Hikmət Hacıyev: “Ermənistan beynəlxalq ictimaiyyəti aldatmağa çalışır"
Azərbaycan Respbublikasının xarici siyasətində Cənub və Cənub-Şərqi Avropa ölkələri və xüsusda da Balkan ölkələri ilə əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdən biridir. Bildiyiniz kimi Azərbaycanın Balkan ölkələrində, o cümlədən də Xorvatiyada da diplomatik nümayəndəliyi fəaliyyət göstərir. İki ölkə arasında müstəqilliyimizin əldə edilməsindən sonra və Xorvatiyanın da keçmiş Yuqaslaviyadan ayrılmasından sonra müstəqillik prinsipləri əsasında diplomatik əlaqələr də inkişaf edib.
26 Oktyabr 2016 15:57 MüsahibəAzərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin SƏS TV-yə müsahibəsi:
- Hikmət müəllim, bu həftə ölkəmizə bir neçə xarici ali qonaq səfər etdi. Xüsusilə də Xorvatiya prezidentinin səfəri bu ölkə ilə Azərbaycan arasında əlaqələrin inkişafına hansı töhfələr verəcək?
- Azərbaycan Respbublikasının xarici siyasətində Cənub və Cənub-Şərqi Avropa ölkələri və xüsusda da Balkan ölkələri ilə əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdən biridir. Bildiyiniz kimi Azərbaycanın Balkan ölkələrində, o cümlədən də Xorvatiyada da diplomatik nümayəndəliyi fəaliyyət göstərir. İki ölkə arasında müstəqilliyimizin əldə edilməsindən sonra və Xorvatiyanın da keçmiş Yuqaslaviyadan ayrılmasından sonra müstəqillik prinsipləri əsasında diplomatik əlaqələr də inkişaf edib.
Hal-hazırda Xorvatiya ilə Azərbaycan arasında geniş spektirli əməkdaşlıq üçün əlverişli bir fürsət vardır. Xorvatiyanın dövlət başçısının Azərbaycan Respublikasına rəsmi səfəri və ölkə rəhbəri cənab İlham Əliyevlə keçirdiyi görüşlər, apardığı müzakirələr əməkdaşlığımızın gələcək inkişafı üçün daha bir əlverişli fürsətlər yaradır. Həmçinin əməkdaşlığımızın keyfiyyətcə yeni bir müstəviyə çatdırılması üçün əlavə təkan verir. Səfər əsnasında əsas müzakirə mövzularından biri siyasi dialoqun inkişaf etdirilməsidir. Təbii ki, bu əsasda da biz Xorvatiyanın mövqeyini yüksək qiymətləndiririk. Xorvatiya prezidenti tərəfindən də mətbuat konfransı zamanı birdaha ölkəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar mövqeyi ifadə olundu. Beləki Xorvatiya münaqişənin məhz Azərbaycanın ərazi bütövlüyü və suverenliyi prinsipləri əsasında, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə həlli prosesinin dəstəkləyir.
