“Mirmahmud Mirəlioğlunu balığa aparmışam” - “Siyasilərlə siyasətdən kənar”
9 Oktyabr 2012 15:12 MüsahibəƏhməd Oruc: "Mirmahmud ağa qısa müddət ərzində 3-4 kiloqram balıq tutdu"
"Külliyatının hamısı çap edilmiş şairlərdənəm"
"OLAYLAR"-ın "Siyasilərlə siyasətdən kənar" rubrikasının bu dəfəki qonağı Azadlıq Partiyasının sədri Əhməd Orucdur.
-Əhməd bəy, Azərbaycan cəmiyyəti üçün siyasətdən kənar Əhməd Oruc kimdir?
-Mən ixtisasca riyaziyyatçıyam. Ümumiyətlə, boş dayanmağı sevməyən adamam, təsərrüfatla məşğul oluram. Böyük bağım-bağçam var. Eyni zamanda tez-tez balığa gedirəm. Yaxşı ustalığı da bacarıram. Yaşadığım bütün evləri özüm tikmişəm.
-İxtisasca riyaziyyatçı olduğunuz halda nə üçün həmin sahədə fəaliyyət göstərmirsiniz?
-Saatlı rayonunda təyinatla iki il müəllim işləmişəm. Həmin dövrdə Saatlı rayonunun maarif şöbəsinin müdiri Qoçəli müəllim olduqca yaxşı insan idi. Qiymətlərimə baxdıqdan sonra dedi ki, sən çox yaxşı taleyi olan adamsan və şəhər məktəbində riyaziyyat müəllimi yeri boşalıb, istəyirəm səni ora göndərim. Əmək haqqının nə qədər olacağını soruşanda bildirdi ki, təqribən 140-150 rubl olacaq. Etiraz etdim və bildirdim ki, kənd məktəbinə göndər əmək haqqısı artıq olsun. Xeyli dilə tutduqdan sonra mənim şəhər məktəbində işləməyimə nail oldular.
-Müəllim həyatı zamanı hansısa maraqlı hadisələr baş veribmi?
-Müəllim həyatımda çox maraqlı xatirələrim olub. Balıqçılığa da məhz müəllimlik həyatımdan başlamışam. Səhərlər dərs deyirdim, günortalar isə boş olurdum. İlk günlər dərsdən sonra iki gün bütün şəhəri gəzdim. Həmin vaxt pambıq yığımı zamanı idi və hamını pambığa aparırdılar. Rayondakı parkda tək oturmuşdum. Pambıq yığımı dövrü olduğu üçün şəhərdə heç kim gəzə, parkda otura bilməzdi. Hamı pambıqda olmalı idi. Bu zaman gözəl, yaraşıqlı bir xanım oradan keçirdi və mən də heyranlıqla ona baxırdım. Mənə yaxınlaşıb soruşdu ki, müəllimsən. Mən də müəllim olduğumu təsdiqlədim. Sonradan bildim ki, həmin şəxs Rayon Partiya Komitəsinin katibi Almaz Hacıyevadır. Təxminən həmin görüşdən 1 ay sonra Almaz Hacıyeva müəllimlərlə görüşmək üçün mənim işlədiyim məktəbə gəldi. Direktor müəllimləri ona təqdim edən zaman sıra mənə gəldi və Almaz Hacıyeva məni görən kimi gülüb dedi ki, onu tanıyıram. Saatlıdan sonra Bakıya gələrək 1983-cü ildə Hesablama Mərkəzində işlədim. Bakıya ilk gələn kompyüterləri işlədən, onlara proqram yazanlardan biri mən olmuşam. 1990-cı illərdən sonra isə bu sahə ilə məşğul olmadım.
-Sizin yaşadığınız region özünün sazı, sözü ilə seçilir. Bəs, Əhməd Orucun saza, sözə marağı necədir?
