Qarabağ probleminin həlli niyə mümkün olmur?

Əli Qənbərli: “Görünür, dünya birliyi bu məsələdə maraqlı deyil” Beynəlxalq birliyin, eləcə də münaqişənin həlli missiyasını öz üzərinə götürən ATƏT-in Minsk qrupunun səmərəsiz fəaliyyəti, daha çox Ermənistanın maraqlarına xidmət edən bəyanat və açıqlamaları düşmən ölkəni getdikcə daha aqressiv olmağa sövq edir. Son günlər cəbhə xəttində Ermənistan tərəfinin həyata keçirdiyi təxribat hərəkətləri, atəşkəsin müntəzəm şəkildə pozulmasının timsalında bunu aydın görmək mümkündür. Maraqlıdır ki, Yerevanın təmas xəttində törətdiyi təxribatları beynəlxalq təşkilatlar, eləcə də ATƏT-in Minsk qrupu soyuqqanlı qarşılayaraq bu təxribatların qarşısının alınması istiqamətində düşmən ölkədən heç nə tələb etmir.

Əli Qənbərli: "Görünür, dünya birliyi bu məsələdə maraqlı deyil"

Beynəlxalq birliyin, eləcə də münaqişənin həlli missiyasını öz üzərinə götürən ATƏT-in Minsk qrupunun səmərəsiz fəaliyyəti, daha çox Ermənistanın maraqlarına xidmət edən bəyanat və açıqlamaları düşmən ölkəni getdikcə daha aqressiv olmağa sövq edir. Son günlər cəbhə xəttində Ermənistan tərəfinin həyata keçirdiyi təxribat hərəkətləri, atəşkəsin müntəzəm şəkildə pozulmasının timsalında bunu aydın görmək mümkündür. Maraqlıdır ki, Yerevanın təmas xəttində törətdiyi təxribatları beynəlxalq təşkilatlar, eləcə də ATƏT-in Minsk qrupu soyuqqanlı qarşılayaraq bu təxribatların qarşısının alınması istiqamətində düşmən ölkədən heç nə tələb etmir. Bu münasibət isə onu deməyə əsas verir ki, beynəlxalq birlik təmas xəttində növbəti aprel olayının yaşanmasında maraqlıdır. Bəs görəsən, bu mümkündürmü və cəbhə xəttində genişmiqyaslı hərbi əməliyyatlar baş verəcəyi təqdirdə işğalçı Ermənistanın taleyi necə olacaq. Bu və ya digər suallarla politoloq Əli Qənbərliyə müraciət etdik. "OLAYLAR"-a verdiyi müsahibədə Əli Qənbərli təmas xəttində baş verən erməni təxribatlarına ATƏT-in Minsk qrupunun ciddi reaksiya verməməsini də qəti şəkildə pisləyib.

-Əli bəy, son günlər ermənilər cəbhə xəttində yenidən təxribatlar törədir və atəşkəs rejimini daha geniş miqyasda və iriçaplı silahlarla pozurlar. Sizcə, düşmən ölkənin bu hərəkəti nəyə hesablanıb?

-Bu əslində yeni bir tendensiya deyil. Atəşkəs müqaviləsi bağlanandan etibarən hər gün ermənilər cəbhədə atəşkəsi pozurlar. Lakin. etiraf etmək lazımdır ki. xüsusi vaxtlarda onlar fəallaşırlar. Bu da əsasən, Azərbaycanda keçirilən mötəbər, dünya əhəmiyyətli beynəlxalq tədbirlər ərəfəsində olur. Artıq, Ermənistan rəhbərliyi özü də başa düşür ki, danışıqlar prosesində üstünlük böyük faiz fərqi ilə Azərbaycanın xeyrinədir. Üstəlik son dövrlərdə baş verən geosiyasi dəyişikliklər, yəni Azərbaycanın regionun başlıca faktoru kimi qonşu dövlətlərlə münasibətlərinin yaxşılaşması ermənilərin təxribata əl atmasını şərtləndirir. Sarkisyan rejimi Azərbaycanın regionda əsas mərkəz kimi təsdiq tapmasını həzm edə bilmir. Düşünürəm ki, bu təxribatlar məhz yuxarıda sadalanan amillərdən qaynaqlanır.

-Ermənistanın məlum təxrtibatları cəbhədə yenidən irimiqyaslı hərbi əməliyyatların başlanmasını nə dərəcədə reallığa çevirə bilər?

-Ümumiyyətlə, münaqişə zonasında hərbi əməliyyatların başlanması hər an gözləniləndir. Amma, hələ ki, danışıqlar davam edir. ATƏT-in Minsk qrupu tərəflərlə bu istiqamətdə iş aparır. Lakin, buna baxmayaraq aprel döyüşləri bir daha göstərdi ki, hər an hər şey baş verə bilər. Ermənistan tərəfi özü də bunu bilir.

Cəbhə xəttindəki vəziyyət isə hər an gərgindir. Ermənilərin atəş açmadığı bir gün belə yoxdur.

-Bəs Ermənistanın bu təxribatlarına qarşı beynəlxalq birlik xüsusilə ATƏT-in Minsk qrupu nə üçün heç bir reaksiya vermir?

-Əslində beynəlxalq birliyin bu məsələyə münasibətinə baxanda burda ATƏT-in Minsk qrupundan daha böyük güclərin olduğunu görürük. Halbuki, həmin güclər dünyanın bir sıra bölgələrində bu problemdən də dəfələrlə çətin olan problemləri qısa zaman ərzində həll etmişlər. Görünür, dünya birliyi bu məsələdə maraqlı deyil. Təzyiq edə bilən qurumlardan biri BMT-dir. Çünki, onun bu məsələ ilə bağlı 4 qətnaməsi var. Amma, uzun illər keçməsinə baxmayaraq bu qətnamələrin heç biri icra edilməyib. Belə olan halda isə BMT nizamnəməsində göstərildiyi kimi hərbi gücdən istifadəni nəzərdə tutan maddə var. Amma bu günə qədər bu qətnamələr kağız üzərində qalmaqdadır.

-ATƏT-in Minsk qrupun həmsədrlərinin regiona son səfəri də onu sübut etdi ki, danışıqlar prosesinin heç bir nəticəsi yoxdu. Belə olan halda alternativ variant kimi hansı addımlar gündəmə gələ bilər?

-Əslində, elə deməzdim. Əgər, məsələyə bu nöqeyi-nəzərdən yanaşırıqsa, onda gərək həmsədrləri deyil, dövlətləri günahlandıraq. Çünki, həmsədrlərin hər biri bir dövləti təmsil edir. Bu baxımdan yanaşanda sualda məntiq tapmaq olar. Amma, son dövrlərdə vəziyyət dəyişib. Minsk qrupunda təmsil olunan dövlətlər problemin həllində maraqlıdırlar. Bunu onlardan bəzilərinin verdiyi bəyənatlardan da anlamaq olar. Sadəcə olaraq burada Ermənistan müvəqqəti olaraq özünü sığortalaya bilib. Ancaq, düşünmürəm ki, bu uzunmüddətli ola bilər.

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31