“İnkişafını tamamlamış” şəxs cəmiyyət üçün də təhlükəlidi
İntiharların, boşanmaların, aqressiyanın geniş yayıldığı bir cəmiyyətdə mütəxəssislər hər zaman psixoloqlara ehtiyac duyur. Boşanmalardan sarsılan uşaqların, autizmin qəbul edilmədiyi bir mühitdə böyüməyə məhkum olan körpələrin gələcəkdə sağlam düşüncəli gənc olacaqları artıq şübhə altındadı.
19 Dekabr 2016 13:53 Müsahibəİntiharların, boşanmaların, aqressiyanın geniş yayıldığı bir cəmiyyətdə mütəxəssislər hər zaman psixoloqlara ehtiyac duyur. Boşanmalardan sarsılan uşaqların, autizmin qəbul edilmədiyi bir mühitdə böyüməyə məhkum olan körpələrin gələcəkdə sağlam düşüncəli gənc olacaqları artıq şübhə altındadı.
Psixoloqların insanı səbirlə dinləmək, ruh sağlığını müayinə etmə kimi səlahiyyətləri var. Lakin bu gün cəmiyyətimizdə psixoloqlara qarşı münasibət heç də birmənalı deyil. Məhz bu səbəblə də Bakı Dövlət Universitetinin müəllimi, doktorant, psixoloq, paixoterapevt Günel Aslanova ilə söhbət etdik.
İnsanlar artıq psixoloqları qəbul edirlərmi?
Adətən bir neçə stereotip var ki, onlar cəmiyyətdə psixoloqlarla əlaqədar yanlış təsəvvürlərin yaranmasına səbəb olur, eləcə də insanların psixoloqları qəbul etməyinə mane olur. Məsələn, "Psixoloqa "dəlilər" müraciət edir", "Ən yaxşı psixoloq sənin öz yaxınların, ailəndi, başqası sənə kömək edə bilməz", "Psixoloq pul qarşılığında səni dinləyir, o səmimi ola bilməz, məqsədi səndən istifadə etməkdi", "İndiyə qədər psixoloq yox idi, problemlərimiz həll olunmurdumu, ağbirçək, ağsaqqal sözünü dinlə".
Əvvəlki illərlə müqayisədə insanların psixoloqlara münasibətində əslində xeyli irəliləyişlər var. Artıq psixoloqların həm psixi pozuntulu, həm də psixi sağlam, lakin müəyyən həyati problemləri olan insanlarla işlədiyi haqqında məlumatı olanların sayı artmaqdadı. Psixi pozuntulu olan şəxslər son illər bu problemlərin həllini falçılarda, cindarlarda, mollalarda deyil, ruh sağlığı mütəxəssislərində axtarırlar. Ağbirçək, ağsaqqal dəstəyi axtaranların da sayı get-gedə azalmaqdadı. Xüsusən də təhsil, intellekt səviyyəsi yüksək olan şəxslər arasında belələrinə rast gəlirik. Müraciət edənlər tez-tez yaxınlarının onlara verdiyi məsləhətlərin necə subyektiv olduğuna aid dəfələrlə başlarına gələn hadisələrdən danışırlar. Ümumiyyyətlə, psixoloqa müraciət etmək özü bir mədəniyyətdi. İş yoldaşı, qonşu, qohuma problemdən söz açmaq, danışmaq onlara neqativ təsir etmək, obyektiv məsləhət ala bilməməklə yanaşı, həm də etik baxımdan düzgün deyil. Hüquqi məsləhəti hüquqşünas verdiyi, doğuşu ginekoloq qəbul etdiyi kimi, psixi sağlamlıqla da falçı, ekstrasens, ağbirçək deyil, mütəxəssis məşğul olmalıdı. Birinin hüquqi biliklərinin olması, doğuş qəbuletməklə bağlı kifayət qədər təcrübəsinin olması ona bu sahələrin mütəxəssisi olmaq səlahiyyəti vermədiyi kimi, birinin də həyati təcrübəsinin olması ona ruh sağlığı ilə məşğul olmaq səlahiyyəti vermir.
Sizə ən çox hansı problemlərlə sizə müraciət edirlər?