-Vaxtıilə mənim şerlərim olub. 13-14-ə yaxın şerlərim olub ki, onların hamısı çap edilib. Demək olar ki, külliyatının hamısı çap edilmiş şairlərdənəm. Mənim bacanağım olan Avdi Qoşqar o zaman 3 şerimi Məmməd Araza təqdim etdi. Bir müddət keçdikdən sonra hər 3 şerim "Ədəbiyyat və incəsənət" qəzetində "Azərbaycan ədəbiyyatında yeni səs" rubrikası altında çap edildi. Şerlərimi oxuyandan sonra Məmməd Arazda belə təəssürat yaranmışdı ki, mən kənddə yaşayıram. Məmməd müəllim mənimlə görüşəndə bildirdi ki, kənddə yaşasan yaxşıdı, bura çırkabdır, burada səni məhv edərlər. O ki, qaldı saza, düzü ifa etmək istəmişəm, ancaq çox gec. Ailə qurduqdan sonra anam mənə dedi ki, sənin üçün hər şey aldıq, indi nəyin çatışmır. Mən də cavab verdim ki, sazım çatmır. Anam da qonşu kənddə mənə saz bağlatdırmışdı. Hazırda həmin sazı oğlanlarım ifa edir. Oğlanlarımın hər ikisi sazda normal ifa edə bilirlər. Hazırda bizim evdə iki saz var. Biri cürə, digəri isə normal sazdır. Normal saz anamın mənə düzəltdirdiyi sazdır. Ümumiyyətlə, şerə, sənətə çox böyük hörmətim var.
- Ananızın hədiyyə etdiyi saz yəqin ki, evdə ən ali bir yerdə saxlanılır?
-Təbii ki, o mənim üçün çox əzizdir. Düzdür, ata evimdən mənə demək olar ki, hər şey verilib. Hətta ailə həyatı qurmadan öncə atam mənə Bakıdan mənzil alıb. Ancaq cehiz kimi ata evimdəm xurcun və samovar götürmüşəm. Çünki atla balığa gedəndə xurcuna ehtiyac olur. Samovar isə adını daşıdığım babamdan qalıb. Hazırda bir qədər restavrasiya olunmalıdır. Düzdür, xurcun sıradan çıxsa da, ancaq samovarla, saz evimizdə çox avtoritet bir əşyalardır.
- Deyəsən qadın gözəlliyinin vurğunusunuz. Çünki müsahibə boyunca bir neçə dəfə qadın gözəlliyindən bəhs etdiniz.
-İnsanda müəyyən yaş olur ki, içərisində müəyyən istək yaranır. Həmin istəyi düzgün yönləndirəndə insanı böyük xariqələr yaratmağa sövq edər. Səhv yolda olanda isə insanı bədbəxt edər. Təbii ki, qadın gözəlliyinin insanın formalaşmasında böyük rolu var.
-Əhməd Oruc sevərək ailə həyatı qurub, yoxsa bu məsələdə valideynlərin seçimi xüsusi rol oynayıb?
-Açığını deyim ki, həyat yoldaşımı mənim üçün atam alıb. Yəni valideynlərimin seçimi xüsusi rol oynayıb. Mən 28 yaşında ailə həyatı qurmuşam. Hər kəndə gedəndə valideynlərim tələb edirdilər ki, evlənim. Günlərin birində yenə kəndə getmişdim və qayıdanda anam dedi ki, mütləq evlənməlisən. Bildirdi ki, kimi xoşladığını deməsən atan ürəyi istədiyi qızı alacaq. Mən də dedim ki, onda həmin toya gəlmiyəcəm. Uzun mübahisədən sonra 3 qızın adını çəkdilər. Həmin 3 qızdan birini, indiki həyat yoldaşımı seçdim. Çünki onu bir dəfə təsadüfən görmüşdüm. Ancaq o qədər də yadımda qalmamışdı. Səhəri gün xəbər etdilər ki, qızı aldıq və gedib qızla görüş. Həmin vaxt o Tibb Texnikumunda oxuyurdu. İki gün onu tapa bilmədim. Çünki xarici görünüşü yadımdan çıxmışdı. Hər gün texnikumda məni görür və rəfiqələrinə deyirmiş ki, nə qədər geridə qalmış insandır, aldığı qızı tanımır. Ancaq bilirdim ki, Xırdalanda qardaşıgildə qalır. Bir gün 20 Yanvarda bir qızı ona oxşatdım və yaxınlaşıb ədəb-ərkanla ona salam verdim. Qız səhv saldığımı desə də, inanmadım, israr etdim. Axırda tələbə biletini çıxarıb göstərdi və gördüm ki, həqiqətən səhv salmışam.
