Ramazanda sahura qalxmamaq olarmı?

Hacı Samir Əzizov: "İmsaq zamanı yeyilən yeməkdə xüsusi bərəkət var"

Artıq iki həftədən çoxdur ki, müqəddəs Ramazan ayını yaşayırıq. İslamın beş vacib şərtlərindən biri olan oruc insanlarda bir saflıq, xeyirxahlıq yaradır, onları dünya nemətlərindən bir müddət uzaq tutaraq kasıblıq, səfalət içərisində yaşayan məzlumları düşünməyə sövq edir. Amma təssüflər olsun ki, son illər ərzində Ramazan ayı ilə bağlı ziddiyyətli fikirlər səslənir. İstər bu ayın başlanma tarixi, istər bayram günü, istərsə də bayramda verilən fitrə zəkatı barədə müxtəlif fikirlər, yanaşmalar ortaya qoyulur. Hətta vəziyyət o həddə çatıb ki, özlərini din xadimi hesab edən bəzi insanlar yanlış fikirlər söyləməklə oruc tutan şəxslər arasında çaşqınlıq yaradırlar. Ümumiyyətlə, bu kimi mənfi tendensiya, fərqli yanaşma və mövqelərin haradan qaynaqlandığına aydınlıq gətirmək üçün ilahiyyatçı Hacı Samir Əzizovla söhbətləşdik. "OLAYLAR"-a verdiyi müsahibədə Hacı Samir Əzizov bir sıra vacib məqamlara da toxunub.

-Həci, artıq bir neçə ildir ki, müqəddəs Ramazan ayı yay fəslinə təsadüf edir. İsti günlərdə oruc tutmaq isə bir qədər çətin olur. Bəs müqədəs kitabımız olan Qurani-Şərifdə, yaxud hədislərdə isti günlərdə, və ya çətin şəraitdə oruc tutmağın daha çox fəziləti, savabı barədə xüsusi kəlamlar, yaxud qeydlər varmı?

-.Son illər bildiyimiz kimi, Mübarək Ramazan ayı yay aylarına təsadüf edir. Həm istilik baxımından, həm də imsaq vaxtından iftara qədər orucluq müddəti təxminən 17 saatı əhatə edir. Aydın məsələdir ki, başqa vaxtlara nisbətən çox çətin şərait sayılır. Amma bu ay İlahi ziyafət ayı hesab olduğundan həm xüsusi ilahi lütflə müşayiət olunur, həm də veriləcək mükafat baxımından xüsusi əhəmiyyət kəsb edir. Bunu İslam şəriətindən öncəki şəriətlərdən də əldə edirik. Hz. İsa (ə.s) öz anası Məryəm əl-Uzra (ə.s)nı dəfn etdikdən sonra anasına belə müraciət etdi: "Anacan! Dünyaya qayıtmaq istəyərsən mi? Məryəm xanım belə dedi: Bəli, 2 şeyə görə dünyaya qayıtmaq istəyərəm. Şiddətli soyuq gecədə namaz qılmaq və isti yay günlərinin orucu üçün. Bundan əlavə Qütb Ravəndi "Lübbul Əlbab" kitabında Hz.Əli (ə.s)-dan bu cür bir kəlam nəql edir: "Mənə 3 şey, qılıncla vuruşmaq, yay gününün orucu, zəiflərə yardım etmək sevdirildi". Bütün bu nəqli dəlilərlə bizə aydın olur ki, yay orucunun xüsusi bir əhəmiyyəti vardır.

-Hər Ramazanda bəzi din alimləri tərəfindən cəmiyyəti, insanları çaşdıran fikirlər səsləndirilir. Bu il yenidən saqqız çeynəməyin orucu pozmadığı barədə iddia səsləndi. Bu nə dərəcədə doğru yanaşmadır?

-Saqqız çeynəməyin orucu pozmaması müxtəlif vaxtlarda səsləndirilmişdir, yeni bir hal deyil. Bu tərz hallar əgər ağız qoxusunu aradan aparmaq üçündürsə, bunu bilək ki, oruclunun ağız qoxusu Allah yanında ən ətirli qoxu sayılır. Şəri baxımdan saqqız çeynəmək caiz bir mahiyyətədirsə də, əxlaqi baxımdan xoşagəlməz sayılır. Onun üçün bu məsələyə önəm verilməlidir.

-İftar və imsaq arasındakı vaxt təxminən 5 saat olduğu üçün oruc tutan bəzi insanlar imsaqa qalxmır və sahur etmədən oruc tuturlar. Bu nə dərəcədə doğrudur. Yaxud dini nöqteyi nəzərdən bir qüsuru varmı?

-Əslində imsaqın yeyilib yeyilməməsi mükəlləfin üzərində olan məsələlərdir, yeməyə bilər. Amma əlimizdə varid olan hədislər imsaq zamanı yeyilən yeməkdə xüsusi bərəkətin olduğunu söyləyir. Rəsuli Əkrəm (s.ə.ə) buyurmuşdur: "İmsaqı yeyiniz, çünkü onda bərəkət vardır". Ancaq özündə bu yeməyi yediyi zaman narahatlıq hiss edən şəxs azaddır, yeməyə bilər.

-Qafqaz Müsəlmanları İdarəsinin fətvasında fitrə zəkatının adam başına təxminən 5 manat təşkil etdiyi bildirilib. Dində zəkatla bağlı konkret olaraq ölçü, vəsait necə əks olunur?

-Fitrə zəkatının miqdarı Quranla yox sünnə ilə müəyyən edilmişdir. Əlimizdə olan rəvayətlərdən gəlinən nəticələrə əsasən ev sahibi özü və öhdəsində olan ailə üzvləri üçün fitrə zəkatı ayırıb ödəməlidir. Onun miqdarı adambaşına təqribən 3 kiloqram buğda, ya arpa, ya xurma, ya düyü, ya da kişmişdir. (Bu ərzağın ya özü, ya da pulu verilməlidir). Qeyd etdiyin məbləğ də buna əsasən müəyyən olunmuşdur. Bu minimum həddir, istəyən bundan artığını verməkdə azaddır.

-Bəs zəkatı vermək gücündə olmayanlar bunu necə qarşılaya bilərlər?

-Zəkatı verməyən şəxslər elə özləri bu zəkatın verilməli olduğu şəxslərdir. Onların boynunda heç bir öhdəlik yoxdur. Məsrəfi qazancından artıq olunan şəxslər bu zəkatı almaqda müstəhəqdir.

S.İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31