Dindarlaşma dini radikalizm üçün şərait yaradır
Mehman İsmayılov: “Sünni-şiə uzlaşmasının ən yüksək səviyyədə olduğu tək ölkə Azərbaycandır” Müsahibimiz Ilahiyyat uzrə fəlsəfə doktoru Mehman Ismayilovdur. -Mehman müəllim, insanın dinə bağlılığı nədən qaynaqlanır, dinin insan həyatındakı rolu nədən ibarətdir?
31 Oktyabr 2016 15:50 MüsahibəMehman İsmayılov: "Sünni-şiə uzlaşmasının ən yüksək səviyyədə olduğu tək ölkə Azərbaycandır"
Müsahibimiz Ilahiyyat uzrə fəlsəfə doktoru Mehman Ismayilovdur.
-Mehman müəllim, insanın dinə bağlılığı nədən qaynaqlanır, dinin insan həyatındakı rolu nədən ibarətdir?
-Ümumilikdə dinə bir çox izahatlar, təriflər verilib. Əvvala onu deyim ki, dilimizdəki din kəlməsi ərəb dilində olub boyun əymək, idarə etmək, cəza vermək, mükafat vermək, hesaba çəkmək və s. mənalara gəlir. Din kəlməsinin "borc" mənasına gələn "deyn" kökündən törədiyini də iddia edənlər var. Hesab gününə "yəvmud-din" deyilməsinin səbəbi də insanın borcu barədə hesaba çəkilməsidir. İslam kəlamçıları dini "Allah tərəfindən vəhy yolu və peyğəmbərlər vasitəsi ilə göndərilən, bu dinə tabe olanları dünya və axirətdə səadətə, nicata aparan etiqad və əməllərdən ibarət dəyərlər toplusu" şəklində tərif etmişlər. Qərb dünyasında dinin tərifi ilə bağlı müxtəlif fikirlər mövcuddur. Belə ki, fransız sosioloqu Emil Durkhaym dini "ictimai həyatın bir funksiyası" olaraq açıqlamışdır. İngilis antropoloqu E. B. Teylor dinə "ruhi varlıqlara inam", R.Otto "qorxudan və sehirləyən sirr", C. Vox "mügəddəsin təcrübəsi" kimi təriflər vermişlər. O ki qaldı dinin insan həyatındaklı roluna, mən bunu üç mərhələyə ayırardım: Birinci, dinlə qarşılaşma və ya tanışlıq; ikinci, dinə könüllü bağlanma və ya bağlanmama; üçüncü mərhələ isə könüllü bağlandığı təqdirdə onun insanın həyat tərzinə əksi. İnsan müxtəlif səbəblərlə dinlə qarşılaşır. Məsələn, ailədə, cəmiyyətdə, mediada, sosial şəbəkələrdə və sair. Bu qarşılaşma iki şəkildə ola bilər: Ailənin dindar olması, yaşadığı mühitin dindar olması, cəmiyyətin dindar olması kimi insanın özündən asılı olmayan, yəni "obyektiv" səbəblərlə, ya da düşünərək, axtararaq tamamilə insanın özündən asılı olan "subyektiv" səbəblərlə. Bu qarşılaşmanın insanın sonrakı dinə baxışına təsiri böyükdür. Lakin həlledici deyildir. Əsas məsələ ikinci mərhələdədir. Keçid mərhələsi adlandıra biləcəyimiz bu mərhələdə insan artıq dinin mahiyyəti məsələsində öz ağlına "rol" verir və ya verməlidir. Öz ağlına "rol" verərək onun mahiyyəti haqqında düşündükdə ya dinə sidqi-qəlb və bütün varlığı ilə bağlanır, ya da onu qəbul etmir. Əks təqdirdə isə, dinin mahiyyəti haqqında çox az da olsa düşünmədən ona bağlandıqda fanatik, təəssübkeş olur. Qısaca, ikinci mərhələdə insan ya könüllü şəkildə dinə bağlanır, ya da onu qəbul etmir. Üçüncü mərhələdə isə artıq insanın dinə baxışı onun həyat tərzinə əks olunur. Ona görə də belə bir deyim vardır: "Bir insanın davranışlarına baxın, onun hansı din mənsubu olduğunu deyin".
-Son illər Azərbaycanda əhali arasında dindarlaşma meyilləri güclənib. Dindarlaşma insanların mənəvi cəhətdən kamilləşməsinə xidmət edir. Lakin bir tərəfdən də kor-koranə dindarlaşma özü ilə bir çox problemlər gətirir. Bu məsələyə münasibətiniz necədir?
