Azərbaycan Dağlıq Qarabağı işğaldan azad edəcək- Müsahibə
Azər Badamov: "Kənar güclər müdaxilə etməsə, Azərbaycan torpaqlarını bir həftə ərzində işğaldan tam azad edə bilər" Millət vəkili Azər Badamovun SİA-ya müsahibəsi - Azər müəllim, Ermənistan-Azərbaycan, Dağlıq Qarbağ münaqişəsinin həllində ATƏT-in Minsk Qrupunun həmsədrlərinin fəaliyyətsizliyi müşahidə olunur. Rusiyalı politoloq Sergey Markov bunu Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həllində danışıqlar masasına oturmaqdan imtina etməsilə əlaqələndirir. Doğrudanmı vəziyyət S.Markovun dediyi kimidir?
7 Noyabr 2016 12:20 MüsahibəAzər Badamov: "Kənar güclər müdaxilə etməsə, Azərbaycan torpaqlarını bir həftə ərzində işğaldan tam azad edə bilər"
Millət vəkili Azər Badamovun SİA-ya müsahibəsi
- Azər müəllim, Ermənistan-Azərbaycan, Dağlıq Qarbağ münaqişəsinin həllində ATƏT-in Minsk Qrupunun həmsədrlərinin fəaliyyətsizliyi müşahidə olunur. Rusiyalı politoloq Sergey Markov bunu Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həllində danışıqlar masasına oturmaqdan imtina etməsilə əlaqələndirir. Doğrudanmı vəziyyət S.Markovun dediyi kimidir?
- ATƏT-in Minsk Qrupu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə baxışlarını dəyişməlidir. Yoxsa vaxtaşırı boş-boşuna regiona səfərlər edir, eyni təkliflərlə prezdentlərlə görüşür və görüşlər də nəticəsiz qalır. ATƏT Avropada təhlükəsizliyi təmin edən bir təşkilat kimi uzun illərdən bəri öz ədalətli həllini tapmayan, münaqişə və müharibə vəziyyətinin davam etdiyi Dağlıq Qarabağ münaqişənin həlli istiqamətində hər hansı bir təsir metodundan istifadə etmir. Əgər beynəlxalq təşkilatlar Ermənistana sankisyalar tətbiq etməklə, onu məcbur etməsə, məsələnin sülh yolu ilə həll edilməsi qeyri-mümkün olacaq. ATƏT-in Minsk Qrupunun həmsədrləri də boş-boşuna səfərləri ilə, ancaq maliyyə vəsaitlərinin xərclənməsi ilə məşğul olacaqdır. Ermənistan sülh danışıqlarından qaçır və ancaq vaxtı uzatmaqda maraqlıdır. Çünki Sarkisyan rejimi hakimiyyəti əlində saxlamaq üçün sülh müqaviləsinə imza atmaqdan qaçır.
- Ermənistanın qeyri-konstruktiv mövqe sərgiləməsinə, cəbhədə atəşkəsi tez-tez pozmasına həmsədrlərin münasibət bildirməmələri nədən irəli gəlir?
- Ermənistanın cəbhədə atəşkəsin tez-tez pozulmasına Minsk Qrupunun həmsədrlərinin münasibət bildirməmələrinə səbəb münaqişənin həll olunmasında onların maraqlı olmamasıdır. Elə ki, Azərbaycan gücdən istifadə edərək, düşmənə cavab verməyə başlayır, o zaman fəaliyyətlərini aktivləşdirir və canfəşanlıq edərək, özlərini göstərməyə çalışırlar. Həmsədrlər bölgəyə tez-tez turistik səfərləri etməklə ancaq gəzintiyə çıxmaq istəklərini reallaşdırırlar. Əks-halda qətiyyətli bir mövqe ortaya qoyardılar və bununla da, haqq-ədalət bərpa olunardı.
- Ermənistanın siyasi şərhçiləri iddia edirlər ki, Dağlıq Qarabağa üçüncü ölkənin müdaxiləsi baş verəcək ki, bunun da nəticəsində Azərbaycan Dağlıq Qarabağı işğaldan azad edəcək. Doğrudanmı üçüncü dövlət belə bir addım ata bilər və bu üçüncü dövlət hansı ölkə ola bilər?
- Düşünürəm ki, Azərbaycanın Dağlıq Qarabağı işğaldan azad edilməsində heç bir üçüncü ölkənin müdaxiləsinə ehtiyacı yoxdur. Məhz həmin üçüncü ölkələrin müdaxiləsinin nəticəsidir ki, münaqişə 23 ildir uzanır. Əgər kənar güclər müdaxilə etməsə, Azərbaycan torpaqlarını bir həftə ərzində işğaldan tam azad edə bilər. Çünki bugünkü Azərbaycanın hərbi və iqtisadi potensialının qarşısında Ermənistan heç vaxt dözüm göstərə bilməz. Ermənistanın münaqişənin həlli istiqamətində konstruktiv mövqe sərgiləməməsinin kökündə də onlara üçüncü dövlətlərin havadarlıq etmələri dayanır. Nə qədər ki, üçüncü dövlətlər məsələnin həllinə ədalətli yanaşmayacaqlar, o zamanadək də münaqişənin sülh yolu ilə həlli çətin olacaq.