Özbək xalqı Azərbaycanın yanındadır, onun haqq işini müdafiə edir
Çox sevindirici haldır ki, Azərbaycanın haqq işi uğrunda apardığı mübarizəyə dəstək verən, ölkəmizin üzləşdiyi problemin dünya ictimaiyyətinə çatdırılmasında yaxından iştirak edən xarici ölkələrin tarixçiləri, araşdırmaçıları, yazıçı-publisistlərinin sayı getdikcə artmaqdadır. Ölkəmizin ədalətli mövqeyini hər zaman müdafiə edən, bunu qələmə aldığı kitablarda açıq şəkildə bəyanlayan dəyərli insanlardan biri də özbək tədqiqatçısı Şöhrət (Salamov) Barlasdır.
24 Oktyabr 2016 16:43 MüsahibəŞöhrət Salamov: "Bundan da qorxmur və utanmırıq"
"Dağlıq Qarabağ problemi barədə təkcə biz, Özbəkistan vətəndaşı olaraq mən yox, bütün dünya, beynəlxalq hüquq və prinsipləri qəbul edən hər bir kəs yazmalıdır"
Çox sevindirici haldır ki, Azərbaycanın haqq işi uğrunda apardığı mübarizəyə dəstək verən, ölkəmizin üzləşdiyi problemin dünya ictimaiyyətinə çatdırılmasında yaxından iştirak edən xarici ölkələrin tarixçiləri, araşdırmaçıları, yazıçı-publisistlərinin sayı getdikcə artmaqdadır. Ölkəmizin ədalətli mövqeyini hər zaman müdafiə edən, bunu qələmə aldığı kitablarda açıq şəkildə bəyanlayan dəyərli insanlardan biri də özbək tədqiqatçısı Şöhrət (Salamov) Barlasdır. Bu günlərdə tanınmış yazarın daha bir kitabının Gürcüstanın paytaxtı Tbilisi şəhərində təqdimat mərasimi keçirilib. "Карабах: война идей" ("Qarabağ: ideyalar müharibəsi" adlı kitabın təqdimatı Gürcüstandakı Suxişvili Texniki Universitetində baş tutub. Qeyd edək ki, bundan əvvəl isə müəllifin "Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlərdə. Daşnaklar: Fərqanədən Qarabağadək" adlı kitabı rus dilində çapdan çıxıb. Kitab Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və Azərbaycan Respublikasının Özbəkistandakı səfirliyinin dəstəyi ilə işıq üzü görüb. Şöhrət (Salamov) Barlasın bu günlərdə Azərbaycanda səfərdə olmasından istifadə edərək biz də tanınmış özbək tədqiqatçısı ilə görüşüb söhbətləşmək qərarına gəldik. "OLAYLAR"-a verdiyi müsahibədə özbək tədqiqatçı erməni separatizmini pisləyən, bu separatizmi dünyaya bəyan edən əsərlərin yazılması zərurətindən də danışıb.
-Şöhrət bəy, Dağlıq Qarabağ problemi, Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə kitab yazmaq hansı zərurətdən və maraqdan irəli gəldi?
-Əslində 1988-ci ildən belə bir zərurət meydana gəlib. Biz hər zaman, hər yerdə dost, qardaş, əqraba, xüsusən də türk olduğumuzu deyir, bəyan edirik. Amma təbii ki, bütün bunları əməldə, işdə sübut etdirmək lazımdır. Özbəkistan Respublikasının Dağlıq Qarabağ problemi ilə bağlı siyasətini, mövqeyini Azərbaycan yaxşı bilir. Bütün bunları nəzərə alaraq mən belə bir kitab yazmağı zərurətdən daha çox bir vəzifə borcu hesab edirəm. Mənim Azərbaycanda kifayət qədər dostlarım var. Eyni zamanda Özbəkistanın Azərbaycanla dostluq, qardaşlıq əlaqələri, mədəni sahədə yüksək səviyyədə münasibətləri var. Bu gün dünyanın gözü önündə Azərbaycanın torpaqları işğala məruz qalıb. Azərbaycanın 20 faiz əraziləri Ermənistan tərəfindən işğal edilib. Baxmayaraq ki, bu işğalı pisləyən qətnamələr, qərarlar çıxarılıb, ancaq hələlik onlar icra edilmir. Ona görə də hesab edirəm ki, bu problem barədə təkcə biz, Özbəkistan vətəndaşı olaraq mən yox, bütün dünya, beynəlxalq hüquq və prinsipləri qəbul edən hər bir kəs yazmalıdır. Məlum olduğu kimi Azərbaycanın işğal edilmiş ərazilərinin boşaldılması barədə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, Avropa Şurası, ATƏT və digər qurumların, eləcə də İslam Əməkdaşlıq Təşkilatının Daşkənd bəyannaməsi qəbul edilib. Bütün bunlara baxmayaraq Ermənistan hələ də Azərbaycan ərazilərini işğal altında saxlayır. Məlum olduğu kimi Ermənistanın Azərbaycan ərazilərini işğalı nəticəsində 1 milyona yaxın insan qaçqın və məcburi köçkünə çevrilib. Uzun illər həmin insanlar erməni təcavüzü