Nazir Əhmədli: “Nəşr etdiyim kitablar siyasətçilərimiz və ideoloji sahənin bütün nümayəndələri üçün kəskin silahdır”
Onu necə təqdim edəcəyimi bilmirdim. Adının, gördüyü işlərinin miqyasının, Azərbaycan üçün canfədakarlığının qarşısında donub qalmışdım. Bir kamikadze ilə üz-üzəydim. Amma necə təqdim edim onu? Köməyimə bir nəfərin onun haqqında yazdığı bir cümləlik rəy çatdı. Azərbaycan üçün bir ziyalıdan çox iş görən Ziyalı – Nazir Əhmədli.
28 Yanvar 2019 14:37 MüsahibəOnu necə təqdim edəcəyimi bilmirdim. Adının, gördüyü işlərinin miqyasının, Azərbaycan üçün canfədakarlığının qarşısında donub qalmışdım. Bir kamikadze ilə üz-üzəydim. Amma necə təqdim edim onu? Köməyimə bir nəfərin onun haqqında yazdığı bir cümləlik rəy çatdı.
Azərbaycan üçün bir ziyalıdan çox iş görən Ziyalı - Nazir Əhmədli.
Olaylar.az jurnalist, tənqidçi-yazıçı, kimya üzrə fəlsəfə doktoru Nazir Əhmədli ilə müsahibəni təqdim edir.
Birinci söhbət
- Nazir müəllim, Sizi daha çox "Kameral təsvir" sənədlərinin naşiri kimi tanıyırıq. Necə oldu ki, kimya üzrə fəlsəfə doktoru, daha sonra jurnalistika, ardınca isə tədqiqatçılığa başladı?
-Ailəmizdə hər zaman ədəbi mühit olub. Atam ədəbiyyat müəllimi, məktəb direktoru idi. Doğulduğum Dərələyəz mahalında şair kimi tanınırdı. Onun və iki qardaşımın indiyə kimi 5 şeir kitabı nəşr olunub. Ailədə düşünürdük ki, sadəcə ədəbiyyatla kifayətlənməyib, əlavə ixtisas almaq lazımdır. Bu səbəbdən 1978-ci ildə sənədlərimi Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti-red) kimya fakültəsinə verdim. Nəyə görə məhz kimya? Bəlkə sizə qəribə gələ bilər, amma çox sevdiyim riyaziyyat, fizika və kimya fənnlərinin hər üçündən də imtahan verə bilmək üçün kimya ixtisasını seçdim. Əla bildiyim kimya fənnindən o vaxt fakültə dekanı olan Dəmir Qəmbərovun mərdiməzarlığı üzündən "3" aldığıma görə müsaqibədən keçə bilmədim və anadan olduğum Gabud kəndinə qayıtdım. Növbəti qəbul vaxtı iş stajı, iş yerindən xasiyyətnamə tələb olunacaqdı, buna görə də orta məktəbin doqquzuncu və onuncu siniflərini oxuduğum qonşu Gomur kəndindəki mədəniyyət evində bədii rəhbər kimi çalışdım. Kəndimizin məktəbi səkkizillik məktəb idi.
1979-cu ildə Azərbaycan Dövlət Universitetini yox, Naxçıvan Dövlət Pedaqoji İnstitutunu (indiki Naxçıvan Dövlət Universitetini) seçməli oldum, çünki orada son kursda təhsil alan böyük qardaşımın səhhətində ciddi problemlər yaranmışdı. Valideynlərimlə qərara gəldik ki, Naxçıvanda qəbula yollanım, Valideynlərim onu tək buraxmaq istəmirdi.
Həmin vaxtlarda ali məktəblərdə korrupsiya halları çox geniş yayılmışdı. Bütün çətiniklərə rəğmən heç bir rüşvət vermədən müsaqibədən keçib, Naxçıvan Dövlət Pedaqoji İnstitutunun kimya-biologiya fakültəsinə daxil oldum. 1984-cü ildə oranı fərqlənmə diplomu ilə bitirdim. Naxçıvan şəhərindəki Elm mərkəzdə işləmək üçün məkəzin direktoru Bayram Rzayev məni işə dəvət etdi, lakin bu mənim planlarıma uyğun olmadığı üçün Dərələyəzə qayıtdım. Təhsilimi aspiranturada davam etdirmək istəyirdim. B.Rzayev kimya fənni üzrə Dövlət imtahan Komissiyasının sədri idi.
Aspiranturaya sənəd vermək üçün iki illik iş stajı tələb olunurdu.