-Azərbaycanda dindarlaşma barədə əhatəli sosioloji sorğu keçirilməsə də, mətbuatdan, gündəlik həyatdan, sosial şəbəkələrdən və s. kimi məlumat mənbələrindən görürük ki, son illərdə dindarlaşma faizi bir xeyli artmışdır. İnsanlar, xüsusilə də gənclər Sovetlər İttifaqı dağıldıqdan sonra yaranan mənəvi boşluğu dinə yönələrək doldurmağa çalışmış və çalışırlar. Əlbəttə din insanların mənəvi kamilləşməsinə, paklaşmasına, əxlaqi keyfiyyətlərinin inkişafına səbəb olur. Dinin fərdi və sosial cəhətdən müsbət yönləri çoxdur. Din hər dövrdə öz sözünü deyib. Hətta yaxın keçmişdə elmi-texniki tərəqqinin dini tamamilə yox edəcəyi qənaəti hasil olsa da, bir müddət sonra bu fikirn doğru olmadığı ortaya çıxdı. Lakin dediyiniz kimi dindarlaşma və ya dinə olan marağın artması eyni zamanda dini radikalizm, din istismarı və dini qarşıdurmaların ortaya çıxması üçün də münbit şərait yaradır. Ona görə də dindarlaşmanın mütəxəssislər tərəfindən düzgün şəkildə idarə olunması vacibdir. Bu sahədə ən böyük məsuliyyət və iş savadlı dini kadrların, ilahiyyatçıların, din sosiologiyası, din psixologiyası və din fəlsəfəsi ilə məşğul olan insanların üzərinə düşür. Bu məsuliyyət isə təəssübkeşlikdən və cəhalətdən uzaq, Allah sevgisi və bunun təzahürü olan insan sevgisini hər şeydən üstün tutan, dəyərləri əks etdirən dini dünya görüşün təbliğidir.
-Belə məlum olur ki, dini maarifləndirmə və dini təbliğatın düzgün qurulmaması daha pis nəticələrə aparıb çıxara bilər?
-Belə bir misal çəkim. Dini insanlara A-dan başlayaraq öyrətmək əvəzinə Z-dən başlayaraq öyrətdikdə insanlar onun həqiqi mahiyyətindən, əsl məqsədindən xəbərsiz qalır və onu lüzumsuz məsələlərə istiqamətləndirir. Ona görə də insanlara dini öyrətmədən əvvəl dinin nə olduğunu və nə olmadığını öyrətmək son dərəcə önəmlidir. Modernizm dini cəmiyyətdən bir qədər uzaqlaşdırsa da, post-modernizm onu yenidən cəmiyyətə qaytardı, lakin bu qayıdış heç də əvvəlki kimi deyil, ondan tamamilə fərqli və çox şaxəli qayıdış oldu. Məsələn, belə bir nümunə verək: Yaşadığımız dünyada insanlara ən çox təsir edə bilən şeylərdən biri modadır. Moda həyatımıza müxtəlif şəkillərdə sirayət edir və əksəriyyət bu barədə heç nə düşünmədən ona uyur. Bu din üçün də keçərlidir. Belə ki, axşam fərqli olan bir insan, səhər "dindar" kimi oyanır və ya modaya uyğun olaraq dindar ola bilir. Yəni, bu gün yaşadığımız dünyada insanı dinə yaxınlaşdıran və eyni zamanda ondan uzaqlaşdıran səbəblər əvvəlki dövrlərlə müqayisədə qat-qat çoxdur.Ona görə də dini maarifləndirmə işində bütün bu amillər nəzərə alınmalıdır. Sözlərimi dəstəkləmək üçün Amerikalı yəhudi əsilli din sosioloqu Fil Zukermanın "İnvitation to the Sociology of Religion" adlı əsərindən sitat gətirim: "Mən kiçik olarkən atam camaatla yaxınlığın sosial əhəmiyyətini vurğulayaraq belə deyərdi: "Sam (atasının dostu) sinaqoqa Tanrıyla danışmaq üçün gedir. Mən isə oraya Samla danışmaq üçün gedirəm". Bəli, əsas məsələ budur: Məscidə, sinaqoqa, kilsəyə, ibadətxanalara kiminlə danışmaq üçün gedirik?
