Düşüncələrimizi bəzəyən böyük Türk Birliyi qurulacaq
Cavid Aydın (Məmmədov) “Azərbaycanın Türkiyədəki diaspor fəaliyyətlərini qardaş ölkə, “Bir millət, iki dövlət” anlayışıyla lazımsız olaraq görənlər var” “Ancaq unudulmamalıdır ki, erməni diasporunun ən çox fəal olaraq media və diaspor fəaliyyətlərinin olduğu ölkələrin başında Türkiyə gəlir” Dünyanın dörd bir yanına səpələnmiş soydaşlarımız yaşadıqları ölkələrdə Azərbaycan adına dərnək və cəmiyyətlər yaradaraq ölkəmizi layiqincə təmsil edir, haqq səsimizi dünyaya çatdırırlar. Bu baxımdan Türkiyədə fəaliyyət göstərən diaspor təşkilatları və cəmiyyətlərini xüsusi qeyd edə bilərik. Türkiyədə uğurla fəaliyyət göstərən təşkilatlardan biri də Əskişəhir Azərbaycanlılar Dərnəyidir. Dərnək fəaliyyət göstərdiyi 6 il ərzində Azərbaycan adına bir çox işlər görüb. Əskişəhir Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydınla (Məmmədov) söhbətimizdə də rəhbərlik etdiyi təşkilatın fəaliyyət istiqamətləri, Azərbaycanın təbliği istiqamətində gördüyü işlərdən danışdıq. “OLAYLAR”-a verdiyi müsahibədə Cavid Aydınla (Məmmədov) qarşıda duran vəzifələr barədə də söz açıb.
3 Noyabr 2016 14:00 MüsahibəCavid Aydın (Məmmədov) "Azərbaycanın Türkiyədəki diaspor fəaliyyətlərini qardaş ölkə, "Bir millət, iki dövlət" anlayışıyla lazımsız olaraq görənlər var"
"Ancaq unudulmamalıdır ki, erməni diasporunun ən çox fəal olaraq media və diaspor fəaliyyətlərinin olduğu ölkələrin başında Türkiyə gəlir"
Dünyanın dörd bir yanına səpələnmiş soydaşlarımız yaşadıqları ölkələrdə Azərbaycan adına dərnək və cəmiyyətlər yaradaraq ölkəmizi layiqincə təmsil edir, haqq səsimizi dünyaya çatdırırlar. Bu baxımdan Türkiyədə fəaliyyət göstərən diaspor təşkilatları və cəmiyyətlərini xüsusi qeyd edə bilərik. Türkiyədə uğurla fəaliyyət göstərən təşkilatlardan biri də Əskişəhir Azərbaycanlılar Dərnəyidir. Dərnək fəaliyyət göstərdiyi 6 il ərzində Azərbaycan adına bir çox işlər görüb. Əskişəhir Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydınla (Məmmədov) söhbətimizdə də rəhbərlik etdiyi təşkilatın fəaliyyət istiqamətləri, Azərbaycanın təbliği istiqamətində gördüyü işlərdən danışdıq. "OLAYLAR"-a verdiyi müsahibədə Cavid Aydınla (Məmmədov) qarşıda duran vəzifələr barədə də söz açıb.
-Cavid bəy, əvvəla bilmək istərdim ki, nə zamandan qardaş ölkədə yaşayırsınız?
-Mən Cavid Məmmədov Aydın oğlu 1980-ci ildə Azərbaycanın tarixi şəhərlərindən olan Bərdə şəhərində ziyalı ailəsində anadan olmuşam. Ata tərəfim Qərbi Azərbaycanın Vedi rayonu Kolanlı tayfasındandır və 1948-ci ildə sürgün olunublar. Babam Sovetlərin vaxtında Vedi rayonu İcra Hakimiyyətinin 1. Katibi vəzifəsində işləyib. Ermənilərin özbaşınalıqları və quldurluqlarını gördüyü üçün öz ailəsini 1948-ci ildə köçürmək məcburiyyətində qalıb. Ana tərəfim isə Qərbi Azərbaycanın Uluxanlı (Zəngibasar) mahalındandılar. Anamın bütün qohum əqrəbası 1988-ci ildə qaçqın düşüblər. Mən isə 1998-ci ildən universitet tələbəsi olaraq gəldiyim Əskişəhirdə yaşayıram. Şəxsi Əczanəm var və tibb elmi üzrə doktorantam. Evliyəm və bir qızım var.