1984-cü ildə Gabud kəndin səkkizillik məktəbində müəllim kimi fəaliyyətə başladım. Burada fransız dili və biologiya fənlərindən dərs deyirdim. Fransız dilini zəif bilməyimə baxmayaraq bu hal nə mənə, nə də şagirdlərə bir çətinlik yaratmadı, çünki əlifbadan başladıq və bərabər öyrəndik. Qısa müddətdə uşaqlarda fransızcaya böyük maraq yarandı və bu dili gözlədiyimdən daha yaxşı mənimsədilər. Onu da qeyd edim ki, mənə qədər məktəbdə xarici dil tədris olunmurdu. Məhz atamın təşəbbüsündən sonra şagirdlərə xarici dil öyrədilməyə başlandı. 2 il müəllim kimi çalışdıqdan sonra Bakıya gəldim və 1986-cı ildə AMEA-nın Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun əyani aspiranturasına daxil oldum. Kimya imtahanını məndən dünya şöhrətli alim Xudu Məmmədov götürdü. İmtahan suallarından başqa, ümumi dünya görüşümlə maraqlandı, tarixdən, ədəbiyyatdan, böyük qırğız yazıçısı Ç.Aytmatovun əsərlərindən suallar verdi, hansı qəzet və jurnalları oxuduğumla maraqlandı. Mənə "5" vermişdi. Fransız dilindən də "5" aldım və aspiranturaya daxil oldum. 1990-cı ildə kimya elmləri namizədi elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə etdim və kimya elmləri namizədi-indiki terminlə desək, kimya üzrə fəlsəfə doktoru adını aldım. Ən böyük arzum geniş auditoriya qarşısında kimyadan mühazirə oxumaq idi, lakin ölkədə baş verən ictimai-siyasi hadisələr, 1988-ci ildə Dağlıq Qarabağ ətrafında yaranan məlum münaqişə məni başqa istiqamətə apardı.
1990-ci ildə jurnalistlik fəaliyyətim başladı. "Azadlıq" qəzetində ilk yazım çıxdı və kimyadan uzaqlaşdım. 1992-ci ilin mayında "Millət" qəzetində işə başladım və parlament müxbiri oldum. Etiraf edirəm ki, nəzəri yazılar yazmağı daha prestijli iş sayırdım. Onu da deyim ki, parlament reportajlarım, nəzəri yazılarımdan daha çox populyarlıq qazandı. 1993-cü ildə sorğu nəticəsində ölkənin ən yaxşı parlament müxbiri seçildim. "Millət" qəzetində dərc olunan parlament reportajlarım 1996-cı ildə "Milli Məclisdən etüdlər" adlı kitabımda çap olundu. Bu, mənim ilk kitabım idi.
"Millət" qəzetindəki 6 illik fəaliyyətə müxbir kimi başladım və baş redaktor kimi başa vurub, istefa etdim.
- İşinizi bu qədər çox sevməyinizə rəğmən nə üçün istefa etdiniz?
-Qəzetin təsisçisi Etibar Məmmədovla aramızda olan fikir ayrılığı, qəzetin maddi çətinlikləri istefama səbəb oldu. Mənə qarşı haqsızlıqlar edilməsinə baxmayaraq bu barədə danışmağı sevmirəm, çünki insan öz keçmişinə hörmətlə yanaşmalıdır. Həyatımın yaxşı, pis bütün parçaları mənim üçün doğma, əzizdir. Buna görə çalışıram ki, həmin günlərin xoş olmayan xatirələri ilə bağlı ümumiyyətlə danışmayım. Baş redaktor olduğum 1996-1998-ci illərdə "Millət" qəzeti ölkənin ən aparıcı qəzetlərindən biri kimi tanınırdı. 1998-ci ilin mayında Baş redaktorluqdan istefa verdikdən sonra 3 il işsiz qaldım. Bu 3 ili həyatımın ən ağır və sıxıntılı dövrü kimi xatırlayıram. 2001-ci ildə akademik Nizami Cəfərov məni yeni yaradılan Atatürk Mərkəzində Beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsinə işə götürdü. 18 ildir həmin vəzifədə çalışıram.
2002-ci ildə "Müstafa Kamal Atatürk" adlı kitabım çıxdı. Bu onun haqqında Azərbaycanda yazılan ilk kitab idi.
- Necə oldu ki, Kameral təsvir sənədlərini çap etmək qərarına gəldiniz?