Bundan əlavə iqtisadi, ticarət, enerji, nəqliyyat, turizm kimi sahələrdə də əməkdaşlıq üçün əlverişli imkanlar vardır. O cümlədən maşınqayırma, gəmi sənayesi də digər bir istiqamətlərdir. Turizm sahəsində gəldikdə isə bildiyiniz kimi mövsümi əsasda Xorvatiya tərəfindən Azərbaycana sadələşdirilmiş viza rejimi tətbiq olunur. Eyni zamanda Azərbaycan tərəfi də xorvat turistlərinin Azərbaycana cəlb edilməsi istiqamətində iş aparılır. Hər iki ölkə arasında turizm sahəsində təcrübə mübadiləsinin aparılmasını da yeni bir müzakirə mövzusudur. Bundan əlavə Xorvatiya da mövcud olduğu regionda xüsusilə Baltik və Adriatik dənizlərinin birləşdirilməsi istiqamətində Xorvatiya digər Şərqi Avropa ölkələri, o cümlədən Polşa ilə də birlikdə müxtəlif təşəbbüslərlə çıxış edib. Azərbaycan da bu kimi əlaqələrin artırılması yəni regional nəqliyyat dəhlizlərinin yaradılması kimi proseslərdə və təşəbbüslərdə yaxından iştirak edir. Ona görə də səfər əsnasında bu nəqliyyat konsepsiyalarının da əlaqələndirilməsi, birinin digərini tamamlaması kimi məsələsi də müzakirə olundu. Bu istiqamət enerji istiqamətidir ki, bildiyiniz kimi TANAP layihəsinin davamı kimi TAP layihəsi də Azərbaycan qazının Adriatik dənizinə və İtaliyaya çatdırılmasını nəzərdə tutur. Buradan Xorvatiya da potensial bir tərəfdaş kimi bu məsələdə çox maraqlıdır. Xorvatiyanında gələcək prespektivlərdə bu nəqliyyat dəhlizi sisteminə qoşulması məsələsi müzakirə mövzusudur. Xorvatiya prezidentinin də qeyd etdiyi kimi enerji təhlükəsizliyi Xorvatiyanın da gündəliyində duran vacib məsələlərdən biridir.
Ticarət sahəsində də əməkdaşlıq üçün geniş imkanlar vardır. Beləki investisiyalar da növbəti bir prioritet istiqamətlərdir. Kompleks şəkildə götürsək Azərbaycan Cənubi Qafqaz regionunda və onun hüdudlarından kənarda vacib rol oynayan dövlətdir. Təbii ki, Xorvatiya da öz regionunda mühüm rola malik olan fəal bir dövlətdir. Ona görə də regionlarımız arasında geniş bir kontekstdə əməkdaşlığın inkişafı etirilməsi baxımından da bu əlaqələr mühüm əhəmiyyət kəsb edir.
- ATƏT-in Minsk Qrupunun həmsədrləri iddia edirlər ki, fəaliyyətlərinin əsas istiqaməti ilin sonuna qədər Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etməkdir. Hazırki məqamda Serj Sarkisyan hakimiyyətinin münaqişənin həllində qeyri-konstruktiv mövqe tutduğu halda belə bir görüşün keçirilməsi nə dərəcədə mümkündür?
- ATƏT-in Minsk qrupunun həmsədrlərinin mandatına uyğun olaraq əsas məqsəd və məram Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin, eləcə də regionda davamlı sülh və təhlükəsizliyin təmin edilməsidir. Heç şübhəsiz ki, danışıqlar prosesi çərçivəsində dialoq mexanizmi yəni müxtəlif səviyyələrdə görüşlərin (o cümlədən də dövlət başçıları səviyyəsində) keçirilməsi danışıqlar prosesinin mühüm tərkib hissəsidir.
Azərbaycanın bu məsələdə də mövqeyi çox aydın, kontruktiv və qəti xarakter daşıyır. Çünki görüşlər görüş naminə olmamalıdır. Nəticə etibarilə Ermənistanın istəyi də ondan ibarətdir ki, sonsuz bir danışıqlar mexanizmi adı altında özünün işğalçılıq siyasətini davam etdirsin, status-kvonun dəyişməsinə imkan verməsin və işğal olunmuş Azərbaycan ərazilərinin ilhaqı prosesini həyata keçirsin. Təbii ki, bunu da başqa bir formada sanki sülh prosesi davam edir kimi don geyindirməyə çalışır. Azərbaycan belə bir prosesin tərəfdarı deyil. Əgər substantiv xarakter daşıyacaqsa və məzmunlu olaraq biz münaqişənin həlli ilə əlaqədar konkret məsələləri müzakirə edəcəyiksə o zaman Azərbaycan hər bir görüş təklifini konstruktiv müstəvidə nəzərdən keçirməyə hazırdır.
