“Azərbaycan bizim çox yaxın dostumuz, qardaşımızdır”
Son illər Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, erməni terrorizmi və separatizminin iç üzünün açılıb dünyaya göstərilməsi işində ayrı-ayrı ölkələrin elm və fikir adamları, ziyalı, yaradıcı şəxsləri də yaxından iştirak edirlər.
28 Mart 2017 15:17 MüsahibəŞöhrət Salamov: "Azərbaycanla Özbəkistan arasında münasibətlərdə inkişaf tendensiyası müşahidə edilə bilər"
"Heydər Əliyev adına Mədəniyyət Mərkəzi ilə yaxından əməkdaşlıq edirik"
Son illər Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, erməni terrorizmi və separatizminin iç üzünün açılıb dünyaya göstərilməsi işində ayrı-ayrı ölkələrin elm və fikir adamları, ziyalı, yaradıcı şəxsləri də yaxından iştirak edirlər. Məhz onların məqaədyönlü fəaliyyəti nəticəsində artıq xristian Avropası da erməni separatizmindən, bu ölkənin terrorçuluq və işğalçılıq siyasətindən məlumatlı olurlar. Həmin şəxslərin yazdıqları kitablar, çəkdikləri filmlər informasiya mübarizəsində erməniləri məğlubiyyətlə üzləşdirir. Təbii ki, bu məqam erməni diasporu, lobbisi tərəfindən heç də xoş qarşılanmır və onlar öz ənənəvi siyasətlərindən istifadə edərək həmin şəxslərə qarşı öz çirkin kampaniyalarını həyata keçirirlər. Belə şəxslərdən biri də tanınmış özbək yazıçı-publisisti, Şöhrət Salamovdur. (Şöhrət Barlas) . Bir müddət əvvəl ona qarşı da ermənilər tərəfindən müəyyən təhdid və təzyiqlər oldu. Sevindirici hal ondan ibarətdir ki, tezliklə bu təhdidləri aradan qaldırmaq mümkün oldu. Bu günlərdə Bakıda olan özbək tədqiqatçı ilə görüşüb ona qarşı həyata keçirilən kampaniya, eləcə də yeni yaradıcılıq planları barədə söhbətləşdik.
-Şöhrət bəy, sizin Ermənistanın terrorçuluq siyasəti, separatizm əməllərini ifşa etmənizdən sonra erməni diasporu tərəfindən basqılara məruz qaldığınız barədə məlumatlar yayıldı. Hazırda da bu basqılar davam edirmi? Ümumiyyətlə, vəziyyət nə yerdədir?
-Əslində bu barədə danışmaq istəmirəm. Çünki həmin problem artıq öz həllini tapdı. Özbəkistanda yaşayan azərbaycanlıllar diaspor lideri Mobil Məmmədovun rəhbərliyi altında mənim müdafiəmlə bağlı komissiya təşkil etdilər. Mənim hər hansı bir günahım yox idi. Düzdür, ermənilər məni günahkar kimi göstərməyə çalışdılar. Həmçinin Ermənistanda işıq üzü görən qəzetlər bu barədə bir çox şeylər yazdılar. Amma hazırda heç bir problem yoxdur.
-Bu cür təzyiq və təhdidlər sizdə bir qorxu yaratmadı? Yəni, bundan sonra bir qədər ehtiyatlı addım atmaq məcburiyyətində qala bilərsinizmi?
-Qətiyyən. Bu mümkün olan şey deyil. Çünki bu mübarizəyə, erməni terrorunu ifşa etməyə başlamadan əvvəl proseslərin bu cür cərəyan edəcəyini görürdüm. Dünyanın müxtəlif ölkələrində kim erməni terrorizmi, Ermənistan hakimiyyətinin təcavüzkar siyasəti barədə bir şeylər yazırsa, dərhal ona qarşı problemlər yaradılır. Bu hər zaman baş verən bir prosesdir.
-Hazırda bildiyimiz qədər bir neçə sənədli film üzərində çalışırsınız. Filmlərin süjet xətti nədən ibarətdir?
-Bəli. Artıq bir sənədli film hazırdır. Bu film "Daşnaqlar Fərqanədən Qarabağa qədər" adlanır. Yaxın günlərdə Bakıda həmin filmin təqdimat mərasimi keçiriləcək. Bundan başqa ikinci bir film üzərində işləyirik ki, bu da Azərbaycanla Özbəkistan arasında mövcud olan dostluq, qardaşlıq münasibətlərini özündə əks etdirəcək. Artıq həmin filmin də çəkilişlərinə başlamışıq.
-"Daşnaklar Fərqanədən Qarabağa" sənədli filminin çəkilişləri əsasən harada aparılıb?
-Filmin çəkilişləri Özbəkistanda həyata keçirilib. Həmçinin filmdə ermənilərin Qarabağı işğal etmələri faktı da yer alıb.
-Bəs film hansı dildə tamaşaçılara təqdim edilir?
-İlkin variantda "Daşnaqlar Fərqanədən Qarabağa" sənədli filmi tamaşaçılara rus dilində çatdırılır.
-Bəs digər dillərə tərcümə də nəzərdə tutulurmu?
-Əlbəttə. Düşünürəm ki, film yaxın vaxtlarda Azərbaycan, özbək, ingilis, fransız, alman və digər ümumişlək xarici dillərə də tərcümə olunacaq.
-Oxucular üçün yeni kitablar nəzərdə tutulurmu?