nəticəsində ağır durumda yaşayıb. Ermənilər azərbaycanlıları təkcə öz yurd-yuvalarından didərgin salmayıb, eyni zamanda onlara qarşı soyqırım, kütləvi qətliamlar həyata keçirib. Bu insanlıq əleyhinə olan cinayətlərdir. Həmçinin erməni millətçiləri Azərbaycan torpaqlarında, Gürcüstanda, Özbəkistanda müxtəlif zamanlarda ağır cinayətlər, qırğınlar, terror aktları törədib, soyqırımları həyata keçiriblər. Lakin erməni vəhşiliklərinə bu günədək dünya ictimaiyyəti tərəfindən lazımi qiymət verilməyib və cinayətkarlar layiq olduqları cəzalarını almayıblar. Ona görə də özbək oxucuların bütün bunları bilməsi lazımdır. Məhz məsələyə bu aspektdən yanaşaraq belə bir kitab yazmağı qərara aldım. "Карабах: война идей" ("Qarabağ: ideyalar müharibəsi" adlı kitabımın Gürcüstanın paytaxtı Tbilisidəki Suxişvili adına Texniki Universitetdə təqdimat mərasimi keçirildi. 18-oktyabr-Azərbaycanın müstəqillik günü keçirilən təqdimat mərasimində universitetin rəhbərliyi, müəllim və tələbə heyəti iştirak edirdi. Kitab həmçinin Azərbaycan və özbək xalqının öz müstəqilliyini yenidən qazanmasının 25 illiyinə həsr olunmuşdu. Çox istərdim ki, Qazaxıstan, Qırğızıstandan olan dostlarımız da öz auditoriyalarında erməni təcavüzü barədə geniş və ətraflı danışsınlar. Çünki Ermənistanın günümüzdə həyata keçirdiyi etnik və milli təmizləmə siyasəti müasir dünya üçün qəbuledilməzdir. Qazaxıstan, Özbəkistan və Qırğızıstan çoxkonfesiyalı, çoxmillətli bir dövlətdir. Bu gün Özbəkistanda 136-a yaxın millət yaşayır. Bir millətə qarşı ayrıseçkilik aparmaq, ona təzyiq göstərmək, öz torpağından didərgin salmağın hansı nəticələrə səbəb olduğunu Qarabağ tarixindən bilirik.
-Adətən ermənilər belə bir kitab yazan, Azərbaycanın, daha doğrusu haqq-ədalətin yanında olan insanlara qarşı təzyiqlər edər, ona qarşı kampaniya apararlar. Bu mənada ermənilərin sizə qarşı hücumlarından ehtiyat etmirsiniz?
-Əslində həyatın özü təhlükədir və ölüm haqqdır. Yolda gedərkən başına bədbəxt bir hadisə gələ, avtomobillə qəza keçirə bilərsən. Etiraf edim ki, internet vasitəsilə bir neçə dəfə təhdidlər olub və müntəzəm olaraq təhdidlər edilir. Ancaq bu kimi təhdidlər məni yolumdan döndərə bilməz. Əgər belə təhdidləri nəzərə alsaq, gərək o zaman heç bir iş görməyək. Məlumat üçün qeyd edim ki, 1988-ci ildən bu prosesləri izləyirəm və işin içindəyəm. Tələbəlik illərindən bu məsələnin araşdırılması ilə məşğulam. Eyni zamanda mütəmadi olaraq Qriqoriya Auroliya, Arye Qut, Alek Kuznetsovla görüşlərimiz, məsləhətləşmələrimiz olur. Mən öz tariximi yazmışam. Əgər buna kiminsə etirazı varsa yazılı şəkildə münasibət bildirsin. Amma hər hansı etiraz da məhz faktlar əsasında olmalıdır. Proseslərə duyğusal yanaşaraq erməni təcavüzünü müdafiə etmək olmaz.
-Sadə özbək xalqı Azərbaycanın Dağlıq Qarabağ problemi barədə kifayət qədər məlumatlıdırmı?
-Əlbəttə, məlumatlıdır. Düzdür, Sovet İttifaqı dağılandan sonra hər bir müstəqil respublika kimi Özbəkistanın da müəyyən daxili problemləri oldu. Amma buna baxmayaraq özbək xalqı Azərbaycanın ərazilərinin Ermənistan tərəfindən işğala məruz qalması, Xocalı, Qaradağlıda ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri kütləvi qətliamlar barədə məlumatlıdır. Bütün bunları nəzərə alaraq özbək xalqı Azərbaycanın yanındadır, onun haqq işini müdafiə edir. Bundan da qorxmur və utanmırıq. Çünki biz dost, qardaş ölkələrik. Bunun bariz nümunəsi kimi İslam Əməkdaşlıq Təşkilatının qəbul etdiyi Daşkənd bəyannaməsini göstərə bilərik. İki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığımız mövcuddur. Xüsusilə, mədəni sahədə əlaqələrimiz yüksək səviyyədədir. Həm Azərbaycan, həm də özbək yazıçılarının qarşılıqlı olaraq kitabları dərc edilir. Bu günlərdə Özbəkistanda Nizami Gəncəvinin "Xəmsə"si işıq üzü gördü. Və bu münasibətlər, əlaqələr hər ötən gün daha da inkişaf edir.