-Artıq 6 ildir ki, Əskişəhir Azərbaycanlıları Dərnəyi fəaliyyyət göstərir. 6 illik fəaliyyətinizi qısaca olaraq necə dəyərləndirirsiniz?
-Əskişəhir Azərbaycanlılar Dərnəyi olaraq qurulduğumuz ilk gündən demək olar ki, məqsədyönlü şəkildə bir çox işlər və layihələr həyata keçirmişik. Hər il konferans, konsert, sərgi, yürüş, mətbuat bülleteni, panel, yarışma, Azərbaycanl tanıtım stendləri və Azərbaycanla bağlı musiqili əyləncəli gecələr keçiririk. Bu layihələr arasında Azərbaycan Dövlət, ədəbiyyat və incəsənət xadimlərini anma mərasimlərini, 20 Yanvar Şəhidlərini anım tədbirlərini, Xocalı Soyqırımıyla bağlı keçirtdiyimiz tədbirləri, Respublika günüylə bağlı keçirilən proqramları və foto sərgiləri saymaq olar. 2015 ci ildə Xocalı Soyqırımının 23. ildönümündə 613 şəhidimizin əziz xatirəsinə 613 ağaç əkərək "Xocalı Soyqırımı Xatirə Meşəsi" salmışıq. Bundan başqa Afyonun Emirdağ mahalının Davulga Bələdiyəsiylə əməkdaşlıq edərək iki küçəyə Qarabağ və Gəncə adlarının verilməsinə nail olmuşuq. Türk Dünyası Mədəniyyət Paytaxtı 2013.cü ildə Əskişəhir olduğu zaman Gəncəylə qardaş şəhər protokolunun imzalanmasında rol almışıq. Bundan başqa Heydər Əliyev Fondunun Türkiyə təmsilciliyinin dəstəyi ilə Türkiyədə təhsil alan azərbaycanlı tələbələr arasında şaxmat çempionatı və İNDEX Təşkilatının dəstəyi ilə Azərbaycan Gənçlik Qurultayı kimi böyük layihələrə imza atmışıq.
-6 il ərzində qarşınıza qoyduğunuz məqsədlərə, hədəflərə çata bilmisinizmi?
-Öncəliklə onu deyim ki, Əskişəhirə fərqli səbəblərlə gəlmiş və bu şəhərdə qalan həmyerlilərimizlə birgə Azərbaycan Dərnəyi qurmağı və gördüyümüz işləri rəsmi olaraq bu adla tanıtmağı uygun gördük. Bu səbəblə 22 avgust 2010-cu il tarixində Əskişəhir Azərbaycanlılar Dərnəyini qurduq və Diasporla İş üzrə Dövlət Komitəsinin müşaviri Nəriman Qurbanovun da iştirakıyla dərnəyin rəsmi açılışını qeyd etdik. Dərnəyi qurduğumuzda 5 əsası önümüzə məqsəd olaraq seçdik və hədəflərimiz də o istiqaməttə davam etdi. Birincisi, qardaş ölkə Azərbaycanın mədəniyətini, tarixini, sənətini, ədəbiyyatını və xarici siyasətini Əskişəhir xalqına doğru tanıtmaq, ikincisi, Əskişəhirdə yaşayan azərbaycanlı soydaşlarımızla güclü bir birlik, yəni Azərbaycan diasporası meydana gətirmək, üçüncüsü Əskişəhirdə yaşayan azərbaycanlı soydaşlarımızla milli bayramlarımızı birlikdə qeyd etmək və tədbirlər keçirmək, drdüncüsü, Əskişəhirdə yaşayan azərbaycanlı soydaşlarımızın problemlərinin həllini tapmaq və Azərbaycandan gələn tələbələrimizə maddi mənəvi kömək etmək və nəhayət beşinci, 2013.cü il Türk Dünyası Mədəniyyət Paytaxtı olan, yaşadığımız şəhər Əskişəhiri və universitetlərimizi Azərbaycanda tanıtmaq və azərbaycanlı soydaşlarımızın diqqətini bu şəhərə və universitetlərə çəkmək. Demək olar ki, qarşımıza qoyduğumuz bir çox məqsədə nail olmuşuq. Ancaq bizlərin hədəf yönlü daha çox çalışmamızın zəruri olduğunu bilirik. Bunun üçün hər il keçirdiyimiz tədbir və layihələrdə fərqli şəkildə əskişəhirlilərin qarşısına çıxırıq. Azərbaycan mədəniyyətini daimi şəkildə tanıtmaq üçün ən böyük hədəfimiz olan Azərbaycan Mədəniyyət Evi yaradılmasına çox heyif ki, maddi səbəblərdən dolayı nail ola bilməmişik.
