Neft, siyasət və ambisiya: BƏƏ ilə Səudiyyə niyə üz-üzə gəlir?- ÖZƏL
16:08 İqtisadiyyatAlmaniyanın "Junge Welt" qəzetində dərc olunan məqalədə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanı arasındakı münasibətlərin tammiqyaslı münaqişəyə çevrilə biləcəyi iddia edilir. Gərginliyin əsas səbəbi kimi BƏƏ-nin neft satışını artırmaq istəyi və Səudiyyə Ərəbistanının liderlik etdiyi OPEC kvotalarına qarşı çıxaraq təşkilatdan ayrılma planı göstərilir. İqtisadi maraqlarla yanaşı, xarici siyasətdə də ciddi çatlaqlar yaranıb: Əbu-Dabi İsrail və ABŞ ilə yaxınlaşma tərəfdarı olduğu halda, Ər-Riyad bölgədə sabitlik üçün İranla kompromis yolları axtarır.
Mövzu ilə bağlı politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlama verib:
" Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı arasında münasibətlər onsuz da heç də həmişə hamar deyil və zaman-zaman müxtəlif məsələlərdə onların maraqları toqquşub. Bu baxımdan, bundan sonra da bu münasibətlərin tam sabit olacağını düşünmək erkəndir.
O ki qaldı son hadisələrdən sonra Birləşmiş Ərəb Əmirliklərinin OPEC-dən çıxmaqla bağlı qərarına, əlbəttə ki, bu, birbaşa Səudiyyə Ərəbistanının maraqlarına təsir edən amildir. Birləşmiş Ərəb Əmirlikləri OPEC-dən çıxmaqla onun qərarlarına məsul olmamaq və daha çox enerji resurslarını hasil edib dünya bazarına çıxarmağı düşünür.
Bu isə Səudiyyə Ərəbistanının dominant rolda olduğu OPEC-in rolunu zəiflədir və onun gələcəyinə müəyyən qədər təsir edir. O baxımdan, hazırda münasibətlər, əlbəttə ki, əvvəlki kimi hamar deyil və Əmirliklərin OPEC-dən çıxması dünya bazarına daha çox məhsulun daxil olması demək olacaq ki, bu da qiymətlərin aşağı düşməsinə gətirib çıxara bilər.
Nəzərə alsaq ki, Donald Tramp da Birləşmiş Ərəb Əmirliklərinin bu qərarını alqışlayıb, çünki bu qərar qlobal enerji bazarına qeyd etdiyimiz kimi təsir edəcək və qiymətlərin aşağı düşməsinə, stabilləşməsinə kömək edəcək".
Zeynəb Mustafazadə