-Bəs, Ermənistanla münasibətlər hansı səviyyədədir?
-Ermənistanla hansı sahədə işbirliyi ola bilər? Birincisi, Ermənistanla işbirliyinin heç bir perspektivi yoxdur. İkincisi, Ermənistanla əməkdaşlığın təmin olunması üçün öncəliklə bu ölkə dünyanın hüquq və prinsiplərinə əməl etməli, onları həyata keçirməlidir. Əgər Ermənistan beynəlxalq hüquq və prinsiplərə əməl etmirsə, onunla heç bir əməkdaşlıq edilə bilməz.
-Bəs, kitabınızın digər dillərə tərcümə edilməsi mümkündürmü və bu istiqamətdə iş aparılırmı?
-Bəli, bu barədə düşünürük. Azərbaycandakı Slavyan Universitetinin rektoruluğu ilə bununla bağlı görüşümüz olub. Hətta görüşün nəticəsi olaraq memorandum da imzalanıb. Həmin razılaşma əsasında kitabın ingilis dilinə tərcümə edilməsi nəzərdə tutulur. Eyni zamanda Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru Yaqub Mahmudovla görüşüm olub. Oktyabrın 26-da isə Azərbaycan Milli Elmlər Akademiyasında Tarix İnstitutunun təşkilatçılığı ilə mənim "Карабах: война идей" ("Qarabağ: ideyalar müharibəsi" və "Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlərdə. Daşnaklar: Fərqanədən Qarabağadək" kitabımın təqdimat mərasimi keçiriləcək. Bir məqamı da xüsusi olaraq qeyd etmək istəyirəm ki, mənim kitabımın işıq üzü görməsi, Tbilisidə təqdimat mərasiminin keçirilməsində Azərbaycanın Özbəkistandakı səfirliyi və səfirliyin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin əvəzsiz xidmətləri və dəstəyi olub. Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyevin birbaşa diqqət və qayğısı nəticəsində mənim kitabımın Tbilisidə təqdimat mərasimi keçirildi. Eyni zamanda Azərbaycanın Gürcüstandakı səfirliyi də təqdimat mərasiminin təşkili, həmçinin təhlükəsizliyimin təminatı ilə yaxından məşğul oldu. Müəllifi olduğum kitabların Türkiyə, Qazaxıstan və digər ölkələrdə çap edilməsi nəzərdə tutulur.
-Qarşıdakı planlarınız nədən ibarətdir?
-Azərbaycanın ümummilli lideri Heydər Əliyevin arxivlərdə olan videolarını əldə etmişik. Təxminən 3,5 saatlıq olan videomateriallar əsasında kinorejissor Eldar Məmmədovla birlikdə film çəkirik. Məlumat üçün qeyd edim ki, Eldar Məmmədov indiyə qədər 126-a yaxın sənədli film və 28 bədii film çəkib. Filmdə 70-80-ci illərdə Azərbaycandan Özbəkistana gedib orada təhsil alan tələbələr, bu gün isə cəmiyyətdə müəyyən mövqeyə malik olan şəxslərin fikirləri də yer alacaq. Artıq filmin üzərində iş gedir və tezliklə Bakıda tamaşaçılara təqdim ediləcək.
-Hazırda Azərbaycanla Özbəkistan arasında əlaqələri necə dəyərləndirirsiniz. Bu əlaqələr qaneedici səviyyədədirmi?
-Özbəkistanda yaxşı bir atalar sözü var. "Bir düşmənin olsa çoxdur, min dostun olsa az". Ona görə də dostluq əlqalərindən heç vaxt doymaq olmaz və hər zaman bu əlaqələrin daha da inkişaf etdirilməsi, genişləndirilməsi arzu edilər. İstərdik ki, ali təhsil sahəsində əlaqələr daha da inkişaf etsin, daha çox Azərbaycan gənci Özbəkistanda, özbək gəncləri isə Azərbaycanda təhsil alsınlar. Qarşılıqlı səfərlər artsın, Azərbaycan və özbək yazıçılarının qarşılıqlı şəkildə kitabları çap edilsin, mədəni sahədə əlaqələr daha da genişlənsin. Hazırda da bu əlaqələr kifayət qədər yaxşıdır. Həftə ərzində iki dəfə Bakıdan Daşkəndə hava reysi fəaliyyət göstərir və istər Bakıdan Daşkəndə, istərsə də əks tərəfə uçuşları zamanı təyyarı tamamilə dolu olur. Deməli, əlaqələr yaxşı səviyyədədir. Hazırda Özbəkistanın cənubunda "Akkord" firması yol tikintisi ilə məşğuldur. Eyni zamanda Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Mədəniyyət Mərkəzi müntəzəm olaraq kitablar çap edir, filmlər dublyaj edir. Ümid edirəm ki, əlaqələr bundan sonra daha da inkişaf edər.
Süleyman İsmayılbəyli