“Bu gün ən ciddi məsələlərdən biri sürücülük mədəniyyətinin son dərəcədə aşağı olmasıdır” - MÜSAHİBƏ
Hadı Rəcəbli: “Özünü düşünmürsən, heç olmasa, başqalarının həyatına bais olma”
8 Oktyabr 2012 15:13 MüsahibəMüsahibimiz Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadi Rəcəblidir
- Hadı müəllim, son illərdə avtoqəzalar nəticəsində ölüm hallarının sayının artması müşahidə olunur. MM-in sosial siyasət komitəsinin sədri olaraq daim ölkədə sərnişindaşımanın vəziyyətini necə qiymətləndirirsiniz?
- Elə bilirəm ki, burada birinci aspekt yol təhlükəsizliyi sistemi ilə bağlıdır. Görün bu gün ölkəmizdə sürücünün məmurdan, yol polisindən asılılığının azaldılması, məmur- sürücü təmasının sıfıra endirilməsi istiqamətində nə qədər böyük işlər görülüb. Bu günlər nə qədər yerlərdə radarlar qoyulub. Həmçinin, bu gün nəqliyyatın intellektual idarəetməsi mərkəzi yaradılıb. Bununla yanaşı, sürücülük vəsiqəsi almaq üçün xüsusi qaydada testdən keçmək tələb olunur və sair. Bütün bunlar hamısı ona yönəlib ki, məmurla- "QAİ" işçisi ilə vətəndaş- sürücü arasında təmas azalsın. Bu məsələdə mənimlə razılaşmaya da bilərsiniz ki, bu təmas hələ də bəzi məqamlada qalmaqdadır. Bəli, mən də etiraf edirəm ki, bu istiqamətdə görülən işlərə baxmayaraq, təmas var. Bu gün "QAİ" yolda vətəndaşı-sürücünü saxlayır, cəzalandırır. Ancaq bir məsələ də var ki, "QAİ" əməkdaşı içkili olanı, sərxoş halda avtomobili idarə edəni, sürəti artıranı cəzalandırır. Bu gün gəlin onu da açıq danışaq ki, axı, "QAİ" işçiləri sürücüləri elə-belə saxlamırlar. Adam Allahla dasnışmalıdır, heç elə-belə, səbəbsiz yerə adamı saxlayırlar?
-Necə hesab edirsiniz, bu məsələlərin tənzimlənməsində müəyyən istisnalar olmalıdır?
-Tam əminliklə deyirəm ki, heç kimi qaydanı pozmursa, saxlamırlar. Sən, ancaq qaydanı pozanda saxlayırlar və düz də edirlər. Burada sonra nə baş verir, ondan danışmıram, bu, başqa söhbətdir. Yenə deyirəm, səni hansı halda saxlayırlar, o halda ki, yol-hərəkət qaydalarını pozmusan. Sən qaydanı pozmadan düz yolunla gedirsənsə, səninlə nə işləri var? Biz bu sahədə olan əyər-əskikləri nə qədər qeyd etsək də, ancaq bu istiqamətdə görülən müsbət işlər, atılan addımlar göz qabağındadır və indi bunları qiymətləndirməmək ədalətli mövqe sayıla bilməz. Ikincisi, bu gün yolların, magistralların yenidən qurulması, bərpası, təmiri istiqamətində böyük işlər görülür. Kəndarası, rayonlararası yollar müasir standartlara cavab verən hala gətirilir. Bunlar da gözümüzün qabağında olan işlərdir, bunlar faktdır və bunları heç cür kənara qoymaq, görməzliyə vurmaq olmaz. Eyni zamanda, yollara nişanlar qoyulur, təhlükəsizliyin təmin olunması üçün digər bir sıra işlər görülür, həmçinin, elmi-texniki yeniliklər tətbiq olunur. Bu proseslər gedir və göz qabağındadır. Eyni zamanda tez-tez belə şikayətlər eşidirik ki, avtobus, marşrut sürücüləri bir çox hallarda sürücülük vəsiqəsi və ya dərəcəsi olmadan sükan arxasında əyləşirlər ki, bunlar da əksər zaman yollarda ağır nəticələrlə sonuclanan hadisələrin baş verməsinə səbəb olur və sair.
-Sizcə, bu şikayətlər kifayət qədər əsaslı deyil?