-Son vaxtlar mətbuatda və sosial şəbəkələrdə dini məsələlərə müxtəlif don geyindirilir, hətta təhriflər edilir. Bu barədəki fikirlərinizi bilmək maraqlı olardı.
-Mətbuatda, sosial şəbəkələrdə dini mövzularla bağlı yazılara və şərhlərə nəzər saldıqda narahatçılıq verəcək səbəblərin get-gedə çoxaldığını görürük. Dini sadəcə etiqad və ibadət məsələlərindən ibarət görən, onun ruhani, irfani, fəlsəfi, əxlaqi və s. keyfiyyətlərindən isə bixəbər olan və ya bu keyfiyyətləri görmək üçün lazımi bilgi və dünyagörüşünə malik olmayan insanların din barəsində söylədikləri fikirlər son dərəcə təhlükəlidir. Bu cür fikirlərlə mübarizə aparmaq, dinə maraq göstərən insanları bu sahədə maarifləndirmənin nəinki dini ab-havaya, hətta ümumi dünyagörüşümüzə təsir edəcəyi şübhəsizdir. Son dövrlərdə bu sahədə yazılan yazıların sayı daha da artmaqdadır. Lakin bu yazılara nəzər saldıqda görürük ki, əksər yazılar toxunulan mövzuları əhatə etməkdən, bütünlükdən, eyni zamanda ortaya qoyulan məsələlərin arxa planını və mahiyyətini əks etdirməkdən bir xeyli uzaqdır. Hər hansı bir sahədə nəsə yazmaq üçün həmin sahənin ətraflı və tam şəkildə bilinməsi lazımdır. Məsələn, siyasət, iqtisadiyyat, tarix və ya başqa sahələrlə əlaqəli bir məsələni qələmə alarkən həmin sahələrin metodologiyasını, üslubunu, mahiyyətini, əhatə dairəsini bilmək son dərəcə zəruridir. Bu din üçün də keçərlidir. İstər İslam dini, istərsə də başqa dinlər barədə yazdıqda ən azından haqqında bəhs olunan mövzuya tam hakim olduqdan sonra hər hansı bir nəticəyə gəlmək mümkündür. Yəni, Quranı, İncili və ya Tövratı oxumadan İslam, Xristianlıq və Yəhudilikdən danışmaq əbəsdir.
-Konkret misallar çəkə bilərsiniz?
- Götürək dinimizin müqəddəs kitabı olan Qurani-kərimdən bir mövzu və ya ümumiyyətlə Quran haqqında bir məsələyə toxunulmasına. Quran haqqında yazan müəllifin hər şeydən əvvəl ərəb dilini bilməsi son dərəcə vacibdir. Çünki ərəb dilinin sonrakı inkişafına böyük töhfələri olan Quran ərəb dilində nazil olmuşdur. Və Quranda insanlara çatdırılması istənilən mesajlar ərəb dilindədir. Həmçinin Quran ərəb dilinə yeni mənalar bəxş etmişdir. İslamın ikinci əsas qaynağı sayılan hədislər də belədir. Hədislər VII əsr Ərəbistanının ümumi portretini bizə təqdim edir. Bu portreti tam şəkildə görə bilmək üçün çox geniş təhlillərə ehtiyac vardır. Belə təhlillər aparmaq üçün isə əlimizdə mütləq lazımi dərəcədə xammal olmalıdır. Bildiyimiz kimi dil məqsədi ortaya qoymaq üçün ən mühüm vasitə hesab olunur. Və hər bir dilin öz xüsusiyyətləri, öz sərhədləri, öz yanaşma tərzi vardır. Ona görə də bu amilləri diqqətə almadıqda məqsədə çatmaq qeyri-mümkündür. Dediyimizi daha yaxşı izah etmək üçün bir kəlmənin hər ikisi türk dil qrupuna aid olan Türkiyə türkçəsi ilə Azərbaycan türkçəsində fərqli mənalarda işlənməsini göstərək. Belə ki, Türkiyə türkçəsində "adam gibi oku" ifadəsi müsbət mənada işlənir, dilimizdə isə bu ifadədən (adam kimi oxu) müsbət məna çıxarmaq olmaz. Qurandakı və ya hədislərdəki bir mövzunu işıqlandırmağa çalışarkən vacib amillərdən biri də o dövrün tarixi, adət-ənənələri, Quran semantikası, Quran nazil olmadan əvvəlki dövr, ərəb şeiri, Quran vəhy olunmadan əvvəl həmin coğrafi məkanda mövcud olan dinlər (yəhudilik və xristianlığ), hətta bu dinlərdən daha öncə Yaxın Şərqin tarix səhnəsində yer alan sivilizasiyalar (şumer, akkad və s.) haqqında ümumi məlumata sahib olmaq lazımdır. Digər bir vacib amil isə məsələlərə obyektiv yanaşmaqdır. Hisslərə qapılarq, səthi yanaşaraq qarşıya qoyulan məqsədə çatmaq və həqiqəti ortaya qoymaq olmur. Düzdür bu şəkildə yazaraq oxucu kütləsini, xüsusilə də etiqad sahibi insanları coşdurmaq mümkündür. Halbuki oxucu kütləsi özü bundan zərər görür.
