“Prezidentlərin son Sankt-Peterburq görüşü göstərdi ki,...”

Aprel ayının əvvəllərində təmas xəttində müşahidə edilən erməni təxribatı və Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi uğurlu hərbi əməliyyatlardan sonra regiona baxış, bölgədə olan münaqişələrə olan yanaşma tərzi dəyişməyə başladı.

Cəbrail Fərzəliyev: "Münaqişənin həll olunması istiqamətində artıq yeni real imkan, mənzərə formalaşıb"

"Paris görüşündə yeni reallığın yaranması fonunda hər hansı bir nailiyyətin əldə olunmasına ümid etmək olar"

Aprel ayının əvvəllərində təmas xəttində müşahidə edilən erməni təxribatı və Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi uğurlu hərbi əməliyyatlardan sonra regiona baxış, bölgədə olan münaqişələrə olan yanaşma tərzi dəyişməyə başladı. İstər Dağlıq Qarabağ probleminin həlli ilə məşğul olan təşkilatlar, istərsə də dünyanın güc mərkəzləri münaqişənin dondurulmuş vəziyyətdə saxlanılmasının doğru olmadığının fərqinə vardılar. Nəticə etibarilə, Dağlıq Qarabağ probleminin həlli istiqamətində diplomatik hərəkətlilik artmağa başladı. Aparılan danışıqlar prosesi fonunda artıq işğal altında olan Azərbaycan ərazilərinin işğaldan azad ediləcəyi barədə fikirlər də səslənməkdədir. Bəs görəsən bu nə dərəcədə real görünür? Ümumiyyətlə, hazırda regionda cərəyan edən proseslər nəyi diqtə edir? Bu və ya digər suallarla politoloq Cəbrail Fərzəliyevlə söhbətləşdik.

-Cəbrayıl müəllim, hazırda regiondakı vəziyyəti necə dəyərləndirirsiniz?

-Regiondakı ümümi mənzərəni nəzərdən keçirdikdə görürük ki, mövcüd münaqişə ocaqlarının hələ də sönməməsi, bölgədə sülh və təhlükəsizliyi hər zaman olduğu kimi təhlükə altına salır. Amma ümumi olaraq proseslərin gedişini təhlil etdikdə belə qənaətə gəlmək olar ki, regionda siyasi vəziyyət əvvəlki illərdən fərqli istiqamətdə cərəyan etməyə başlayıb. Belə ki, Azərbaycan-Ermənistan qoşunları arasındakı aprel döyüşləri bir daha beynəlxalq münasibətlərin əsas prinsiplərindən olan "güc vasitəsi ilə sülhə məcburetmə" mexanizminin işə yaradığını nümayiş etdirmiş oldu. Hesab edirəm ki, Azərbaycan ordusunun inamlı qələbəsi düşməni artıq danışıqlar masasına oturmağa məcbur edib. Keçirilən son görüşlər, səslənən müəyyən bəyənatlardan da bunu görmək mümkündür.

-Artan diplomatik hərəkətlilik yaxın vaxtlarda Dağlıq Qarabağ probleminin həlli istiqamətində müsbət nəticənin əldə edəcəyini söyləməyə əsas verirmi?

-Əvvəla, son proseslərə nəzər saldıqda görmək olar ki, Azərbaycanın diplomatik uğurlarının sayı artmaqdadır. Məsələn, Avropa Şurası Parlament Assambleyasında Azərbaycanla bağlı iki mühüm məsələnin, ''Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərində zorakılığın artması ilə bağlı" və ''Sərsəng su anbarı' ilə bağlı məsələlərin müzakirəyə çixarılması, Sərsəng su anbarı ilə bağlı qətnamənin qəbul edilməsi Azərbaycan diplomatiyasının heç şubhəsiz ki, uğurudur. Aprel döyüşlərindən sonra isə münaqişənin sülh yolu ilə həll olunması istiqamətində diplomatiyanın əvəzsiz xidmətlərini qeyd etmək olar. Belə ki, Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin son, Sankt-Peterburq görüşünü qeyd etmək lazımdır. Hansı ki, Vladimir Putinin təşəbbüsü ilə təşkil olunmuşdu. Hesab edirəm ki, prezidentlərin Sankt-Peterburqda keçirilən son görüşü aprel döyüşlərindən sonra yeni reallıqda keçirilən görüş oldu. Digər tərəfdən isə bu üçtərəfli görüş formatı ATƏT-in Minsk qrupunun münaqişənin həlli ilə bağlı fəaliyyətinə bir növ dəstək vermiş olacaq. Təbii ki, bütün bunlar münaqişənin həlli istiqamətində müsbət işlərdir. Rusiyanın danışıqlarda iştirakı onun münaqişənin həllində həlledici rolunu göstərir. İstənilən halda qeyd etmək olar ki, Sankt-Peterburq görüşü müsbət görüşdür və bundan sonra keçiriləcək görüşlər üçün müsbət baza rolunu oynayır. Hesab edirəm ki, yaxın zamanda münaqişənin həlli ilə bağlı yeni şəraitin yarandığının şahidi olacağıq. Çünki aprel döyüşləri göstərdi ki, bu münaqişə donmuş münaqişə deyil, istənilən halda status-kvo dəyişilməlidir.

-Prezidentlərin Paris görüşündən gözləntilər nədən ibarətdir?