-Mən iddia etmirəm ki, burada əsas yoxdur, var. Amma gəlin eyni zamanda onu da etiraf edək ki, Nəqliyyat Nazirliyi bu istiqamətdə ciddi addımlar atmaqdadır, adıçəkilən nazirlik bu yöndə ardıcıl işlər aparır, azdı-çoxdu, yaxşıdı-pisdi, hər halda işlər gedir. Bunlar hamısı özü də obyektiv səbəblərdir, yəni, günahın bir faizi, beş faizi, lap on faizi "QAİ" işçilərində, nəqliyyat sferasına aid olan qurumlardadır. Gəlin o biri tərəfdən də danışaq, söhbət burada vətəndaşlardan, sürücülərdən gedir. Elə bu yerdə son günlər Rusiya cəmiyyətində və parlamentində geniş müzakirəsi gedən bir məsələni nəzərinizə çatdırmaq istəyirəm. Sentyabrın ortalarında Moskvada bir cavan oğlan sərxoş halda avtomobilini idarə edərkən ölümlə nəticələn ağır və faciəli yol-qəza hadisəsi törətdi. Həmin hadisə zamanı sərxoş sürücü 5-i əlil uşaq olmaqla, 7 nəfəri maşınla vuraraq öldürdü. Amma siz fikir verin ki, bu hadisənin rezonansı, müzakirəsi sonda hansı istiqamətə yönəldi - "QAİ"- üzərinə yox daha çox vətəndaşın özünə doğru. Cəmiyyətin, vətəndaşın özünə yönəldi ki, bu məsələdə əsas məsuliyyətin sənin üzərindədir. Məhz sənin səhvin, günahın ucbatından belə bir faciəvi hadisə yaşandı. Ümumiyyətlə, bu gün bu yöndə dünyada gedən proseslər daha çox nəyə yönəlir, istiqamətlənir - məhz sürücülük intizamın, sürücünün şəxsi mədəniyyətinin artırılmasına doğru. Təhlükəsizlik kəmərindən istifadəyə görə görün ağır yol-qəza hadisələri ölüm nə qədər azalıb.
-Amma təhlükəsizlik kəmərindən istifadə məsələsi hələ də ən ciddi məsələlərdən biri olaraq qalmaqdadır?
-Tamamilə, doğrudur. Axı, səndən heç nə istəmirlər, deyirlər ki, bu kəmərdən istifadə et, ay qardaş, niyə canın çıxır, niyə o kəməri bağlamırsan? Bunun özü elə bir mədəniyyətdir də? Burada axı, qəbahətli nə var ki? Hətta, maşınlarda siqnal var ki, sürət həddini kecəndə, kəmər bağlamayanda səs verir, amma bəziləri görürsən ki, onu da söküb maşından atırlar. Belə də mədəniyyətsizlik olar? Axı, heç nədən, sadəcə məsuliyyətsizliyin üzündən hadisə olacaq, əziləcəksən, ziyana düşəcəksən, öləcəksən, sən vurmayacaqsan, başqa birisi səni vurub maşın qarışıq əzişdirəcək, şikəst edəcək və ya öldürəcək. Məgər bunu istəyirsən, canından belə bezmisən? Özünü düşünmürsən, heç olmasa, başqalarının həyatına bais olma... Ona görə bu gün bu yöndə ən ciddi məsələlərdən biri sürücülük mədəniyyətinin son dərəcədə aşağı olmasıdır. Bəzən lap elə gudurğanlıqdandır. Digər iki səbəbi də demək istəyirəm. Azərbaycanda sosial rifahın yaxşılaşmasından maşınların sayı son illər kəskin surətdə artıb. Statistikaya əsasən 1980-ci ilə qədər olan və hələ də işlək vəziyyətə malik avtomobillərin sayı 103 mindir. Təxminən 225 min avtomobil 80-90-ci illərin buraxılışı dövriyyədə olan maşınlardır. 311 min avtomobil 1990-2001-ci illərin maşınlarıdır. 140 min avtomobil də 2001-2005-ci illərdə buraxılan və dövriyyədə olanlardır. Hələ 2005-ci ildən 2011-ci ilə qədər olanların sayı əvvəlki illərlə müqayisədə daha çoxdur, yəni, 245min. Üst-üstə götürəndə təxminən 1 milyon 100 min avtomobil edir, hələ bir az da cox. Bir sözlə, avtomobillərin sayı fantastik olaraq çoxalır, yollar düzəlir, sürət artır və demək burada nə tələb olunur, son dərəcə sürücülük mədəniyyətinin yüksək olması. Bizdə nə qədər belə hadisələrə rast gəlmək olur ki, məhz içkili vəziyyətdə, sürətli idarəetmə zamanı törədilib. Belə hallar saysız-hesabsızdır. Mən dünyanın bir sıra ölkələrinin təcrübəsi ilə tanışam. Məsələn, Türkmənistanda və bəzi başqa ölkələrdə içkili vəziyyətdə avtomobili idarə edən və dəfələrlə qaydanı pozan vəzifəli şəxslərin övladlarının hərəkətlərinə görə, onların valideynlərinə sərt cəza tətbiq olunur. Bu gün orada, həmin ölkələrdə valideyn məsuliyyəti kəskinliklə ortaya qoyulur. Məni bəlkə də ən çox dəhşətə gətirən odur ki, sürücülüyü bacarmaya-bacarmaya, imkanlı valideynlər pul verib övladına maşın alırlar, sürücülük vəsiqəsiz maşın sürməyə icazə verirlər. Yəni, belə demək mümkünsə, özünü bilə-bilə təhlükəyə atsın, öldürsün, ölsün və sair.