-2009-cu ildə Azərbaycanın Mərkəzi Dövlət Tarix Arxivində Dərələyəz mahalının 1942-ci ilə aid Kameral təsviri ilə tanış oldum. Sənədlərdə babalarımın adını görəndə özümü xəzinə tapmış kimi hiss edirdim. Yaxın ətrafıma, dərələyəzlilərə belə bir sənədin mövcudluğu haqqında məlumat verdim. 2015-ci ildə doğulduğum Gabur kəndi haqqında kitab yazmağa başladım. Bu mənim övladlıq borcum idi. 2016-cı ildə işıq üzü görən həmin kitab "Gabur və gaburlular" adlanırdı.
Həmin vaxtdan da Kameral təsvirlər məni öz cazibə dairəsinə aldı, bird aha onlardan ayrıla bilmədim. Fikirləşdim ki, təkcə doğulduğum Gabud kəndi ilə kifayətlənməyib, Dərələyəz mahalının kameral təsviini də nəşr etdirim. 2017-ci ildə bunu da etdim. Sonra fikirləşdim ki, Dərələyəz mahalı ilə məhdudlaşmayıb, itirdiyimiz İrəvan xanlığına daxil olan bütün mahalların və İrəvan şəhərinin kameral təsvirini çapa hazırlayım. Bu iş 5 cildlik "İrəvan əyalətinin Kameral təsviri" adlanır və AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunur, onun elmi redaktoru isə institutun diektoru akademik Y.Mahmudovdur. 2018-ci ildə onun "İrəvan şəhərinin Kameral təsviri" adlanan 1-ci cildi çap olundu, yaxınlarda isə 2-ci cild‒Vedibasar və Şərur mahallarının Kameral təsvirləri işıq üzü görəcək. Gələcək planlarım Qərbi Azərbaycanın bütün mahallarının kameral təsvirlərini nəşr etməkdir.
Kameral təsvirlər haqqında danışarkən əvvəlki tarixlərə nəzər salmaq lazımdır. Hələ 700 il bundan əvvəl, böyük Hülakü hökmdarı Qazan xan ölkədə dərin islahatlar keçirib qayda-qanun yaratmışdı. Dövlətin mövcudluğunu təmin edən maliyyə vəsaitini toplamaq üçün əhalinin özünü, malını, mülkünü, ümumiyyətlə hər şeyi qeydiyyata, siyahıya alıb onun əsasında vergi toplayır, vergidən yayınanları isə ciddi şəkildə cəzalandırırdılar. Vergidən yayınma halları xəzinə itkilərinə səbəb olub dövlətin maliyyə əsaslarını zəiflətdiyi kimi, dövlət məmurlarının özbaşınalığı, xalqı talaması da əhalinin narazılığına və dövlətin süqutuna səbəb olurdu. Ona görə də ağıllı hökmdarlar tərtib edilmiş vergi sənədlərinə ciddi şəkildə əməl edilməsini tələb edirdilər. Bu cür sənədlər Hülakülərdən sonra gələn dövlətlərin də vaxtında müntəzəm şəkildə tərtib edilmişdir. Səfəvi dövlətinin ərzilərini dəfələrlə işğal edən Osmanlılar həmin ərazilərdə 2 dəfə bu cür sənədlər tərtib etmişdilər və həmin sənədlər "Təhrir dəftəri" adlanırdı.
"Təhrir dəftərləri" iki qismə ayrılır. Birinci qismə "İcmal dəftəri" deyilirdi ki, siyahıda hər bir kəndin adı yazılır və yığılan verginin miqdarı göstərilirdi. Burada şəxs adları yox idi. "Müfəssəl dəftər"də isə həmin kəndlərdə nə qədər adamın yaşadığı, onların adı, milli və dini mənsubiyyəti göstərilirdi. Bu dəftərlər İstanbul Baş Bakanlıq arxivində saxlanılır. Bu təhrir dəftərlərini çap edib, araşdırmaqla həmin dövrlərin iqtisadi-siyasi mənzərəsini əsərlərimizdə istifadə edirik.
Səfəvilər dövlətinin vaxtında da bu tip sənədlər tərtib edilirdi və onlardan biri, sonuncu Səfəvi şahlarından olan Sulan Hüseynin vaxtında tərtib edilən "Təzkirətül-müluk" adlanırd.