-Sizcə Azərbaycan cəmiyyəti dini baxımdan nə qədər tolerantdır?
- Bir çox müsəlman ölkəsi ilə müqayisə edildikdə aydın olur ki, Azərbaycan cəmiyyəti dini tolerantlıq baxımından onların əksəriyyətindən fərqlənir. Azərbaycan digər müsəlman ölkələr arasında sünnilik-şiəlik məsələsinə görə özünəməxsus yeri olan ölkədir. Daha doğru ifadə etməyə çalışsaq sünni-şiə uzlaşmasının ən yüksək səviyyədə olduğu tək ölkə Azərbaycandır. Lakin bu gözəl ənənənin qorunması son dərəcə vacib və lüzumludur. Yuxarıda qeyd etdiyimiz bu gözəl ənənənin meydana gəlməsinin ən başlıca səbəbi bəzi müsəlman ölkələrindən fərqli olaraq Azərbaycanda heç vaxt dini radikalizmin və ya dini radikalizmə səbəb olacaq din dünyagörüşünün özünə yer tapmamasıdır. Tarixin müəyyən dövrlərində dini qarşıdurmalar meydana çıxartmaq cəhdləri olsa da Gəncəvilər, Fizulilər, Bakuvilər, Nigarilər, Şirvanilər və s. kimi insanlar hər əsrdə ortaya çıxaraq dinin irfan yönünü qabartmış və cəmiyyəti dinə hər zaman bu yolda istiqamətləndirmişlər. Tarix Azərbaycanda dinlərarası və məzhəblərarası qarşılıqlı ehtiram və dostluq nümunələri ilə doludur. Təkcə Azərbaycanlı din alimləri Mir Məhəmməd Kərim Ağa Bakuvi və Mövlazadə Şəkəvinin Quran təfsirlərinə baxmaq Azərbaycanda mövcud olan məzhəblərarası dostluq və qardaşlıq ənənəsini görmək üçün kifayətdir. Belə ki, hər ikisi İslamın şiəlik qoluna mənsub bu din alimləri dinimizn müqəddəs kitabının ayələrini izah edərkən sünnü məzhəbinin görüşlərinə və bu məzhəbin alimlərinə ehtiarmla yanaşmış, bəlkə də digər müsəlman ölkələrində mövcud olmayan bu mütərəqqi və yüksək baxış tərzləri ilə İslam mədəniyyətində yeni cığır açmışlar. Sünnü məzhəbinə mənsub olan İlisu sultanı Danyal bəyin xüsusi möhrünə isə Azərbaycandakı məzhəblərarası qardaşlığı tərənnüm edən bu sətirlər yazılmışdır: Bütün işlərdə təvəkkülüm yalnız Allahadır. Əba əhlinin beşi də təvəssülümdür. Şeirdəki beş əba əhli Hz. Peyğəmbər (s.ə.s.), qızı Həzrət Fatimə anamız, kürəkəni Həzrət Əli (ə) və nəvələri Həzrət Həsən (ə) və Həzrət Hüseyndən (ə) ibarət Əhli-beyt üzvləridir. Bu gün bu ənənəni pozmaq istəyən qüvvələr var. Bizim əlimizdə isə bu qüvvələrə cavab vermək üçün keçmişdən günümüzə qədər qorunub saxlanan böyük miras var. Bu sahədə yazıb-yaradan, bu sahədə fəaliyyət göstərən hər bir şəxs həmin böyük mirasa sahib çıxmalı və dini dünyagörüşümüzü həmin mirasa söykənərək formalaşdırmalıdır.
Alim