Azərbaycan və Türkiyə hər zaman bir-birinə dəstək olmalıdır

Elşən Mustafayev: “Azərbaycan bir daha mesaj verdi ki, biz həm xoş günün, həm də acı günün dostuyuq”

"Və Türkiyəyə qarşı edilmiş bu terroru eyni zamanda Azərbaycana qarşı olan cinayət kimi qəbul edirik"

Türkiyədə baş verən qanlı terror aksiyasından sonra Azərbaycanın dost-qardaş ölkəyə göstərdiyi münasibət, verdiyi dəstək bu gün hər iki ölkənin ictimaiyyətində, cəmiyyətin müxtəlif təbəqələrini təmsil edən insanlar arasında yüksək qiymətləndirilir. İqtidar və müxalifət, sol və ya sağçı olmasından asılı olmayaraq hər bir Azərbaycan və Türkiyə vətəndaşı dövlət başçısının nəzərdə tutulmadığı halda Türkiyə Cümhuriyyətinə səfər etməsini böyük jest və qardaşlıq dəstəyi kimi xarakterizə edir. Elə Azərbaycan Milli İstiqlal Partiyasının beynəlxalq əlaqələr üzrə katibi Elşən Mustafayev də bu qənaətdədir. "OLAYLAR"-a verdiyi müsahibədə Elşən Mustafayev bu səfərin iki ölkə arasında münasibətlərin daha da inkişaf etdiriləcəyinə olan təsirlərindən danışıb.

-Elşən bəy, Azərbaycan dövlət başçısının Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın səfərinin təxirə düşməsinə qarşılıq olaraq Ankaraya getməsini necə dəyərləndirirsiniz?

-Türkiyə Azərbaycana sözün əsl mənasında qardaş olan bir ölkədir. Bu hər iki ölkənin ictimaiyyət nümayəndələrinə, cəmiyyətinə bəllidir. Müstəqilliyimizin ilk günlərindən nəinki siyasi hakimiyyət ,sadə xalq belə qardaş ölkənin hərtərəfli dəstəyini açıq şəkildə hiss edib. Bu həm Qarabağ məsələsində, həm iqtisadi məsələlərdə, həm də Azərbaycanın beynəlxalq tribunalarda təbliğ və müdafiə edilməsində daha qabarıq şəkildə özünü göstərib. Azərbaycan da öz növbəsində Türkiyənin hər zaman yanında olmuş, bütün sahələrdə dəstəyini açıq şəkildə göstərmişdir. Türkiyənin paytaxtı Ankara şəhərində həyata keçirilən qanlı terror olayından sonra dövlət başçısının qardaş ölkəyə getməsi dediyim doğma və isti münasibətlərdən qaynaqlanır və təbii ki, bu yalnız belə də olmalı idi.

- Bu səfər hər iki ölkənin çətin günlərdə bir birinin yanında olduğunun göstəricisi deyildimi?

-Sözsüz. Dünya dövlətlərinə çoxdan sirr deyil ki, aramızda olan iki dövlət, bir millət deyimi sözdə yox əməldə mövcuddur. İki ölkə arasında mövcud olan isti münasibətlər bir çox dövlətləri narahat etsə də, Azərbaycan bir daha onlara mesaj verdi ki, biz həm xoş günün, həm də acı günün dostuyuq və Türkiyəyə qarşı edilmiş bu terroru eyni zamanda Azərbaycana qarşı olan cinayət kimi qəbul edirik.

-Azərbaycan dövlət başçısının səfərini həm də dünyaya terrorçular və terrora məruz qalanlar arasında seçim etməmək mesajı kimi dəyərləndirmək olarmı?

-Böyük dövlətlər terrorçular və terrora məruz qalanlar arasında seçim edir və ikili standartlara yol verirlər. Fransada bütün dinləri, peyğəmbərləri təhqir edib aşağılayan az tirajlı "Şarli Hebdo" jurnalının redaksiyasında baş vermiş terror aktına etiraz olaraq dövət başçıları qol-qola girərək milyonluq yürüş təşkil etdilər. Amma Ankarada çoxlu sayda dinc günahsız insanların ölümü ilə nəticələnən terror aktları ilə bağlı yalnız başsağlığı ilə kifayətləndilər. Bunun adı konkret terrorçular arasında seçimdir, ikili standartdır. Təsadüfü deyil ki , sosial şəbəkələrdə , bir çox dünya mediasında artıq buna qiymət verilməyə başlayıb. Belə ki, "Şarli Hebdo" ilə bağlı dünya liderlerinin qol-qola olduğu yürüşün şəkli ilə birlikdə Ankara terroru səbəbilə Türkiyədə olan prezident İlham Əliyevin Ərdoğanla qucaqlaşma şəkilləri yayılmağa başlayıb. İnsanlar terrora belə münasibətə ikrah hissi ilə yanaşırlar. Bunun özü də ictimai qınaq və təpkidir. Azərbaycan Qarabağ və erməni terroru məsələsində özünə qarşı belə ikili standartların həmişə şahidi olub.

-Səfər zamanı müxtəlif sahələri əhatə edən sənədlərin imzalanması ölkələr arasında iqtisadi və ticari əlaqələrin daha da inkişaf etdirilməsinə hansı töhfələri verəcək?

-Türkiyə və Azərbaycan arasında bu günə qədər olan iqtisadi əlaqələr həmişə yüksək səviyyədə olub. Burada söhbət enerji daşıyıcıları ilə bağlı olan meqalayihələrdən tutmuş , iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən lahihələr və qarşılıqlı biznes əlaqələrindən gedir. Regionda baş verən hadisələr diqtə edir ki , iqtisadi və ticari əlaqələrimizi maksimum səviyyəyə qaldıraq. Bu hər iki dövlət üçün çox vacibdir. Rusiya ilə münasibətin kəskinləşməsi fonunda bazarını itirən Türkiyə Azərbaycan vasitəsilə yeni bazarlar əldə etmək imkanına malikdir. Neftin qiymətinin düşməsi ilə büdcə gəlirləri azalan Azərbaycan da bu münasibətlərdən qeyri-neft sektorunu inkişaf etdirmək üçün uğurla istifadə etməlidir.

-Türkiyə-Azərbaycan münasibətlərini bundan sonra necə dəyərləndirirsiniz?

-Dünyada baş verən hadisələr göstərdi ki, hər iki dövət daim bir birilərinə yaxın və dəstəkləri bir birilərinin üzərində olmalıdır. Açıq deyə bilərik ki, sona qədər bütün sahələrdə bir-birimizi dəstəkləcəyimiz səviyyədə bizə dəstək verəcək üçüncü dövlət yoxdur. Bunu hər iki dövlət rəsmiləri də, xalq da artıq yaxşı anlayır. Bu səbəbdən hesab edirəm ki, güclü iqtisadi münasiblərimizlə bərabər açıq şəkildə ikitərəfli hərbi münasibətlərimizi də inkişaf etdirməliyik. Hesab edirəm ki, yaxın zamanlarda Azərbaycan Türk vətəndaşlarına viza məsələsinə baxıb bu proseduru artıq ləğv etməlidir. Aydındır ki, bu günə qədər İrana görə bu problem öz həllini tapmayıb. Belə ki, İran vətəndaşlarına da ölkəmizə daxil olmağa viza gərəkdir. Amma İran illərdir ki, öz niyyətini açıq oirtaya qoyur. Hesab edirəm ki, bütün bu münasibətlərdən sonra kimin bizim üçün hansı yerdə olmasını göstərməyin artıq vaxtı çatıb.

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31