Aprel döyüşlərindən sonra Ermənistan danışıqlara daha həvəslə gedir

Bu ilin aprel ayında cəbhə xəttində yaşanan məlum hadisələrdən sonra regionda yeni situasiya yaranıb. Yaranmış situasiyada daha çox Azərbaycanın Ermənistandan üstün mövqedə olduğu müşahidə edilir.

Mütəllim Rəhimli: "Onlar vaxtilə ərazilər işğal etmələrinə baxmayaraq artıq özlərini qalib kimi aparmağın mümkünsüzlüyünü dərk edirlər"

Bu ilin aprel ayında cəbhə xəttində yaşanan məlum hadisələrdən sonra regionda yeni situasiya yaranıb. Yaranmış situasiyada daha çox Azərbaycanın Ermənistandan üstün mövqedə olduğu müşahidə edilir. Bunu da şərtləndirən amil Azərbaycanın aprel əməliyyatları zamanı əldə etdiyi qələbədir. Həmçinin bu ərəfədə Rusiyanın da regionda aktivliyinin artdığı özünü göstərir. Elə bu səbəbdəndir ki, Kremlin regionda aktivliyinin artmasının Dağlıq Qarabağ probleminin həllinə müsbət təsir göstərəcəyi bildirilir. Bəs görəsən bu ehtimallar özünü nə dərəcədə doğrulda bilər? Ümumiyyətlə, regionu yaxın gələcək üçün nə gözləyir? Bu və ya digər məsələlərlə bağlı Ədalət Partiyasının Ali Məclisinin sədri Mütəllim Rəhimli ilə söhbətləşdik.

-Mütəllim bəy, hazırda regional vəziyyəti necə dəyərləndirirsiniz?

-Yaxın Şərqdə baş verən hadisələr bizim yaşadığımız region da daxil olmaqla dünyanın böyük bir hissəsində gərgin vəziyyətin yaranmasına səbəb olub. Bunun davamı olaraq Türkiyə-Rusiya arasında baş verən məlum təyyarə qalmaqalından sonra regionda vəziyyət proqnozlaşdırılması çətin olan hal alıb. Görünən budur ki, hələ də bu münasibətlərdə yumşalma yoxdur. Üstəlik, İrana qarşı uzun illər tətbiq edilən siyasi, iqtisadi, maliyyə və s. sanksiyalar aradan qaldırıldıqdan sonra region üçün yeni bir iddialı güc ortaya çıxdı ki, bunu da nəzərə almamaq mümkün deyil. Bu amil də düzgün qərar qəbul edilməsi son dərəcə çətin olan regionda əlavə gərginlik yaratdı. Bununla yanaşı Azərbaycanla Ermənistan arasında aprel döyüşlərindən sonra Qafqaz regionunda da vəziyyət kifayət qədər dəyişib və gərginləşib. Qafqazlarda vəziyyətin getdikcə mürəkkəbləşməsinin indiki halda yalnız Birləşmiş Ştatlar və Qərbin xeyirinə olduğu görünməkdədir. Buna Yaxın Şərqdə idarəolunan xaosun tərkib hissəsi kimi baxılmaqdadır. Azərbaycan isə torpaqlarının yalnız hərbi yolla azad edilməsini başa düşdüyündən müharibə variantını məmmuniyyətlə qəbul edir. Rusiya isə sərhədlərinə yaxın ərazilərdə rəqibləri tərəfindən yaradılan və idarə olunan hər hansı münaqişənin əleyhinədir.

-Azərbaycan və Ermənistan prezidentlərinin Rusiyada baş tutan son görüşündən gözləntilər nədir?

-Aprel döyüşlərindən sonra Ermənistan danışıqlara daha həvəslə gedir. Azərbaycan əldə etdiyi qələbəsi ilə əslində erməniləri ruhdan salıb və onlar vaxtilə ərazilər işğal etmələrinə baxmayaraq özlərini artıq qalib kimi aparmağın mümkünsüzlüyünü dərk edirlər. Görüşün Rusiya ərazisində, Sankt-Peterburqda keçirilməsi də göstərir ki, o daha çox atəşkəsin qorunub saxlanılmasına xidmət edəcək. Məsələ bundadır ki, daim sülh tərəfdarı olan Birləşmiş Ştatlar və Qərbin bu danışıqlarda fəallıq göstərməkdən başqa variantı yoxdur. Çünki onlar həmişə münaqişənin dinc yolla həll edilməsinin tərəfdarı olduqlarını bildiriblər. Rusiya da bu faktordan yapışaraq Azərbaycanla Ermənistan arasında müharibənin yenidən alovlanmasına və regiona nəzarətin əlindən çıxmasına yol vermək istəmir. Çünki müharibə başlasa o Rusiyanı qane edən ssenaridən çıxa bilər və beləliklə, onun maraqları təhlükə altına düşər.

-Bu arada Moskva ilə Ankara arasında müşahidə edilən yaxınlaşma perspektivli görünürmü?

-Son vaxtlar medianın yazdığına və ardıcıl təbliğatına baxmayaraq Rusiyanın bu məsələdə güzəştə getmək fikrində olmadığını düşünürəm. Çox güman ki, hər hansı geri çəkilmə də olmayacaq. Moskvanın Türkiyə ilə münasibətlərin yaxınlaşmasında maraqlı olması ilə bağlı bəyanatlar səsləndirərkən əvvəllər irəli sürdüyü şərtlərdən geri çəkilmədiyini də bir daha bəyan edir. Rusiyanın heç bir şərt irəli sürmədən Türkiyə ilə münasibətlərini əvvəlki səviyyəyə qaytarması inandırıcı deyil. Zənnimcə, son vaxtlar Rusiya barışıq üçün Ankaradan tamamilə başqa bir şey istəyir. Bunu hadisələrin müşahidəsi də göstərir. Türkiyənin Avropa Birliyinə qəbul edilməməsi, üstəlik uydurma "erməni soyqırımı"nın Qərbdə getdikcə daha çox tanınması, xüsusilə Almaniya Buntestaqı tərəfindən onun qəbul edilməsi Moskvada belə ümid yaradır ki, Türkiyə Qərblə müttəfiqliyinə son qoyub Rusiyanın yanında ola bilər. Bu hər iki ölkə üçün siyasi və iqtisadi baxımdan əlverişlidir. Çox güman ki, rəsmi Moskva tərəfindən səsləndirilən son bəyanatlar bununla bağlıdır. Yaranmış situasiyadan istifadə edərək Moskva Türkiyəni özünə tərəf çəkmək istəyir. Türkiyənin son davranışları isə göstərir ki, rəsmi Ankara bu təklifə tamamilə biganə deyil. Avropa Birliyi qarşısında bir sıra öhdəliklərə qol çəkmiş Əhməd Davudoğlunun baş nazirlikdən uzaqlaşdırılması da bu fikirləri gücləndirir. Hər halda qarşıdakı müddətdə bütün bunlara aydınlıq gətiriləcək.

-Regionda cərəyan edən hadisələr fonunda Rusiyanın Cənubi Qafqazda aktiv rol oynadığı özünü göstərirmi?

-Təbii, Bütün baş verənlərə baxmayaraq Rusiya hazırda Cənubi Qafqazda aparıcı rola malikdir. Ancaq onu da etiraf etmək lazımdır ki, son vaxtlar bu region uğrunda Qərblə Rusiya arasında olan mübarizə daha da çoxalıb.

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31