“Naxçıvan modeli bizim üçün bir örnəkdir”

Son aylar Kipr probleminin həlli istiqamətində aparılan danışıqlar prosesi intensivləşsə də, lakin rum tərəfinin qeyri-konstruktiv mövqeyi səbəbindən danışıqlarda ümumi razılıq əldə etmək mümkün olmur. Hər görüşdən sonra növbəti danışıqlara ümid bəslənilsə də, ancaq ümidlər özünü doğrultmur. Bu isə öz-özlüyündə danışıqlara olan inam hissini azaldır. Elə Ağdəniz Strateji Araşdırmalar Mərkəzinin sədri Mehmet Aldəmir də bu qənaətdədir. “OLAYLAR”-a verdiyi müsahibədə Mehmet Aldemir mövcud vəziyyətdən çıxış yollarını da göstərib.

Mehmet Aldemir: "Qərb, Avropa Birliyində gizli bir türk düşmənçiliyi var"

Son aylar Kipr probleminin həlli istiqamətində aparılan danışıqlar prosesi intensivləşsə də, lakin rum tərəfinin qeyri-konstruktiv mövqeyi səbəbindən danışıqlarda ümumi razılıq əldə etmək mümkün olmur. Hər görüşdən sonra növbəti danışıqlara ümid bəslənilsə də, ancaq ümidlər özünü doğrultmur. Bu isə öz-özlüyündə danışıqlara olan inam hissini azaldır. Elə Ağdəniz Strateji Araşdırmalar Mərkəzinin sədri Mehmet Aldəmir də bu qənaətdədir. "OLAYLAR"-a verdiyi müsahibədə Mehmet Aldemir mövcud vəziyyətdən çıxış yollarını da göstərib.

-Mehmet bəy, Kipr probleminin həlli istiqamətində aparılan danışıqlar prosesinə olan ümidsizliyiniz nədən irəli gəlir və rəhbərlik etdiyiniz Ağdəniz Strateji Araşdırmalar Mərkəzi mövud situasiyanı necə dəyərləndirir?

-1983-cü ildə Şimali Kipr Türk Respublikası elan edildiyindən əvvəl də Kipr Türk Federal dövləti olaraq müstəqil bir ölkə idi. Ancaq sonradan Kipr Türk Federal dövlətinin statusunu dəyişmək məcburiyyətində qaldıq. 1975-76-cı illərdə Kipr Türk Federal dövləti qurularkən düşünülürdü ki, rumlarla bir federasiya qurulacaq. Həmin federasiyanın bir qanadı Kipr Türk dövləti, digər qanadı isə rum tərəfi olacaq. Ancaq 1975-76-cı ildən 1983-cü ilə qədər olan müddət ərzində rumlardan bu anlayış görülmədiyi üçün 1983-cü ildə müstəqil Şimali Kipr Türk Respublikası quruldu. Keçən 33 il ərzində müstəqil, ayrı bir dövlət olaraq yaşadıq və bundan sonra da yaşamağa davam edəcəyik. Kipr probleminin həlli istiqamətində aparılan danışıqlar, keçirilən görüşlərdən də hər hansı bir nəticənin əldə ediləcəyinə ümidim yoxdur. Bu mənim şəxsi qənaətimdir.

-Görünən odur ki, beynəlxalq aləm də Kipr probleminin həllində o dərəcədə maraqlı deyil. Belə olan halda siz çıxış yolunu nədə görürsünüz?

-Hər hansı bir çıxış yolu yoxdur. Çünki 2004-cü ildə Qərb və Avropa yunan Kiprini təktərəfli olaraq Avropa Birliyinə qəbul etməklə böyük xətaya yol verdi. Avropa Birliyi bir qayda olaraq öz sıralarına hər hansı bir dövləti alarkən ondan problemlərini həll etməsini, qarşısına qoyduğu şərtləri yerinə yetirməsini tələb edir. Amma göründüyü kimi yunan Kiprinin qarşısında hansısa bir tələb qoyulmadı. Yunan Kipri guya hər şeyin yolunda olduğu qənaəti ilə tez-tələsik Avropa Birliyinə qəbul edildi. Belə olan halda Avropa Birliyindən, eləcə də 1964-cü ildən Kipr Respublikasını bizdən alan, bizi ortaqlıqdan kənarlaşdıran xalqdan biz necə insaf gözləyə bilərik. Ona görə də Kipr probleminin həli ilə bağlı keçirilən görüşlərdən hər hansı bir nəticə gözləmirəm. Burada ən böyük səhv Avropa Birliyinin, Qərbin, Birləşmiş Ştatlarındir.

