq "Şəmsəddil mahalının Kameral təsviri"ni çapa hazırlayıram. Planlarımda "Borçalı mahalının Kameral təsviri"ni hazırlamaq da yer alır. Hal-hazırda "Zəngəzur mahalının Kameral təsviri"nin hazırlanması üzərində çalışıram.

"19-cu əsrin ədəbi simaları Kameral təsvirlərdə" adlı kitab yazıram, onu da bu il nəşr etdirməyi düşünürəm. Bu kitabda Göyçə aşıqları ilə yanaşı, şəkili Molla Cumanın, dərələyəzli Aşıq Cəlilin,  qarabağlı Aşıq Valehin, Şəmkirli Aşıq Hüseynin haqqındakı tədqiqatlarım da yer alacaq. Beləliklə, bütün böyük aşıqlarımızı əhatə etmək fikrindəyəm. Amma burada Göyçə aşıqları və şairləri əvvəlki kimi əsas yer tutur. Çünki bildiyiniz kimi Göyçə mahalı sazın-sözün beşiyi olub.

Bütün bu işləri həyata keçirmək üçün gecə-gündüz çalışıram, amma yenə də vaxt çatmır. Bunu əsas problemim saya bilərsiniz.

- İrəvan şəhəri və Qazax mahalının kameral təsvirini AXC-nin 100 illiyinə həsr etmisiniz. Planlarınızda Cümhuriyyət dövrü ilə bağlı araşdırmalar aparmaq da varmı?

-Cümhuriyyət qurucularımız dahi insanlardır. Bu dövrü araşdırmaq hələ ki mənim üçün arzu olaraq qalır. Əlimdə dövrlə bağlı maraqlı materiallar var. Arxivdə çalışdığım zaman Cümhuriyyət qurucularının təhsil aldığı müəssisələrin sənədləri ilə tanış oldum. Azərbaycan Cümhuriyyətinin hərbi rəisi, Qarabağ general qubernatoru Xosrov bəy Sultanov Yelizavetpol Oğlanlar Gimnaziyasını qızıl medalla bitirən yeganə azərbaycanlıdır. Gimnaziyanı bitirəndə 6 dil bilirdi-Azərbaycan, rus, alman, fransız, latın və yunan dillərini. Azərbaycan dilindən başqa bu dillərin hamısından yazılı imtahan vermişdi. Xosrov bəy daha sonra Odessada Tibb Universitetini bitirib. Zabux dərəsində Andraniki darmadağın edən Sultan bəy onun böyük qardaşıdır. Qeyd edim ki, Xalq Cümhuriyyətinin baş nazirləri olan Fətəli xan Xoyski və Nəsib bəy Yusifbəyli də Yelizavetpol Oğlanlar Gimnaziyasını bitiriblər, amma onlar Xosrov bəy Sultanovun göstəricilərinə nail ola bilməyiblər.

Fətəli xan Xoyski 1908-ci ildə vəkillik fəalliyəti ilə bağlı elan dərc edib. Elanda yazılıb ki, Rusiya Dövlət Dumasının keçmiş deputatı Fətəli xan Xoyski əhaliyə vəkillik yardımı göstərə bilər. Vəkil işlədiyi Bakı Dairə Məhkəməsinin sədri bu sözlərə görə Xoyskiyə iş qaldırıb. Elanda deputat olduğunu qeyd etməklə başqa vəkillərə qarşı haqsızlıq etdiyi deyilib. 1 il davam edən araşdırma, çək-çevirdən sonra  şifahi xəbardarlıqla kifayətləniblər.

Sadaladığım bütün bu məsələlər maraqlı bir kitabın mövzusu ola bilər, amma təəssüf ki, hələ o barədə əlavə tədqiqatlar aparmağa və kitab yazmağa vaxtım yoxdur, amma gələcəkdə bu məsələlərə yenidən qayıtmağı, Cümhuriyyət qurucularımız haqqında yazmağı istisna etmirəm. Şərqdə ilk Cümhuriyyətin qurulması o qədər böyük hadisədir ki, ona nəinki 2 kitab, 200 kitab həsr edilməsi də azdır.

- "Haqq-nahaq seçilər Haqq divanında" kitabınızda bir çox aşıqların həqiqi doğum tarixlərini qeyd etmisiz. Azərbaycan aşıqları ilə bağlı daha hansı faktları üzə çıxarmısız?