-Dərnəyinizin il sonuna qədər planları nədən ibarətdir və hansı tədbirlər, layihələr keçirməyi düşünürsünüz?
-Bu ilin sonuna 2 ay qalır və dərnək olaraq layihələrimizə və tədbirlərimizə ara vermədən davam edəcəyik. 5 noyabr 2016-cı il tarixində Türkiyədə tanınmış tarixçi Prof. Dr. Tufan Gündüzün çıxış edəcəyi "Səfəvilər və Cənubi Azərbaycan Türklüyü" konfransı keçiriləcək. 16 noyabr 2016-cı il tarixində isə Azərbaycanda fəaliyət göstərən qardaş dərnəyimiz Müharibə Veteranı Qadınları Sosial Yardım İçtimai Birliyinin sədri Radə Abbasın çıxış edəcəyi "Qarabağ - İşğal Edilmiş mədəniyyət" konfransında Qarabağda sadəcə Azərbaycanın 20 faiz torpağının işğal edilmədiyi, eyni zamanda Azərbaycanın mədəniyətinin bir parçasının da işğal edildiyi və vandalizmə qurban getdiyi səslənəcək. 10-11 dekabr, 2016-cı il tarixlərində İNDEX Təşkilatının dəstəyi və əməkdaşlığıyla Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr edilmiş Türkiyədəki azərbaycanlı tələbələr arasında şaxmat turniri və anım mərasimi keçiriləcək. 31 dekabr, 2016-cı il tarixində Dünya Azərbaycanlılarının Həmrəylik Günü musiqili gecəsində Əskişəhirdə yaşayan azərbaycanlı ailələr və tələbələr bir araya gələcək.
-Türkiyədə Azərbaycan diasporunun durumunu necə dəyərləndirirsiniz?
-İlk olaraq bunu qeyd edə bilərəm ki Azərbaycanın Türkiyədəki diaspor fəaliyyətlərini qardaş ölkə, "Bir millət, iki dövlət" anlayışıyla lazımsız olaraq görənlər var. Ancaq unudulmamalıdır ki, erməni diasporunun ən çox fəal olaraq media və diaspor fəaliyyətlərinin olduğu ölkələrin başında Türkiyə gəlir. Ayrıca Azərbaycanımızın Prezidenti Cənab İlham Əliyevin dilə gətirdiyi "Azərbaycan diasporu Türk dünyası diasporu kimi fəaliyyətlər göstərməlidir" sözlərinə diqqət yetirəcək olursaq buna ilk olaraq Türkiyədə güclənərək başlaya bilərik. Türkiyədə fəaliyyət göstərən təşkilatlarımızın çox üzülərək söyləyə bilərəm ki, bir-biriylə əlaqəsi çox zəifdir və bu işə ilk olaraq bununla başlamalıyıq. Güclü diaspor ilkin olaraq güclü və sıx əlaqələrdən keçər deyə düşünürəm. Bizlərin 2012-ci il Qurultayında təklif etdyi ən vacib məsələ bu idi. Azərbaycanda Qeyr iHökümət Təşkilat anlayışına Türkiyədəki bir göz olaraq baxdığımız zaman fərqli görülür. Türkiyədə QHT-lər hər yerdə güc göstərisidi və bu siyasi-içtimai arenada öz təsirini göstərir. Biz Azərbaycan diaspor təşkilatları olaraq Azərbaycanı təmsil edən fəal şəxslərə Türkiyədə siyasi və içtimai arenada dəstək ola bilmirik. Xaricdə fəaliyyət göstərən dərnəklərimiz hər cür siyasi və dini ayrımcılıqdan uzaq duraraq birlik içində olmalıdırlar. Heyif ki, bu bizim diaspor təşkilatlarının parçalanmasında və passivləşməsindəki ən başlıca səbəblərdən biridir.
