OPEC-in sonu gəlir? – BƏƏ-nin gedişi digər ölkələr üçün presedent ola bilər – ÖZƏL

"Birləşmiş Ərəb Əmirlikləri ilə Səudiyyə Ərəbistanı arasındakı gərginlik əsasən neft hasilatının artırılması və qiymətlərin tərəflərin maraqlarına uyğun şəkildə tənzimlənməsi ilə bağlıdır. Məlum olduğu kimi, Birləşmiş Ərəb Əmirliklərinin ABŞ ilə yaxın münasibətləri Körfəz regionunda, o cümlədən Hörmüz boğazı ətrafında və İranla bağlı proseslərdə müəyyən gərginliklərə səbəb olub. Eyni zamanda, Səudiyyə Ərəbistanı OPEC daxilində əsas nəzarət funksiyasını həyata keçirən ölkədir. Bu iki dövlət arasında yaranan mövcud gərginlik Birləşmiş Ərəb Əmirliklərinin OPEC-dən çıxması ehtimalı ilə də əlaqələndirilir. Bu addımın ABŞ ilə əvvəlcədən razılaşdırılmış bir strategiyanın nəticəsi olduğu barədə fikirlər də mövcuddur. Məqsəd isə qlobal neft bazarında yeni balansın formalaşdırılması ola bilər". 

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Ramiyə Məmmədova deyib. Belə bir ssenari nə ilə nəticələnə bilər? 

İlk növbədə, neft hasilatında yeni bir "tandem" yarana bilər və Birləşmiş Ərəb Əmirlikləri hasilatı daha sərbəst şəkildə artırmaq imkanı əldə edər. Bu isə bazarda qiymətlərə birbaşa təsir göstərəcək. Əgər hasilat artırılarsa və neft daha aşağı qiymətlərlə satışa çıxarılarsa, bu halda OPEC də bazar qiymətlərinə uyğunlaşmağa məcbur olacaq. Nəticədə qiymətlərdə dalğalanmalar - həm artım, həm də azalma müşahidə edilə bilər. Digər tərəfdən, Birləşmiş Ərəb Əmirliklərinin OPEC-dən çıxması təşkilatın təsir gücünü zəiflədə bilər. Kvotaların tənzimlənməsi çətinləşər, qərarların icrası daha mürəkkəb hala gələr və OPEC-in əvvəlki kimi effektiv fəaliyyət göstərməsi sual altına düşər. Hətta müəyyən mənada təşkilatın formal quruma çevrilməsi ehtimalı da müzakirə oluna bilər. Bununla belə, hazırda OPEC-in tam dağılması gündəmdə deyil. Lakin belə bir addım digər üzv ölkələr üçün də presedent yarada bilər. Onlar da Birləşmiş Ərəb Əmirliklərinin yolunu təkrarlamaq barədə düşünə bilərlər ki, bu da təşkilat daxilində fikir ayrılıqlarını daha da dərinləşdirə bilər.

"Bu proseslər qlobal neft bazarında ciddi dəyişikliklərə, birja qiymətlərində isə əhəmiyyətli dalğalanmalara səbəb ola bilər. Eyni zamanda, bu vəziyyət Körfəz Əməkdaşlıq Şurası daxilində də müəyyən təsirlər yarada bilər, çünki region ölkələri enerji siyasətinə yenidən baxmağa məcbur qala bilərlər. İranla bağlı gərginliklər və ümumilikdə Yaxın Şərqdə baş verən proseslər regionda yeni geosiyasi reallıqlar formalaşdırır və bu vəziyyət də həmin dəyişikliklərin bir hissəsi kimi qiymətləndirilə bilər", - deyə ekspert əlavə edib.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31