-Reallıqlar deməyə əsas verir ki, bizdə əsasən imkanlı, vəzifəli şəxslərin övladları- özü də əksər hallarda azyaşlı uşaqları - daha çox belə qanunsuzluqlara meylli olur və yol-qəza hadisələri törədirlər.
-Belə olan halda, burada azyaşlı uşaqlar məsələsi, valideyn, cəmiyyət məsuliyyəti məsələsi gündəmə gətirilməlidir. İndiyənəcən kimsə eşidibmi ki, Hadi müəllimin oğlanları və ya kürəkənləri haçansa yol-hərəkət qaydalarını pozsunlar. Mənim uşaqlarım, kürəkənlərim də bilirlər ki, belə bir hal olarsa, heç zaman "QAİ"-yə ağız açmaram. Mən ömrümdə bir dəfə olsun belə, oğlanlarıma, kürəkənlərimə görə "QAİ"-yə zəng etməmişəm, hansısa xahişdə bulunmamışam. Onlar xasiyyətimi gözəl bilirlər və bilirlər ki, mən belə şeyləri xoşlamıram, calışırlar ki, heç zaman da yol-hərəkət qaydası pozuntusuna yol verməsinlər. Hər iki oğlum sükanın arxasında əyləşərkən ilk olaraq təhlükəsizlik kəmərini bağlayırlar. Mən özüm də maşında qabaqda əyləşəndə təhlükəsizlik kəmərini mütləq bağlayıram. Başqa cür də ola bilməz. Hər kəs belə etməlidir. Burada tərəddüd ola bilməz. Demək istəyirəm ki, gəlin bu nümunəni biz özümüz ilk növbədə göstərək. Bu nümunəni bizim digər vəzifəli, imkanlı adamlar, onların övladları, cəmiyyətdə söz, nüfuz sahibi olan insanlar, ziyalılar, ağsaqqallar göstərsinlər, başa salsınlar ki, bu məsələdə çox şey insanların, vətəndaşın özündən, onun öz məsuliyyətini dərk etməsindən, sürücülük mədəniyyətinə son dərəcə mükəmməl yiyələnməsindən asılıdır. 2012-ci ilin 6 ayı ərzində 406 nəfər həlak olub, 1361 nəfər yaralanıb, əlil olub və sair. Kimlərsə buna görə dövlətdən vəsait alacaq və ya ailə başsız qalacaq. Məgər bunlar bizə lazımdır? Hesab edirəm ki, məktəblərdə uşaqlara keçid qaydalarını daha dərindən öyrətmək lazımdır və artıq yol polisi əməkdaşları bu işi görməkdədirlər. Eyni zamanda, gəlin bu məsələyə nüfuzlu ictimai birlikləri cəlb edək, əlbəttə, hamısını demirəm, hamısını cəlb etsək, bunun zibili çıxar. Dünyada avtomobil həvəskarları cəmiyyətləri geniş fəaliyyət göstərirlər. Maraqlı təcrübələr mövcuddur. Bəlkə elə Dövlət Yol Polisi İdarəsinin patronajlığı ilə bizdə də belə QHT-lər yaransın. Məsələn, bu günlərdə Azərbaycanın gənc estrada ulduzu, "Eurovision" qalibi Nigar Camal Sankt-Peterburqda təhlükəsizlik kəmərindən istifadə ilə bağlı klir çəkdirib və tez-tez efirlərdə getməkdədir. Istərdim ki, bizim özümüzdə də bu cür kliplər, videocarxlar daha cox çəkilsin və insanlara nümayiş etdirilsin.Yuxarıda dediyim kimi, məktəblərdə keçid qaydaları öyrədilsin, sürücülük mədəniyyətindən dərs keçilsin, bunları yaxşı mənimsəyənlərə və gələcəkdə avtomobildən istifadə də maraqlı olan uşaqlara bəlkə ilkin müvəqqəti sürücülük vəsiqəsi verilsin. Yeri gəlmişkən, bu gün şəhərdə əsasən nədən tıxaclar yaranır- bu ona yol vermir, o buna yol vermir. Ona görə ki, sürücülük mədəniyyəti azdır, ictimai qınaq yoxdur. Haçan biz hansısa yol-avtomobil qəzasına görə demişik ki, ay filankəs, uşağa maşın verəndə bilmirdin belə olacaq, onu başa sala bilməzdin ki, maşını adam balası kimi idarə etsin, mədəniyyət nümayiş etdirsin? Çox təəsüüflər olsun ki, heç birimiz bunu etməmişik, günah işlədənləri ictimai qınağa məruz qoymamışıq.