-Halbuki Annan planının həyata keçməsi ilə bağlı hər iki tərəfdə keçirilən referendumda Kipr türkləri bu planın lehinə səs vermişdilər

-Bəli, elədir. Sadəcə deyə bilərəm ki, aldadıldıq. Avropa Birliyi bizi aldatdı ki, referendumda fəal iştirak edib Annan planının lehinə səs verilsə sanksiyalar aradan qalxacaq, iki tərəf arasında nəticə əldə olunacaq. Eyni zamanda Şimali Kipr Türk Respublikası da Avropa Birliyinə üzv qəbul ediləcək. Bir sözlə min bir yalan, hiylə ilə Şimali Kipr Türk xalqı aldadıldı. Ondan dolayı kirp türkləri referendumda fəallıq nümayiş etdirib onun lehinə səs verdi. Bu bizim üçün bir səhv idi.

-Necə ki, uzun illərdir Türkiyə Avropa Birliyinə qəbul ediləcək kimi fikirlərlə aldadılır.

-Bəli, eyni ilə. Düşünürəm ki, Türkiyənin də Avropa Birliyinə üzvlüyü real olmayacaq. Bunu da bilirik. Çünki Qərb, Avropa Birliyində gizli bir türk düşmənçiliyi var. Necə ki, Azərbaycanın 20 fazi torpaqlarının göz görə-görə işğal edilməsinə, insanların öz yurd-yuvalarından qovulmasına, vəhşicəsinə qətlə yetirilməsinə göz yumulur. İndiyə qədər Avropa Birliyi, Qərb bu işğalı dayandırmaq, Azərbaycan ərazilərinin erməni işğalından azad edilməsi üçün nə edib? Ermənistana hər hansı bir təzyiq edilibmi? Yaxud onun haqsız olduğu, Azərbaycanın isə haqlı olduğu bəyan edilibmi? Əlbəttə, yox. Bütün bunlar türk düşmənliyinin bariz nümunəsidir.

-O halda Kipr türkü mövcud durumla barışacaqmı?

-Xeyr. Vəziyyət bu cür davam edə bilməz və danışıqların da zaman limiti olmalıdır. Danışıqlarda razılıq əldə edilmədiyi təqdirdə hər kəs öz yolu ilə getməlidir. Rumlar danışıqları uzatmaq, bizimlə razılığa gəlməyərək düşünürlər ki, tədricən Şimali Kipr iqtisadi baxımdan iflasa uğrayacaq, çıxılmaz vəziyyətə düşəcək. Və o zaman əllərini havaya qaldıraraq hər şeyi qəbul edəcəklər. Ancaq bu mümkün deyil.

-Bəs siz necə hesab edirsiniz, belə bir vəziyyətdə Şimali Kipr Türk Respublikası hansı bir addımı atmalıdır?

-Hesab edirəm ki, biz müstəqil, ayrı bir dövlət olaraq yaşamalıyıq. Müstəqil dövlət olaraq nə etmək istədiyimizə özümüz qərar verəcəyik. İçərimizdə rumun əli, qolu olmayacaq.

-Zənn edək ki, dediyiniz baş verdi. Amma yenə Qərb, Avropa indi olduğu kimi sizi müstəqil bir dövlət kimi tanımayacaq

-Tanımasınlar. Qocaman, milyardlıq əhalisi olan Çinin də BMT-yə qəbul olunmasını dünya qəbul etmədi. Ancaq gördüyümüz kimi bu gün Çin hər bir şey istehsal edərək dünyaya satır. Yaxud Tayvan modeli var.

-Bəs sizcə Şimali Kipr Türk Respublikası hansı modeli tətbiq etsə daha məqbul olar?

-Hesab edirəm ki, Naxçıvan modeli bizim üçün bir örnəkdir. Biz də muxtar respublika ola bilərik.

-O halda yenə Şimali Kipr Türkiyənin ümidinə qalacaq?

-Türkiyə bizim ana vətənimizdir və biz Türkiyəsiz yaşaya bilmərik. Türkiyə Şimali Kipr Türk Respublikasının zəmanətçisidir. Türkiyə bizim həm anamız, həm də atamızdır. Kim deyirsə ki, biz Türkiyənin xaricində yaşaya bilərik, səhv edir. Əsla. Çünki qarşımızda qələbəlik bir rum əhalisi var. Əllərindən gəlsə bir dəqiqə içərisində Qarabağda ermənilərin azərbaycanlıları qətlə yetirdiyi kimi rumlar da bizi qətlə yetirər.

-Amma Çin, Tayvan olmaq üçün də güclü olmaq lazımdır

-Bizim ana vətənimiz olan güclü Türkiyəmiz var.

