FES-in qərarı manatın taleyinə necə təsir göstərəcək?
Pərviz Heydərov: “Manatın məzənnəsini FES-in qərarlarına bağlamaq düzgün deyil” Uzun müddətdən sonra nəhayət ki, gözlənilən oldu. Əslində bu dünya ölkələri üçün arzuedilən bir situasiya deyildi. Amma bütün bunlara baxmayaraq Birləşmiş Ştatların Federal Ehtiyat Sisteminin (FES) Direktorlar Şurası əsas uçot dərəcəsini 0,5‒ 0,75 faizədək artırmaq barədə qərar qəbul etdi. Bu da son qərar kimi dəyərləndirilmir. Amerikalı iqtisadşılar hesab edirlər ki, FES 2017-ci ildə ABŞ-ın stabil iqtisadi göstəricilərini nəzərə alıb uçot dərəcələrini artırmaqla bağlı daha 2 dəfə də qərar çıxaracaq.
15 Dekabr 2016 12:50 MüsahibəPərviz Heydərov: "Manatın məzənnəsini FES-in qərarlarına bağlamaq düzgün deyil"
Uzun müddətdən sonra nəhayət ki, gözlənilən oldu. Əslində bu dünya ölkələri üçün arzuedilən bir situasiya deyildi. Amma bütün bunlara baxmayaraq Birləşmiş Ştatların Federal Ehtiyat Sisteminin (FES) Direktorlar Şurası əsas uçot dərəcəsini 0,5‒ 0,75 faizədək artırmaq barədə qərar qəbul etdi. Bu da son qərar kimi dəyərləndirilmir. Amerikalı iqtisadşılar hesab edirlər ki, FES 2017-ci ildə ABŞ-ın stabil iqtisadi göstəricilərini nəzərə alıb uçot dərəcələrini artırmaqla bağlı daha 2 dəfə də qərar çıxaracaq.
FES-in qərarının əksər ölkələr kimi Azərbaycana da təsirsiz ötüşməyəcəyi proqnozlaşdırılır. İddia edilir ki, bu qərar manatın yenidən ucuzlaşması və dolların dəyərinin artması ilə nəticələnəcək. Bəs, yerli iqtisadçılar bu barədə nə düşünr?
İqtisadçı Pərviz Heydərov deyir ki, FES-in faiz dərəcəsini artıracağı gözlənilən idi. Onun sözlərinə görə, bunu hələ cari ilin ortasında proqnozlaşdırmışdı: "Məqalələrimdə yazmışdım ki, adı çəkilən qurum tərəfindən faiz artımı haqda qərarın qəbulu, ilin sonuncu ayından, yəni dekabrdan tez baş verməyəcək. Hərçənd, keçən il dekabr ayında adı çəkilən qurum 9 illik fasilədən sonra 0,25 faiz artıma gedərkən bəyan etmişdi ki, 2016-cı ildə azı 2-3 dəfə də bu cür qərar qəbul edəcək. Amma aydın idi ki, bu, cari il ərzində 1 dəfədən çox baş verə bilməz". Pərviz Heydərov hesab edir ki, bu qərar növbəti ildə təkrar olunmaya bilər: "Yəni, bir müddət FES anoloji qərara bir daha getməyəcək. Çünki bunun özünün qəbuluna böyük hazırlıq getdi. Belə ki, neft OPEC tərəfindən nəhayət ki, məlum yekdil qərarın qəbul edilməsi ilə nisbətən bahalaşdırıldı, Amerika iqtisadiyyatında məşğulluq və inflyasiya kimi göstəricilər məqbul səviyyəyə gətirildi, adı çəkilən ölkədə prezident seçkilərinin nəticəsi gözlənildi və s. Yəni bunlar məlum və gözlənilməsi vacib məsələlər idi. Lakin, məlumdur ki, keçən ilin dekabr ayında FES tərəfindən 9 illik fasilədən sonra baza faiz dərəcəsinin 0,25 faiz qaldırılması bütün dünya bazarlarında və eləcə də ölkələrin milli valyutaları üçün şok effekti yaratdı. Demək olar ki, hər yerdə tarazlıq pozuldu. Neftin dünya bazarlarında qiymətləri daha sürətlə enməyə başladı. Ümumən, dünya iqtisadiyyatında onsuz da ciddi çətinliklər içərisində olan istehsal dalana dirəndi. Azərbaycanda da manat 2-ci dəfə məhz bundan sonra - dekabrın 21-də devalvasiyaya uğradı. Özü