-Dünya Azərbaycanlılarının 4-cü Qurultayında Prezident İlham Əliyev diaspor qarşısında bir çox tapşırıqlar qoydu. Ötən müddət ərzində prezidentin tapşırıqlarının icrası yönündə hansı işlər görülüb?
-Xaricdən bir şəxs kimi baxdığınız zaman Əskişəhir Azərbaycanlılar Dərnəyinin qarşısına qoyulan bütün tapşırıqları artıqlamasıyla yerinə gətirdiyini düşünə bilərik. Ancaq bizlər Əskişəhir Azərbaycanlılar Dərnəyi İdarə Heyəti olaraq görmüş olduğumuz heç bir işlə və ya layihəylə qane olmuruq, daim daha çox çalışaraq Azərbaycanın adını uca tutmağı düşünürük. Ötən müddət ərzində biz Cənab Prezidentimizin söylədiyi kimi konsolluğumuzu ziyarət edərək İstnabul Baş Konsulumuz Məsim Haciyevlə və Konsulluq işçiləriylə fəaliyyətlərimiz haqqında fikir mübadiləsi apardıq. Ayrıca Əskişəhir valisi olaraq yeni təyin olmuş Azmi Çəlik bəyi ziyarət edərək fəaliyətlərimiz haqqında məlumat verdik.
-Qurultayda Prezidentin bir digər tapşırığı diasporaya fəaliyyət göstərdiyi ölkələrdə media qurumları yaratmaq, media ilə sıx əlaqələr qurmaqla bağlı idi. Dərnək olaraq bu yöndə hansı addımlar atmağı düşünürsünüz?
-Prezidentimizin diaspor təşkilatlarına media qurumları yaratmaq, media ilə sıx əlaqələr qurmaq şəklində vermiş olduğu tapşırıq tam yerində idi. Türkiyədə geniş miqyaslı media qurumları yaratmaq güçlü sərmayə istəyir, ancaq bizlər Əskişəhir Azərbaycanlılar Dərnəyi olaraq qurulduğumuz ilk gündən etibarən öz web saytımız və sanal internet ortamında qrup və səhfələrimizlə fəaliyyətlərimizi işıqlandırırıq. Ayrıca bizlər hər il Əskişəhirin yerli media qurum təmsilçilərini qəlyanaltı süfrəsinə dəvət edərək onlarla toplantı keçiririk. Bunlardan əlavə olaraq dərnəyimizin media və xalqla əlaqələr təmsilcisi olan Aygün Öztürk daim yerli media qurumlarıyla sıx dialoq içindədir.
-Günümüzdə Türk dünyası arasındakı əlaqələri necə qiymətləndirirsiniz?
-Günümüzdə Türk Dünyası arasındaki əlaqələr get-gedə istənilən səviyəyə gəlir. Türk Birliyinin qurulması, Türk Dünyası Mədəniyət Paytaxtlarının seçilməsi (Qeyd edək ki 2013-cü ildə Türk Dünyası Mədəniyyə tpaytaxtı Əskişəhir idi) və daha bir çox layihələr bunların isbatıdır. Ayrıca bir çox Azərbaycan diaspor təşkilatlarının da Prezidentimizin ifadə etdiyi sözü diqqətə alaraq Türk diasporu şəklində fəaliyyət göstərməsi çox sevindirici haldır. Buna nümunə olaraq 16-20 oktyabr tarixləri arasında Şimali Kipr Türk Respublikasında Türk Dünyası Birliyi Dərnəyi və Orxan Həsənoğlunun sədri olduğu Kipr Azərbaycan Dostluq Cəmiyyətinin birlikdə tərtiblədiyi möhtəşəm Türk Dünyası 1.Gənclik Forumunu göstərə bilərik. Mən inanıram ki, bu əlaqələr Türk Dünyasının hər bölgəsində daha çox sıxlaşacaq və düşüncələrimizi bəzəyən böyük Türk Birliyi və ya digər adıyla Turan qurulacaq.
Süleyman İsmayılbəyli