Depresiya, panik atak, obsessiv-kompulsiv pozuntu, emosional pozuntu, sosial fobiya, konversion pozuntu, şəxsiyyət pozuntuları, ailədaxili problemlər, uşaq davranış pozuntuları, psixoloji inkişaf problemləri ilə əlaqədar müraciət edirlər əsasən. Problem yaranmadan öncə haqqında məlumatlı olmaq, ön tədbirlər görmək daha effektivdi. Təəssüf ki, profilaktik olaraq müraciət edənlərin sayı problem yarandıqdan sonra müraciət edənlərdən daha azdı.
Uşaqlardakı qısqanclıq halları nə ilə bağlıdı?
Qısqanclıq təbii bir duyğudu. Uşaq və ya böyük olmasından asılı olmayaraq hər bir kəs həyatı boyunca bu hissi bu və ya digər dərəcədə yaşayır. Qısqanclıq hissi insanda sevdiyi birinin özünə qarşı olan diqqətinin azaldığını və bu diqqətin başqa birinə yönəldiyini hiss etdikdə yaranır. Əslində isə qısqanclığın təməlində güvənsizlik hissi dayanır. Bəzən valideyn və ya qısqanclıq obyekti olan digər biri əslində qısqanana qarşı diqqətsizlik etmədiyini iddia edir. Bundan qıcıqlanır, uşağı əsassız qısqanc davranışlarına görə ittiham olunur. Amma qısqanclıq heç vaxt əsassız olmur. Özünə qarşı diqqət nisbi anlayışdı. Valideyn diqqət etdiyini düşünə bilər, amma uşağın gözlədiyi diqqət, sevgi tam fərqli ola bilər. O səbəbdən də bunu aydınlaşdırmaq çox önəmlidi. Bəzən qısqanclıq o qədər şiddətli olur ki, uşaq valideyn tərəfindən aqressivliyə belə razı olur. Yəni onun üçün fərq etmir, aqressiv və ya mülayim davranır. Əsas odur diqqəti üzərimdədi. Uşaqlar buna fərqli şəkildə nail ola bilirlər. Bəzən kiçik bacı-qardaşa qarşı aqressivlik, bəzən altını islatma, uşaq hərəkətlərini yamsılama, əşyalarını paylaşmamaq kimi özünü göstərə bilir. Bu zaman valideyn bir qədər səbrli davranarsa, uşağa qısqanclıq etdiyi məqamda deyil, bundan kənar hallarda diqqət göstərərsə, bərabər zaman keçirərsə, dost, yaxşı münasibət qazanmaqda əşyaları paylaşmağın rolunu nümayiş etdirərsə tədricən uşağın güvənini qazanacaq. Önəmli olan qısqanclıq hissinin normal hiss olduğunu qəbul etməkdi.
Uşaqların psixoloji durumu bu gün nə dərəcədə təsirsizdi?
Şəxsiyyət mühitdə inkişaf edir. Əlbəttə ki, uşağın psixoloji durumuna onun əhatə olunduğu mühitin təsiri böyükdü. Psixologiyada "sosial öyrənmə" adlanan fenomen mövcuddu. Ətraf mühiti müşahidə etmək sayəsində davranışda yaranan dəyişiklikləri nəzərdə tutulur. O səbəbdən də uşaqların əhatə olunduğu mühitə həssas yanaşmaq lazımdı. "Uşaqdı, anlamaz" deyib keçmək düzgün deyil. Valideynin uşağın ona baxmadığını, oyun oynadığını düşünüb aqressiv, qeyri-etik davrandığı əksər hallarda uşaqlar onların davranışlarının fərqində olurlar. Bəzən valideynlər bildirirlər ki, uşaq aqressiv və ya qorxu, həyəcan dolu kadrları, səhnələri izləsələr də onların davranışında normadankənar nə isə müşahidə etməyiblər. Həmin səhnələrin uşağın psixikasına olan mənfi təsirinin uzun illər sonra özünü göstərdiyi hallar məlumdur.
Uşaqları canlı ünsiyyətə cəlb etmək üçün valideynlər nələr etməlidilər?
