Regionun bugünki siyasi reallığı Ermənistanın əleyhinədir
Aprel dyüşlərindən sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində artan diplomatik həırəkətlilik yenidən özünün passiv mərhələsinə qədəm qoymaqdadır. İşğalçı Ermənistanın mümkün qədər danışıqlar prosesindən yayınmaq cəhdi, buna nail olmaq üçün daxildə yaratdığı şouya təssüf ki, beynəlxalq səviyyədə hər hansı reaksiya da verilmir.
23 Avqust 2016 13:28 MüsahibəƏli Qənbərli: "Sərkisyanın artıq işlədəcəyi variant qalmayıb"
Aprel dyüşlərindən sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində artan diplomatik həırəkətlilik yenidən özünün passiv mərhələsinə qədəm qoymaqdadır. İşğalçı Ermənistanın mümkün qədər danışıqlar prosesindən yayınmaq cəhdi, buna nail olmaq üçün daxildə yaratdığı şouya təssüf ki, beynəlxalq səviyyədə hər hansı reaksiya da verilmir. Bu hal isə öz-özlüyündə danışıqlar prosesində yenidən passivlik yaradır. Bəs görəsən bu cür situasiya nə qədər davam edəcək və yaxın perspektivdə problemin həlli istiqamətində bir hərəkətlilik müşahidə ediləcəkmi? Bu və ya digər suallarla bağlı politoloq Əli Qəmbərliyə müraciət etdik. Əli Qəmbərli "OLAYLAR"-a verdiyi müsahibədə Azərbaycanın təşəbbüsü ilə meydana gələn yeni əməkdaşlıq formalarının ölkəmizə gətirəcəyi dividentlərdən də danışıb.
-Əli bəy, hazırda Dağlıq Qarabağ probleminin həlli istiqamətində göstərilən təşəbbüsləri necə xarakterizə edirsiniz və mövcud situasiya nikbin düşünməyə əsas verirmi?
-Dağlıq Qarabağ problemi artıq bir neçə ildir ki, əhatə dairəsinə görə regional müstəvidən çıxaraq, beynəlxalq miqyaslı problemə çevrilib. Belə olduğu təqdirdə isə münaqişə ətrafında ayrı-ayrı dövlətlərin maraqları meydana gəlib. Azərbaycan dövlət olaraq problemin həll olunması istiqamətində əsas vasitəçi kimi, məhz ATƏT-i qəbul edib. Ona görə də, uzun illərdir ki, ATƏT-in Minsk qrupu bu problemin həll olunması istiqamətində səy göstərir. Lakin, əfsuslar olsun ki, ATƏT-in Minsk qrupunun fəaliyyəti problemin həll olunması üçün qənaətbəxş hesab oluna bilməz. Buna görə də, düşünürəm ki, burada fərdi təşəbbüsləri qiymətləndirmək lazımdır. Xüsusən də, hazırda Rusiya və Türkiyə münasibətlərində müsbət irəliləyiş problemin həlli istiqamətində önəmli ola bilər. Türkiyə və Rusiya arasındakı buzların əriməsində Azərbaycanın xüsusi rol oynadığını nəzərə alaraq, qeyd edə bilərəm ki, hazırda Dağlıq Qarabağ probleminin həlli istiqamətində heç zaman olmadığı qədər əlverişli zəmin yaranıb.
-Ermənistanda bir müddət əvvəl, daha dəqiq desək danışıqlar prosesində intensivliyin artdığı bir ərəfədə müşahidə edilən daxili gərginlik tədricən həll olunmağa doğru gedir. Bu onu deməyə əsas verirmi ki, əslində Ermənistanda yaşananla bir şou idi və başlıca məqsəd prezidentlərin Paris görüşünə mane olmaq idi?
-Əslində bir müddət öncə Ermənistanda yaranan vəziyyətin müxtəlif səbəbləri var. Bunu təkcə Serj Sərkisyanın "şousu" adlandırsaq yanılmış olarıq. Ermənistanda yaranan vəziyyət əsasən maddi-sosial problemlərdən qaynaqlanırdı. Erməni əhalisi Sərkisyan hakimiyyətinin xalqı bərbad vəziyyətə gətirdiyinə görə ayağa qalxmışdı. Gün kimi aydındır ki, Ermənistan Azərbaycanla bağlı siyasətini dəyişməyənə qədər bütün regional layihələrdən təcrid olunacaq. Təbii ki, erməni əhalisi də bunu başa düşür ki, onun olmayan bir torpağa görə niyə mübarizə aparmalıdır?! Serj Sərkisyan özü də, bunu bilir. Onun təşvişinin səbəbi də, məhz bu idi. Bu hadisələr onun beynəlxalq aləmdə onsuz da az olan şəxsi nüfuzuna zərbə vurmaqla yanaşı, ona bir daha aydınlatdı ki, yaxın gələcəkdə Qarabağ məsələsində güzəştdən başqa çıxış yolu yoxdur.
-Bəs, yaxın vaxtlarda danışıqlar prosesində yenidən aktivlik ola bilərmi?
-Burada Azərbaycan tərəfinin mövqeyi aydındır. Azərbaycan heç zaman öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına icazə verməyəcək. Əslində, bu illər ərzində Azərbaycan və Ermənistan prezidentlərinin istər ikitərəfli, istərsə də çoxtərəfli formatda dəfələrlə görüşləri olub. Lakin, erməni tərəfinin danışıqlar prosesində qeyri-obyektiv mövqeyi bu görüşlərin problemin həlli istiqamətində nəticəli olmamasına gətirib çıxarıb. Prezidentlər arasında növbəti görüş olacağı təqdirdə bu görüşün həlledici ola biləcəyinə inamım var. Çünki, regionun bugünki siyasi reallığı Ermənistanın əleyhinədir. Belə desək, Sərkisyanın artıq işlədəcəyi variant qalmayıb. Onun siyasətinə qarşı Ermənistanın daxilində də, təzyiqlər artıb.
-Regionda yeni əməkldaşlıq formatlarının yaranması, Azərbaycan-Rusiya-İran əməkdaşlığının yeni mərhələyə qədəm qoyması, eləcə də Türkiyə-Rusiya yaxınlaşması regional münaqişələrin, həmçinin Dağlıq Qarabağ probleminin həllinə hansı müsbət təsiri göstərə bilər?
-Azərbaycan həqiqətən də, bu gün regional siyasi və iqtisadi mərkəzə çevrilib. Hətta, bir çoxlarının düzəlməyinə şübhə etdiyi Türkiyə-Rusiya münasibətlərinin normaya düşməsinə məhz Azərbaycan töhfə verdi. Eyni zamanda, avqustun əvvəllərində Bakıda Azərbaycan, İran, Rusiya prezidentlərinin görüşü baş tutdu. Təbii ki, prezidentlərin görüşü yeni siyasi, iqtisadi təşəbbüslərin reallaşması ilə nəticələnə bilər. Siyasi təşəbbüslər sırasında Dağlıq Qarabağ probleminin həlli aktual olaraq qalır. Əvvəlki dövrlərdən fərqli olaraq, hazırki siyasi reallıq da, bu məsələdə Azərbaycana təşəbbüskar ölkə kimi əlavə dividentlər verir. Düşünürəm ki, Türkiyə və Rusiya arasında münasibətlərin yaxşılaşması qarşıdakı mərhələlərdə Dağlıq Qarabağ probleminin həlli istiqamətində də mühüm rol oynaya bilər.
S.İsmayılbəyli