-Ancaq Türkiyənin özü də Qərb və Avropadan ciddi təzyiqlərlə üzləşir

-Ona alışmalıyıq. Heç bir zaman Qərbin bu mövqeyi dəyişməyəcək. Osmanlı zamanından Qərbdə Türkiyəyə qarşı bir qisasçılıq ruhu yaşanır. Bu gün iddia edirlər ki, guya Osmanlının zamanında ermənilərə qarşı soyqırım həyata keçirilib. Ancaq bu kökündən səhv bir yanaşmadır və ermənilərə qarşı heç bir soyqırım həyata keçirilməyib. Tarixi incələsək aydın olar ki, əslində soyqırım ermənilər tərəfindən türklərə qarşı həyata keçirilib. Amma bunun qarşılığında bu gün dünya parlamentləri erməni yalanlarına uyaraq türklərin onlara qarşı soyqırım həyata keçirdiyini bildirir və nə qədər qəribə olsa belə onu tanıyır. Yəhudiləri diri-diri yandıran, on minlərlə günahsız insanları qətlə yetirən Almaniya belə utanmadan ermənilərə qarşı soyqırım həyata keçirildiyini deyir. Ən böyük soyqırım türklərə qarşı Balkan müharibısi zamanı baş verib. Bir nəfər bu barədə danışır? Əsla yox. Ona görə də Qərbin, Avropanın nə dediyinə fikir vermək lazım deyil. Çünki onlarda ədalət anlayışı yoxdur.

-Bəs, günümüzdə Şimali Kipr Türk Respublikası ilə Azərbaycan arasındakı münasibətləri necə dəyərləndirirsiniz?

-Hər zaman deyirik ki, bizə ən yaxın olan Türkiyə və Azərbaycandır. Belə bir gözəl deyim var. "Bir millət, iki dövlət". Mən bu fikri bir qədər də inkişaf etdirib deyərdim ki, biz bir millət, üç dövlətik. Ona görə də əlaqələrimizi daha da inkişaf etdirə bilərik. Məsələn, birbaşa təyyarə reysləri reallaşdırılmalıdır. Əgər bu baş verərsə hər həftə yüzlərlə azərbaycanlı Şimali Kiprə, o qədər də sayda Kipr türkü Azərbaycana səfər edər. Xüsusilə, turizm sahəsində yaxşı potensialımız var və bu sahədə əlaqələri inkişaf etdirə bilərik. Azərbaycandan olan iş adamlarının Şimali Kiprə sərmayə yatırması mümkündür.

-Ancaq media sahəsində əlaqələr kifayət qədər irəli gedib

-Bəli, media sahəsində əlaqələr nisbətən yaxşıdır.

-Bu gün Şimali Kipr Türk Respublikasının iqtosadi durumu qaneedici sayıla bilərmi?

-Xeyr, qaneedici sayıla bilməz. Şimali Kipr Türk Respublikasında ən önəmli sahə turizmdir. Qeyd etdiyim kimi bizim çox güclü turizm potensialımız var və azərbaycanlı qardaşlarımız da bu sahəyə sərmayə qoyarlarsa, turizm sahəsində əlaqələri daha yüksək səviyyədə inkişaf etdirə bilərik. Digər bir sahə təhsil sahəsidir. Şimali Kipr Türk Respublikasında ondan artıq universitet var ki, həmin təhsil müəssisələrində 100 mindən artıq tələbə oxuyur. Həmin tələbələrin müəyyən bir qismi də xarici ölkə vətəndaşlarıdır. Ona görə hesab edirəm ki, təhsil sahəsinə də ciddi diqqət yetirməliyik. Biz azərbaycanlıları çox sevirik və öz qardaşımız hesab edirik. Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yürütdüyü siyasəti də bəyənirik. Dinamik, çalışqan, millətsevər bir prezidentiniz var. Ümumiyyətlə, Azərbaycanla əlaqələr inkişaf etdirilməlidir. Çünki Türk dünyasının iki ən böyük gücü Türkiyə və Azərbaycandır. Düzdür, digər türk dövlətlərini də təqdir edirik. Amma, əsas iki güc Türkiyə və Azərbaycandır. Xatirimdədir ki, 2014-cü ildə Macarıstanda baş tutan bir toplantı çərçivəsində parlamentdə keçirilən bir görüşdə iştirakçı olan 27 ölkənin adı oxunsa da, lakin Şimali Kipr Türk Respublikasının adı çəkilmədi. Bu zaman biz parlamentin binasında bayrağımızı nümayiş etdirərək Şimali Kiprin də adının çəkilməsini istədik. Həmin vaxt Macarıstan parlamentində bizə ən böyük dəstəyi Azərbaycan və Türkiyə nümayəndə heyəti verdi. Fasilədən sonra Şimali Kipr Türk Respublikasının da adı iştirakçı dövlətlər sırasında çəkildi. Bu öz-özlüyündə bir güc nümayişi idi. Qarşıdakı zamanda Azərbaycan və Türkiyə ilə əlaqələrin daha da güclənəcəyinə əminəm. Ancaq Qərb, Avropa Birliyi, hətta Rusiya belə zaman-zaman bizim əlaqələrin genişlənməsinə mane olmağa çalışırlar.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31