Cəmiyyətdə müxalifətə inam zəifdir
Sentyabrın 26-da ölkə Konstitusiyasına əlavə və dəyişikliklər məqsədilə keçiriləcək ümumxalq səsverməsi, referendum ərəfəsində radikal müxalifət yenidən ictimai-siyasi sabitliyi pozmağa, Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən bu siyasi hadisəyə mane olmağa çalışdı.
23 Sentyabr 2016 13:30 MüsahibəMütəllim Rəhimli: "AXCP və Müsavat liderlərinin şəxsi siyasi ambisiyaları üzündən onlar güclərini bir-birini nüfuzdan salmağa, aşağılamağa sərf edirlər"
"Xalq da görür ki, siyasi mübarizə adı altında qeyri-səmimi işlər görülür, şəxsi maraqlar daha çox qabardılır"
Sentyabrın 26-da ölkə Konstitusiyasına əlavə və dəyişikliklər məqsədilə keçiriləcək ümumxalq səsverməsi, referendum ərəfəsində radikal müxalifət yenidən ictimai-siyasi sabitliyi pozmağa, Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən bu siyasi hadisəyə mane olmağa çalışdı. Ötən həftələr ərzində sözügedən düşərgə hətta bir neçə mitinq keçirsə də, geniş xalq kütlələrinin dəstəyini qazana bilmədi. Nəticə etibarilə, radikal düşərgə yenə də məyusluqla öz əvvəlki mövqeyinə çəkildi. Bəs görəsən, radikal düşərgənin təşkil etdiyi aksiyaya çoxlu sayda insan toplaya bilməməsinin başlıca səbəbi nədir? Bu və digər suallarla Ədalət Partiyası Ali Məclisinin sədri Mütəllim Rəhimli ilə söhbətləşdik. Mütəllim Rəhimli "OLAYLAR"-a verdiyi müsahibədə Azərbaycan Xalq Cəbhəsi Partiyası və Müsavatın siyasi mübarizədə daha çox bir-birini gözdən salmaq taktikasına üstünlük verdiyini də vurğulayıb.
-Mütəllim bəy, bəzi müxalifət partiyalarının təşkil etdikləri mitinqlərə geniş xalq kütlələrinin dəstək verməməsinin başlıca səbəbi nədir?
- Hazırda cəmiyyətdə baş verən prosesləri təhlil etsək birmənalı münasibət ortaya qoymaq çox çətindir. Çünki son dövrlər manatın iki dəfə devolvasiyaya uğraması, hökumətin bütün cəhdlərinə baxmayaraq qiymətlərin xeyli qalxması insanların həyatına təsirsiz ötüşməyib. Üstəlik, çoxsaylı insanların gəlirlərində əhəmiyyətli rol oynayan tikinti sektorunda işlər kifayət qədər zəifləyib. Bütün bunlar cəmiyyətdəki ab-havanın formalaşmasında təbii ki, rol oynayır. Belə bir vaxtda insanların öz fikirlərini ifadə etmək üçün meydanlara çıxması məntiqi baxımdan gözləniləndir. Lakin biz bunu bu ay ərzində keçirilən üç mitinqin heç birində müşahidə edə bilmədik. Görünür bunun daha dərin səbəbləri var və mitinq təşkil edən siyasi qurumlar onu nəzərə ala bilmirlər. Zənnimcə, burada əsas məsələ cəmiyyətdə müxalifətə inamın zəif olması, ona etibar etməməsi və ciddi yanaşmamasıdır.
-Aksiyalara arzu edilən səviyyədə elektoratın çıxmaması onu deməyə əsas verirmi ki, mübarizə xəttini, strategiyanı dəyişmək lazımdır, artıq aksiyalar effekt vermir?
- Ölkəmizdə son vaxtlar etiraz mitinqlərini əsasən AXCP və Müsavat partiyaları təşkil edir. Çox cüzi fərqləri nəzərə almasaq demək olar ki, bu iki partiyanın ideoloji xətti və elektoratı eynidir. Lakin liderlərinin şəxsi siyasi ambisiyaları üzündən onlar güclərini bir-birini nüfuzdan salmağa, aşağılamağa sərf edirlər. Xalq da bunu görür. Görür ki, siyasi mübarizə adı altında qeyri-səmimi işlər görülür, şəxsi maraqlar daha çox qabardılır. Ona görə də meydanlara çıxmır. Lakin bu partiyaların mübarizə strategiyalarını dəyişməsi də mümkün deyil. Çünki mübarizə forması sırf ideoloji, kollektiv idarəçiliyə tabe olan qurumlarda situasiyanın və zamanın mahiyyətinə uyğun olaraq dəyişikliyə məruz qalır. Liderlərin iradəsinə tabe olan siyasi partiyalar bunu edə bilməzlər. Ona görə də bu partiyaların mübarizə taktikasını dəyişəcəyini düşünmək sadəlövhlük olardı.
-İki partiyanın belə bir araya gəlib birgə mitinq keçirə bilməməsi bu düşərgədə ciddi fikir ayrılığı, ziddiyətin olmasının göstəricisi sayıla bilərmi?
- AXCP-Müsavat qarşıdurması və apardıqları mübarizənin təqdimatı ictimai fikirdə müxalifətə qarşı indiki qeyri-məqbul münasibətin formalaşmasında müstəsna rol oynayıb. İndi çoxları elə hesab edir ki, müxalifət yalnız hakimiyyətin dediklərini təkzib etmək, ağ dediyinə qara, qara dediyinə ağ demək və bir-birini inkar etmək missiyasını yerinə yetirir. Bu ölkəmizdə siyasi institutlaşmanın formalaşmasını yubatmaqla yanaşı, Azərbaycanın beynəlxalq aləmdəki imicinə də zərbə vurur. Düşünürəm ki, bu iki partiya öz aralarında olan bu barışmazlıq və insanları artıq kifayət qədər bezdirən mühiti aradan qaldırmadan ciddi işlər görə bilməyəcəklər. Mən ölkədə mövcud situasiyanın yaranmasının və problemlərin əmələ gəlməsinin bütün məsuliyyətini Azərbaycan Xalq Cəbhəsi Pariyası və Müsavatın üzərinə yıxmaq iddiasından uzağam. Bunda iqtidarlı-müxalifətli hər bir tərəfin özünün cavabdehliyi var. Lakin hakimiyyəti indiki iqtidara təhvil vermiş bu iki partiyanın adı xüsusilə qeyd olunmalıdır. Onlar bu 12 il ərzində həyatlarını mübarizəyə həsr etmiş, Azərbaycanın sərvəti sayılacaq çoxsaylı insanların səmimi mübarizələrinə uyğun taktika müəyyən edə bilməyiblər. Ümumi mübarizə gücünü qruplararası konfliktlərə yönəldiblər.
Süleyman