ATƏT-in vasitəçiliyi ilə Dağlıq Qarabağ problemi həll edilə bilməz

ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfər etdikləri bir ərəfədə işğalçı Ermənistan köhnə ənənəsinə sadiq qalaraq Dağlıq Qarabağ probleminin həlli mexanizminə mane olmağa çalışıb. Belə ki, Ermənistan rəhbərliyi açıq şəkildə bəyan edib ki, işğal altında olan Azərbaycan ərazilərindən heç biri geri qaytarılmayacaq. Bununla da Yerevan problemin sülh yolu ilə həlli mümkünlüyünün üstündən xətt çəkmiş olub. Bəs görəsən bundan sonrakı proseslər hansı məcrada inkişaf edə bilər? Ümumiyyətlə, Ermənistanın bu mövqeyi cəbhə xəttində hərbi əməliyyatların başlamasını yenidən zərurətə çevirirmi? Bu və ya digər suallarla Ədalət Partiyasının Ali Məclisinin sədri Mütəllim Rəhimli ilə söhbətləşdik.

Mütəllim Rəhimli: "İndiyə qədər aparılan danışıqlar və əldə olunan sıfır nəticə onu deməyə əsas verir ki, Azərbaycan problemə münasibətdə taktikasını yeniləməlidir"

ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfər etdikləri bir ərəfədə işğalçı Ermənistan köhnə ənənəsinə sadiq qalaraq Dağlıq Qarabağ probleminin həlli mexanizminə mane olmağa çalışıb. Belə ki, Ermənistan rəhbərliyi açıq şəkildə bəyan edib ki, işğal altında olan Azərbaycan ərazilərindən heç biri geri qaytarılmayacaq. Bununla da Yerevan problemin sülh yolu ilə həlli mümkünlüyünün üstündən xətt çəkmiş olub. Bəs görəsən bundan sonrakı proseslər hansı məcrada inkişaf edə bilər? Ümumiyyətlə, Ermənistanın bu mövqeyi cəbhə xəttində hərbi əməliyyatların başlamasını yenidən zərurətə çevirirmi? Bu və ya digər suallarla Ədalət Partiyasının Ali Məclisinin sədri Mütəllim Rəhimli ilə söhbətləşdik.

-Mütəllim bəy, rəsmi Yerevan açıq şəkildə bəyan etdi ki, işğal altında olan torpaqlar qaytarılmayacaq. Sizcə bundan sonra proseslər hansı istiqamətdə cərəyan edəcək?

-İndiyədək dəfələrlə qeyd edilib ki, danışıqlar yolu ilə, xüsusilə də ATƏT-in vasitəçiliyi ilə Dağlıq Qarabağ problemi həll edilə bilməz. Bunun isbatı üçün də ortaya çox ciddi əsaslar qoymq, dəlillər gətirmək mümkündür. Ancaq bununla yanaşı çoxsaylı insan tələfatının, qan tökülməsinin qarşısının alınması, infrastruktur dağıntılarına yol verilməməsi üçün cəmiyyətdə sülh danışıqlarına inam həmişə qalmaqdadır. Son vaxtlar Rusiyanın fəal təşkilatçılığı ilə Azərbaycan və Ermənistan prezidentləri arasında görüşlərin təşkili, danışıqlar prosesinin intensivləşməsi, o cümlədən mediaya verilən açıqlamalar yenidən belə bir ümid yaratmışdı ki, problemin həllində irəliləyiş var. Hətta beş rayonun qaytarılması və problemin mərhələli şəkildə həlli ilə bağlı müəyyən razılaşmanın olduğu haqqında da mətbuata informasiya sızdırılmışdı. Lakin Ermənistan tərəfi bu dəfə də təkziblə çıxış etdi və hər hansı razılaşmanın olmadığını bəyan etdi. Bu mövqeyi ilə Azərbaycan cəmiyyətində yaranmaqda olan inamın üzərinə bir daha su səpdi. Ermənistan bu açıqlaması ilə işğal etdiyi torpaqları boşaltmaq niyyətində olmadığını göstərir. Nəhayət, qəti şəkildə əmin olmalıyıq ki, danışıqlar prosesi ilə Dağlıq Qarabağ məsələsi həll oluna bilməz. Buna baxmayaraq hadisələrin inkişaf dinamikası onu göstərir ki, yenə də ATƏT-in vasitəçiliyi ilə danışıqlar prosesi davam etdiriləcək. Amma bunun kimə lazım olduğunu bir daha dəqiqləşdirməyə ehtiyac var.