-Bəs nişanlınızı kimin vasitəsilə tanıya bildiniz?
-Əmim oğlunun yoldaşı onun dayısı qızı idi. Mənə dedi ki, Xırdalandan Bakıya onunla gələrəm və saat birin yarısı 20 Yanvarda olacağıq. Avtobusdan düşəndə qızı mənim yanımda görüb tanıyarsan, sonra özünüz söhbət edərsiniz. Beləliklə, onunla yaxından tanış oldum. Dərsdən sonra onu qardaşıgilə qədər müşayət etdim.
-Dinə bağlılığınız varmı?
-Mən Allahımı tanıyan adamam. Müəyyən müddət namaz da qılmışam. Gözümü açandan həmişə nənəm yanımda namaz qılıb. Doğulduğum Kəmərli kəndindən bir kənd kənarda, Əli Bayramlı kəndində Hacı Mahmud Əfəndi türbəsi yerləşir. Çox inanılmış adam olub. Gözümü açandan anam, nənəm o türbəni ziyarət edib. Hətta birinci sinifə gedəndə məni də ora aparıblar. Hazırda da çətinliyimiz olanda o türbəyə niyyət edirik. Yəni inancı olan adamlarıq. Zəif, imkansız adamları həmişə çəkib yuxarı qaldırmağa çalışıram. Yaxud görürəm ki, kimsə özünü yekə aparır, cəmiyyətə yuxarıdan aşağı baxmağa çalışır, elə adamları görəndə əlim gicikir. Dərhal ona yerini göstərməyə çalışıram.
-Səhv etmirəmsə boş vaxtlarınızı daha çox balıq tutmağa sərf edirsiniz. Onu da etiraf etmək lazımdır ki, saatlarla tilov atıb balıq gözləımək də səbr tələb edir. Demək oları ki, Əhməd Oruc kifayət qədər səbrli adamdır?
-Saatlıdan qayıdandan sonra bir müddət balıq tutmadım. Sonradan bir qədər əsəb problemim yarandı və həkim işləyən xalamoğlu bildirdi ki, əsəblərin sakitləşdirilməsi baxımından balıq tutmaq faydalıdır. Ona görə də bir müddət balığı əsəblərimi sakitləşdirmək üçün tutdum. Həmçinin dolanışıq üçün də balığa gedirdim və bizim soyuducuda həmişə balıq olurdu. Sonrakı dövrlərdə isə balıq tutmaq mənə fikirləşmək üçün kifayət qədər imkan yaratdı. Yəni rahat şəkildə bu və ya digər məsələləri götür-qoy edə bilirsən. Yaxşı balıqçı dostlarım da var. Mirmahmud Mirəlioğlunu da bir dəfə balığa aparmışam. O zaman yaxşı balıq gəlirdi. Əvvəllər balıq tutmayan Mirmahmud ağa qısa müddət ərzində 3-4 kiloqram balıq tutdu. Həmçinin ovçu dostlarım da var ki, dağlara ova getməyə dəvət edirlər. Son dövrlərdə isə o qədər də güclü balıq tuta bilmirəm. Demək olar ki, bir aydan çoxdur balığa getmirəm. Çünki başqa işlərim o qədər çoxdur ki, balığa getməyə zaman ayıra bilmirəm. Demək olar ki, balıqlar artıq məndən inciyib, münasibətlərim kəsilib. Halbuki sentyabrın 15-dən oktyabrın 15-nə qədər olan müddət balıqçılıq sezonunun ən qaynar zamanı hesab olunur. Təssüf ki, bu imkandan yararlana bilmirəm. Sağlıq olsun gələn il balıqların borcunu qaytararıq.