"Göyçə mahalının Kameral təsviri"ni hazırlayanda məlum oldu ki, Aşıq Ələsgərin doğum tarixi indiyə kimi qəbul edilən, kitablarda, dərsliklərdə yazılan rəqəmlərdən kəskin fərqlənir. Məlum oldu ki, o 1821-ci ildə deyil, 1852-ci ildə doğulub və 74 il yaşayıb. Ustad Ələsgərin babası kimi qeyd olunan Allahverdi adlı şəxs əslində Ələsgərin əmisidir. Sonra məlum oldu ki, Ələsgər Alməmmədin ilk oğlu deyil, Ələsgərdən qabaq Məhəmməd adlı oğlu olub və cavan ölüb, Alməmməd 1871-ci ildə doğulan sonbeşik oğluna da onun adını qoyub. "Ələsgər və Səhnəbanu" dastanı əsasında yazılan bioqrafiyasında deyilirdi ki, Səhnəbanunun varlı və qəddar əmisi Məhərrəm onu zorla oğlu Mustafaya alıb və sevgililəri qovuşmağa qoymayıb. 1873-cü ilin kameral təsvirində bunun yalan olduğu  üzə çıxdı. Sənəddə Ələsgər 21 yaşında göstərilir, Mustafa isə 15. Mustafanın evli olduğu qeyd olunmayıb. Səhnəbanun atası Kərbaliyi Qurban və əmisi Məhərrəm isə ölüb. Həyatda olmayan Məhərrəm Səhnəbanunu Mustafaya necə ala bilərdi?!

Aşıq Alıya nəzər salaq. Bəziləri iddia edirdilər ki, Aşıq Alı milliyətcə kürddür. Mən sənədlərlə sübut etdim ki, Aşıq Alı türklərin ayrımlı tayfasındandır. Qızılvənk kəndində yox, Şişqaya kəndində doğulub. 1856-cı ildə Qızılvənk kəndinə köçüblər. Aşıq Alı yazıldığı  kimi 1801-ci ildə deyil, 1835-ci ildə doğulub.

Ağ Aşığın 1754-də doğulduğunu yazırdılar, amma müəyyən etdim ki, 1791-ci ildə anadan olub. Mərkəzi Dövlət Tarix Arxivində sənəd tapdım ki, Aşıq Hüseyn Şəmkirli 1811-ci ildə yox, 1838-ci ildə doğulub.

Bir sıra professorlar heç bir mənbəyə istinad etmədən deyirdilər ki, Aşıq Hüseyn Şəmkirli Molla Pənah Vaqifin bacısı oğludur. Sübut olunmuş yeni tarixləri bir kənara qoyaq, köhnə tarixləri qüvvədə saxlayanda da məlum olur ki, Molla Pənah Vaqif Aşıq Hüseyn Şəmkirlidən 96 yaş böyükdür. Aralarında bu qədər yaş fərqi olan dayı, bacıoğlu ola bilərmi? Mən tapdığım sənədlə sübut etdim ki, M.P Vaqif Aşıq Hüseyn Şəmkirlidən 121 yaş böyükdür.  Həm də  müəyyən etdim ki, aşığın əsil adı Hüseyn yox, Söyündür. Həmin söz Hüseyn adının  şəklini dəyişmiş forması sayıla bilər. amma rəsmi sənəddə Söyün yazıldığına görə onu Hüseyn yazmaq olmaz. Başqa bir sənəddə oğlunun da adını tapdım, orada da Hüseyn yox, Söyün yazılıb: "Aşıq Çoban Aşıq Söyün oğlu".

Düzəldilməsi zəruri olan bu cür şeylər çoxdur və bununla da anladım ki, Azərbaycan folklorşünaslığında çox böyük xaos hökm sürür.

- Bildiyimə görə Aşıq Ələsgərin həqiqi doğum tarixini üzə çıxardığınız üçün sizə təzyiqlər göstərib, hətta ölümlə hədələyiblər...

-Mənə Aşıq Ələsgərin yaşını guya kiçiltdiyimə görə etiraz edirdilər. Ustad Ələsgərin 74 il yaşamasını təhqir bilib, üzərimə hücuma keçdilər. Bu hərəkətlərin təşkilatçısı və ilhamvericisi özünü şair, yazıçı, Göyçə tarixinin yeganə bilicisi elan edən Eldar İsmayıl adında bir nəfər idi. Mən onlara sübut etməyə çalışdım ki, yaradıcı insanın böyüklüyü onun yaşı ilə yox, sənəti ilə ölçülür. Aşıq Ələsgər Azərbaycan aşıq poeziyasının zirvəsidir. 105 il yaşamaması bu həqiqəti dəyişə bilməz. Guya mən Aşıq Ələsgərin yaşını azaltmaqla onun dahiliyinə şübhə yaratmışam. Eldar İsmayılın tərikçiliyi ilə bir qrup qaraguruhçu sosial şəbəkələrdə mənə qarşı total hücuma keçib haqqımda donos yazdılar. Təhqir, şantaj, qaralama kimi ən mənfur vasitələrə əl atdılar. Rusiya Dövlət Arxivinin adından saxta bir sənəd ortaya çıxartdılar. Guya Rusiya Dövlət Arxivi bunlara sənəd verib ki,  Aşıq Ələsgər 1821-ci ildə doğulub.