-Ermənistanın belə qətiyyətli bəyanatı cəbhədə hərbi əməliyyatları qaçılmaz edə bilərmi?

- Əgər Azərbaycan, doğurdan da, işğal altındakı torpaqlarını azad etmək istəyirsə mütləq müharibəyə hazır olmalıdır. İndiyə qədər aparılan danışıqlar və əldə olunan sıfır nəticə onu deməyə əsas verir ki, Azərbaycan problemə münasibətdə taktikasını yeniləməlidir. Çünki hazırki status-kvonun davam etməsi yalnız qarşı tərəfə sərf edir. Biz isə itirilən hər gün üçün gələcəkdə daha böyük itkilərlə üzləşəcəyik. Ona görə də Azərbaycan yubanmadan özünün hərbi gücündən istifadə edərək işğal altındakı torpaqlarını azad etməlidir. Başa düşmək lazımdır ki, bizim heç kimin torpaqlarında gözümüz yoxdur, sadəcə işğal altındakı ərazilərimizi azad edirik. Buna isə heç bir qüvvə mane ola bilməz.

-Yerevanın belə bir mövqe ortaya qoymasına bu ölkənin "İsgəndər" raketləri ilə təmin olunması təsir göstərə bilərmi?

-Ermənistan prezidenti Serj Sərkisyan bir neçə ay əvvəl də bilrimişdi ki, "başımı verərəm, ancaq Qarabağı vermərəm". Ermənistanın cəsarəti bir silaha, yaxud gəlişi gözəl səslənən bir ifadəyə bağlı deyil. Birdəfəlik yadda saxlamaq lazımdır ki, Ermənistan tutarlı əsaslara istinad edərək Azərbaycanın qarşısında belə iddialı danışır. Erməni diplomatiyası iri gücləri faktiki olaraq özünün müdafiəçisinə çevirə bilib. Biz bu reallığı qəbul etməliyik. Ermənistanın öz mövqeyindən bir addım da olsa geri çəkilməməsi onun öz müttəfiqlərinə inamının nəticəsidir.

-Belə qənaətə gəlmək olarmı ki, aprel döyüşlərindən sonra problemin həlli istiqamətində aparılan bütün danışıqlar nəticəsiz qalacaq?

- ATƏT-in vasitəçiliyi ilə aparılan danışıqlar prosesi nəticəsiz qalacaq desək daha doğru olar. 25 ilə yaxındır danışıqlar davam edir, üstəlik bir 25 il də danışıqlar davam etdirilsə, yenə də heç bir nəticə olmayacaq. Çünki ATƏT-in tərəflərə təsir etmək mexanizmi yoxdur, o tövsiyyə edir və Ermənistan da onun istəklərinə tabe olmur. Üstəlik burada ATƏT-in problemə ikili standartla yanaşmasını da əlavə etsək, ümumiyyətlə, onun tamamilə perspektivsiz olduğu qənaətinə gəlmək olar.

-Bəs belə olan halda Azərbaycan hansı addımı atmalıdır?

-Azərbaycanın qarşısında bir vəzifə var. İtirilmiş torpaqlarını qaytarmaq və ərazi bütövlüyünü bərpa etmək. Bunun üçün ilk növbədə perspektivi olmayan və tamamilə milli maraqlarımız əleyhinə yönəlmiş ATƏT çərçivəsində aparılan danışıqlardan imtina etməliyik. Əgər regional bir ictimai qurumun çərçivəsində cəsarət göstərə bilmiriksə, Dağlıq Qarabağı hansı cəsarətlə azad edə bilərik. Mən başa düşə bilmirəm 20 faiz torpaqlarımız işğal altında olduğu bir vaxtda özümüzü niyə yalandan sülhsevər kimi təqdim etməyə çalışmalıyıq, hətta beynəlxalq ictimaiyyəti, vasitəçiləri, iri gücləri də buna inandırmaq üçün dəridən-qabıqdan çıxmalıyıq. Halbuki buna heç ehtiyac yoxdu. Çünki səmimi təsir bağışlamır. Biz iddiamızı ortaya qoymalıyıq və bunu dünyaya göstərməliyik. Məsələni yenidən BMT-də qaldırmalı və bu təşkilatın qəbul etdiyi 4 qətnamənin yerinə yetirməsini tələb etməliyik. İstəyimiz həyata keçmədiyi halda artıq başqa yol qalmır, biz müharibə yolu ilə torpaqlarımızı azad etməliyik. Düşünürəm ki, cəmiyyətimiz də buna hazırdır və xalq erməni işğalı altında başı aşağı yaşamaq düşüncəsini üstündən atmaq istəyir.

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31