Qərb Rusiya-Türkiyə qarşıdurmasında maraqlıdır
Vüqar Zifəroğlu: “Türkiyə və Rusiya arasında qarşıdurma davam etdiyi müddət ərzində Qərb maksimum dərəcədə öz mövqelərini möhkəmləndirəcək”
8 Fevral 2016 12:44 MüsahibəTürkiyə ilə Rusiya arasında gərginlik hər ötən gün bir qədər də artır. Rusiyanın növbəti dəfə Türkiyənin hava məkanını pozması bir daha təsdiq edir ki, Kreml Ankaranı bilərəkdən təxribata çəkir. Artıq tərəflər arasında ciddi bir hərbi qarşıdurmanın baş verəcəyi barədə səslənən ehtimallar da artıb. Bəs görəsən Rusiya-Türkiyə hərbi qarşıdurması realdırmı və ya bunun qarşısını hansı yolla almaq olar? Bu və ya digər suallarla bağlı "Oğuz" Müstəqil Araşdırmalar Qrupunun rəhbəri, müstəqil ekspert Vüqar Zifəroğlu ilə söhbətləşdik.
-Vüqar bəy, Türkiyə-Rusiya münasibətlərində gərginlik yenidən artıb. Sizcə, bu proseslərin sonucu nə ilə nəticələnəcək?
-Gərginliklər Türkiyə ilə Rusiyanın Yaxın Şərqdəki geosiyasi maraqlarının toqquşmasından qaynaqlanır. Və əslində bu gərginlik noyabr ayındakı təyyarə insidentindən sonra daha açıq müstəviyə keçdi və indiyədək də davam etməkdədir. Düşünmək olmaz ki, hər iki ölkə arasında münasibətlərin kəskinləşməsi məhz təyyarənin vurulması ilə bağlıdır, halbuki bu faktın özü də əslində ciddidir və öz presedentinə görə bir ilkdir. Sadəcə olaraq olay, bu iki ölkə arasında olan fikir ayrılıqlarını daha kəskin və açıq şəkildə üzə çıxardan bir katalizator rolunu oynamış oldu. Mən düşünmürəm ki, münasibətlərin tezliklə normal məcraya dönəcəyinə şahid ola biləcəyik.
-İki ölkə arasında savaş nə dərəcədə mümkün görünür və belə bir proses baş verəcəyi təqdirdə hansı tərəf üstün mövqedə olacaq?
-İki ölkənin açıq müharibəyə girəcəyinə ehtimal vermirəm. Bəli, gərginlik davam edəcək, hətta Suriyanın şimalında bu iki ölkənin dəstəklədiyi və ya arxasında durduğu qüvvələrin isti toqquşmalarına da şahid olacağıq. Necə ki, oluruq və rusların 4 generalının da öldürülmüş olduğu son əməliyyat bunun ən bariz nümunəsidir. Lakin birbaşa müharibəyə ehtimal belə vermək istəməzdim. Bilirsiniz, belə bir ssenari olarsa, bu fəlakətlə nəticələnər və yalnız adıçəkilən iki ölkəyə deyil, bütünlükdə bölgəyə və bölgədə maraqları olan bütün qüvvələrə, o cümlədən də Qərbə faciəli nəticələr yaşada bilər. Biz iki ciddi, son dərəcə geniş hərbi imkanlara və potensiala malik ölkələrdən danışırıq. Hər iki ölkədə də bunu bilməmiş deyillər və düşünmürəm ki, qırmızı cizgiləri keçməyə hazırdırlar. Bəli, şimali Suriya ərazisində bu iki ölkəyə məxsus qüvvələrin dolayısı ilə silahlı toqquşmaları olacaq və necə ki, olur da. Bəli, kəskin diplomatik ritorika davam edəcək və tərəflər bir-birini nələrdəsə ittiham etməkdə davam edəcəklər. Lakin açıq müharibə olmayacaq.
-Sizcə artıq Suriya məsələsi arxa plana keçibmi?
-Xeyr, keçməyib. Suriya problemi həm Qərb, həm Rusiya, həm də bölgədə oyunçu olan ev sahibləri - ərəblər, Türkiyə və İran üçün siyasi manipulyasiyaya açıq və manevr imkanları yaradan bir bölgədir. Burada maraqlar toqquşur və belə bir qarışıq mənzərədə hansısa bir şəkildə problemin arxa plana keçməsi barədə danışa bilmərik. Başqa bir məqam odur ki, Suriyada marağı olan tərəflərdən hər birinin orada baş verən proseslərə öz baxışları var. Və bunlar fərqlidir. Məsələn, Əsəd rejimi və İŞİD faktoruna münasibət buna əyani sübutdur.
-Mövcud vəziyyətdən çıxış yolunu nədə görürsünüz?
-Burada vacib məqam - problemə obyektiv və aydın baxışın olmasıdır. Bu isə tərəflərin hər birinin öz maraqları çərçivəsində problemə baxışı və şərhi mövcud olduğu sürəcdə mümkün olmayacaq. Yuxarıda da qeyd etdim, məsələn, Əsəd rejimi və İŞİD faktoruna münasibət buna əyani sübutdur. Əgər Türkiyə tərəfi Suriya məsələsində başlıca problem olaraq hər zaman Əsəd rejimini haqlı olaraq göstərirsə, (Qərb əvvəl bu baxışla razılaşırdı), lakin İran faktorunun güclənməsi, eləcə də İŞİD-in aktiv şəkildə meydana daxil olması, ilk başlıca problem olaraq nəzərləri Əsəddən İŞİD-ə çevirdi. Baxmayaraq ki, rəsmi Ankara İŞİD-i başlıca problemdən (yəni Əsəd rejiminin hələ də qalmasından) qaynaqlanan simptom kimi qiymətləndirməkdədir.
-Qərb Rusiya və Türkiyəni vuruşdurmaqda nə dərəcədə maraqlıdır?
-Qərb təbii ki, hər iki dövlətin qarşıdurmasında maraqlıdır. Bu ilk növbədə onların manevr imkanlarını artırır. Təbii ki, Türkiyə və Rusiya arasında qarşıdurma davam etdiyi müddət ərzində Qərb maksimum dərəcədə öz mövqelərini möhkəmləndirəcək. Bu eyni zamanda Qərbə Türkiyənin əli ilə Rusiyanın bölgədəki hərbi aktivliyini məhdudlaşdırmaq imkanı verməkdədir. Bütün bu səbəblərdən birmənalı şəkildə vurğulaya bilərik ki, Qərb Rusiya-Türkiyə qarşıdurmasında maraqlıdır.
Kamal