Əfv sərəncamı Prezidentin siyasi iradəsinin müsbət təzahürüdür
Şahin Camalov: “Bu sərəncam Azərbaycana qarşı mövcud siyasi təzyiqləri müvəqqəti də olsa azaldacaq”
18 Mart 2016 14:11 MüsahibəAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Novruz bayramı ərəfəsində yüzdən artıq ailəyə ikiqat bayram nəsib etdi. Xəbərlərdən də aydın olduğu kimi dövlət başçısı məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzaladı. Sərəncama əsasən 150-yə yaxın şəxs azadlığa buraxıldı. Sərəncam əsasında əfv edilənlər sırasında "siyasi məhbus" kimi təqdim edilən bir sıra şəxslərin də olması Azərbaycana müntəzəm olaraq bu mövzu üzərindən təpki göstərən bəzi beynəlxalq təşkilatlar tərəfindən də müsbət qarşılanıb. Belə ki, Avropa Şurası Parlament Assambleyasının sədri Pedro Aqramunt Azərbaycanda 148 nəfərin azad edilməsi ilə bağlı imzalanmış əfv sərəncamını alqışladığını deyib. Bildirib ki, Azərbaycanda Vatslav Havel mükafatının sahibi Anar Məmmədli, siyasi fəallar, jurnalistlər, insan haqları müdafiəçiləri də daxil olmaqla, 148 şəxsin azadlığa buraxılması xəbəri sevindiricidir. Bu ayın əvvəlində Azərbaycan prezidenti, parlamentin sədri və xarici işlər naziri ilə görüşlər keçirdiyini xatırladan Pedro Aqramunt bu məsələ ilə bağlı ona təminat verildiyini bildirib. Dövlət başçısının imzalamış olduğu əfv sərəncamı ölkə daxilində də yüksək səviyyədə təqdir olunub. İctimai-siyasi təşkilatların rəhbərləri, hüquq müdafiəçiləri Prezident İlham Əliyevin 148 nəfərin əfv edilməsi barədə sərəncam imzalamasını humanist addım kimi dəyərləndiriblər. İnsan hüquqları XXI əsr-Azərbaycan fondunun rəhbəri Şahin Camalov da "OLAYLAR"-a verdiyi müsahibədə dövlət başçısının imzaladığı əfv sərəncamı və ona olan münasibətdən danışıb. Təşkilat rəhbəri beynəlxalq təşkilatlar tərəfindən bu sərəncama ola biləcək münasibət barədə də fikirlərini bildirib.
-Şahin müəllim, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı son əfv sərəncamını necə dəyərləndirirsiniz?
-Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin 17 mart tarixli sərəncamı dövlət başçısı İlham Əliyev cənablarının siyasi iradəsinin müsbət təzahürüdür və hesab edirəm ki, indiki halda bu ancaq və ancaq alqışlanacaq addımdır. Mən də bir vətəndaş cəmiyyətinin nümayəndəsi kimi Prezident İlham Əliyevin imzaladığı sərəncam əsasında əfv olunan şəxsləri, onların ailə üzvlərini təbrik edirəm. Onların heç birinə bir daha məhbəs həyatı arzulamıram.
-Dövlət başçısının imzalamış olduğu əfv sərəncam əsasında siyasi məhbus kimi təqdim olunan bir neçə nəfər də əfv edildi. Sizcə, bu Azərbaycanın beynəlxalq imicinə nə dərəcədə müsbət təsir göstərəcək?
-Insan hüquqlarının səmimi və ədalətli şəkildə heç bir şəxsi maraq güdmədən müdafiə edən hər bir hüquq müdafiəçisi kimi deyə bilərəm ki, "siyasi məhbus" anlayışı mənim üçün hüquqi izahı olmayan ifadədir və ayrı-ayrı hüquq müdafiəçilərinin şəxsi düşüncələrinin və maraqlarının təzahürüdür. Amma hər bir halda cəmiyyətdə qəbul olunan, haqqında danışılan və azadlığa çıxması arzuolunan şəxslərin əfv siyahısında olması təqdirolunası haldır. Və təbii ki, bu qərar Azərbaycanın beynəlxalq imicinə müsbət təsir etməklə yanaşı, ölkəmizə qarşı beynəlxalq təzyiqin də azalmasına səbəb olacaqdır.
-Sizcə bundan sonra Azərbaycana qarşı siyasi məhbus adı altında basqılar, təpkilər azalacaqmı?
-Yuxarıda da qeyd etdiyim kimi bu əfv sərəncamı Azərbaycana qarşı mövcud siyasi təzyiqləri müvəqqəti də olsa azaldacaq. Amma hesab edirəm ki, "siyasi məhbus" siyahıları hər zaman mövcud olmuşdur və olacaq. Çünki hesab edirəm ki, bu tip siyahılar kimlər üçünsə biznes marağıdır, kimlər üçünsə siyasi təzyiq vasitəsi. Və təbii ki, səmimi olaraq hüquq müdafiə fəaliyyəti ilə məşğul olan əsl hüquq müdafiəçilərini bu siyahılara əlavə etmək istəməzdim.
-Bu Azərbaycanla Qərb və Avropa arasında buzların əriməsinə nə dərəcədə imkan yaradacaq?
-Bu əfv siyahısında Avropanın güc dairələrinin, beynəlxalq təşkilatların azadlıqda görmək istədikləri bir sıra insanların adları olduğu üçün mənə elə gəlir ki, buzların əriməsi üçün gözəl imkan yaranıb. Azərbaycan hökümətinin, xüsusilə prezidentin humanist addımını Avropa təşkilatları da yüksək qiymətləndirməli, gələcək ciddi əməkdaşlıq üçün atılmış mühüm addım kimi dəyərləndirərək əməkdaşlığı daha da genişləndirməlidirlər. Məhz o zaman bu əfv sərəncamının dəyəri daha da yüksək olar.
-Sizcə bundan sonra da Azərbaycanı insan hüquq və azadlıqlarının pozulduğu barədə ittiham etmək nə dərəcədə məntiqli olar?
-Azərbaycanın insan hüquq və azadlıqlarının pozulduğu ölkə kimi dünyaya çatdırmaq istəyən müəyyən güclər var. Bu güclər mövcud problemləri böyüdərək, şişirdərək Azərbaycanın imicinə, dövlət kimi nüfuzuna zərbə vurmaq arzusundadırlar. Bu güclər adətən müsbət addımları, hərəkətləri, əməkdaşlığa doğru atılan addımları və inkişafı görmədikləri və ya görmək istəmədikləri üçün adətən bu kimi təqdirəlayiq halları qiymətləndirə bilmirlər. Arzu edirəm ki, bu dəfə belə olmayacaq və qeyd olunan qurumlar, güclər, beynəlxalq təşkilatlar görülən müsbət işlərin davamlı olması üçün öz kömək əllərini uzadacaqlar.
Süleyman İsmayılbəyli