Beynəlxalq birlik Qarabağ probleminin həllinə laqeyddir

Son vaxtlar Dağlıq Qarabağ probleminin həlli istiqamətində yenidən xalq diplomatiyası təşəbbüsü gündəmə gəlib. Bir müddət əvvəl Bakıda erməni vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən konfransdan sonra bu təşəbbüsü irəli aparmaq məqsədilə platforma da hazırlanıb. Bəs görəsən, bu kimi təşəbbüslər Dağlıq Qarabağ probleminin həllinə nə dərəcədə müsbət təsir göstərə bilər? Bu və ya digər suallarla politoloq Əli Qənbərliyə müraciət etdik. “OLAYLAR”-a verdiyi müsahibədə politoloq Rusiya-Ermənistan hərbi birliyinin yaradılması ideyası, bunun region üçün mümkün təhlükələrindən də danışıb.

Əli Qənbərli: "Əgər, erməni tərəfi açıq-aşkar bu status-kvonu qorumağa yönəlik cəhdlər edərsə, Azərbaycan, düşünürəm ki, lazımi addımı atacaq"

"Bu beynəlxalq hüququn Azərbaycana verdiyi haqdır"

Son vaxtlar Dağlıq Qarabağ probleminin həlli istiqamətində yenidən xalq diplomatiyası təşəbbüsü gündəmə gəlib. Bir müddət əvvəl Bakıda erməni vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən konfransdan sonra bu təşəbbüsü irəli aparmaq məqsədilə platforma da hazırlanıb. Bəs görəsən, bu kimi təşəbbüslər Dağlıq Qarabağ probleminin həllinə nə dərəcədə müsbət təsir göstərə bilər? Bu və ya digər suallarla politoloq Əli Qənbərliyə müraciət etdik. "OLAYLAR"-a verdiyi müsahibədə politoloq Rusiya-Ermənistan hərbi birliyinin yaradılması ideyası, bunun region üçün mümkün təhlükələrindən də danışıb.

-Əli bəy, bir müddət əvvəl Bakıda erməni vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən konfransdan sonra yenidən Dağlıq Qarabağ probleminin həlli istiqamətində xalq diplomatiyası variant gündəmə gəlib. Sizcə, bu problemin həllinə hansısa formada müsbət təsir göstərə bilərmi?

-Əslində, bu yeni tendensiya deyil. Bundan əvvəl də bu kimi təşəbbüslər olmuşdur. Azərbaycan və erməni ziyalıları bu istiqamətdə görüşlər keçirmişlər. Burada önəmli olan erməni ziyalısının və vətəndaşının mövqeyi deyil. Əsas məsələ cinayətkar Sərkisyan rejimidir. Sərkisyan rejimi öz vətəndaşlarına da zülm edir. Erməni vətəndaşlarının mövqeyi Sərkisyan rejiminin mövqeyi deyildir. Bunlar fərqlidirlər. Sadə erməni vətəndaşı özü də çox yaxşı anlayır ki, bu torpaqlar onların deyil. Özləri də dəfələrlə etiraf ediblər ki, nəyə görə biz və ya bizim övladlarımız bizə aid olmayan torpağa görə ölməliyik?! Problemin həlli istiqamətində əsas maneə Sərkisyan rejimidir. Bu gedişlə elə ermənilər özləri onun layiqli cəzasını verəcəklər.

-Əvvəllər də belə təşəbbüslər olub, lakin heç bir nəticə əldə edilməyib. İndiki təşəbbüs də eyni aqibətlə sonuclana bilərmi?

-Bəli, qeyd etdiyim kimi bu kimi təşəbbüslər əvvəllər də olmuşdur. Lakin, konkret nəticə əldə olunmamışdır. Başlıca maneə də Ermənistandakı rejimdir. Bu rejim cinayətkar rejimdir. Nə vətəndaş, nə də ziyalı sözü dinləmir. Həmin rejimə önəmli olan bir qrup cinayətkarın mövqeyidir. Bir qrup erməni ictimaiyyətinin nümayəndələrinin Bakıya son səfərinə gəlincə isə qeyd etmək olar ki, həmin ermənilər də Sərkisyan rejiminə nifrət edən şəxslərdir. Amma, konkret olaraq bunun münaqişənin həllinə müsbət təsir etmə imkanları ola bilməz. Həm də, bura gələn ermənilər Sərkisyan rejiminə nifrətlərini açıq-aşkar etiraf etdilər. Yəni onlar Serj Sərkisanın istəyi ilə bura gəlməyiblər.