-Əhməd Oruc hansısa idman növü ilə məşğul olurmu?
-Ali təhsil aldığım müddətdə sərbəst güləşlə məşğul olmuşam. Hətta sərbəst güləş üzrə yığma komandaya da düşmüşəm. Ancaq məşqlərin birində qaldırdığım ağır çəki daşlarından birini sinəmə saldım və sinəmdəki 3 körpücük sümüyü aralandı. Ondan sonra məni həmin bölmədən məcburi olaraq çıxardılar. Ümumiyyətlə, bizdə nəsilliklə güləşə meyillilik olub. Qardaşım Bakıya gəldiyi birinci il yeniyetmələr arasında Bakı çempionu olub. Oğlum da iki il bu idman növü ilə məşğul olub. Yəni, dədə-baba idman növümüz güləş olub. Ancaq fiziki cəhətdən gücümüzü kiməsə qarşı istifadə etmək fikrində olmamışıq.
-Yeyib-içməklə aranız necədir?
-Ümumiyyətlə mən 20 ildir ki, spirtli içki qəbul etmirəm. Bir dəfə dostlarım sual verdi ki, nəyə görə içki içmirsən, bunu açıqla. Cavabımda bildirdum ki, heç mən sizdən nə üçün içdiyinizi soruşmuram. Çünki həm İslam dininə, həm cana, həm də pula ziddir..
-Həyatınızda indiyə qədər hansısa bir hadisə baş veribmi ki, hələ də həmin hadisənin peşmançılığını çəkirsiniz və həmin addımı atdığınıza indi də peşmansınız?
-Belə hadisələr çox olub. Bu maksimalizmdən gələn bir şeydir. Kimsə bir səhf edib və mən də ona kəskin irad tutmuşam. Bir müddət keçəndən sonra görürsən ki, onun mahiyyəti bir şey deyil. Bu cür hadisələrdən biri bir neçə gün əvvəl baş verib. Kiçik oğlum atla gəzməyə çıxanda onu palçıqlı bir yerə salıb və ora sürüşkən olduğu üçün at yıxılıb. Bu hadisəni bildikdə onu danladım, sərt rəftar etdim. Sonradan isə peşmançılıq çəkdim.
-Siz özünüz də at sürürsünüz?
-Bəli. Hazırda da at sürürəm. Balığa da çox vaxt məhz atla gedirəm. Yaxud səhərlər atla gəzməyə çıxıram. Ümumiyyətlə, ata qulluq etməyin gözəlliyi var. Hər bir bitkinin, ağacın, heyvanın bir fəlsəfəsi olduğu kimi atın da bir fəlsəfəsi var.
-Cəmiyyətdə kifayət qədər tanınmış birisinin paytaxtda ata minib balığa getməsi yaxın çevrəniz tərəfindən necə qarşılanır? Ata minib balığa getməkdən bir qədər narahatçılıq keçirmirsiniz?
-Qonşularım hamısı məni olduğum kimi qəbul edib. İnsanlara nəsə adətən birinci dəfə qeyri-adi gəlir. Sonra isə diqqətlə baxanda bunu adi qəbul edirlər. Azərbaycan cəmiyyətində də ailəni dolandırmaq üçün mütləq nə iləsə məşğul olmalısan.
-Əhməd Orucun reallaşdırmaq istədiyi ən böyük arzu nədir?
-Mənim ən böyük arzum Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasıdır.
Süleyman İsmayılbəyli