Bu adamların arxiv haqqında heç bir anlayışı yoxdur. Çünki 1917-ci ilə qədər olan arxiv sənədləri Rusiya Dövlət Arxivində yox, Rusiya Dövlət Tarix Arxivində saxlanılır. Rusiya Dövlət Arxivi Moskvada, Tarix Arxivi isə Peterburqda yerləşir. Rusiya Dövlət Arxivinin direktoruna onların adından tərtib edilmiş saxta sənədlə bağlı məktub yazdım. Arxiv idarəsi  2 həftədən sonra cavab verdi ki, biz belə bir sənəd göndərməmişik. Bu adamlar Rusiya Dövlər Arxivi adına beynəlxalq saxtakarlıq etmişdi.

Bütün bu bəd əmələrin ideya rəhbəri, ilhamvericisi Eldar İsmayıl, təşkilatçısı isə Mürvət Yusifov adında bir intriqan, araqarışdırıcı şəxs idi. Bir şey məni təəssüfləndirdi ki, arxivin rəsmi məktubunu almamışdan qabaq da 10 bəndlik sübut ortaya qoymağıma baxmayaraq xeyli adamlar onlara inanmışdı.

- Məsələyə Aşıq Ələsgərin qohumları necə münasibət göstərdi?

-Aşıq Ələsgərin nəticəsi Xətai Ələsgərli, Eldar İsmayıl və Mürvət Yusifov tərəfindən qızışdırılmışdı. Kitab çap olunmamışdan əvvəl Mürvət Yusifov mənə bir neçə dəfə təklif etdi ki, köhnə rəqəmləri yazım, yəni sənədləri saxtalaşdırım. İstədiklərinə çatmayanda şantaja keçdilər. Hətta məni ermənilərə işləməklə də ittiham edirdilər. Xətai Ələsgərli və qardaşı mənə zəng vurdu ki, bu kitabı çap etməyim. İzah etməyə çalışdım ki, bu kitabda Aşıq Ələsgərin nüfuzuna xələl gətirəcək heç nə yoxdur. Burada Ələsgərdən başqa 5 aşıqdan da söhbət gedir. Əgər kitabda ustad Ələsgəri qeyd etməsəydim Aşıq Alının doğum tarixindən belə aydın olacaqdı ki, şagird ustadından 14 yaş böyük olub. Kitab işıq üzü görəndən sonra bir nəfər mənə zəng vurub ağır küçə söyüşləi ilə söydü, rayonda olduğunu və məni öldürməyə gəldiyini söylədi. Təkidli suallarıma baxmayaraq adını söyləmədi.  Onun təhdidlərini ciddi saydığıma görə hüquq-mühafizə orqanlarına müraciət etdim. Telefon nömrəsi telefonuma düşmüşdü. Məlum oldu ki, bunu edən Xətai Ələsgərli imiş. Çox təəssüf ki, Aşıq Ələsgərin nəticəsi Ələsgər ocağına yaraşmayan belə bir hərəkət etdi. Onu tənbeh etmələrini tövsiyyə edib şikayət ərizəmdən imtina etdim.

Onu da deyim ki, qaraguruhçuların hərəkətləri əks-effekt verdi. O qədər hay-küy qaldırdılar ki,  ölkə ictimaiyyəti üzə çıxartdığım yeniliklərdən xəbərdar oldu. Həm də müxtəlif dövlət qurumlarına məndən şikayət yazdıqlarına görə onlar müvafiq  göstəriş verdilər ki, kitab araşdırılsın, oxunub, rəylər yazılsın ki, onun mahiyyəti nədir və Nazir Əhmədli həqiqətənmi Aşıq Ələsgəri təhqir edib, Azərbaycan xalqına xəyanət edib?

Qaraguruhçuların bütün bəd əməllərinə baxmayaraq, respublikanın əksər ziyalıları bu kitabı böyük maraqla qarşıladılar. Kitabın elmi redaktoru akademik Nizami Cəfərov idi və ona ön söz də yazmışdı..

Sosial şəbəkələrdə həmin kitabın ətrafında baş verən  mübahisələri, müzakirələri, qaraguruhçuların təhqirlərini toplayıb 2018-ci ildə kitab şəklində çap etdidim ki, gələcək nəsillər baş verənlərdən xəbər tutsun, elmi yenilikçi adamların həyatının heç də hamar və rahat olmadığını görsünlər. Acı da olsa, bu tarixdir, həyatımızın bir parçasıdır.  Məzmununa görə onun adını  "Nadanlıq" qoydum. Elm adamına bu cür haqsız hücumlara doğrudan da nadanlıqdan başqa nə ad vermək olar?

Onu da deyim ki, bu nadanların əksəriyyəti öz səhvini, qəbahətini başa düşüb səhv etdiklərini etiraf ediblər. Bu cür halların ola biləcəyini qabaqcadan gördüyümə görə haqqında söhbət gedən kitabın adını Aşıq Ələsgərin özündən götürdüyüm bir misra ilə "Haqq-nahaqq seçilər Haqq divanında" adlandırmışdım.  Haqqın divanı isə həmişəki kimi ədalətli oldu, haqq öz yerini tutdu.

Nigar Orucova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31