də bu dəfə birincidən (34 faiz) daha çox səviyyədə 47 faiz. Üstəlik, Mərkəzi Bank (AMB) bununla "üzən məzənnə" rejiminə keçdiyi haqda qərar da qəbul etdiyini bəyan etdi". Bəs, bu dəfə necə olacaq və manat növbəti dəfə kəskin devalvasiyaya uğrayacaqmı?! Pərviz Heydərov bildirib ki, nə qədər təəccüblü olsa da, FES-in məlum qərarından sonra iqtidara müxalifət cəbhəsində, eləcə də hökumətin iqtisadi kursuna opponent iqtisadçı ekspertlərin cəbhəsində bir "atəşfəşanlıq" hiss edilir:
"Necə deyərlər, "toy-bayram" səsləri eşidirəm. Lakin qeyd edim ki, ki, manatın məzənnəsini FES-in qərarlarına bağlamaq düzgün deyil. Düzdür, keçən il manatın 2-ci dəfə devalvasiyası məhz FES-in baza faiz dərəcəsini 0,25 faiz artırması haqda qərarından dərhal sonraya təsadüf etdi. Amma bu, o demək deyildi ki, 2-ci devalvasiya məhz bu səbəbdən baş verdi. Buna qədər də məlum idi ki, manat növbəti dəfə də ucuzlaşdırılacaq və "üzən məzənnə" rejiminə keçiləcək. Odur ki, manatın məzənnəsi ilə bağlı yaxın perespektivdə vəziyyəti FES-in qəbul etdiyi qərara deyil, məhz neftin dünya bazar qiymətləri müəyyən edəcək. OPEC-in hasilatı azaltmaq barədə qərarına ABŞ-ın da razılığı olub. Yəni qiymətlər 55-60 dollaradək bahalaşdırımalı idi ki, FES faiz dərəcəsini qaldıran kimi, yenidən öz "məcrasına" qayıtsın". İqtisadçının sözlərinə görə, neftin qiymətinin 45-50-55 dollar səviyyəsində olması bizə bu gün üçün məqbul səviyyədir: "Başqa sözlə desəm, hər şeyin yaxşı olması - ölkəmizdə iqtisadi atmosferin normal məcraya düşməsi üçün neftin 45-50-55 dollar səviyyəsi belə demək mümkündürsə, vaxt qazanacağımız demək olacaq. Yaxın perespektivdə isə neftin bundan da aşağı ucuzlaşacağı gözlənilmir... Orta perespektivdə isə vəziyyət stabilləşəcək. Bir sözlə desəm, çətini yeni ilin ilk üç ayı ərzində olacaq".
İqtisadçı Samir Əliyev isə bildirib ki, FES-in qərarından sonra manata təzyiq artacaq: "Düzdür, bazarda gərginlik olacaq. Amma ötən dekabrdakı hadisəni gözləmirəm. Yəqin ki, ilin sonuna kimi manat bu templə ucuzlaşmaqda davam edəcək. Mən kəskin devalvasiya gözləmirəm, amma istisna da etmirəm".
Qubad İbadoğlu isə bildirib ki, FES yenidən zəif qorunan milli valyutaları təlaşa salıb və manat da bu siyahıdan kənarda deyil. İqtisadçı hesab edir ki, belə bir qərarın verilməsi xüsusilə qonşu Türkiyədə lirə, Rusiyada rublun məzənnəsinin ucuzlaşmasını şərtləndirəcək: "Azərbaycan manatı isə həm əsas ticarət tərəfdaşı olan qonşu ölkələr vasitəsi ilə, həm də birbaşa təsirlərə məruz qalacaq. Avroda və funt sterlinqdə dollara nəzərən gözlənilən ucuzlaşma da bizim valyutaya dolayı təsir edən faktorlardan ola bilər". Qubad İbadoğlu onu da qeyd edib ki, manatın üzən məzənnəyə keçidi ilə bağlı müzakirələrin intensivləşdiyi indiki həsas dövrdə FES-in qərarının təsiri ilə baş verənlər onun valyuta bazarında möveyini bir az da zəiflədəcək. Beləliklə də mövcud şərtlər çərçivəsində manatı üzən məzənnə rejimində saxlamaq daha da çətinləşir. Amma başqa alternativlər qalmayıb, çünki, islahataların və sərmayələrin gələcəyi manatın gerçək məzənnəsinin formalaşma tezliyindən asıldır".
Süleyman