Azərbaycan hökuməti ölkə iqtisadiyyatının mövcud durumdan çıxmasını təmin edə biləcək bir çox qərarlar qəbul etdi
15 Dekabr 2016 12:42 MüsahibəFikrət Yusifov: "Bu qərarların icrasının normal təmin ediləcəyi halda, yaxın bir neçə il ərzində mövcud durumun aradan qaldırılması mümkündür"
Artıq 2016-cı ilin başa çatmasına sayılı günlər qalıb. Başa vurmaqda olduğumuz il də Azərbaycanın siyasi və iqtisadi həyatında bir çox yadda qalan məqamlar baş verdi. Xüsusilə qlobal miqyasda iqtisadi sahədə baş verən bəzi xoşagəlməz proseslər ölkə iqtisadiyyatına mənfi təsirsiz ötüşmədi. Bəs görəsən, iqtisadçılar bu prosesləri necə dəyərləndirir və qarşıdan gələn 2017-ci illə bağlı proqnozları nədən ibarətdir?. Bu və ya digər suallarla "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru Fikrət Yusifova müraciət etdik.
-Fikrət müəllim, artıq 2016-cı il başa çatmaq üzrədir. Bu il ölkədə iqtisadi sahədə baş verən prosesləri necə dəyərləndirərdiniz?
-Ölkəyə böyük neft pullarının gəlməyə başladığı 2008-ci ildən sonra iqtisadiyyatda ilk dəfə idi ki, rəsmi geriləmə qeydə alındı və ölkənin tədiyyə balansı 2005-ci ildən sonra ilk dəfə idi ki, kəsrlə formalaşdı. Neft gəlirlərinin bir neçə dəfə azalması, iqtisadi aktivliyə kifayət qədər mənfi təsir edə bildi. Ən böyük geriləmə isə tikinti sektorunda baş verdi. Aydın olmayan səbəblərdən qeyri-neft sekrorundan ixracın həcmi də kəskin şəkildə azaldı. Bank sektorunda ciddi problemlər yaşandı. Ondan artıq bankın fəaliyyətinə xitam verildi. Manatın 2015-ci ildə baş vermiş iki kəskin devalvasiyasından sonra banklardan xarici valyutada krediti götürən vətəndaşlar daha ağır durumla üz-üzə qaldılar. Real olaraq bank sistemi iflic olma həddinə gəlib çatdı. Bir qədər öncə isə enerjidaşıyıcıların qiymətləıri artırıldı. Bütün bunlar dünyada baş verən iqtisadi və maliyyə böhranının Azərbaycanda törədə bildiyi fəsadlar idi.
-Bu il həm də iqtisadi sahədə bir sıra islahatların həyata keçirilməsi ilə yadda qaldı. Bəs, bu islahatların iqtisadi sahəyə hansısa müsbət təsiri oldumu?
-Yaranmış vəziyyətdə Azərbaycan hökuməti ölkə iqtisadiyyatının mövcud durumdan çıxmasını təmin edə biləcək bir çox qərarlar qəbul etdi. Bu qərarların icrasının normal təmin ediləcəyi halda, yaxın bir neçə il ərzində mövcud durumun aradan qaldırılması mümkündür. Bunun üçün bütün səylər bir araya gətirilməli və ən azından yaxın bir il ərzində maliyyə bazarında sabitliyin yaradılmasına nail olunmalıdır. Valyuta bazarı tam nəzarətə götürülməli və buradakı özbaşınalığa son
qoyulmalıdır. İş adamının qarşısında əngəl yaradan hər hansı bir məmur isə ən sərt formada cəzalandırılmalıdır.
-Bəs, 2017-ci ildən gözləntiləriniz nədir?
-Gələn 2017-ci il bir o qədər də asan olmayacaq. Bu səbəbdən də ilk növbədə dövlət müəssisələri maliyyə vəsaitlərindən maksimum qənaətlə istifadə etməli və israfçılığın qarşısını almağa yönəlik ciddi tədbirlər görməlidirlər. Dövlət xərcləmələrində ciddi qənaət rejimləri tətbiq etmək yolu ilə İqtisadi islahatların və struktur islahatlarının yüksək səviyyədə aparılması gələn ilin sonlarına yaxın vəziyyətin sabitləşməsinə gətirib çıxara bilər.
-Gələn il neft qiymətlərində hansıs ciddi dəyişikliklər müşahidə ediləcəkmi?
-Neftin qiymətlərində OPEK-in son qərarından sonra baş verən artımların nə qədər davamlı olacağına təminat vermək mümkün deyil. Əgər neftin qiymətlərinin aşağı düşməsi doğrudan da təkcə bazarda olan 1,5-1,8 milyon barel nef artıqlığı hesabına baş versəydi, onda problemin OPEK-in son qərarından sonra həll ediləcəyinə güvənmək mümkün idi. Lakin neftin qiymətlərində son iki il yarımda baş verən proseslər məsələnin siyasi tərəflərinin kifayət qədər ciddi olduğunu sübut etdi. Bu məsələdə hər bir mütəxəssisin, hər bir iqtisadçının öz baxışları var. Bu da təbidir. Kimlərsə bu gün nefin qiymətlərinin 55-60 dollar arasında sabitləşəcəyini, kimlərsə bunun 60-70 dollar arasında dəyişəcəyini yazır. Ancaq biz hesab edirik ki, qiymətlərin siyasi tərəfləri kifayət qədər ciddi olduğundan, onların artaraq müəyyən bir səviyyəyə çatacağı və o səviyyədə sabitləşəcəyi inandırıcı görünmür. Əlbəttə ki, Azərbaycan hökuməti neftin qiymətlərinin yüksəlməsində çox maraqlıdır. Çünki qiymətlərin kəskin şəkildə aşağı düşməsi ölkəmizin vayuta gəlirlərinin əsaslı şəkildə azalmasına səbəb olub. Keçən il manatın iki dəfə kəskin devalvasiyaya məruz qalması və bu gün valyuta bazarında yaşanan gərginliklər məhz ölkədə möhkəm valyuta çatışmazlığı ilə bağlı olan məsələlərdir. Əgər OPEK-in son qərarından sonra qiymətlər doğrudan da müəyyən bir həddə qədər qalxıb orada da sabitləşərsə, onda ölkənin valyuya gəlirləri arta bilər və bu da öz növbəsində milli valyutanın məzənnəsinin sabitləşməsinə əsas yaradar.
Süleyman İsmayılbəyli