-Bir sıra işlər nəzərdə tutulur. Həmçinin zamanında işıq üzü görən bəzi kitablarımın Azərbaycan və özbək dilində tərcümə edilərək yenidən çap olunması təklif edilir. Hazırda onun üzərində işləyirəm.
-Bəs sizin fəaliyyətlərinizə Özbəkistandakı Azərbaycan təşkilatları hansı formada dəstək nümayiş etdirirlər?
-Özbəkistanda fəaliyyət göstərən Heydər Əliyev adına Mədəniyyət Mərkəzi ilə çox yaxından əməkdaşlığım mövcuddur. İstər kitab çapı, istərsə də film çəkilişlərində sözügedən Mədəniyyət Mərkəzinin bizə çox böyük dəstəyi oldu. Ümumiyyətlə, Heydər Əliyev adına Mədəniyyət Mərkəzi ilə çox sıx əməkdaşlıq edirik. Məlumat üçün qeyd edim ki, Azərbaycana bu dəfəki səfərim zamanı özbək dilində 25 ədəd kitab gətirdim. Kitablar özbək ədəbiyyatı, tarixi, mədəniyyətini özündə əks etdirir. Həmin kitabların bizə çatdırılmasında da Mədəniyyət Mərkəzinin xidmətləri olub. Yaxın günlərdə həmin kitablar müvafiq dairələrə təqdim ediləcək.
-Eyni ilə Azərbaycandan da Özbəkistana kitabların aparılması nəzərdə tutulurmu?
-Bəli, nəzərdə tutulur. Bundan başqa Özbəkistan Milli Universitetində Ziya Bünyadov kabineti təşkil etməyi düşünürük ki, bu işdə də Heydər Əliyev adına Mədəniyyət Mərkəzi yaxından yardım göstərir. Qarşıdakı digər planlar içərisində özbək gənclərin Azərbaycana gətirilərək buradakı ali təhsil müəssisələrində oxumaları məsələsi var. Artıq iki gəncimiz bu məqsədlə Azərbaycana gəlib və burada ali təhsil alır. Və bu prosesin davam etməsi nəzərdə tutulur. Qeyd edim ki, bu prosesin həyata keçirməsində də Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin dəstəyi olub.
-İslam Kərimovdan sonrakı Özbəkistanın bu günkü durumu necədir? Özbəkistan öz ənənəvi yolunu davam etdirəcəkmi?
-Əslində bu yol davam edir və yeni hakimiyyət bir sıra önəmli addımlar atır. Belə addımlardan biri pensiyaçıların metro nəqliyyatından pulsuz istifadə etməsidir. Belə ki, səhər saat 10-dan günorta saat 4-ə qədər pensiyaçılar metro nəqliyyatından pulsuz istifadə edirlər. Artıq vətəndaşların öz problemləri barədə prezidentə elektron formada yazdıqları məktublarla əlaqədar 24 saat içərisində müvafiq ölçü götürülür. Məhkəmə sistemində islahatlara start verildi. Ümumiyyətlə, müsbət istiqamətdə irəliləyişlər müşahidə edilir.
-Bəs, Özbəkistanın Azərbaycanla münasibətlərini necə dəyərləndirirsiniz?
-Özbəkistanın Azərbaycanla münasibətləri hər zaman pozitiv olub və eyni münasibət bundan sonra da yüksək səviyyədə davam edəcək. Bu vaxta qədər Özbəkistanla Azərbaycan arasında hər hansı bir məsələdə anlaşılmazlıq, gərginlik olmayıb. Çünki Azərbaycan bizim çox yaxın dostumuz, qardaşımızdır. Azərbaycanla Özbəkistan arasında münasibətlərdə inkişaf tendensiyası müşahidə edilə bilər. Ancaq problem qətiyyən ola bilməz.
-Sizin fəaliyyətinizin müəyyən bir qismi də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması ilə bağlıdır. Bəs, bunun qarşılığında müəyyən təşkilat və qurumlar tərəfindən hansısa dəstək görürsünüzmü?
-Əlbəttə. Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu, Bütöv Azərbaycan Ocaqları, Qarabağ Azadlıq Təşkilatı ilə yaxından əməkdaşlıq edirik. Bir neçə dəfə həmin təşkilatların keçirdikləri tədbirlərdə iştirak və çıxışlar etmişəm. Bundan başqa Bakıda yaxın dostlarım var ki, onlarla da tez-tez görüşür, müəyyən məsələlər ətrafında fikir mübadiləsi aparıram.
-Səhv etmirəmsə AMEA-da elmi işlə də məşğulsunuz
Bəli. Bu istiqamətdə də fəaliyyətim davam edir.
-Bəs mövzu nədir?
-Mövzu Azərbaycan və Özbəkistanın tarixində Daşnaksütun terror təşkilatının izləri, həyata keçirdikləri terro aktları ilə bağlıdır.
-Özbəkistanda erməni terroru hansı izlər qoyub?
-1918-ci ildə, 3 ay ərzində Özbəkistanda 35 min adam Daşnaksütun Partiyası tərəfindən qətlə yetirildi. Bu hadisə Özbəkistanda milli istiqlal hərəkatının oyanmasına rəvac verdi. Bu bir tarixi faktdır. 1918-ci ildə başlayıb, 1940 ilə qədər davam edən Milli İstiqlal Mübarizəsi milyonlarla insanın həyatı bahasına başa gəldi.
S.İsmayılbəyli