İlkin addım kimi belə bir şey varki bu ilin sonunda, dekabr ayının əvvəlində ATƏT-in Xarici İşlər Nazirlərinin Almaniyada toplantısı keçiriləcək. Təbii ki, bu əsasda Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü kimi təşəbbüs irəli sürülüb. Yəni Azərbaycanda bunu konstuktiv şəkildə nəzərdən keçirməkdədir.
- Rusiyalı həmsədr İqor Popov Dağlıq Qarabağ münaqişəsinin həllinin vahid paket olduğunu və işğal altında olan 7 rayondan 5-nin qaytarılmasının gündəmdə olduğunu bildirib. Niyə məhz 5-nin və eləcə də Azərbaycan dəfələrlə münaqişənin həllinin mərhələli həll planı olduğunu bəyan edib. Siz bu barədə nə deyərdiniz?
- Ümumiyyətlə münaqişənin həlli prosesi çox mürəkkəbdir. Bunu hamı etiraf edir. Münaqişənin həlli prosesinin çox vacib elementləri var. Məsələn, ilk addım və problem işğal faktorudur. Yəni işğal faktı aradan qaldırılmalıdır. Bunun ardınca Dağlıq Qarabağ regionunun ətrafında olan bu rayonların azad edilməsindən sonra ora qaçqınların və məcburi köçkünlərin qaytarılması və onların hümanitar problemlərinin - məişət, sosial, təhlükəsizlik və s. aradan qaldırılmasıdır. Ona görə də bütün bunlar göstərir ki, bu münaqişənin vahid bir paket halında həll edilməsi mümkün deyil. Ümumiyyətlə bu reallıqdan bir qədər kənardır. Vahid bir çərçivənin içərisində də mərhələli bir yanaşma olmalıdır. İlk növbədə vaxt baxımından bu təmin edilməlidir. Çünki bütün məsələləri bir gündə həll edilməsi qeyri-mümkündür. Ona görə də yanaşma mərhələli olmalıdır. Məsələn, 5 rayonun qaytarılması məsələsinin özü də mərhələli yanaşamanın tərkib hissəsidir. Təbii ki, Azərbaycan da bu reallığı dərk edir ki, münaqişə çox mürəkkəbdir. Hətta işğal faktının aradan qaldırılmasının özü də mərhələli xarakter daşımalıdır.
- AŞPA-nın vitse-prezidenti Rene Rukeldir tez-tez işğal altında olan Dağlıq Qarabağa səfərlər edir. Bu şəxs 2011-ci ildə 32 deputatın imzası ilə Dağlıq Qarabağın müstəqiliyinin tanınması barədə sənəd imzalayıb. Niyə bu şəxs ölkəmizə qarşı qərəz nümayiş etdirir?
- Məsələyə ilk öncə oradan başlayaq ki, Azərbaycanla Fransa arasındakı münasibətlər dostluq və tərəfdaşlıq prinsipləri əsasında xüsusilə son illər ərzində ardıcıl surətdə inkişaf edir. Burada biz xüsusilə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın Respublikasının birinci xanımı Mehriban Əliyevanın əlahiddə rolunu qeyd etməliyik. Məhz Fransa ilə Azərbaycanın tanıdılması, ölkəmizin mədəniyyətinin tanıdılması bununla belə Cənubi Qafqaz regionunda Fransa, eləcə də həmin ölkənin şirkətləri tərəfindən Azərbaycan çox vacib bir tərəfdaş kimi görünür. Azərbaycan-Fransa əlaqələrinin inkişaf etməsi Fransada olan erməni lobbi dairələrini və onun təsiri dairəsində olan bir sıra şəxsləri də çox ciddi sürətdə narahat etməkdədir. Təbii ki, onlardan biri də Rene Rukeldir. Bu şəxsin ailə üzvlərindən biri də erməni əsilli xanımdır. Heç şübhəsiz ki, bu real faktlardan biridir. Ona görə də erməni lobbisinin təsiri altında olan bu şəxs məqsədyönlü şəkildə Fransa ilə Azərbaycan arasındakı dostluq və tərəfdaşlıq münasibətlərinə sanki xələl gətirmək kimi bir siyasət yürüdür. Təbii ki, bu da uğursuz bir fəaliyyətdir. Çünki Azərbaycanla Fransa arasındakı münasibətlər dialoq və qarşılıqlı anlaşmaya, qarşılıqlı maraqlara əsaslanan tərəfdaşlıq münasibətləridir. Rene Rukel Azərbaycanın işğal olunmuş ərazilərinə də dəfələrlə səyahət edib və bu kimi fəaliyyətlə məşğuldur. Azərbaycanın bu kimi uğurlu fəaliyyətini görən Rene Rukel və onun havadarları tamamilə qısqanclıq nümayiş etdirirlər. Onlar öz aləmlərində bu münasibətlərə hər hansı bir formada xələl gətirməyə çalışsalar da bunlar tamamilə uğursuzluğa məhkum olunmuş bir fəaliyyətlərdir.