Rusiya imperiyasının Şimali Azərbaycan torpaqlarının Gülüstan və Türkmənçay Müqavilələri ilə nəticələnən işğalından sonra da bu cür sənədlər tərtib edilmişdir. Bu sənədlər "Kameral təsvir" adlanırdı. Bir çox fərqli tərəfləri ilə yanaşı, kameral təsvirlər əvvəlki sənədlərdən bir mühüm cəhəti ilə fərqlənirdi, burada siyahıya alınmış şəxslərin adları ilə yanaşı, yaşları da göstərilib. Bu sənədlər təxminən 10 ildən bir yenilənirdi-ölən adamların adlarını siyahılardan çıxarır, yeni doğulanları əlavə edirdilər. Ruslar kemiş İrəvan və Naxçıvan xanlıqlarının ərazilərində 6 dəfə kameral təsvir tərtib edib. Kameral təsvir sənədlərinin birincisi 1831-ci ildə Naxçıvan və İrəvan xanlıqları üzərində yaradılmış Erməni vilayəti üzrə İnzibati idarənin müşaviri, milliyyətcə fransız olan İvan Şopenin rəhbərliyi ilə tərtib olunub. 1886-cı ildən sonra artıq bu sənədlər tərtib olunmayıb. Buna səbəb əhalinin artımı da ola bilər, yaxud da təkmilləşmiş vergi üsulları tərtib etməyə başlayıblar.
- Kameral təsvirlərin çap edilməsinin əhəmiyyəti nədən ibarətdir?
-Öncə məsələnin siyasi tərəfini izah edək. İrəvan şəhəri, onun tərkibinə daxil olan 15 mahal və indiki Ermənistan adlandırılan ərazinin Azərbaycan torpaqları olduğunu məhz bu sənədlərə istinad etməklə sübut etmək olar. Bu sənədlər siyasətçilərimiz, jurnalistlərimiz, ideoloji sahənin bütün nümayəndələri üçün kəskin silahdır.
Məsəlinin ikinci əhəmiyyətli tərəfi elmi tərəfidir. Çap etdiyim kitablardan tarixçilər, ədəbiyyatçılar, dilçi alimlər, etnoqraflar xeyli məlumat əldə edib araşdırma apararaq kitablar, məqalələr yaza bilərlər. Kameral təsvirlərdə həmin əraziyə aid etnoqrafik, sosial-iqtisadi, coğrafi, maliyyə və s. baxımından həddindən artıq qiymətli məlumatlar vardır ki, ən müxtəlif elm sahələrinin mənsubları onları tədqiq edirlər.
Məsələnin üçüncü tərəfi budur ki, öz şəcərəsi, ata - babasının tarixi ilə məşğul olanlar da bu sənədlərdə özünə lazım olan məlumatları tapa bilərlər. Mən ulu babam Fətəlinin, Ruşanın və başqalarının neçənci ildə doğulduqlarını, neçə il ömür sürdüklərini məhz bu sənədlər vasitəsilə öyrənmişəm.
Kameral təsvirlərin əvvəlkilərədn heç də az olmayan daha bir mühüm əhəmiyyəti odur ki, onları çap etməklə, düşünürəm ki, qəbri düşmən tapdağı altında qalan əcdadlarımızın əzab çəkən sərgərdan ruhlarını şad etmiş oluram. Qoy onlar görsün ki, ruhlarını, yatdıqları torpaqları xilas etməyi unutmamışıq.
Nəşr etdiyim kameral təsvirlərin gələcək nəsillərin tarixi torpaqlarımızı unutmaması üçün mühüm vasitə olacağını düşünürəm.
- Nazir müəllim, məsələnin siyasi əhəmiyyətini nəzərə alaraq kameral təsvirləri dünya ictimaiyyətinə çatdırmaq üçün nə etmək lazımdır, ümumiyyətlə bununla bağlı hansısa işlər görülürmü?
-Kameral təsvirləri dünya ictimaiyyətinə çatdırmaq üçün hələ ki heç bir addım atılmayıb. Bu sənədlərin Azərbaycan dilində nəşrinə mən başlamışam. Məsələnin əhəmiyyətini nəzərə alaraq bu sənədləri dünya ictimaiyyətinə çatdırmaq üçün başqa dillərə tərcümə etmək lazımdır. Müvafiq qurumlar, dövlət təşkilatları bu məsələnin önəmini nəzərə almalı, dərk etməlidir. Kameral təsvirləri əldə etmək, tərcümə edib çapa hazırlamaqla yanaşı, onların hamısını öz ailə büdcəmin hesabına nəşr etdirmişəm. Kitabları mütəxəssislərə, alimlərə paylayıb, kitabxanalara vermişəm. Bunu öz vətəndaşlıq borcum hesab edirəm.
Nigar Orucova