"Valideyn uşaqla çox zaman keçirməlidi" fikri ilə razı deyiləm. Valideyn özünün hobbiləri, maraq sahəsi, bu və ya digər fəaliyyət sahələri olan şəxsdi. Təbii ki, uşaqla çox zaman keçirən valideyn bütün bunlardan imtina etmiş olur. Öz təbii tələbatlarından imtina edən şəxsin isə aqressiv olacağı məlumdu. Valideynin onunla daha çox zaman keçirdiyinə alışan uşaq isə "dünya onun ətrafında fırlanır" düşüncəsində olur. Belə uşaqlar hər kəsdən aşırı diqqət gözləyir, qısqanc davranışlar nümayiş etdirirlər. Bu səbəblə də valideyn uşaqla keçirdiyi vaxtın müddətinə deyil, keyfiyyətinə önəm yetirməlidi. Həmin müddətdə uşaq və valideyn arasında bərabər səviyyəli münasibətin olması önəmlidi. Ünsiyyətdə uşaq valideyn kimi anlayışlı, yetkin davranışa istiqamətləndirilməklə yanaşı, valideyn də zaman-zaman uşaq olmağı, oyun oynamağı, əylənməyi bacarmalıdı. Bu cür ünsiyyət daha effektivdi. Bu tərzli ünsiyyətə sahib valideynlərin uşaqları daha çox canlı ünsiyyətə, bölüşməyə, dinləməyə meylli olurlar. Birinci halda isə zaman çox olsa da keyfiyyətsiz olduğu üçün uşaqlar real ünsiyyətdən daha çox texnikaya, virtuala istiqamətlənəcəklər. Bütün bunlarla yanaşı uşağın gün rejiminə də diqqət yetirmək zəruridi. Qalan vaxtını uşaq rejimə müvafiq olaraq keçirərsə, saatlarla onun inkişafına mənfi təsir edə biləcək digər fəaliyyətlərə zamanı qalmayacaq. Uşağın rejimini tərtib edərkən onun sevdiyi fəaliyyətlərlə yanaşı, canlı ünsiyyəti, komanda işini ehtiva edən fəaliyyətləri də nəzərə almaq lazımdı. Eyni zamanda bütün bunlar uşağın zamanla qaydalara uyğunlaşaraq rahat yaşamağına, cəmiyyətə adaptasiya olunmağına da kömək etmiş olacaq.
Eqosu yüksək olan gənclərdə hansı "təhlükə" var?
"Eqo"ya yönəlişliyin, eqosentrik olmanın fəsadları kimi, səbəbləri haqqında da çox danışmaq olar. Düşünürəm ki, ən böyük təhlükə özlərinə qarşıdı, hüzur hissinin yoxsulluğu onlar üçün ən böyük təhlükədi. Harda, necə bir ailədə doğulmasından, yaşamasından, böyüməsindən, dilindən, dinindən, irqindən, maddi vəziyyətindən asılı olmayaraq hər bir insanın hərəkətverici qüvvəsi, motivasiyası xoşbəxtliyə cəhd etməsi, hüzurlu olmaq istəyidi. Kimi bunu gözəllikdə, kimi sevgidə, kimi təhsildə, kimi isə maddiyyatda görür. Eqosu sağlam olmayan şəxs (özünüqiymətləndirməsi ifrat yüksək və ya aşağı) hər zaman özünü təsdiq etməyə cəhd edir. Nəticəvi olaraq başqalarından seçilməyə yönəlməklə, əslində ətrafın onları rəğbətləndirməyini istəyir. Davamlı olaraq özünü təsdiq etmək istəyi, rəqabət hissi, özünü ifrat yüksək dəyərləndirmə prosesə deyil, nəticəyə yönəlməyə səbəb olur. Nəticəyə yönəlik olan şəxs isə fəaliyyətindən də, ünsiyyətindən də zövq ala bilmir, xoşbəxtlik hissini unudur. Çünki onu ancaq nəticə maraqlandırır. Digər böyük təhlükə isə şəxsi inkişafları ilə bağlıdı. Bir insan özünü ideal görürsə demək ki, inkişafını tamamlayıb. Bu isə qeyri-mümkündü. İnsan həyatı boyunca dəyişən, inkişaf edən mexanizmdi. "İnkişafını tamamlamış" şəxs cəmiyyət üçün də təhlükəlidi.