- Hikmət müəllim, Ermənistan sülh variantı üzərində düşünmür, beynəlxalq təşkilatlar və aparıcı dövlətlər isə müharibənin əleyhinədirlər. Bu halda Azərbaycanın hansısa yolu var?
- Sankt-Peterburq və Vyana görüşlərindən sonra danışıqlar prosesində mühüm müsbət bir dinamika var idi. Yəni Sankt-Peterburq görüşündən sonra xüsusilə Azərbaycan tərəfindən də mövqeyimiz ifadə olundu ki, biz substantiv danışıqlar prosesi çərçivəsində münaqişənin həlli prosesini dəstəkləyirik. Burada da məqsəd ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçıları səviyyəsində bəyan etdikləri status-kvonun qəbuledilməzliyidir. Yəni bu qəbuledilməz olan status-kvo dəyişdirilməlidir. Aprel hadisələri bir daha göstərdi ki, Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərində mövcudluğu regional sülh və təhlükəsizlik üçün ən başlıca təhdiddir. Bu vəziyyətin yenidən gərginləşməsinə və alovlanmasına gətirib çıxa biləcək bir faktdır. Bu aradan qaldırılmalıdır. Artıq bunu hamı etiraf edir. Danışıqlar prosesində də konkret müzakirə mövzuları var idi və konkret baxışda bəllidir. Beynəlxalq ictimaiyyət, ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən bu dəstəklənir. Yəni belə bir müsbət dinamikanın olduğu halda biz yenə də Ermənistanın məqsədyönlü şəkildə, qəsdən müxtəlif təxribatlarla prosesi pozmağa doğru yönəlmiş addımlarını görürük. İlk növbədə Ermənistanın daxili siyasətində cərəyan edən proseslər və hakimiyyət böhranı, eyni zamanda rəsmi İrəvanın kriminal rejimi tərəfindən səhnələşdirilən müxtəlif tragi komik səhnələr və bunun əsasında danışıqlar prosesinə xələl gətirmək və s. onların əsl xislətindən xəbər verir. Bütün bunlar da Sankt-Peterburq və Vyana görüşlərindən sonra olan müsbət dinamikanı pozmağa yönəlib. Üçüncü istiqamətdə isə Ermənistan yenə də texniki məsələləri gündəmə gətirməklə əsas hədəfdən yayınmağa çalışır. Əsas hədəf isə işğal faktını aradan götürmək və bununla da status-kvonu dəyişməkdir. O bu texniki məqamlarla yenə də beynəlxalq ictimaiyyəti aldatmağa çalışır. Təbii ki, beynəlxalq ictimaiyyət özü də bu reallığı görür. Azərbaycan Respublikası da dövlət başçımız İlham Əliyev tərəfindən də qeyd edildiyi kimi malik olduğu bütün imkanlardan istifadə edərək öz ərazi bütövlüyünü və suverenliyini təmin edəcək.