-Fikrinizcə, bu yöndə maarifləndirici verilişlərə, proqramlara, reklamlara üstünlük verilməsi daha effektli olmaz ki?
- Bu yöndə verilişlər var, yollarda yaranan tıxaclar göstərilir. Amma görünür ki, bunlar yetərli deyil, azdır. İctimai qınaq daha çox olmalıdır. Gəlin bu gün yol polisi əməkdaşlarından əl çəkək, dönüb bir özümüzə baxaq, öz hərəkətlərimizə qiymət verək. Mən bu gün belə bir stereotipi sındırmaq istəyitrəm ki, artıq baş verən hər hadisəyə görə yol polisi əməkdaşlarını, nəqliyyat sferasını ittiham etməkdən əl çəkək. Parlamentin Sosial siyasət komitəsi olaraq yol-qəza hadisələrindən söz düşərkən yol polisini yox, vətəndaşı günahlandıraq və "QAİ"-ni bir günahlandıranda, vətəndaşı, özümüzü beşqat günahlandıraq. "QAİ"-nin ünvanına bir kəskin söz deyəndə, valideynin ünvanına on dəfə artığını deyək. Əgər belə olmasa, daha pis olacaq. Çünki maşınların sayı durmadan artır, yollarda sürət çoxalır və bu zaman heç şübhəsiz ki, vətəndaş məsuliyyəti, sürücülük , sürücünün mədəniyyəti məsələsi aktuallığı ilə ortaya çıxır. Deyirlər maşında telefonla danışmaq olmaz. Amma görün nə qədər adam maşın idarə edərkən telefonla danışır, hətta mesajlaşır və sair. Bunlar da nəticə etibarı ilə yol-qəza hadisələrinn kəskin surətdə çoxalması ilə nəticələnir. Bəzən deyirlər ki, gəlin bunun üçün cərimə sanksiyalarını, cəzaları daha da sərtləşdirək. Bunları etmək olar və bu istiqamətdə də son illərdə ən azı 30-a yaxın qanunvericilik aktlarına dəyişiklik edilib. Amma görünür ki, bunlar da yetərli, effektli deyil. Deməli, burada əsas məsələ ictimai qınağın güclləndirilməsi, insanların məsuliyyətinin artırırılması, sürücülük mədəniyyətinin daha artıq dərəcədə formalaşdırılması məsələsi üzərində qurulmalıdır. İctimai qınaq güclü olarsa, bu, cərimə sanksiyalarından da, cəzalandırmadan da daha ağır cərimə və ya cəza olar. Bəzən qonşu Gürcüstanı bizə nümunə çəkərək iddia edirlər ki, ay nə bilim, orada yol polisi ilə bağlı islahatlar daha effektlidir, ay nə bilim, nədir. Statistikaya nəzər saldıqda isə görürsən ki, bunlar orada sonuc etibarı ilə yol-qəza hadisələrinin azalmasına gətirib çıxarmayıb. Əksinə, orada yol qəza hadisələrinin və bu hadisələrdə həyatını itirənlərin, yaralanların sayı bizdəkindən iki dəfə artıb. Deməkdə məqsədim odur ki, bu məsələdə ən effektli istiqamət ictimai qınağın artırılması və sürücülük mədəniyyətinin yüksəldilməsi məsələsidir. Gəlin bu yolda birləşək, inzibati orqanlara yaxından kömək edək .
Alim