Uşaqlarda intiharın səbəbləri?
Həqiqi və psevdo (yalan) intihar səbəblərini ayırmağa ehtiyac var. Həqiqi intihar edən şəxs yaşamaq istəmir, həyatını bitirmək istəyir. Buna adətən uşaqlar arasında rast gəlinmir. Daha çox yaxın insanını itirmiş, xroniki, uzunmüddətli, şiddətli ağrılarla müşaiyət edilən xəstəliklərdən əzab çəkən yetkin şəxslər həqiqi intihar səbəbi ilə intihara cəhd edir və ya onu törədirlər. Uşaqlar arasında adətən psevdo intihar səbəbləri üstünlük təşkil edir. Məsələn, demonstrativ intiharlarda məqsəd heç də ölmək deyil, uşaq həqiqətən də yaşamını sonlandırmaq istəmir. Onun məqsədi qisas almaq, ətrafdakılara yoxluğu ilə zərbə vurmaqdı. Adətən yeniyetməlik yaşında təsadüf edilir. Affektiv intiharlar da yeniyetmələr arasında yayğındır. Affefktiv intihar törətmiş şəxs qüvvətli hissin təsiri altında olur. Utanc hiss edən, ləyaqət hissinin alçaldığını, təhqir olunduğunu hesab edən şəxsə ani olaraq yaşamaq mümkünsüz görünür. Həmin an intihar törədilir. Bu qısa an keçərsə artıq şüurun normal fəaliyyəti bərpa olunur, şəxs intiharı törətməkdən imtina edir. Uşaqlıq dövründə isə cizgi filmi qəhrəmanlarını yamsılamaq, təqlid etmək məqsədi ilə təhlükəli hərəkətlərə, özünü öldürməyə meyl müşahidə olunur. Bu zaman uşaq ölüm haqqında məlumatlı olmadığı, ölümdən sonra həyatın bitdiyini bilmədiyi səbəbindən həyatını sonlandırır.
İşləyən valideynlərin övladlarına vaxt ayıra bilməmələri gələcəkdə ailədə hansı problemlər yarada bilər?
Valideyn-övlad münasibəti düzgün qurularsa heç bir problem yaratmayacaq. Valideyn-övlad münasibəti düzgün qurulmadığı halda isə işləməyən valideynlərin uşaqlarında da problem yarana bilər. Önəmli olan valideynin işləyib, işləməməsi deyil, onun uşaqla düzgün münasibət qura bilməsidi. Normal olan hal valideynin işləməyidi. Valideyn insanın ifa etdiyi rollardan biridi. Bir insan həm valideyn, həm övlad, həm həyat yoldaşı, həm işçi, həm cəmiyyətin üzvüdü. Həyatda hər hansı bir rolunu digər rollardan imtina etdirmək hesabına inkişaf etdirmək şəxsiyyətin psixoloji problemlərinin həm göstəricisi, həm də zəmanətidi. Düzgün valideyn-övlad münasibəti qurulmayan uşaqlarda əhval, həyəcan, davranış pozuntuları kimi müxtəlif şəkilli pozuntulara rast gəlirik. Düzgün qurulmayan münasibət isə, yalnız rolu mənfi ifa etməklə məhdudlaşmır, rolu çox yaxşı ifa etməyə cəhd etmək də buna səbəb olur.
Boşanmalarının uşaqlara mənfi təsiri nələrdi? Bu sahədə valideynlər maariflənirlərmi?
