“Sülh sazişi yalnız referendumdan sonra real ola bilər” – ŞƏRH – ÖZƏL
16:45 Siyasət"Azərbaycan 44 günlük Vətən müharibəsindən, ardınca isə bir günlük antiterror əməliyyatından sonra həm de-yure, həm də de-fakto öz suverenliyini bərpa etdi. Azərbaycanın bu qələbəsindən sonra Cənubi Qafqazda yeni bir siyasi vəziyyət formalaşdı. Bu vəziyyət ondan ibarətdir ki, Azərbaycan həm siyasi, həm iqtisadi, həm də regional və geosiyasi proseslər baxımından bölgədə aparıcı rol oynayır. Artıq birbaşa Azərbaycanla razılaşdırılmadan heç bir layihə həyata keçirilə bilməz".
Bu fikirləri Olaylar.az-a açıqlamasında Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri, siyasi şərhçi Azad Məsiyev deyib. Siyasi şərhçi bildirib ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması problemlərin köklü şəkildə həllinə gətirib çıxara bilər. Çünki sülh sazişi Cənubi Qafqazda sabitliyin rəsmi təsdiqi olacaq. Bu da o deməkdir ki, regionda sülhün və əmin-amanlığın möhkəmlənməsi Azərbaycan üçün bütün layihələri həyata keçirmək imkanlarını bir daha açacaq. Lakin Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması üçün Ermənistan tərəfi üzərinə qoyulan şərtləri yerinə yetirməlidir. Sülh sazişinin təməl prinsipi dövlətlərin bir-birinin ərazi bütövlüyünü tanımasıdır. Ermənistan isə öz Konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünü tanımır, əksinə, ərazi iddiası ortaya qoyur. Belə olan halda, sülh sazişi imzalansa belə, Ermənistan Konstitusiyası ilə bu saziş ziddiyyət təşkil edir. Bu, birinci tərəfdir.
"İkinci tərəf isə ondan ibarətdir ki, biz sülhü yalnız Ermənistan hakimiyyəti ilə deyil, bütövlükdə erməni xalqı ilə bağlamaq istəyirik. Çünki Paşinyan hakimiyyəti müvəqqətidir: bu gün Paşinyan var, sabah isə olmayacaq. Gələcəkdə hakimiyyətə gələcək şəxslər imzalanmış sülh sazişinə şübhə yaratmamalıdır. Buna görə də sülh sazişi ümumi erməni xalqı tərəfindən referendum yolu ilə təsdiqlənməlidir. Əks halda, hansısa sənədin imzalanması Ermənistan Konstitusiyası ilə ziddiyyət təşkil etməyə davam edəcək", - deyə siyasi şərhçi əlavə edib.
Ekspertin sözlərinə görə, Paşinyan isə indiki məqamda referenduma getmək istəmir. Səbəbi odur ki, erməni cəmiyyətinin təxminən 50%-i hələ də "dənizdən-dənizə Böyük Ermənistan" xülyası ilə yaşayır. Belə bir şəraitdə referendum keçirilsə, sənəd qəbul olunmaya bilər və sülh sazişi imzalanması mümkünsüz olar. Digər tərəfdən, referendum Paşinyana qarşı mövcud müxalif qüvvələr tərəfindən onun nüfuzuna zərbə vurmaq üçün istifadə edilə bilər. Buna görə də Paşinyan çalışır ki, 2026-cı ildə keçiriləcək parlament seçkilərindən sonra, hakimiyyətdə qala bilsə, referendumu gündəmə gətirsin. Lakin bu, sülh sazişinə təhlükə yaradan məsələdir. Çünki erməni xalqının düşüncəsində hələ də Azərbaycana qarşı ərazi iddiaları qalırsa, bu o deməkdir ki, Ermənistan nə qonşularla dinc yanaşı yaşamaq prinsipinə əməl etmək, nə də Azərbaycana qarşı düşmənçilikdən əl çəkmək niyyətindədir. Bu səbəbdən referendum mütləq keçirilməlidir. Yalnız bundan sonra imzalanacaq sülh sazişi real və etibarlı ola bilər. Əks halda, bu, sadəcə diplomatik manevr və Azərbaycanı aldatmaq cəhdi kimi qiymətləndirilə bilər.
A. Məsiyev vurğulayıb ki, Azərbaycan isə bütün fəaliyyətində şəffaflıq nümayiş etdirir və hər şeyin açıq şəkildə həll olunmasının tərəfdarıdır. Bu kontekstdə ATƏT-in Minsk qrupu artıq gündəmdən çıxarılıb ki, bu da müsbət haldır. Sülh sazişinin qarşısında duran əsas maneə Ermənistan Konstitusiyasıdır və onun dəyişdirilməsi yalnız referendum yolu ilə mümkündür. Əgər Ermənistan həqiqətən qonşularla dinc yanaşı yaşamaq istəyirsə, mütləq ərazi iddialarından imtina etməlidir. Əks halda, Ermənistan yalnız Azərbaycanla deyil, Türkiyə ilə münasibətlərində də irəliləyiş əldə edə bilməyəcək. Çünki Ermənistan Türkiyə ilə sərhədi açmaq və diplomatik münasibətləri bərpa etmək istəyirsə, Türkiyəyə qarşı ərazi iddiasından da əl çəkməlidir. Belə olan halda Ermənistan qonşularla münasibətlərini yenidən quraraq inkişaf edə bilər. Əks halda, sülh sazişi imzalanmayacaq və Ermənistan qlobal layihələrdən kənarda qalacaq.
Siyasi şərhçi əlavə edib ki, sülh sazişi sərhədlərin dəqiqləşdirilməsi, nəqliyyat infrastrukturunun, o cümlədən Zəngəzur dəhlizinin açılması deməkdir. Bu, həm regional, həm də qlobal baxımdan bölgədə əmin-amanlığın yaranmasına gətirib çıxaracaq. Lakin proseslər göstərir ki, Ermənistan yenə də bölgədə gərginlik yaratmaq xəttini davam etdirir. Referendumun keçirilməməsi də bunun sübutudur. Bu isə bölgədə gərginliyin artmasına, qlobal güclərin maraqlarının Cənubi Qafqazda toqquşmasına səbəb ola bilər. Məsələn, Paşinyan 10 noyabr bəyanatına görə Zəngəzur dəhlizinin Rusiyanın nəzarəti altında həyata keçirilməsinə razılıq vermişdi. Lakin sonrakı mərhələdə bu məsələni ABŞ-nin nəzarətinə vermək cəhdləri Moskva və Vaşinqtonun maraqlarının toqquşmasına gətirib çıxaracaq. Bu isə Paşinyanın balanslaşdırıcı deyil, əksinə, sürüşkən və etibarsız siyasət yeritdiyini göstərir.
"Azərbaycan bütün mövqeyində şəffaf davranır və açıq şəkildə bildirir ki, sülh sazişi yalnız referendum yolu ilə, erməni xalqının ərazi iddialarından imtina etməsi ilə mümkün ola bilər. Əks halda, Ermənistan yenə də təcrid olunmuş vəziyyətdə qalacaq və bu, onun gələcəyinə ciddi ziyan vuracaq", - deyə ekspert bildirib.
Sevda Dəniz