Nəvələrimiz bizi qınayacaq …

Hər ikisi bir yerdə olsa, daha yaxşıdı. Təəssüf ki, həmişə belə olmur. Bəzən istedadlı bir adam qara niyyətli və mənfi enerjili olur. O ki qaldı mənə, çalışıram ki, qara fikirlərdən uzaq olum. İnsan içində müsbət enerji gəzdirirsə, son dərəcədə rahat olur və yaradıcılıq impulsları daim təzələnir. Yazmaq da asan və rahat olur.

Keçmişlə bu günü vəhdətdə görürəm...

Müsahibimiz bu günlərdə 55 yaşını qeyd edən Elşin Hüseyinbəylidi.

- Yazıçı olmaq yaxşıdı, ya insan olmaq?

- Hər ikisi bir yerdə olsa, daha yaxşıdı. Təəssüf ki, həmişə belə olmur. Bəzən istedadlı bir adam qara niyyətli və mənfi enerjili olur. O ki qaldı mənə, çalışıram ki, qara fikirlərdən uzaq olum. İnsan içində müsbət enerji gəzdirirsə, son dərəcədə rahat olur və yaradıcılıq impulsları daim təzələnir. Yazmaq da asan və rahat olur.

"On üçüncü həvari - 141 - ci Don Juan" əsərində hər yerdə sizi görürük. "Şah Abbas"da da. Maraqlı yaradıcılıq üslubudu.

Mənim əsərlərim daha çox sintetik-sinkretik üslubdadı və yavaş-yavaş həyat tərzinə çevrilməkdədi. Nəinki romanlarımda və pyeslərimdə, hətta köşə yazılarımda da bu üsluba sadiqəm. Çünki mən keçmişlə bu günü vəhdətdə görürəm.

- Yazıçı həyatı sizi qane edirmi?

- Deməzdim ki, sırf yazıçı həyatı yaşayıram. Çünki bizdə buna şərait yoxdu. Oxucularımız azdı. İnsanlar ədəbiyyata əvvəlki qədər önəm vermirlər. Yazıçı şöhrəti də həminki deyil. Amma çalışıram ki, həyatımı maraqlı edəm. Səfərləri, dostlarla əylənməyi xoşlayıram. Amma ailə mənimçün həmişə birici yerdədi.

- Aqil Abbasın "Batmanqılınc" - ı ilə sizin "Batman qılınc" - ın fərqi nə qədərdi?

- Aqil Abbasın romanını oxumamışam. Mən "Yenə iki od arasında" romanının hazırlıqlarını görərkən onu oxumaq istədim, amma Aqil bəy dedi ki, roman heç onun özündə də yoxdu. Bircə onu deyə bilərəm ki, hər ikimiz roman yazarkən daha çox "Qarabağnamələr"ə əsaslanmışıq. Aqil yaxşı yazıçı olduğundan, hesab edirəm ki, yazdığı əsər də maraqlı olmalıdı. Bildiyimə görə "Batmanqılınc" təzədən nəşr olunub və dostum Aqil bəy həmin kiatbadan bir nüsxə də mənə verəcəyinə boyun olub.

- Təzədən yazıçı olmaq istəsəydiniz, kim olmaq olmaq istərdiniz: M.S. Ordubadi, Aqil Abbas, Yunuz Oğuz, ya Elçin Hüseynbəyli?

- Adlarını çəkdiyiniz yazıçıların hamısına böyük hörmətim var, amma yenə də Elçin Hüseynbəyli olmaq istərdim. Hərənin öz qisməti var.

- Əsərlərinizdə tez- tez İran dövlətindən bəhs edirsiniz. Niyə? Yazdığınız dövrdə İran dövləti olubmu?

- İran ərazisi qədimdi və zaman-zaman orda müxtəlif dövlətlər yaranıb. Sonralar həmin ərazidə Səfəvi imperiyası qurulub və 400 ilə yaxın bir müddətdə türklər orda hökmranlıq edib, təəssüf ki, yazılarımız fars dilində olduğundan avropalılar oranı "Persiya" sayıblar. "İran" sözündən isə qorxmaq lazım deyil. Orada bizimdi...

- Bu yaxınlarda "Yenə iki od arasında" romanı "Azərbaycan" jurnalında dərc olundu. Əsərin adı düzdürmü?

- Əsərin adı rəmzi xarakter daşıyır. Əslində biz indi üç od arasındayıq. Sadəcə əsərin bəhs etdiyi dövrdə Ermənistan olmadığına görə Yusuf Vəzir Çəmənzəminli əsərinin adını "İki od arasında" qoyub. Mənim romanım həm də Yusuf Vəzirin həyatına həsr olunduğuna və tarixi şərait təkrar edildiyinə görə romana bir "yeni" sözü də əlavə eləmişəm.

- Bu gün çap mediası ilə elektron mediası arasında mübarizə gedir. Sizcə bu mübarizədə hansı qalib gələcək?

- Güman ki, elektron media. Çünki insanlar rahat yaşamağa meyllidirlər, havayı pul xərcləmək istəmirlər. Bir şey də var ki, ədəbiyyatın özü istiqamətini dəyişməkdədi və mənə elə gəlir ki, gələcəkdə daha çox siyasi, texniki və iqtisadi elektron ədəbiyyat inkişaf edəcək.

- Əvvəllər hər yerdə kitab oxuyan insanlara rast gəlinirdi. İndi isə hamı daha çox telefonla "məşğuldu". Belə çətin bir vaxtda siz kitab yazırsınız. Kitablarınızın satış səviyyəsindən rasınızmı?

- İndiki zamanda kitab yazmaq macərapərəstliyə oxşayır. Bəlkə buna görə nəvələrimiz bizi qınayacaq. Yəni insanlar pul qazanır, göydələnlər tikir, malikanələr alıb-satır, bizsə yazırıq. Özü də yazı-pozu pul-pənə gətirmir. Amma əlimdən başqa bir iş də gəlmir. Biz tacir xalqıq, oxu mədəniyyəti baxımdan Avropadan 400 il geridəyik. On altıncı əsrdə Avropada jurnallar çıxanda biz hələ də hüsnüxəttədən istifadə edirdik. Sovetlər zamanı qeyri-leqal ticarəti qadağan etmişdilər və ticarətlə mşğul olanlara "möhtəkir" damğası vururdular. Elə ki, sovetlər dağıldı, biz də müstəqil olduq, tacir damarımız təzədən tutdu. Ona görə də kitab mağazalarını dağıdıb, yerində "şmotka" satmağa başladıq...

- Azərbaycan teatırlarında sizin 9 əsıriniz tamaşaya qoyulub. Sizcə bu gün Azərbaycan tamaşaçısı teatra kifayət qədər maraq göstərirmi?

- Bu sualı birincinin davamı, cavabı da elə birinci cavabın davamı kimi qəbul etmək olar. Teatr kübar sənətdi. Ora gedən tamaşaçılar da kübar olmalıdı. Təəssüf ki, repressiya kübar nəslinin daşıyıcılarının çoxunu məhv etdi...

- Gələcək planlarınız?

- Gündəlik qələm məşqlərindən əlavə bir neçə tarixi roman layihəm var. İndilikdə "Pərixan sultan" romanı üzərində hazırlıq işləri görürəm: oxuyuram, qeydlər edirəm və yazmağa hazır olanda işə başlayacam...

"Olaylar"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31