-Təbii ki, görüşdən alınan konkret nəticə ilə bağlı dəqiq proqnoz vermək hələ tezdir. Amma prezidentlərin son Sankt-Peterburq görüşü göstərdi ki, münaqişənin həll olunması istiqamətində artıq yeni real imkan, mənzərə formalaşıb. Odur ki. Paris görüşündə yeni reallığın yaranması fonunda hər hansı bir nailiyyətin əldə olunmasına ümid etmək olar. Digər tərəfdən isə hesab edirəm ki, Rusiya-Türkiyə münasibətlərinin yenidən normallaşması münaqişənin həllinə təsir edən əsas faktorlardan biridir. Birmənalı şəkildə hesab edirəm ki, münaqişənin həllinin açarı Rusiyanın əlindədir. Amma əsas məsələ ondan ibarətdir ki, rəsmi Moskvanın sülh bəyənatları özünü sözdə deyil, əməldə də göstərməlidir. Belə olduğu təqdirdə nəyəsə nail olmaq olar.

-Ermənistanın işğal altında olan rayonlardan geri çəkiləcəyi nə dərəcədə mümkün görünür?

-Aprel döyüşlərində həm işğalçı anladı, həm də beynəlxalq aləm gördü ki, Dağlıq Qarabağ ətrafındakı rayonlar boşaldılmayana qədər Azərbaycan öz prinsipial mövqeyindən əl çəkməyəcək. Çünki torpaqların istənilən vasitə ilə geri qaytarmaq əzmini nümayiş etdirdik. 22 ildir danışıqlar heç bir nəticə vermir. Beynəlxalq aləmdə bəziləri heç bilmirdilər ki, Dağlıq Qarabağ ətrafındakı rayonlar da işğal altındadır. Biz bu məsələni aktuallaşdırdıq. İlk dəfə Sərkisyan da beş rayonla bağlı fikir söylədi. O dedi ki, Kazan prinsiplərinə görə, biz beş rayonu qaytarmağa hazır idik, ancaq... Bu cümlədə "ancaq" ifadəsi bizim üçün önəmli deyil. Birinci hissə bizə maraqlıdır ki, artıq erməni cəmiyyətinə də mesaj verildi ki, prezident olaraq beş rayonu qaytarmağa hazırdır. Çünki ermənilər adətən bu mövzuda danışmağı xoşlamırlar. Lakin onlar bilirlər ki, nə zamansa bu rayonları boşaltmalıdırlar. Çünki həmin rayonlarda heç məskunlaşma da aparmırlar. Onlar bunu etməkdən qorxurlar. Əsas bir məqamı da qeyd etmək lazımdır ki, aprel ayınadək situasiya ilə indiki situasiya arasında əsas fərqlərdən biri odur ki, artıq Rusiya-Türkiyə arasındakı buzlar əriyib. Təbii ki, bu proses də Azərbaycanın xeyrinə olan bir məqamdır. Çünki Rusiya münaqişənin həll olunmasında açar rolunu oynayır.

-Bəs, Rusiya-Türkiyə yaxınlaşmasının regional proseslərə, eləcə də Qarabağ probleminin həllinə hansısa formada təsiri ola bilərmi? 

-Problem ondadır ki, Dağlıq Qarabağ münaqişəsi çox mürəkkəb bir münaqişədir. Onun mürəkkəbliyi onunla əlaqəlidir ki, bu üçtəbəqəli münaqişədir. Birinci təbəqə Ermənistanla Azərbaycanın münaqişəsidir. İkincisi, bu münaqişədə region dövlətləri iştirak edir. Nəhayət, üçüncü təbəqə qlobal təbəqədir ki, bu təbəqəyə beynəlxalq güclər daxildir. Üç səviyyədlə olan belə bir münaqişənin həllini tapmaq üçün həm lokal, həm regional, həm də qlobal səviyyələrdə ortaq mövqe tapılmalıdır. Bu baxımdan regional səviyyədə Rusiya və Türkiyə bu məsələdə öz fikirlərini qətiyyətli şəkildə ortaya qoya bilsələr, təbii ki, bu münaqişənini həllinə çox kömək etmiş olar. Bu da, heç kəsə sirr deyil ki, münaqişənin həllində həlledici tərəf nə ABŞ, nə də Fransadır. Həmsədr kimi əsas söz sahibi Rusiyadır və rıçaqlar da onun əlindədir. Bu reallığı Türkiyə çox gözəl dərk edir. Türkiyə bilir ki, Ermənistanın mövqeyində bu və ya digər dəyişikliyə nail olmaq üçün, Rusiya bu məsələyə maraqlı olmasa, onda Ermənistanla belə bir danışığın heç bir əhəmiyyəti yoxdur. Azərbaycanla Ermənistan arasında gedən Dağlıq Qarabağ münaqişəsi həm Türkiyə, həm də Rusiya üçün regional bir məsələdir. Onlar problemin aradan qalxmasında maraqlı olmalıdır. Unutmaq olmaz ki, Türkiyəyə bundan daha vacibi Azərbaycanın yaxın müttəfiq, strateji əməkdaş olmasıdır. Təbii ki, təyyarə olayından sonra hər iki dövlət arasındakı münasibətlərin korlanması təkcə regiona deyil, eyni zamanda Dağlıq Qarabağ münaqişəsinə də mənfi təsir göstərirdi. Hazırda münasibətlərin yenidən düzəlməsi və hər iki tərəfin münaqişənin həllində maraqlı olması Azərbaycana müsbət yöndə dividentlər vəd edir.

S.İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31