Təəssüf ki, bu sahədə maariflənmə xeyli zəifdi. Bunun da əsas səbəbi cəmiyyətdə boşanmaya olan münasibətdi. Kollektivist cəmiyyət olaraq bizdə əsasən boşanma faciə, bədbəxtlik kimi təqdim edilir. Hesab edilir ki, boşanan valideyn də, xüsusən qadın, övlad da bədbəxtdi. Məhz bu stereotip ən yaxşı halda valideynin uşağa yazığı gəlməyinə, ona qarşı ifrat diqqətli olmağına səbəb olur. Ən pis hallarda isə uşaq iki tərəf arasında bir-birindən qisas almaq üçün istifadə edilən bir vasitəyə çevrilir. Bir-birlərinə qarşı olan mənfi hislərini uşağa köçürmək, və ya onun qarşı tərəflə münasibətini məhdudlaşdırmaq, mane olmaqla ifadə edirlər. Boşanmaların uşaqlara qarşı olan mənfi təsirini aradan qaldırmaq üçün cəmiyyətin, xüsusən də boşanan valideynlərin boşanmaya olan münasibətini dəyişməyə ehtiyac var. Boşanma iki insanın birlikdə həyatlarını paylaşmaq, davam etdirmək istəmədiklərinin sosial, hüquqi təsdiqidi. Dərk edilmiş boşanma stereotiplərdən uzaqlaşaraq səmimiyyəti seçməkdi. Təbii ki, iki insan bir yerdə yaşamaqdan zövq almırsa, birlikdəlik onları xoşbəxt etmirsə, əksinə onların psixoloji durumuna neqativ təsir edirsə onların ayrılmaları birgəlikləri ilə bağlı verə biləcəkləri ən düzgün qərardı. Hüquqi müstəvidə də görürük ki, boşanma ilə yalnız ər-arvad münasibəti sonlanır, sənədləşmədə yalnız bununla bağlı dəyişiklik baş verir. Boşanmanın valideynin olub və ya olmamaqla heç bir əlaqəsi yoxdu. Bu səbəbdən də boşanmanı normal qəbul edən, valideyn rolunu davam etdirən şəxslərin uşaqlarında,onların psixoloji inkişafında mənfi təsirlər müşahidə edilmir. Boşanmanı qəbul edə bilməyən, bunu faciə görən insanın psixoloji inkişafının yetkin olmadığı açıq-aydındı. Belə biri isə, uşaqla münasibətdə boşanmadığı hallarda belə müəyyən qüsurlara yol verir. Boşanma, evlilik, işsizlik, xəyanət, insan itkisi bu kimi sosial hallar əlbəttə ki, hər bir insanda müəyyən mənada ruh düşkünlüyü yarada bilər. Bu normaldı. Normal olmayan bu psixoloji halın keçici olmayıb, insanın bütün həyatına təsir etməsi, yaşamından imtina etməsi, digər insanlara öz travmasını proyeksiya etdirməsi, başqalarını ittiham etməsidi.
Valideynlərin öz autizmli uşaqlarına qarşı münasibəti necədi?
Valideynlərdə adətən uşağa qarşı ya ifrat günahkarlıq hissinə, ya da yadlıq hissinə rast gəlinir. Vicdan hissi yüksək inkişaf etmiş şəxslər uşağın problemi ilə əlaqədar özlərinin hər hansı səhvlərini axtarır, bu həqiqi və ya dolayı səbəblə bağlı vicdan əzabı çəkirlər. Digər qisim valideynlər isə mükəmməl olana meyl etdiklərindən bu uşaqdan uzaqlaşmaq, azad olmaq istəyirlər. Onu həyatlarında bir maneə kimi görürlər. Əlbəttə ki, hər iki qütbi yanaşma yanlışdı. Bu halda valideynlərin də psixoloji dəstək almağa ehtiyacı var. Uşaqla sağlam emosional bağlılığın yaradılması mütəxəssis tərəfindən dəstək sayəsində mümkündü. Uşağa qarşı yadlıq hissi kimi, ona yazığı gəlmək də diskriminativ yanaşma hesab edilir. Doğru olan ona da ailədəki və ya digər uşaqlar kimi eyni münasibəti nümayiş etdirməkdi.
Autizmli uşaqların cəmiyyətdəki problemləri?
Autizmli uşaqların ən başlıca sosial problemi onların cəmiyyətə inteqrasiya və adaptasiya olunmaları ilə bağlıdı. Onlara qarşı ayrıseçkilik buna mane olur. Hər bir valideyn uşağında fərqliliyə qarşı dözümlülük, başqasına qarşı empatiya, xeyirxahlıq kimi yüksək bəşəri hislərin formalaşdırlmasına çalışmalıdı. Belə olduğu halda autizmli uşaqlar da həm təhsilə, ümumilikdə sosial həyata rahat şəkildə alışa biləcəklər.
Nigar Nigar