-Bu arada Rusiya Ermənistanla hərbi birlik yaratmaq istiqamətdə iş aparır. Rusiya-Ermənistan hərbi birliyinin reallaşması region, eləcə də Azərbaycan üçün hansı təhlükələrdən xəbər verir?

-Təbii ki, yaranmış situasiya işğala məruz qalmış bir dövlət kimi Azərbaycanı narahat etməyə bilməz. Digər tərəfdən Rusiya Federasiyası həm də ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir. Rusiyanin bu addımı atması onun problemin həllində olan vasitəçilik missiyasını şübhə altına alır. Bir tərəfdən münaqişənin sülh yolu ilə tənzimlənməsinin tərəfdarı kimi özünü təqdim edir, digər tərəfdən də Ermənistanla hərbi ittifaq yaradır. Amma, bu addımın Ermənistanın mövqeyini möhkəmləndirməyinə gəlincə isə deyə bilərəm ki, Ermənistan hazırda da Rusiyanın himayəsi ilə yaranan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Yəni Rusiya ilə hərbi müqaviləsi əvvəllər də olub. Ona görə də, düşünmürəm ki, Ermənistan və Rusiya arasında imzalanan son saziş Ermənistanın mövqeyini möhkəmləndirə bilər. Digər tərəfdən isə Ermənistanın müstəqilliyi formal xarakter daşıyır. Rusiya istədiyi kimi onu idarə edir.

-Belə bir vəziyyət regionda müharibə riskini artırırmı?

-Mən dəfələrlə müsahibələrimdə vurğulamışam ki, belə bir vəziyyətdə regionda hərbi əməliyyatların başlanmayacağına heç kim zəmanət verə bilməz. Bunu hər an gözləmək olar. Bu labüddür. Amma, digər tərəfdən hələ danışıqlar da bitməyib. Təbii ki, mövcud status-kvo bizim üçün qəbuledilməzdir, halbuki bu Ermənistana sərf edir. Əgər, erməni tərəfi açıq-aşkar bu status-kvonu qorumağa yönəlik cəhdlər edərsə, Azərbaycan tərəfi də düşünürəm ki, lazımi addımı atacaqdır. Bu beynəlxalq hüququn Azərbaycana verdiyi haqdır.

-Bəs yaranmış situasiya, müharibə riskinin artmasını önləmək üçün beynəlxalq birlik, ATƏT-in Minsk qrupu nə üçün qabaqlayıcı addım atmır?

-Reallığı demək ən yaxşı çıxış yoludur. Beynəlxalq birlik bu məsələdə laqeyddir. Əgər, siz bu kimi problemlərə fikir versəniz görərsiniz ki, dünyada həlli bundan qat-qat çətin olan münaqişələr olmuşdur. Keçən əsrin 90-cı illərində baş verən bu kimi münaqişələrə beynəlxalq birliyin lazimi müdaxiləsi ilə son qoyulmuşdur. Amma, mən dünyada BMT-nin Təhlükəsizlik Şurasından nüfuzlu ikinci bir hərbi şura tanımıram. Lakin, nəticə bizə gələndə biz tam qətiyyətlə deyə bilərik ki, bu formal bir qurumdur. Kimilərinin işinə yarayır, kimilərinin işinə isə yaramır. ATƏT-in Minsk qrupu da bu münaqişədə əsas tənzimləyici qurumdur. Həmsədrləri fəaliyyətsiz adlandırmaq olmaz. Onlar da tərəfləri razı sala biləcək təkliflər hazırlayırlar. Sadəcə olaraq erməni tərəfi burada qeyri-obyektivlik və yayınma nümayiş etdirir ki, bu da münaqişənin həllinin uzanmasına səbəb olur. Yəni, beynəlxalq hüquq kimsənin gözünə kül üfürməkdən başqa bir şey deyildir. Bu gün hadisələri müntəzəm olaraq izləsəniz açıq-aşkar bunun şahidi olarsınız.

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31