"Rəqəmsal mühitdə gözlənilməz risklər: zərərli informasiyaya qarşı birgə mübarizə" mövzusunda panel sessiyası keçirilib
15:24 SosialBakıda Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə "İctimai proseslər media müstəvisində" mövzusunda keçirilən III Forum çərçivəsində "Rəqəmsal mühitdə gözlənilməz risklər: zərərli informasiyaya qarşı birgə mübarizə" mövzusunda panel sessiyası keçirilib.
Trend xəbər verir ki, panel sessiyasında çıxışı zamanı Elm və Təhsil Nazirliyinin İctiamiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdir müavini, Rəqəmsal kommunikasiya, qurum və tərəfdaşlarla iş sektorunun müdiri Ayla Həsənova-Məmmədova təhsildə rəqəmsalladma və təhlükəsizlik məsələlərindən danışıb. Onun sözlərinə görə, rəqəmsal təhlükəsizlik məsələsi ümumi təhsil kurikulumuna inteqrasiya edilən mühüm komponentə çevrilib:
"Bununla bağlı ilk olaraq tədris proqramlarında müxtəlif bacarıq əsaslı yanaşmalar tətbiq olunub, dərsliklərin məzmununa uyğun şəkildə şagirdlərə zəruri bilik və vərdişlərin aşılanması təmin edilib. Bu istiqamət artıq mütəmadi icbari təhsilin ayrılmaz hissəsinə çevrilib. Məktəblərin kompüter və internetlə təchizatı son on ildə əhəmiyyətli dərəcədə genişləndirilib. 2026-cı ilin sonuna qədər hər altı şagirdə bir kompüter düşməsi hədəflənir. Hazırda məktəblərin 90 faizdən çoxu internetlə təmin olunub", - o, bildirib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Analitik təhlil və informasiya teminatı şöbəsinin müdiri Elgün Səfərov isə çıxışında uşaqların hüquqlarının qorunması və sosial platformalardakı zərərli təsirlərdən qorunması məsələlərinə diqqət çəkib. Onun sözlərinə görə, uşaq hüquqlarının müdafiəsi ilə bağlı ölkədə ümumilikdə 11 dövlət qurumu işləyir:
"Mövcud risklərin qarşısını tək bir qurumun alması mümkün deyil; bu sahədə kompleks və əlaqələndirilmiş mübarizə aparılmalıdır.
Ölkədə yetkinlik yaşına çatmamış şəxslərin elektron xidmətlərdən istifadəyə çıxışı və bu mühitdə təhlükəsizliyi hələ tam təmin olunmayıb. Media nümayəndələri uşaqların zərərli kontentdən qorunmasına mühüm töhfə verməlidirlər. Xəbər başlıqlarında və cinayət faktlarının təqdimatında cinsiyyət amilinin vurğulanması məqsədəuyğun deyil. Təəssüf ki, bəzi media qurumları yetkinlik yaşına çatmayan şəxslərin ad, soyad və digər şəxsi məlumatlarını açıqlayırlar.
Xüsusilə qohum nikahları, erkən nikah və intihar halları ilə bağlı məlumatların sensasiya və ya reklam xarakterli təqdimatı yolverilməzdir. Bu gün ailənin, qadının və uşağın hüquqlarının qorunması strateji əhəmiyyət daşıyır. Təəssüf ki, Azərbaycan dilində uşaqların istifadəsi üçün onlayn resurslar yoxdur", - o, bildirib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin Maarifləndirmə və təhqiqat sektorunun müdiri Esmira Qasımova çıxışı zamanı sosial mediadakı mövcud təhlükələrdən söz açıb. Onun sözlərinə görə, müxtəlif sosial platformalarda insanlar kiberbullinq məruz qala bilir:
"Ən güclü mübarizə isə maarifləndirmədir. Texnologiya yox, insan insan hücum edir. Qurumlararası əməkdaşlıq önəmlidir, xüsusilə də media", - o, bildirib.
Panel sessiyası müzakirələrlə başa çatıb.